525.Az

Fələstindən Ermənistana dəstək əfsanəsi: ASALA-nın yaranması


 

Fələstindən Ermənistana dəstək əfsanəsi: <b style="color:red">ASALA-nın yaranması </b>

Fələstinin Ermənistana dəstəyi barədə deyilənlər şəhər əfsanəsidir, amma ASALA-nın yaradılmasında fələstinli qrupların iştirakı var.

ASALA-nın lideri Akop Akopyan təxəllüsü ilə tanınan İraq (Mosul) ermənisi Arutyun Taquşyan idi. Taquşyan (Akopyan) 16 yaşında evdən qaçır və marksist-leninçi ideologiyalı Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinə qoşulur. Xalq Cəbhəsi Fələstin Azadlıq Təşkilatının tərkibindəki 2-ci böyük qruplaşma idi. Akopyan qısa müddətdə bu qruplaşmanın ikinci adamı və xarici əməliyyatlarına məsul olan Vadiə Həddadın sağ əlinə çevrilir. Xalq Cəbhəsinin, o cümlədən Akopyanın 1972-ci il Münhen Olimpiya Oyunları zamanı İsrail idmançılarına terror törədən “Qara sentyabr” qrupu ilə yaxın əməkdaşlığı olub.

1975-сi ildə Livandakı vətəndaş müharibəsinin şiddətli vaxtında Beyrut məhəllə-məhəllə bölünmüşdü. Ermənilərin yaşadığı Burc Hamud məhəlləsi “Hizbullah”ın və “Hizbul Kataib” (falangistlər) Partiyasının nəzarət etdiyi məhəllələrin ortasında yerləşirdi.

Fələstinli qruplar xristian-marunilərin partiyası olan sağçı falangistləri İsraillə işbirliyində suçlayırdılar və onlara qarşı əməliyyatlar keçirirdilər. Bu əməliyyatları Fələstin Azadlıq Təşkilatının kəşfiyyat rəhbəri, Əbu İyad ləqəbli Salah Halaf idarə edirdi. (Əbu İyad 1991-ci ildə Tunisdə öldürülüb.) Fələstinli qruplar daşnakların nəzarətindəki Burc Hamuda girmək istəyirdi ki, oradan falangistlərə zərbə endirsinlər. Əbu İyad bir gün Akopyana təklif edir ki, başqa bir erməni təşkilatı (daşnaklardan fərqli) yaradıb, həm ermənilərin düşməni, həm də İsrailin dostu Türkiyəyə qarşı mübarizə aparsın.

Yəni ASALA-nın ideya müəllifi (ya da müəliflərindən biri) Fələstin Azadlıq Təşkilatının liderlərindən Əbu İyad olub. Vadiə Həddadın bu prosesdə hansı rol oynadığı bilinmir, amma SSRİ dağıldıqdan sonra yayılan arxiv materiallarında (“Mitroxin arxivi”) onun 1970-ci illərin əvvəllərində “Nasionalist” kod adı altında KQB ilə əməkdaşlığa başladığı üzə çıxır. KQB Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsini NATO ölkələrinin istehsalı olan silahlarla təchiz edirdi. (İzi itirmək üçün.)

Fələstin-erməni əlaqələrinə dair əsas hekayə budur. Müasir Fələstini idarə edən Mahmud Abbas hökuməti və HAMAS-a, eləcə də digər fələstinli radikal qruplara şəxsən mənim heç bir simpatiyam yoxdur, amma onları Ermənistana dəstək verməkdə ittiham etmək doğru
deyil. 

Yeri gəlmişkən, ASALA-nı Abdullah Çatlının bitirdiyi haqqında hekayələr də başqa bir şəhər əfsanəsidir. Əvvəla, bir adam təkbaşına hansısa terror təşkilatını məhv edə bilməz, bu, yalnız filmlərdə olur. İkincisi, əgər hansısa şəxsin özəl rolundan bəhs etmək lazımdırsa, bu şəxs Çatlıdan daha çox Hiram Abbas olmalıdır.

Milli İstihbarat Təşkilatında (MİT) çalışmış və qurumun ikinci adamı səviyyəsinə yüksəlmiş Hiram Abbas Güney Azərbaycan kökənli ailənin övladı olub. Mason olduğu iddia edilən babası yəhudilikdəki Hiram əfsanəsindən (Süleyman məbədinin memarı Hiram Abif nəzərdə tutulur) təsirlənərək ona bu adı verib.

1982-ci ilin avqustunda ASALA-nın Ankara “Əsənboğa” hava limanında 9 nəfərin ölümü, 72 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra dövlət qərar verir ki, artıq bunlara qarşı ciddi tədbir görülməlidir. Kənan Evrenin təlimatı ilə bu məqsədlə özəl bir komitə yaradılır. Evrenin MİT-də çalışan qızı ilə kürəkəni Şenay Gürvit və Erkan Gürvitin də daxil olduğu komitə ASALA-ya qarşı Avropada və Orta Şərqdə əməliyyatlar keçirmək üçün 3 qrup formalaşdırır: Avropada əməliyyatlar aparacaq qruplardan birinə Abdullah Çatlı, digərinə Sabah Ketene başçılıq edir, ASALA-nın baş qərargahının yerləşdiyi Beyrutdakı əməliyyatlar isə Hiram Abbasa tapşırılır. Çatlı o vaxt Türkiyədə axtarışda idi və Fransada yaşayırdı. Sabah Ketene kərküklü türkmən idi və bölgəni çox yaxşı tanıdığı, ərəbcə mükəmməl bildiyi üçün MİT-lə əməkdaşlığa cəlb olunmuşdu. Hiram Abbas isə həmin vaxt MİT-dən ayrılmışdı və təqaüddə idi.

