525.Az

Yeni dünya düzəni - Xaqani Cəfərlinin şərhi


 

Yeni dünya düzəni - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Koronavirus pandemiyasının dünyanın siyasi münasibətlər sistemini, eləcə də iqtisadi əlaqələri yeniləcəyi ilə bağlı ehtimallar tədricən gerçəkləşməyə başlayır.

"Böyük yeddilər"in (G7) xarici işlər nazirlərinin Londonda, məşhur “Lancaster House”də iki illik aradan sonra keçirilən canlı görüşündə də yeni dünya düzəninin cizgiləri müəyyən edilməli idi. Bunu zəruri edən məqamlar isə koronavirus pandemiyasının başa çatmaq ərəfəsində olması və ABŞ-da hakimiyyətə Co Baydenin gəlişi ilə Vaşinqtonun siyasətində baş verən kəskin dönüşün baş verməsi idi. London görüşü ərəfəsində Almaniyanın Xarici işlər naziri Hayko Josef Maas bəyan etmişdi ki, sammitin məqsədi dünyadakı avtoritar rejimlərə qarşı ümumi siyasətin müəyyən olunmasıdır. "Bu, dünyadakı avtoritar rejimlərə qarşı birlikdə mübarizə aparmaq istəyən liberal demokratiyaların birgə toplantısıdır". G7 ölkələrinin xarici işlər nazirlərinin London sammitinin tarixə Rusiya və Çinə qarşı Qərbin vahid strategiyasını müəyyən edən toplantı kimi düşəcəyi şübhəsizdir. Çünki alınan qərarlar belə deməyə imkan verir ki, bundan sonra Rusiya və Çinə qarşı Qərbin siyasətinin daha sərtləşəcəyini müşahidə edəcəyik. Ancaq bu iki ölkəyə qarşı fərqli siyasətin tətbiq olunacağını da söyləmək mümkündür.

G7 ölkələrinin Rusiyaya qarşı siyasəti əsasən Moskvanın təsirlərinin azaldılması yolu ilə Kremlin iddialarının cilovlanlanmasından ibarət olacaq. Bu zaman ənənəyə sadiqlik göstərilərək Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə Moskvanın "əl-qolunun bağlanması" siyasəti üstünlük təşkil edəcək. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Almaniya Xarici işlər naziri Hayko Maasla görüşündə əsas müzakirə mövzusu "Şimal axını-2" qaz kəməri layihəsi olub. ABŞ-ın dövlət katibi almaniyalı həmkarını bu layihənin Avropanın maraqlarına uyğun olmadığını əsaslandırmağa çalışıb. Blinken açıq şəkildə bildirib ki, Berlinin "Şimal axını-2" layihəsindən imtinası Avropanın maraqlarına daha çox uyğundur.

G7 ölkələri xarici işlər nazirlərinin London sammitində müəyyən edilən strategiyanın Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə səbəb olacağı gözlənilir. Mayın 10-da Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı vahid strategiyanın müzakirəyə çıxarılacağı və Birliyin mayın 25-də keçirilməsi gözlənilən sammitində qəbul olunacağı gözlənilir. Bu strategiyanın əsasında isə G7 ölkələri xarici işlər nazirlərinin London sammitində müəyyən etdikləri münasibətlər sistemi dayanacaq.

London görüşünün təsirləri NATO-nun iyunun 14-də Brüsseldə keçiriləcək sammitində daha çox hiss olunacaq. Çox böyük ehtimalla, sammitdə Ukraynaya Şimali Atlantika Alyansına üzvülük üçün "yol xəritəsi" veriləcək. NATO-nun üzvü olan Şərqi Avropa ölkələri - Polşa, Latviya, Litva və Estoniya Ukraynaya Alyansa üzvlük üçün "yol xəritəsi" verilməsini müdafiə edir. NATO-nun əsas hərbi gücə malik ölkələrindən hesab olunan Türkiyə də Ukraynanın Alyansa üzvlüyünü dəstəkləyir.  Çox böyük ehtimalla, Rumıniya, Slovakiya, Çexiya, Bolqarıstan və Macarıstan da Ukraynanın NATO-ya üzvlük yolundakı addımlarını dəstəkləyəcək. Belə demək olar ki, G7 ölkələri xarici işlər nazirlərinin London sammitindən sonra Ukraynanın NATO-ya üzvlük prosesinə start verildiyini söyləmək mümkündür. Eyni zamanda, Ukraynaya münasibətdə olduğu kimi, Avropa Birliyinin Gürcüstan və Moldovaya yönəlik siyasətində də qətiyyətli yanaşma müşahidə ediləcəyini söyləmək mümkündür. Qərbin Belarusla bağlı da vahid strategiya müəyyən etməsi gözlənilir. Bu strategiyanın nədən ibarət olduğu hələlik bilinməsə də, Belarusda dinc yolla hakimiyyət dəyişikliyini nəzərdə tutduğunu təxmin etmək mümkündür. Belə demək olar ki, G7 ölkələri xarici işlər nazirlərinin London sammitində müəyyən etdikləri strategiya Rusiyanın təsirlərinin azaldılması üçün sanksiyalara yol açmaqla bərabər, Qərbin Ukrayna, Gürcüstan və Moldovanın Moskvanın təsir dairəsindən tam çıxarılması siyasətində də ağırlıq təşkil edəcək. Bundan əlavə, Belarusun da Rusiyanın təsirindən çıxarılması gündəmdə olacaq.

