525.Az

Milli fəlsəfə və ictimai fikir tariximizə maraqlı elmi baxış - Yazı


 

Milli fəlsəfə və ictimai fikir tariximizə maraqlı elmi baxış - <b style="color:red">Yazı</b>

Qarşımızda üç hissədən ibarət olan irihəcmli bir kitab var, əslində, sanballı elmi tədqiqat əsəri: "Faiq Ələkbərli. Azərbaycan türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlər)". Bu kitablar təkcə elmi tədqiqat işi deyil, həm də salnamədir, göstərilən dövrün və problemin salnaməsi!

XIX əsrin lap əvvəllərində və ondan da qabaq "türk" deyiləndə azərbaycanlılar nəzərdə tutulurdu, "Türkiyə türkləri isə ən çoxu "Osmanlı" kimi tanınırdı. Hətta belə bir fikir də vardı ki, Osmanlı türklərini bir millət olaraq "Osmanlı milləti", yaxud "Anadolu milləti" adlandırsınlar. Bu, tarixən formalaşmış bir ənənə idi. Azərbaycanda yaşayan türklər isə "tatarlar", çox vaxt  və əsasən də "türklər" adlandırılırdı. Stalin 1936-cı ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti on günlüyündə, "Koroğlu" operasına baxandan sonra Azərbaycanın Moskvadakı nümayəndəsindən soruşmuşdu: "Vı vladete Azerbaydjanskim əzıkom?"  Buna qədər isə hər yanda "türk dili" işlədilirdi. Hətta Nəriman Nərimanov  Sovet Azərbaycanda dövlət dilini "türk dili" kimi qəbul etmişdi və bu, bizim millətimiz üçün normal hal sayılırdı.

Stalinin bu sözlərindən sonra heç kim qorxusundan "türk dili"ni işlətmir, hər yerdə "Azərbaycan dili" işlədilməsi bir normaya çevrilir. Əslində, Stalin bu sözləri heç də təsadüfən deməmişdi, məqsədi vahid türk dilini parçalamaq idi. Respublikamızda keçirilən o vaxtkı əlifba islahatlarının və xüsusən də Kiril-Mefodi qrafikasına keçidin məqsədi də bundan ibarət idi.

1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda iştirak edən 26 türk ziyalısının, Səmədağa Ağamalı oğlundan başqa hamısı repressiya qurbanı oldu. 40 minə yaxın türk ziyalısı Stalin-Bağırov guruhu tərəfindən məhv edildi. Vəziyyət o qədər qorxulu bir hala çatmışdı ki, "türk" sözünün işlədilməsi güllələnmə ilə nəticələnirdi. Ona görə də millətin "türk" adından "azərbaycanlı" adına keçidi baş verdi. Millət öz tarixindən ayrı salındı. Ona görə də Faiq Ələkbərlinin bu kitablarına verdiyi ad çox düzgün seçimdir. Məsələnin digər bir tərəfi Azərbaycan (türk) dilinin Osmanlı (türk) dilindən əvvəl əvvəlcə xalq, sonra isə milli dil kimi yaranması və inkişafıdır. Məsələ ondan ibarətdir ki, Azərbaycana bir işğalçı kimi gələn monqollar 1295-ci ildə Qazan xanın hakimiyyəti dövründə islam dinini qəbul etdilər və tədricən yerlilərlə qaynayıb-qarışmağa başladılar və bu əsasda da onun dil və mədəniyyətinin inkişafına şərait yarandı, Anadoluda isə Konya Şəhərində bir kiçik Səlcuq Sultanlığı qalmışdı  və daha aydın desək, o zamanlar "türk" termini işlədənlər həm onları, həm də biz azərbaycanlıları nəzərdə tuturdular. Həm bizdə, həm də İranda hökm sürən türk sülalələr də öz türk adlarını saxlayırdılar. Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar sülalələri də öz türklüklərini saxlamışdılar. Lakin Qacarların son illərində onların iranlılaşması prosesi başladı ki, bu da sonradan paniranizmə yol açdı. Onu da deyim ki, İran öz qədim adını yalnız 1931-ci ildə geri qaytara bildi. Bu da İranda paniranizmin baş qaldırması, "milləti-İran" anlamının önə gəlməsi və pəhləvi Rza şahın hakimiyyətinin möhkəmlənməsinə xidmət edirdi.

Müəllifin qələminə, şəxsiyyətinə və zəhmətinə böyük hörmətimi bildirməklə yanaşı, onunla razılaşmadığım bir sıra məqamları da diqqətə çatdırmaq istərdim.

Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinə aid yeni kitab nəşr  olunub

1) Ən əvvəl müəllif "azərbaycanlı" millətini "mələs" bir millət hesab edir. Şübhə yoxdur ki, hər hansı bir xalq millətə çevrilmə prosesində xalqın əsasını təşkil edən (Eso-etno sosial orqanizm) bir etnosun (məsələn, "türk" etnosunun) ətrafında digər etnosların da birləşməsi əsasında formalaşır, yəni azərbaycanlı milləti türk etnosu ətrafında digər etnosların (məsələn, İran dillilərin və Qafqaz xalqlarının) birləşməsi əsasında formalaşmışdır. Bunu biz Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərindən də görə bilərik. Bu əsər Faiq müəllimə çox doğma kitablardan biridir. Çünki onun namizədlik dissertasiyası məhz Rəsulzadə ilə bağlı olmuşdur. Həm də bu kimi proseslərdən qorxmaq və onu inkar etmək olmaz, çünki bu proses təkcə bizim millətin həyatında deyil, millət kimi formalaşan bütün xalqların həyatı üçün adekvat bir fenomendir.

Halbuki belə bir millət artıq mövcuddur, tarixi bir gerçəklikdir və onu inkar etmək olmaz, azərbaycanlılar XX əsrin əvvəllərindən millət kimi formalaşmışdır və millətin millət kimi mövcud olması üçün bütün tələblərə cavab verir. Yəni özünə məxsus müstəqil tarixi, dil və mədəniyyəti, adət və ənənələri və sair vardır. Bugünkü Anadolu türklərilə nə qədər ümumi və oxşar xüsusiyyətləri olsa da, fərqli cəhətləri də yox deyil. Şübhəsiz ki, hər ikisi türk dilləri içərisində biri-birinə ən yaxın olan dillərdir. Lakin istər Türkiyədə, istərsə də Azərbaycanda aparılan dil islahatları bu dillər arasındakı fərqləri bir qədər artırmışdır.  Məsələ ondan ibarətdir ki, Azərbaycanda türklərlə yanaşı, digər etnoslar da yaşayır və tarix və mədəniyyətimizin inkişafında onların rolunu inkar etmək olmaz. Ona görə də mən belə başa düşürəm ki, Faiq müəllimdə bu məsələ vəhdətdə götürülür, yəni o, Azərbaycan əhalisini türklərə və qeyri-türklərə bölmür. Vətən müharibəsində biz bunun bir daha şahidi olduq ki, xalqımız yumruq kimi birləşdi və işğala yox dedi! Henrix Heynenin dediyi kimi, "Dostum, nəzəriyyə quru bir şeydir, həyat ağacı isə həmişə yaşıldır". Reallıq, praktika göstərdi ki, xalqımızın arasına hər hansı bir nifaq salmaq qeyri-mümkündür. Bu baxımdan, Azərbaycanla bağlı reallıqda türklük elə birlik deməkdir! Bizim  türklüyümüz elə azərbaycançılığımızdır! Azərbaycançılıq artıq bizim ideologiyamıza çevrilib və bu, respublikanın bütün xalqları tərəfindən yekdilliklə qəbul olunub. Bu ali ideologiyanın beşiyi başında Ulu öndər Heydər Əliyev və onun müdrik, qətiyyətli siyasi varisi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev dayanıb.

İkinci qeydim isə budur ki, müəllif seçdiyi tədqiqat obyektindən kənara çıxaraq tarixə və ədəbiyyata aludəçilik göstərir və onlara çox yer verir, tədqiq olunan mövzu bir növ onların kölgəsində qalır.

Bundan əlavə, XX əsrin əvvəllərində Azərbaycanda baş verən yeniləşmə hərəkatı bir neçə kanalların təsiri altında baş vermişdi. Bu kanallardan birini də rus kanalı təşkil edirdi və vaxtilə akademik F.Köçərli bu problem ətrafında Ə.Cəfəroğlu ilə razılaşmadığını bildirmişdi. Faiq Ələkbərli bu məsələdə heç bir əsası olmadan əsas yeri Qərbə verir və Qərbin də Azərbaycana təsirinin rus kanalı vasitəsilə reallaşmadığını iddia edir.

F.Ələkbərli yazılarında özünü radikal türkçü kimi göstərir və bu da elmi tədqiqatların obyektivliyini şübhə altına alır.

Bu qeydlər mənim subyektiv fikirlərimdir və onunla razılaşmamaq da olar. Müəllifin zəhmətinə kölgə salmaq fikrindən uzağam və ona uğurlar arzulayıram. Onu da qeyd etməliyəm ki, müəllifin əsərlərində irəli sürdüyü fikirlərin əksəriyyəti yenidir və ortaya çıxardığı şəxsiyyətlərin bir çoxu birinci dəfədir ki, tədqiqata cəlb olunur, xüsusilə də Güney Azərbaycanı ilə bağlı məsələlər bu qəbildəndir. Oxuduqca əyani şahid oluruq ki, F.Ələkbərli çox ağır zəhmət və geniş araşdırma tələb edən bir tədqiqat ortaya qoyub ki, bu da böyük səbr və əzmin nəticəsidir. Müəllifə bu yolda yeni uğurlar arzulayıram.

Əlikram TAĞIYEV
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Məntiq" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor

 





17.05.2021    çap et  çap et