525.Az

Hüseyn müəllimlə yeni görüş - Telman Orucov yazır


 

Hüseyn müəllimlə yeni görüş - <b style="color:red">Telman Orucov yazır </b>

Acı taleli qız

(Əvvəli ötən şənbə saylarımızda)

Bu sözləri deyəndən sonra Ruhiyyə ilə sağollaşdı. Ruhiyyə yenə müəmmalar içində qalsa da, bu kişinin xarakterinə, prinsiplərinə, nikbinliyinə heyran qalmışdı. Qız düşündü ki, tanımadığı halda, bu adam onu düz yola çıxartmağa müvəffəq oldu. İndi də proqnoz barədə mən özümü onunla heç cür müqayisə edə bilmərəm. nepallı şerplər kimi, o, Himalayın ən yüksək zirvələrinə dırmaşmaq qaydalarını yaxşı bilir. Allaha şükür et ki, sənin həyat gəminin belə bir sükançısı vardır.  

Hüseyn müəllimlə yeni görüş 

Heç bir ay keçməmiş, Ruhiyyənin telefonuna audio mesaj gəldi. Hüseyn müəllim deyirdi ki, xaricdə ezamiyyətdə idim, ona görə də səninlə əlaqə saxlamamışdım. Şənbə günü axşam səni evə dəvət edirəm. Mən sənə söz verdiyim kimi, söhbəti davam etdirməliyik.

Hüseyn bu müddətdə Ruhiyyə haqqında çox fikirləşmişdi, qızın özünə xoş gəldiyini etiraf etdiyindən, özünü aldatmaq istəmirdi. Bu qızdakı çox şey onu valeh etmişdi, hərəkətlərində bir incəlik var idi, yeridikdə isə daha gözəl görünürdü, axı günəşin şüaları altında uçan kəpənəyin qanadları cilvələnir, əsrarəngiz bir palitra açılır. Ruhiyyə də yeriyəndə hökmən hamının diqqətini özünə cəlb edirdi. Kim antilopanın qaçışına, boylanmasına heyran olmur? O, yaşından da cavan görünürdü, hamiləliyi, uşaq doğması da onun fiqurasını poza bilməmişdi. Bu qızın cazibədarlığı son vaxtlar daha da artmışdı. Onun üzünün ifadəsi də dəyişilmiş, gözlərindəki parıltı daha da artmışdı. Danışanda, albalı dodaqları açılanda onun təbii gözəlliyi bir qədər də artırdı. Saçları yumru sifətinə xüsusi cazibədarlıq haşiyəsi verirdi. Kiçik döşləri bədənindəki harmoniyanı daha kamil edirdi. Qaşları camış buynuzu kimi bir-birindən aralı olmaqla, qövs əmələ gətirirdi. Onun başının vəziyyəti dəyişəndə tanış olmayan yeni qadın meydana gəlirdi, elə görünürdü ki, adam onun şəxsində bir neçə gözəl qızı seyr edir. Onun danışığı da sərin meh təsiri bağışlayırdı. Ona görə də düşünürdü ki, mən ona platonik məhəbbət bəsləyə bilməzdim, o, mənim hissiyyatımı coşdurur, ehtirasımı marten sobasında əriyən metala döndərir.

Bibliyada olan kimi, görünür, Ruhiyyənin taleyini əks etdirən bir divarda indi sehrli əl, müqəddəs kitabdakından fərqli olaraq yalnız əks mənada ifadə olunan mene, mene, tekel, uparsin sözlərini yazmışdı. Yəni onun keçmişi hesablanmış, tərəzidə çəkilmiş və hesabı veriləcəkdir. Başqa sözlə, bu qızın bütün bədbəxtliklərinə son qoyulacaq, ona xoşbəxtlik şansı veriləcəkdir. Hər şey dəqiq ölçülüb biçilmişdir və bu qız xoşbəxtliyə qovuşacaqdır. Axı qız üçün, qadın üçün ərə getmək ikinci dəfə anadan olmaq kimidir. Ruhiyyə də bu nikahla yenidən doğulmalı, dünyaya gəlməli idi.

