525.Az

Fırtınalı əsrin vizual hekayəti - Qulu Məhərrəmlinin qeydləri


 

İCTİMAİ TV-nin "XX YÜZİLLİK. FAKTLAR, HADİSƏLƏR VƏ İNSANLAR" LAYİHƏSİ HAQQINDA QEYDLƏR

Fırtınalı əsrin vizual hekayəti - <b style="color:red">Qulu Məhərrəmlinin qeydləri </b>

Telekanallardan giley-güzarların çoxaldığı bir vaxtda ekranda diqqəti cəlb edib marağa səbəb olan hansısa yaxşı verilişi görmək adamı az qala riqqətə gətirir. Aktual mövzu, dramatizmi təmin edən rejissor işi, tamaşaçını cəlb edən peşəkar aparıcı, fərqli rakursları göstərən operator ustalığı, zövqoxşayan bədii tərtibat - indi bunların hamısını özündə birləşdirən televiziya verilişinə az-az rast gəlmək olur. "Niyə belədir" sualının yüz cavabı ola bilər, amma bu məsələdə televiziyaçılar üç məqam üzərində dayanırlar: yaradıcı menecment, maliyyə və peşəkarlıq. Bunları birləşdirə bilən bacarıqlı prodüser varsa, televiziya auditoriyaya davamlı keyfiyyətli verilişlər təqdim edə bilir. Hazırda İctimai televiziyada yayımlanan və tamaşaçı auditoriyasının xeyli hissəsinin diqqətini özünə cəlb etmiş "XX yüzillik. Faktlar, hadisələr və insanlar" telelayihəsinin  məhz dediyimiz şərt və bacarıqların sayəsində meydana çıxması şübhə doğurmur.

***

"Nə, harada, nə vaxt" verilişindən bacarıqlı prodüser və intellektual kimi tanınan Balakişi Qasımov İTV-yə rəhbərlik edəndən bu yana adı çəkilən layihə onun ilk uğuru deyil. Bəlli tamaşaçı kütləsinin baxdığı "Diqqət mərkəzi", "3 D", "Pressinq", "Sabaha saxlamayaq", "Fatehin divanı", "Nübarlı bağ", "Dikdaban" və s. proqramlar İctimai televiziyada yeni səhifənin uğurlu başlanğıcı kimi qiymətləndirilə bilər. Haqqında danışdığımız "XX yüzillik" isə tamamilə başqa cəhətdən diqqəti cəlb edir. Bu proqramda ifadə olunan gözəl niyyət, onun peşəkarlıq səviyyəsi, sərf olunan yaradıcı enerji və maddi vəsait, verilişin auditoriyada doğurduğu maraq, ictimai düşüncəyə və tamaşaçıya verdiyi fayda - bunların hamısı təkcə yaradıcı qrupun deyil, ümumən telekanalın özünün yüksək intellektual səviyyəsinin və gücünün göstəricisidir.

Əlbəttə, veriliş ilk növbədə mövzusu və bu mövzunun yüksək bədii-estetik formada çatdırılması ilə diqqəti cəkir. Verilişin rejissoru Elçin Qasımovun proqram üzərində yaradıcı işi təqdirə layiqdir. Onun yüz il əvvəlin dramatik hadisələrini canlandırmaq üçün tapdığı vizual üsullar, istifadə etdiyi qrafik priyomlar proqramı xeyli baxımlı edir. Rejissorun rəhbərlik etdiyi yaradıcı və texniki heyətin veriliş üzərində ciddi işlədiyi, verilişin dinamik olması üçün hansı əziyyətlərə qatlaşmaları dərhal görünür.  Burada operatorun və montaj rejissorunun (heyif ki sonda proqramı hazırlayanların adları verilmir) fədakar işini qeyd etməmək olmur. Belə səviyyəli proqrama kanalın icraçı direktor B.Qasımovun özünün prodüserlik etməsinə heç təəccüblənmədim.

***

İndiki həssas bir dövrdə İTV-nin tarixə müraciəti çox önəmlidir. Çünki tarix təkcə keçmişlərin təcrübəsi, düşüncə qaynağı və gənclər üçün müdriklik dərsi deyil, həm də ibrətdir. Bu mənada adını çəkdiyimiz layihənin  XX əsrin əvvəllərini fokusa gətirməyi çox önəmlidir. Həmin illər Azərbaycan üçün bütün sahələrdə -  ictimai-siyasi həyatda, iqtisadiyyatda, ədəbiyyat və publisistikada, mətbuatda, teatr və musiqidə sözün əsl mənasında intibah dövrüdür.

