525.Az

Azərbaycan qılığında "mız/miz"lər - Niyazi Mehdinin etüdləri


 

Azərbaycan qılığında "mız/miz"lər - <b style="color:red">Niyazi Mehdinin etüdləri </b>

Dil üzrə etüdlərdən (2013-2014-cü illər)

Bir ayıbın etirafı 

Bioqrafiyamın indiyənəcən yazmadığım ləkəsindən danışım. Hələ Qorbaçovun Yenidənqurması gəlməmişdi, di gəl, yeni yellər əsməyə başlamışdı. Bunu ondan bilirəm ki, Bakıda Kommunist Partiyasının bir iclasına məni çağırmışdılar, nəinki çağırmışdılar, hətta çıxış etməyi təklif etmişdilər. Bu dəvət ona görə qəribə idi ki, heç bir kommunist fəallığı üçün canfəşanlıq etməmişdim, yazılarımda Marksdan, Lenindən, Brejnevdən sitat gətirməzdim. Ancaq yox, bir dəfə "Ulduz" dərgisinə yolladığım məqalədə Karl Marksın sözlərini "Qara mavr belə demişdi" kimi vermişdim, onu da redaksiya pozmuşdu. Zamanında "Qara mavr" (Orta çağda "mavr" müsəlmanlara, Liviya tərəflərin ərəblərinə deyərdilər) Marksa dostlarının qoyduğu ərkyana ayama idi. Ləqəb məqaləmdə yerinə düşürdü, Rusiyada pozmazdılar, bizdə isə pozdular.

Hə, Azərbaycan Kommunist Partiyasının iclasından danışırdım. Məni tribunaya çağırdılar. Sözsüz, istəyirdim nəsə çıxışım intellektual olsun, ancaq Partiyanın addımlarını öymək ritorikasını necə ağıllandırmaq olar?! Yalnız dil, deyim səviyyəsində nəsə etmək olardı. O zaman mən başladım "Mərkəzi Komitəmiz" deməyə. Düzü, mənəcən kiminsə "Mərkəzi Komitə"ni "mız/miz" mənsubiyyət şəkilçisi ilə əzizlədiyini, doğmalaşdırdığını eşitməmişdim. 

Deyəmmərəm ki, məhz, mənim axmaq dil icadımdan sonra isimləri "mızlaşdırmaq" dəbə düşdü, ancaq hər halda bəlkə də keçmiş suçuma görə Azərbaycan türkcəsində "mız/miz"lə yapılan yaltaqlığa, mehribançılığa allergiyam var. 

"Mız/miz"in yayılma arealından 

Bu mənsubiyyət şəkilçisi ilə ən çox mehribançılıq yaradılan məkan toylardır. Mən "Mərkəzi Komitəmiz" sözünün prizmasından tamadaların dilindəki "bəyimiz", "gəlinimiz" sözlərini eşidəndə lap ət tökürəm. Bütün toylarda bütün tamadalar və bəylə gəlinə alqış demək istəyən kim varsa, bu "mızlaşdırmadan" istiadə edir və beləcə, bəlkə də adi ola bilən deyimi bayağılaşdırırlar.

"Bəyimiz"in bayağılığından sonra "Azəbaycanımızın", "Bakımızın" bayağılaşmasının qarşısı alınmaz olur. Çox maraqlıdır, Britaniya vətənsevərliyinə heç kim mız qoya bilməz. Ancaq bir vaxtlar qonaq sifətində Liberal Partiyanın konfransında iştirak edəndə İngiltərə, Britaniya ilə ilgili yalnız belə deyim eşidirdim: "Bu ölkə" və ya "Bu məmləkət". Ona görə qəribə idi ki, britaniyalılar heç olmasa "bizim ölkə" də demirdilər. İngilis dilinin qrammatikası "mızlaşdırmağa" imkan vermir. Ancaq "bizim ölkə" ha, demək olardı, axı! Mənim qulağıma ingilisin "bu ölkə" deyimi quru, yekəxana, hətta təhqiramiz gəlirdi. Elə bil ağızlarını büzürdülər. Bizdəki "Azərbaycanımız"dan sonra başqa cür necə ola bilərdi?! 