Onun səmimiyyəti, yalandan, məkrdən uzaq olması sifətindən görünürdü. Bu qızın gözləri bir dəfə də olsun səmimilikdən başqa bir şeyi ifadə etmirdi. Baxışları cazibə gücünə malik olmaqla, onu ifadə edən gözlər günəşin işıqlandırdığı dəniz kimi parıldayırdı. Hüseyn müəllim bir dəfə də olsun onda hiyləgərlik və vulqarlıq nişanələri görməmişdi.

Hüseyn bilirdi ki, bəzi adamlar dini kitablarda təsvir olunan əhvalatlara, qədim yunan mifologiyasına, qədim Roma tarixinə də hörmətsizliklə yanaşır. Onları isə böyük adamlar yaratmışlar və bizim də böyüklüyümüz varsa, onları dərk və qəbul etməkdə məhz özünü göstərməlidir.

Hüseyn müəllim, liftin qapısı yanında onu qarşıladı və qonaq otağına dəvət etdi. Yenə də onlar qarşı-qarşıya oturmuşdular. O, bu dəfə əvvəlkindən fərqli olaraq gülərüz görünürdü. Söhbəti özü başladı:

- Mən demişdim ki, qərar vermək üçün fikirləşmək lazımdır. Bir ay mənə kifayət etdi ki, birinci növbədə özümün naminə düzgün qərara gəlim. Mən Südabənin uzaqgörənliyinə, alicənablığına görə onun xatirəsi qarşısında baş əyirəm. O, çox düzgün nəticəyə gəlmişdi ki, onun vəfatından sonra mən hökmən evlənməliyəm. Mənim yeni arvadımın namizədliyini də, müdrikliyinə görə özü tapmışdı və o, sənsən. Mən ilk görüşdən sənin zahiri xüsusiyyətlərinə vurulmuşdum və sonrakı görüşlərdə gizlin qaydada da olsa, mən bunu sənə bildirmişdim. Daxili aləminə bələdçiliyim yox idi, bu barədə Südabə çox şey, çox yaxşı şeylər danışmışdı. Sənin xasiyyətinə o, məftun olmuşdu və bu hissi mənə də təlqin etməyi bacarmışdı. Mən səninlə evlənmək qərarına gəlmişəm. Amerika yazıçısı Vaşinqton İrvinq gənc arvadı öləndən sonra heç vaxt evlənməmiş, 40 il sonra da arvadını göz yaşları ilə xatırlamışdı. Biz azərbaycanlılarda isə belə qayda yoxdur.

- Biz xoşbəxt ailə həyatı qurmalıyıq, məndən asılı olan hər şeyi edəcəyəm. Sən də, yəqin ki, öz qabiliyyətini büruzə verəcəksən. Mən heç kəslə məsləhətləşmək, kiminsə fikrini öyrənmək istəmirəm. Mən köhnə stereotiplərin də əsiri olmağı özümə rəva bilmirəm. Ən başlıcası, bizim bir-birimizi başa düşməyimizdir, ailə həyatı birinci növbədə bizə qarşılıqlı məhəbbət bəxş edəcəkdir, mən bu məhəbbətin işartılarını özümdə görürəm, heç şübhə etmirəm ki, sən mənim məhəbbətimi cavabsız qoymayacaqsan.

Sən artıq yaşlı bir kişinin xanımı olsan da, gənclərə xas olan şuxluq, həyatdan həzz almaq məsələsində sənə mən heç bir məhdudiyyət qoymayacağam. Biz mənim dostlarımın ailələrini birlikdə evimizdə qonaq kimi qəbul edəcək və onlara qonaq gedəcəyik. Bunlar hamısı sənin razılığın əsasında həyata keçiriləcəkdir. sən cavan olsan da, evin xanımı kimi bütün səlahiyyətlərdən istifadə edəcək, evin büdcəsinə də özün nəzarət edəcəksən. Bunlar səni qorxutmasın, hamısına yavaş-yavaş öyrənəcəksən. Mən çalışacağam, bu evdə, bu mənzildə səni daim məhəbbət havası əhatə etsin, sən yeni ailə həyatından həzz və ilham alasan. Heç kəsin ixtiyarı olmayacaq ki, sənin keçmişinin hansısa səhifəsini yada salsın. Mən səninlə ailə qururamsa, kiminsə sənin həyat yolunu hansısa şübhə dumanı altında xatırlamasına və ya eyham vurmasına imkan verməyəcəyəm.

