525.Az

Minimalizm, yoxsa maksimalizm? - Aytac Sahəddən yeni yazı


 

Minimalizm, yoxsa maksimalizm? - <b style="color:red">Aytac Sahəddən yeni yazı </b>

Bir neçə gün öncə dünyasını dəyişən mərhum Xalq artisti Arif Quliyevin ölümü bir çoxları kimi, məni də üzdü. Allah rəhmət eləsin.

Onun ölüm xəbərini eşidəndə nədənsə ağlıma ilk olaraq müsahibələrinin birində oxuduğum dialoq gəldi:

"- Arif müəllim, yəqin ata-ananı hələ də bağışlamırsan, onlar səni uşaq evinə atıblar. 

- Mən kiməm ki, onları bağışlayam, ya yox. Əksinə, mən onlara minnətdaram ki, məni dünyaya gətiriblər. Onlar olmasa, mən də yox idim".

Nədənsə həmişə Arif Quliyev adı eşidəndə ağlıma bu cavabı gəlir.

Bu cümlələri oxuyanda heç düşünməmişdim ki, görəsən, Arif Quliyev bunu səmimi deyir, ya yox. Çünki bu cümləni deməyin özü belə mənə qəribə gəlirdi. Uşaq evində böyüyən kifayət qədər insan tanımışam. Ancaq heç birindən heç vaxt belə bir şey eşitməmişəm. Onlar ya imtina edən valideynə nifrət ediblər, ya qınayıblar, ən yaxşı halda isə susublar. Haqlıdırlar da. Bəlkə, məni də valideynlərim atsaydı, səbəbin nə olmağından asılı olmayaraq mən də bağışlamazdım.

Arif Quliyev isə sadəcə minnətdardır.  Həyata sırf həyatda olduğuna görə minnətdar olmaq. Bəli, o, əslində, qayğısını görmədiyi ata-anasının timsalında həyata minnətdarlıq edirdi. Bəlkə də, bu minnətdarlıq, bu qane olmaq bacarığı idi belə çətin ömür yolunun yolçusu olmasına baxmayaraq, onu güldürən səbəb. Bəlkə də, bu gülüş sadəcə mavi ekranlar üçün idi. Bunu deyə bilmərəm, ancaq real həyatda Arif Quliyev kimi tanıdığım insanlar var. Hansı ki, həmin insanlar nə olmasından asılı olmayaraq, həyatla həmişə sülh içindədir. Nə dərd, nə problem olur-olsun, gülməyi bacaran insanları deyirəm. Ən böyük dərdləri adiləşdirib, ən xırda sevincləri böyüdən adamlar. Həsəd aparıram belə adamlara.

Ümumiyyətlə, minimalizm fəlsəfənin gətirdiyi rahatlıq və xoşbəxtlik hissi mənə həmişə çəkici gəlir. Yəqin ki, çoxunuz bu fəlsəfə ilə tanışsınız. Əgər minimalizmi qısaca təsvir etməli olsaq, bunu deyə bilərik ki, minimalizm azın gətirdiyi çoxluqdur. Platonun dediyi kimi, "Əsas məsələ, çox şeyə sahib olmaq deyil, az şey istəməkdir". Gözəl səslənsə də, buna əməl etmək həyatın sənə verdikləri ilə qane olmaq asan deyil. Ümumiyyətlə düşünürəm ki, minimalizm xoşbəxtlik vəd etsə də, maksimalist düşüncə tərzinə malik olan insanlar üçün bu xüsusiyyəti sonradan formalaşdırmaq mümkün deyil. Ən yaxşı halda qızıl ortanı tapmaq mümkündür.

Tarixdə iz qoyan, yüksək idarəçilik qabiliyyətinə sahib olan bir sözlə uğurlu insanların bir çoxu maksimalist düşüncəli insanlar olub. O insanlar ki, həyatın onlara verdiyi ilə razılaşmayıb daha çoxu üçün savaşıb. Bu savaşı qazanıbsa, olub qəhrəman. Qazana bilməyibsə, olub bədbəxt. Ümumiyyətlə, uğurlu insan olmaq xoşbəxt insan olmaq mənasına gəlmir. Uğur xoşbəxtliyə verilən rüşvətdən başqa bir şey deyil, mənə görə. Vəhşi kapitalizm dünyasında bütün var-dövlətini bir gecədə itirən, bir ömür qazandığı hörmət-izzəti bir bir səhvlə yoxa çıxan insanları azmı görürük? Əsas məsələ də bu itkilərdən sonra da minimal həyat şərtlərində, sənin statusun üçün sənə yaltaqlanan, yalançı hörmətlə başında pərvanə olan insanların yoxluğunda da xoşbəxt ola bilməkdir minimalizm.

Düşünürəm ki, həm maksimalizm, həm də minimalizm təbiətimizin bizə diktəsidir. Bu həyata hərə bir missiya üçün gəlir. Kiminsə missiyası həyata müharibə elan edib layiq olduqlarını almaq, kiminsə də missiyası öz xoşbəxtliyinin sakitliyində ömrü başa vurmaqdır. Ona görə düşünmürəm ki, bu xüsusiyyətləri müqayisə etmək hansınısa yaxşı, hansınasa pis demək lazımdır. Çünki bu xüsusiyyətlər bizim xarakterimizin bir parçasıdır. Xarakter isə asan-asan dəyişmir. Sadəcə müəyyən qədər özümüzü tərbiyələndirə, daha doğrusu, özümüzə yön verə bilirik. Məsələn, mən maksimalist adam olmuşam həmişə. Ancaq son dönəmlər bu xüsusiyyətimin məni çox yorduğunun, incitdiyinin fərqinə varmışam. Artıq başa düşürəm ki, həmişə hər şeyin ən yaxşısını etmək mümkün deyil. Heç mənim belə bir öhdəliyim də yoxdur. Ona görə də son zamanlar minimalizmlə doğmalaşıram. Ən xırda şeylərlə xoşbəxt olub, həyata verdiyi nəfəs üçün də təşəkkür edirəm. Arif Quliyev kimi. Ümumiyyətlə, işdə maksimalizm şəxsi həyatda isə minimalizm həyat fəlsəfəmə çevrilir.

 





13.05.2021    çap et  çap et