Təbii ki, bu intibaha  Bakıda XIX əsrin sonlarından başlanan neft bumu təkan vermişdi. Abşeron yarımadasındakı neft fontanlarına görə buraya rus və xarici kapitalın sürətli axını başlanmışdı. "Nobel qardaşları", "Rotşild", "Şell", "Oyl" kimi məşhur şirkətlər bu neftin hesabına milyonlar qazanırdı. Avropa qəzetləri Bakı neftindən yazırdı. 1901-ci ildə dünyada çıxarılan neftin təxminən 52 faizi Rusiyanın payına düşürdü ki, bunun da 95 faizini Bakı verirdi. Həmin dövrdə ən uzun olan 829 verstlik neft kəməri də məhz Bakıdan Batuma çəkilmişdir. Bakıda 171 neft şirkəti çalışırdı.

 

İqtisadiyyatdakı yüksəliş ictimai-iqtisadi və mədəni həyatda köklü dəyişikliklərə gətirib çıxara bilmişdi. Ən başlıcası, müstəmləkə asılılığı şəraitində olsa da, milli burjuaziya təşəkkül tapmışdı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Zəfər və Qurban Babayev qardaşları, Qasım bəy Səlimbəyov,  Ağa Aşurbəyov və başqa sahibkarlar ortaya çıxmışdılar. Onların ayıq düşünənləri  xarici ölkələrə səfərləri zamanı yəqin edirdilər ki, Azərbaycanın geriliyinin bir səbəbi də milli kadrların olmamasıdır. Buna görə də milyonçular milli mədəniyyətin inkişafına, təhsilə və mətbuata kapital yatırmağa başladılar. Həmin  sahələrin inkişafı yavaş-yavaş milli oyanışa ciddi təkan verirdi. Milli şüurun oyanışı isə öz növbəsində milli məsələni tədricən cəmiyyət həyatının əsas probleminə çevirirdi.

Bu hadisələrin hamısı İTV ekranında cazibədar vizual formada nəql olunur. Xalqı intibaha aparan həmin mürəkkəb proseslər 1901-ci ildən başlayaraq ilbəil - xronoloji ardıcıllıqla təqdim olunur. Belə yanaşma ekran qarşısında əyləşmiş tamaşaçıya mənzərəni dolğun görməyə imkan verir.

Verilişdə səsləndirilən hər bir cümlənin, hər faktın konkret mənbəyi var. Məlumatlar o dövrün qəzetlərindən götürülür. Mənbə kimi əsasən  "Kaspi" qəzetinə müraciət olunur, amma ekranda "Baku" və "Bakinskoe exo" qəzetlərinin yazdıqları da canlandırılır. Bu materialları seçmək, heç şübhəsiz ki, veriliş müəlliflərindən yüksək intellekt və duyum tələb edir. Bu veriliş bir daha xatırladır ki, qəzetlər cəmiyyətin güzgüsüdür və həm də dövrün-zamanın saniyə əqrəbləridir. Məsələn, bu qəzetləri oxuyarkən bilirik ki, 1901-ci ildə Ağ şəhər rayonunda Xəzər-Qara Dəniz Cəmiyyətinin anbarlarında baş verən yanğında 16 nəfər həlak olub. Alman mühəndisi Uilyam Lindley şəhərə su çəkmək üçün Bakıya dəvət edilib. Tağıyevin qız məktəbinin təntənəli açılışı olub. Bakıya ilk avtomobil gətirilib. Şəhərə rentgen aparatı gətirilib, Tağıyev teatrında "Hamlet" və Dağılan tifaq" tamaşaları oynanılıb və s.

"XX yüzillik. Faktlar, hadisələr və insanlar" sənədli-araşdırma verilişi bütün bu hadisələri ekrana gətirərək o günlərin vizual mənzərəsini yaradır. Burada elə hadisələr var ki, veriliş boyu maraqla izlənir. Məsələn, Bakıya Şollar suyunun çəkilməsi bu tarixdən bir xətt kimi keçir. Hər il nə iş görülüb, hansı müzakirələr, mübahisələr aparılıb, hətta nəyin üstündə davalar olubsa, hamısı ekranda canlandırılır. Yeri gəlmişkən deyək ki, burada istifadə olunan qrafik elementlər verilişin qayəsini və hadisələrin mahiyyətini çatdırmaqda yaradıcı heyətə çox kömək edir.

Verilişin bir matraqlı məqamı da bu dövr tarixi ilə bağlı olan əfsanə, şayiə və uydurmalara aydınlıq gətirməsidir. Məsələn, aydın olur ki, Şollar suyu Bakıya Tağıyevin pulu ilə çəkilməyib. Milyoner Musa Nağıyevin girov götürülməsində Stalinin əli olmayıb. Yaxud Bakıya ilk avtomobili nə Tağıyev gətirib, nə Hacınski, bu işi 1901-ci ildə hansısa sabiq polis məmuru görüb və s.