Sonra o, stuldan qalxıb, dediklərinin real təsdiqi kimi, mən söylədiklərimə möhür vurmaq üçün səni ilk dəfə öpmək istəyirəm, dedi. Yaşlı adama xas olmayan bir ehtirasla Ruhiyyənin dodaqlarından öpdü. Ruhiyyə ilk dəfə idi ki, belə şirin, qızğın ehtirasın nümayişi olan öpüşü dodaqlarında, ağzında hiss edirdi, çox istəyirdi ki, bu şərbət izi onun ağzını, bütün vücudunu heç vaxt tərk etməsin. Qız utancaqlığını kənara atıb, dilini gələcək ərinin ağzına saldı. Hüseyn müəllim ilk dəfə idi ki, ağzında bal dadı hiss edirdi. Bu, onların hər ikisinə qarşılıqlı sevgilərini anlatdı. Ruhiyyəni bərk-bərk qucaqladıqdan sonra yerinə oturdu və dedi:

- Əmin ola bilərsən ki, son nəfəsimə qədər mən səni belə ehtiras yanğısı ilə öpəcəyəm. Bircə şərtlə ki, o öpüşlər sənə də ləzzət versin.

Ruhiyyə Hüseyn müəllimin belə aktivliyini gözləmirdi, əvvəlki tək onunla soyuq davranacağını fikirləşirdi. Ancaq bu mehribanlıq şərqisinə bənzəyən sözlər, ehtiraslı öpüş tamam başqa operadan xəbər verirdi. O, özünü yuxuda hiss edirdi, onun könlünün dəmir bəndləri də dağılıb yoxa çıxmışdı. Heç vaxt hiss etmədiyi bir vəcdə gəlmişdi, indiyədək heç kəs onu belə əzizləməmiş, ona belə ehtiras nümayiş etdirməmişdi. Yazıq qız yenə qorxmağa başladı. Axı qorxu hətta cəzadan da pisdir. Cəzada nəsə bir müəyyənlik vardır, qorxu isə öz məchulluğu hesabına yoxa çıxmayana qədər böyüməyə, ağır sarsıntı yaratmağa başlayır. Qorxdu ki, Hüseyn müəllim öz ehtirasına qızın belə cavab verməsini başqa cür qiymətləndirə bilər, axı bu yazığı öz keçmişi daim kabus kimi izləyirdi. Ancaq onu da düşünürdü ki, belə bir anın daim arzusunda olmuşdur. Həmişə istəmişdi ki, elə bir ildırım çaxsın ki, onu keçmişin əsarətindən birdəfəlik qurtarsın. Bir az keçdikdən sonra hiss etdi ki, artıq qorxu xaosu arxada qalmışdır, çünki o, yeni, çox güclü bir hissin hər şeyi dağıtmağa qadir olan gur axınına düşmüşdür. Ona görə də hətta utancaqlıq əlaməti kimi gələcək ərinə müqavimət göstərmədi. İlk dəfə idi ki, bu zəifliyini öz qələbəsi, böyük zəfəri hesab etməyə başladı. Lakin xoş anlar da köhnə yaraları sürətlə sağalda bilmir, çünki yara hələ qaysaq bağlamamışdırsa, adamı yandırmağa başlayır. Lakin əgər ərə gedirsə, özü də nəcib bir insanla ailə qurursa, yara nə qədər dərin olsa da, hökmən sağalacaqdır, bir daha onu incitməyəcəkdir.

Sevinc hissləri onu dəyişdirmişdi. Onun ağarmış, arıqlamış yanaqlarına gur qan gəldi. O, özü də anlaya bilmirdi, nədir onun zərif üz cizgilərinə bu ehtiras şehini tökən? Onun sifətində güc işarəsi, həyat eşqi, sehrli görünən cazibədarlıq meydana gəlmişdi. Təbəssüm onun dodaqlarını tərk etmirdi. Qəmgin görünən bu qız birdən parlamağa başlamışdı. Çox arzulayırdı ki, onda yaranan bu dəyişiklik bir də solmasın, sifətindəki, gözlərindəki parlaqlıq bir də yoxa çıxmasın. Hüseyn heyranlığını gizlədə bilmirdi, dünənə qədər qəm-qüssə ifadəsinə xidmət edən sifət indi ilahi gözəlliyə yiyələnməyə can atırdı.