Bu ölkədə (yəni Azərbaycanda) orqanisizm iddiaları 

Sosiologiyada toplumsal ilişgilərlə ilgili orqanisizm (üzvilik) anlayışı var. Cəmiyyətin sistem olmasını hamı bilir. Ancaq bu sistemdə kəsimlərin necə bağlanmasını başı bədənə, ayaqların bədənə bağlanması kimi düşünmək onu orqanizm biçimində düşünməkdir. Əski dünyada padşahı başla, döyüşçüləri əllərlə, kəndçiləri ayaqlarla eyniləşdirəndə sanki müxtəlif sosial vahidlərin necə birləşməsinə gözəl arqument tapırdılar: hamısı bir orqanizmin üzvləridir. Biz insan ilişgilərini bağlaşma, müqavilə üstündə quranda sanki mexanizmin hissələri kimi qururuq. Ancaq qohumluq, mehribançılıq terminlərində quranda orqanizmi ideal götürürük.  

Dayılar, qaqaşlar 

Azərbaycanda müraciət formalarına baxın: dayıoğlu, dayı, əmi, əmioğlu, qardaş (qaqaş, qədeş) - hamısı orqanisizmin laflarıdır. Ofisiant sənə "dayı", "əmi", bəzən "qaqaş" deyir. Sən də ofisianta "qaqaş" deyirsən. Bu, yersiz "mehribançılıqdan" necə qurtulmalı? Anadolu türkləri yunanlardan "əfəndi", yəni ağa sözünü götürərək sosial alanda yersiz orqaniklikdən qurtulublar. Bizdə "məlim", "bəy" sözü bu qurtuluşa yardım edir. Ancaq "müəllim" sözünün öyrətmək və təhsillə bağlı olması bir az işləri dolaşdırır.

Bizim bu mədəniyyətdə çox ciddi problem nəzakət dilinin zəifliyidir. Biz "mız/miz"lə, "qaqaş"la, "dayı" ilə mehribançılıq, şirindillik yapırıq və yanlış olaraq bunu nəzakət sayırıq. Ancaq nəzakət istiliyi, şirinliyi az olan sayğıdır. "Mız/miz"dən görünən istiqanlılığın bir böyük eybi odur ki, nəzakət mədəniyyətini gəlişməyə qoymur, çünki onun yerini tutub durur.         

Azərbaycan türkcəsi üçün itmiş adamlar: necə az etməli?  

Dil və pul 

Bir ulusun adamları arasında öz dillərini pis bilənlərin və ya bilməyənlərin sayının artması millətin azalmasına, millətdə qızların doğumunun aşağı düşməsinə bərabər fəlakətdir. Hətta belə də demək olar: bir dildə danışanların azalması nəinki mənəvi, həm də iqtisadi böhran yaradır. Keçmiş Sovet məkanında rus dilini bilənlərin azalması nə qədər kitabların tirajını aşağı salıb, nə qədər filmlərin tamaşaçılarını azaldıb? Bunun statistikasını biləndə məsələnin iqtisadi sonuclarına da çıxmış olarıq. Tirajın sayı həm çap evləri, həm kitab dükanları, həm də müəlliflər üçün pul deməkdir. Bundan da dolayısı kültürsəl sonuclar çıxır: tiraja görə yaxşı pul götürən yazar, filosof, jurnalist peşəsini hobbi saymır. Axmaq adamlar "çörək ağacı" sözünü bayağılaşdırmasaydılar, demək olardı, "peşən çörərk ağacın olanda sənətinin yaman  ləzzəti olur". 

Bu məsələdə Azərbaycanın vəziyyəti erməni və gürcülərə baxanda yaxşıdır. Ancaq bizə və Anadolu türklərinə ayıb olsun ki, kitablarımızın sayı bir-birimizə görə önəmli artmır. Nə bizdə onların kitabları oxuyurlar, nə onlarda bizim. Güney hesabına artmasına isə ciddi siyasi əngəllər var. Hərçənd qorxuram  bu əngəllər olmasaydı, yaranmış şəraitdən yenə də əla istifadə edə bilməzdik.

