525.Az

Duman Bakıda aeroportun işinə təsir etməyib


 

Duman Bakıda aeroportun işinə təsir etməyib<b style="color:red"></b> Martın 29-da Bakıda müşahidə olunan güclü duman Heydər Əliyev Beynəlxalq Hava Limanında aviareyslərin yola salınması və qəbuluna təsir etməyib. Bunu şənbə günü Trend-ə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən deyiblər.

AZAL-dan qeyd ediblər ki, aviareyslərin yola salınması və qəbulu ştat rejimində həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva dünən Trend-ə bildirib ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsinin səbəbi soyuq siklonun Skandinaviya üzərindən Qara dəniz rayonlarına doğru hərəkət etməsidir. Bu siklonlar buradan Cənubi Qafqaza doğru yönələcək. Bununla əlaqədar ölkə ərazisində havanın temperaturu kəskin enəcək, şimal küləyi güclənəcək. Martın 29-dan 30-na keçən gecə və səhər saatlarında Abşeron yarımadasında külək şiddətlənəcək. Temperaturun belə gedişatı martda qeydə alınır. Martda belə anomaliyalar demək olar ki, hər il qeydə alınır.

Qeyd edək ki, martın 29-da cənub küləyinin güclənəcəyi, temperatur rejiminin isə nisbətən yüksələcəyi ehtimal olunur. Martın 29-dan 30-na keçən gecədən şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin, 10-14 dərəcə aşağı enəcəyi gözlənilir.

Martın 29-da axşam respublikanın bəzi şimal və qərb rayonlarında, 30-da isə əksər rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal olunur.
 





29.03.2014    çap et  çap et