525.Az

"Məscidlərdə namaz qılınması üçün dəfələrlə müraciət etmişik"


 

"Məscidlərdə namaz qılınması üçün dəfələrlə müraciət etmişik"<b style="color:red"></b>

“Pandemiya da bir imtahandır, inşallah, bu imtahanı da keçəcəyik”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Şeyxülislam deyib ki, bu, pandemiya şəraitində keçən ikinci Ramazan ayıdır:

“Allah bizə pandemiyanın sona çatmasında yardımçı olsun. Peyvənd də olunmaq lazımdır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib ki, Operativ Qərargaha müraciət olunsun, məscidlərdə pandemiya ilə bağlı qaydalara riayət edilməklə namaz qılınsın. İnşallah, bu da reallaşar”.

“Bu gün Ağ şəhərdə Qənimətlər Parkı var. Biz bu qənimətləri saxlamalı, övladlarımıza göstərməliyik ki, hər zaman bir yerdə ola bilək”.

A. Paşazadə Prezident İlham Əliyevin Ağdamda məscidə Quran hədiyyə etməsini xatırladıb:

“Mən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəbədə olarkən Allahdan torpaqlarımızın işğaldan azad olunması üçün dua etdik. Prezident Kəbədən gətirilən Quranı Ağdam məscidinə hədiyyə etdi. Bu, həm də duamızın müstəcəb olması ilə bağlı idi. Biz hər zaman dua etməliyik. Qarabağda bütün məbədlərimiz bərpa olunacaq. Prezident İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda məscidin bünövrəsini qoydular. Dünən isə Prezident Şuşada yeni bir məscidin bünövrəsini qoydu. Şuşada Ramazan bayramı münasibətilə namaz qılınması, dua oxunması bizi çox şad etdi. İnşallah, Şuşada hər zaman dua edəcəyik”.

“Ermənilər müharibəni uduzsalar da, dünyaya Azərbaycanla bağlı yalanlar yaymağa davam edirlər”.

Onun sözlərinə görə, erməni kilsəsi bu sahədə xüsusilə aktivdir:

“Erməni yalanlarına dövlətimiz, Xarici İşlər Nazirliyi cavab verir. Ancaq QMİ, dini konvensiyalar da yalanlara cavab verməlidir. Ermənilər iftira atır, yalan danışırlar. Kilsəyə, din xadiminə yalan danışmaq yaramaz. Guya onları torpaqlarından çıxarmışıq, xristian olduqlarına görə onlara əziyyət veririk, kilsələrini dağıdırıq. Bu yolla xristian dövlətlərindən dəstək almağa çalışırlar. Biz dünyanın müxtəlif dini qurumlarına müraciətlər göndərir, dini baxımdan həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”.

 

 





13.05.2021    çap et  çap et