Azərbaycanca danışanların azalmasının səbəblərindən 

İndi isə Azərbaycan türkcəsinin daşıyanlarının azalmasının səbəbləri haqqında. Yüz minlərlə azəri Rusiyadan tutmuş Avropa və Birləşmiş Ştatlaracan yayılıblar. Onların ailələrində doğulmuş uşaqların çoxu isə daha dilimizi bilmirlər. Beləcə, yüz minlərlə uşaq azəri dili üçün bir dəfəlik itmiş olur. Belə itkilər farscaya görə Güneydə də baş verir. Bir gürcü tanışım var, alimdir əski nazirdir. Bir dəfə mənə söyləmişdi ki, yabançı ölkələrdə gürcü ailələrində doğulmuş uşaqların çoxu gürcücə bilmirlər. Ancaq hansı ölkədə erməni ailəsi və uşağı varsa, görəcəksən ki, dillərini bilir.

Bəlkə də beş-on il qabağa aid olan bu sözlər indi gerçəyə uyğun deyil, hərçənd inanmıram ki, durum kəskin dəyişsin. Halbuki son üç-dörd ildə mən atası da, anası da azərbaycanlı olan neçə gənc görmüşəm ki, dilimizi bilmir. Hətta aralarında yanıb-tökülənlər də olub. Birisi Rusiya telekanallarından birinin jurnalistidir, Türkiyədə keçmiş ulduzdan müsahibəni ingiliscə götürəndə heyifsilənirdi ki, niyə zamanında dili öyrənməyib. Halbuki ata-anaları bilsəydi, bunun asan yolu vardı. 

Ana dili öyrətməyin asan yolu      

Hətta Bakının özündə elə ata-ana var ki, uşaqlarına rusca öyrətmək üçün ikisi də balaları ilə rusca danışır. Sonralar o uşaqlar küçə məcbur edirsə, pis-yaxşı, savadlı-savadsız  azəricəni öyrənirlər, etmirsə, 40 yaşında da bu dili bilmirlər.

Sovet dönəmində bir dərgidən belə bir olayı oxumuşdum: uşaq anadan olanda onunla ata bolqarca, ana fransızca, nənə almanca danışdığı üçün sonradan bu dillərin hamısını bilmişdi. Zaman keçdi bu eksperimenti mən öz uşaqlarımla apardım. Onlarla yalnız azəricən danışırdım, bu məsələdə o qədər inadkar idim ki, kiçik oğlum 10-cu sinifdə mənim kimləsə rusca danışdığımı eşidəndə mat qalmışdı ki, bəyəm,  sən rusca bilirsən?

Bizdəki ailələrdə ata-ananın ən böyük səhvi o olur ki, onlar heç bir dildə uşaqları ilə təmiz danışmırlar. Halbuki onların biri rusca (azəri qatışığı olmadan), o birisi azəricən (qatışıqsız) danışsa, uşaq iki dili əla bilər. Bizdə isə çox vaxt ata-ana qatışıq moltanı dilində uşaqları ilə danışırlar və sonucda uşaqların bildiyi dil nə rus, nə Azərbaycan dili olur. Uşaq bilir iki dilin qatışığında olan moltanı dilini.

Başqa ölkələrdə yaşayanlar üçün məsləhət

Yabançı ölkələrdə yaşayan və bu yazımı oxuyanlara məsləhət: evdə uşaqlarınızla təmiz şəkildə öz dilinizdə danışın, küçədə və məktəbdə o yaşadığınız ölkənin dilini onsuz da öyrənəcək. Məncə, bu məsələdə Anadolu türkləri örnəkdirlər (Avropada gördüyüm yeni nəsil türkləri hamısı ana dilində normal danışırdılar).  Belə olanda dilimiz üçün minlərlə gənc həmişəlik itməyəcək və deməli, kitablarımız, mahnılarımız üçün də itməyəcəklər.

 





14.05.2021    çap et  çap et