Əməliyyatlar haqqında detallı məlumatlar olmasa da, Çatlının qrupunun Fransada Altforville qəsəbəsindəki “erməni soyqırımı” abidəsini partlatdığı və ermənilərin toplantı keçirəcəyi salona bomba yerləşdirdiyi məlumdur. (Bomba sonradan zərərsizləşdirilib.) MİT-in Antiterror idarəsinin rəisi olmuş Mehmet Eymür sonradan verdiyi açıqlamalarda Çatlının rolunun həddən artıq şişirdildiyini və əsl işi Beyrutda Hiram Abbasın qrupunun həyata keçirdiyini söyləyir. (M.Eymürün atası, polkovnik Mazhar Eymür MİT-in qurucularından olub.)     

Beyrutdakı əməliyyatlara İsrail də kömək edib. 1982-ci ilin əvəllərində Aralıq dənizi vasitəsilə Suriyaya sızmağa çalışan “Mossad” agentlərinin qayığı (şişmə bot) xarab olur və qayıq Türkiyə sahilləri – İskəndərun istiqamətinə sürüklənir. Bu zaman Türkiyə sahil mühafizə xidmətinin gəmisi onları görür və xilas edir. İsrail bunun əvəzində Türkiyəyə təklif edir ki, Beyrutda ASALA-ya qarşı əməliyyatlar keçirməyinizə yardım edə bilərik. İsrail o vaxt Beyrutdakı fələstinli qruplara qarşı mübarizə aparırdı. Hiram Abbasın qrupu şəhərin şərq hissəsində, Zahle adlanan yerdə ASALA-ya qarşı əməliyyatlar keçirir, təşkilatın bir çox lideri öldürülür. ASALA-nın arxivi - üzvlərin siyahısı, maliyyə qaynaqları, kimlərdən yardım alındığı barədə sənədlər isə “Mossad”ın əlinə keçir, “Mossad” bu məlumatların hamısını olmasa da, bir qismini Türkiyəyə verir. Bundan başqa, H.Abbas Beyrutda yaşayan Türkiyə (Mardin) kökənli Əl Zein ailəsi ilə əlaqə yaradır və onların köməyindən də yararlanır.   

Hiram Abbas uğurlu əməliyyatlardan sonra təkrar MİT-ə dönür. “Kurtlar Vadisi”ndəki “Aslan Akbey” obrazı Hiram Abbasın, “Doğu bəy” isə H.Abbasın MİT-də çalışmağa başladığı ilk vaxtlarda çox yaxın olduğu general Fuad Doğunun prototipidir. H.Abbas 1990-cı ilin sentyabrında evdən çıxıb, ofisə gedərkən yolda bələdiyyə işçisi geyimində olan 2 nəfərin çarpaz atəşi ilə qətlə yetirilir. (H.Abbas təqaüdə çıxmışdı və ABŞ silah şirkətlərinin Türkiyə təmsilçisi idi.) Qətli DEV-SOL öz üzərinə götürsə də, bununla bağlı hər hansı sübut yoxdur. Sonralar “Ergenekon” məsələsi ilə bağlı istintaq materiallarında H.Abbası Tarık Ümit adlı MİT əməkdaşının öldürdüyü əksini tapır. “Kurtlar vadisi”ndəki “Pala” personajı T.Ümitin prototipidir. T.Ümit silah və narkotik qaçaqmalçılığı ilə məşğul olan trabzonlu kabadayı Dündar Kılıçın (“Laz Ziya”) ortağı olub. Ələddin Çakıcı (“Çakır”) Dündar Kılıçın qızı ilə evli olub, ayrıldıqdan sonra qadını güllələtdirib.

A.Çatlının 1996-cı ildə necə öldüyünü (yaxud öldürüldüyünü) bilirsiniz, o hadisədən sonra məşhur Susurluk qalmaqalı başladı və baş nazir Məsud Yılmazın göstərişi ilə Kutlu Savaş (Başbakanlık Təftiş Kurulu başkanı) “dərin dövlət”, dövlət-mafiya əlaqələri haqqında raport hazırladı.

ASALA-ya qarşı əməliyyatlara cəlb olunmuş digər şəxs – Sabah Ketene isə 2006-cı ildə İraqın şimalında PKK tərəfindən öldürülüb...

P.S. Məlumatları jurnalist-yazar Murat Yetkinin “Entrikalar kitabı”ndan götürmüşəm.

(Yazı müəllifin feysbuk səhifəsindən götürülüb)

 





14.05.2021    çap et  çap et