 

Çin Rusiya ilə bərabər tənqid obyektinə çevrilsə də, Qərbin Pekinə qarşı siyasətində fərqliliklər də olacaq. Aydın görünür ki, Qərb insan haqları və demokratiya kimi məsələlərdə Çini tənqid etsə də, iqtisadi münasibətləri qorumaq istəyir. Ancaq G7 ölkələri Çinin həddini aşacağı halda onu cilovlamaq yolları ilə bağlı məsələləri də müzakirə ediblər. Almaniyanın Xarici işlər naziri Hayko Maas bildirib ki, Çinlə rəqabətin təşəbbüsçüsü deyillər, ancaq Çin G7 ölkələrinə qarşı rəqabəti kəskinləşdirəcəyi halda müvafiq cavabla üzləşəcək. Qərb mətbuatında yayılan məlumatlara görə, London sammitində Çinin cilovlanmasının zərurətə çevriləcəyi halda atılacaq addımlarla bağlı ABŞ-ın hazırladığı sənəd də müzakirə olunub.

G7 ölkələri xarici işlər nazirlərinin London sammiti dünyada yeni siyasi düzənin cizgilərini müəyyən etmiş kimi görünür. Həmin cizgilərin G7 ölkələrinin xarici siyasətinin əsasına çevrilməsi isə böyük yeddiliyə daxil olan ölkələrin dövlət və hökumət başçılarının iyun ayında Böyük Britaniyada keçiriləcək sammitindən sonra baş verəcək.

ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşünün də G7 ölkələrinin dövlət və hökumət başçılarının sammitindən sonra keçirilməsi nəzərdə tutulur. Çox böyük ehtimalla, ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putindən sammitdə qəbul olunacaq qərarlara tabe olmağı tələb edəcək. Hələlik, harada və nə zaman keçiriləcəyi bilinməyən Bayden-Putin görüşünün Mixail Qorbaçovla Ronald Reyqan arasında 1986-cı ildə Reykyavikdə keçirilən görüşü kimi tarixi əhəmiyyətə malik olacağı gözlənilir. Qeyd edək ki, məhz Reykyavik görüşü ilə Sovet İttifaqı ilə Qərb arasında soyuq müharibənin bitməsinin başlandığı qənaəti mövcuddur. Bayden-Putin görüşünün də yenidən Reykyavikdə keçirilməsi təklifi var. İki liderinin görüşünün harada keçirilməsindən asılı olmayaraq, Qorbaçovla Reyqan arasında sammiti təkrar edəcəyi şübhəlidir.

Yeni dünya düzəninin formalaşdığını göstərən başqa bir məqam Avropa Birliyinin yeni təhlükəsizlik layihəsi olan Daimi Strukturlaşdırılmış Əməkdaşlığı (Permanent Structured Cooperation - PESCO) formatına Kanada, Norveç və ABŞ-ın da dəvət edilməsidir. Avropa Birliyi ölkələrinin təhlükəsizliyini və müdafiəsini təmin etməyə yönəlmiş proqramın əlaqələndiricisi olan Niderlandın Kanada, Norveç və ABŞ-a göndərdiyi təklifə Vaşinqton müsbət cavab verib. Böyük Britaniya da Avropa Birliyinin PESCO layihəsinə qoşulmağa hazırdır. Rusiya isə PESCO-nun məhz ona qarşı yönəlmiş layihə hesab edir. Bütün bunlar yeni dünya düzənin formalaşmağa başlandığını göstərir.

 





15.05.2021    çap et  çap et