Sonra Hüseyn müəllim praktiki məsələlərə keçdi, sabah nikah kəsdirməyə gedəcəklərini elan etdi və axşam bir restoranın bağlı otağında yaxın dostların iştirakı ilə toy məclisi keçirərik, dedi. Mənim tərəfimdən 15 nəfər olacaqdır, sən də o qədər adam dəvət edə bilərsən.

Ruhiyyə dedi:

- Siz etiraz etməsəniz, mən anam və bacımdan əlavə ancaq Yusif müəllimi və onun övladlarını dəvət edərdim. Südabə xanıma onun haqqında çox şey danışmışdım. Bugünkü xoşbəxtliyimin də künc daşını o, qoymuşdur.

Hüseyn müəllim dedi:

- Mən ürəkdən razıyam, o alicənab insanı qiyabi tanıyıram, indi isə əyani tanış olarıq.

Sonra Hüseyn müəllim Ruhiyyəyə dedi ki, bu gündən etibarən mən sənin üçün Hüseynəm, rəsmiyyətçilik qeyri-səmimilikdən xəbər verir. İkinci sözü isə bu oldu ki, sabah iş yerinə gedib, işdən azad olmaq barədə ərizəni verərsən.

Və əlavə etdi:

- Bu mənzilin ev xanımına böyük ehtiyacı vardır və sən bu vəzifəyə ən layiqli namizəd olmaqla, ev təsərrüfatımızı da idarə etməklə bu titulu ləyaqətlə daşıdığını sübut edəcəksən. Yeni həyatındakı hər bir addımın sənə qövsi-qüzeh rəngləri bağışlayacaqdır. Sənin xoşbəxtliyə nail olmağa haqqın vardır, ona layiqsən, bu, sənin keçmiş acı günlərinin kompensasiyasıdır.

Hüseyn müəllim planlaşdırdığı kimi də hərəkət etdi, sabahısı günü onlar rəsmi qaydada nikahlarını qeyd etdirdilər. Nikahı kəsən qadın onu da vurğulamağı özünə borc bildi ki, bu, Ruhiyyənin ilk, Hüseyn müəllimin isə ikinci nikahıdır, əslində, bunun mərasimə heç bir dəxli yox idi, vacib olan razılığı onlar ucadan bəyan etmişdilər. Onlar hər ikisi şirin həyat yuxularının ağuşuna qapılmış kimi görünürdülər, heç nəyə məhəl qoymayan göyərçin cütlüyünün açıq-saçıqlığı kimi hərəkət edirdilər. Hüseyn müəllim sevinirdi ki, təzə gəlin mərasimə təzə, şux paltarda gəlmişdir. Çünki o, bahalı mağazalar açılandan sonra Ruhiyyəni onlara baxmağa və özünə paltar seçməyə aparmışdı. Onun heç bir maliyyə çətinliyi yox idi. Özünün bankda xeyli pulu var idi, Südabə xanım da maaşından və əsərlərinin qonorarından aldığı pulları həm manat, həm də funt-sterlinqdə bankda depozitə qoymuşdu və öləndə mövcud olan iri məbləği ərinə vəsiyyət etmişdi. Ona görə də Ruhiyyəyə bahalı ağ gəlinlik paltarı və fata, üç dəst yaraşıqlı brend paltar almışdı. Gəlinlik paltarında o, özünə də bənzəmirdi, daha gözəl, daha cazibədar görünürdü. Südabədən fərqli olaraq Ruhiyyə bir qədər tutqun rəngli idi, belə qızları çox vaxt "əsmər bənizli" adlandırırlar. Ona görə də ağ paltar ona çox yaraşırdı, axı kontrast rənglərdə gözəllik daha aydın nəzərə çarpır.

(Ardı var)

 





15.05.2021    çap et  çap et