Verilişdə müəyyən tarixi paralellərin verilməsi də çox təqdirəlayiqdir. Məsələn, 1905-1906-cı il qırğınları. 1988-1990 hadisələri. O vaxt da hökumət Şeyxülislamı qabağa verib, barışıq üçün, 90-cı illərdə də eynən. O vaxt da bizə deyiblər milli münasibəti qızışdırmamaq üçün dostluqdan yazın qəzetlərdə, 90-cı illərdə də! Onda da biz buna əməl etmişik, ermənilər yox! O vaxt Peterburq qəzetləri günahı müsəlmanlarda görüb, 90-cı illərdə də Moskva qəzetləri və s.

***

Haqqında danışdığımız "XX yüzillik" verilişinin bir uğuru da, heç şübhəsiz ki, onun aparıcısı,  tanınmış publisist Müsəllim Həsənovla bağlıdır. M.Həsənov təkcə peşəkar jurnalist deyil, həm də elmi təfəkkürü olan istedadlı tədqiqatçı və gözəl qələm sahibidir. Əvvəllər qəzetdə çalışıb, çox aktual mövzuda məqalələri var. Son dövrlərdə isə onun qələmindən bir çox sənədli-publisistik kitablar çıxıb. "Qərib məzarlar. Fransa", "NOBELLƏR neft, milyonçular və qoçular şəhərində" kimi oxunaqlı  kitablar məhz M.Həsənovun araşdırmalarının məhsuludur.

Televiziya onun yaradıcılığının başqa bir cəhətini - gerçəyi dəmir məntiq, xüsusi aparıcı məharəti və parlaq nitqlə çatdırmaq istedadını üzə çıxarıb. Mən ilk dəfə onu Lider TV-də verilişlər aparan görmüşdüm. İTV-də diqqətimi daha çox cəlb edib. "Bakı vaxtı" ilə silsiləsi onun təqdimatında çox maraqla qarşılanırdı.  İctimai TV-də ekrana çıxmış "Yelenendorfdan… Göygölə qədər", "Deportasiya. 1948-ci ilin soyuq qışı" sənədli proqramlarının, eləcə də həmin TV-də efirə getmiş 

F.Axundov, M.Ə.Sabir, Mirzə İbrahimov və b. dühalar haqqında hazırladığı portret verilişlərin də müəllifi və aparıcısı M.Həsənov olub. Elə buradaca mütləq xatırlamaq lazım gəlir ki,  Bakı Media Mərkəzində istehsal olunmuş "Əbədi ezamiyyət"  (2016) və "Son iclas"  (2018) filmlərinin də ssenarisi Müsəllim Həsənovun qələmindən çıxmışdır. Yəni televiziya publisistikası və ekran aparıcılığı sahəsində bu qədər nailiyyətləri olan bir istedadlı müəllifin "XX yüzillik. Faktlar, hadisələr və insanlar" layihəsinə dəvət olunması çox uğurlu seçimdir.

M.Həsənov bu verilişi çox məharətlə aparır, hadisələri, sanki görürmüş kimi nəql edir, nüanslar dəqiq qabardır, ən başlıcası odur ki, tamaşaçıları inandıra bilir. Tamaşaçılar bu verilişə həm də, məhz aparıcıya inandıqlarına, onun ciddiliyinə və intellektual səviyyəsinə görə baxırlar.

***

Vaxtilə mən AzTV-də "Müəllif proqramları" departamentində çalışarkən "XX əsr insanların taleyində" adlı, təxminən 50 nəfərin çəkiləcəyi bir telelayihə düşünüb, sinopsisini hazırlamışdım. Fikrimi diplomat dostumuz və fədakar tədqiqiatçı Ramiz Abutalıbova bildirdim, çünki onu da çəkmək istəyirdim. İdeyanı çox bəyəndi, amma bunun maddi baxımdan çox ağır iş olduğunu dedi. Misal gətirdi ki, Rüstəm İbrahimbəyov da təxminən bu mövzuda sənədli filmlər silsiləsi etmək istəyirdi, hətta maliyyə üçün UNESCO-ya müraciət etmişdi, təəssüf ki, o layihə alınmadı. Mən o vaxt işimi bildim və bu layihənin arxasında dayanan təşkilati və maliyyə işlərinin miqyasına görə daha o mövzuya qayıtmadım. Ona görə də bu gün İTV ekranlarında XX əsr kimi mürəkkəb və fırtınalı bir dövrün vizual hekayətini görəndə çox sevindim. Yəni düşünmək və danışmaq bir başqa işdir, ideyanı bacarıqla gerçəkləşdirmək isə tamam başqa. Ona görə də bu gərəkli layihə ilə İctimai TV-nin Azərbaycanda televiziya düşüncəsinə ciddi töhfə verməsi qənaətindəyəm.

 





13.05.2021    çap et  çap et