525.Az

"Şəhərin göz yaşları" - Ülvi Ələkbərzadənin şeirləri


 

"Şəhərin göz yaşları" - <b style="color:red">Ülvi Ələkbərzadənin şeirləri </b>

Ülvi Ələkbərzadə 1999-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. "Əfsun" elmi-ədəbi, bədii-publisistik jurnalında çalışır. "Bir fincan limonlu çay (povest və şeirlər)" kitabının müəllifidir.

Şəhərin göz yaşları

Bu şəhərin göz yaşları
isladır Xəzər dənizini.

Çıxıb bir ağ buluda
qışqırmaq istəyir
küçələrin yuxusu - arzularını,
xəyallarını.

Şəhərin boyu qısadır,
çatmır gecələrin qulağına
pıçıldasın həqiqətləri.

Gecənin boynuna çıxıb,
öpür bu şəhərin alnından
tanrının mələkləri
şəklini çəkərək dünyanın.

Bu şəhərsə, hələ də
yorğun baxışlarıyla gözləyir
tikiləcək göydələnləri.

Bu gecənin

Darmadağın çarpayı,
eləcə bir küncə atılmış
boş şərab butulkası.
Masa - üzərində aylar öncə
söndürülmüş siqaret kötükləri.
Saralmış kağız, bir də qələm.
Kağıza düzülmüş
misra-misra göz yaşları.
Qələmin mürəkkəbindən intihar edən
sükutun hayqırtısı.
Və yerdə qan ləkəsi kimi
bir ümid işığı.
Asıldı bu gecənin
lənət qoxuyan yaxasından.
Bir misra əzab müjdəsi

Bir saralmış məktub
sətirləri göz yaşından.

Varağa düzülmüş,
həsrətdən öləzimiş şeirlər.

Bir əlçim yalnızlıq
əlləri üşümüş həsrətdən..
Bir ümidsiz yol
sonunda ayrılıq nəğməsi oxunur.
Qara buludlardan
intizar ətirli ruhuma
ümidsizlik toxunur.

Pərən-pərən bir ürək
içində kədər qoxulu kirpik izləri
Qılınc kimi dəlib-deşmiş ürəyi.

Üfüqü yarıb keçən baxışlar,
Üfüqdə günəşin sapsarı tellərindən
boylanan arzular.
Ovcumda bəslədiyim
sərçədən yadigar qalan
quru çörək ovuntuları.
Hə, bir də
dimdiyində gətirdiyi
bir misra əzab müjdəsi...
Paramparça etdi
məni,
sabahımı,
yuxularımı...
Bir də "sənsizlik" qoxuyan
gələcək ömrümü.

Səs-küy, sükut!

Sağım səs-küy, bağırtı, hənirti.
Solum - səssizlik, sükut..
Sükutun səssizliyindən qulaq batır.
Mən ortada qalmışam,
nə səs-küyəm, nə sükut...
Nə sağam, nə də sol...
Özüm sükutdan yaranmışam,
səsdən yoğrulmuşam.
Yırtmışam sükutun yaxasını,
udmuşam səs-küyün havasını
Mən nə sağımdakı səs-küyəm
nə də solumdakı sükut...
Özüm elə sükutam..
Özüm elə səs-küyəm.
O sükutun, səssizliyin içində.

Sonda

Bir yağış yağacaq
pozacaq səssizliyi.
Bir külək əsəcək
uçuracaq kədəri.
Bir mahnı oxunacaq
bitirəcək bu həsrəti..
Sonda..?
Sonda... bir göy qurşağı parlayacaq
güldürəcək bütün üzləri.

Gecə miniatürü

Gecədir,
içimdə lal bir sükut hayqırır.
Ulduzlar gecənin yanağından
dağılır saçlarıma.
Gözlərim ayla söhbət edir.
Pəncərəmə düşən şeh
ayın baxışlarıdı.

Dözməz ürəyim

Ey eşq-məhəbbət
Bu dəfə qəlbimə gələndə
ayaqyalın gəl.
Soyun qəlbin qapısında
həsrət qoxuyan ayaqqabıları.
Könlümə gətirmə
kədərin, ayrılığın ayaq izlərin.
Daha dözməz, dözməz ürəyim.

Səndən əvvəl

Səndən əvvəl
dadmamışdım ayrılığın dadını.
Bilməzdim həsrətin
ağrısını, acısını.
Səndən əvvəl yox idi
lügətimdə
"Göz yaşı", "intizar"
"kədər" ... sözləri.
Sən gəldin ömrümə
və tez də getdin..
Ömürlük qaldı
sinəm üstə
eşqimizin şikəst
izləri...

Gedirəm

Gedirəm buralardan.
Gedirəm.
Bir ovuc torpaq aldım,
bir parça bulud.
Bir də misra-misra yalnızlıq.
Bu şəhərin sən ətirli küçələrindən
keçib gedirəm.
Üstünə basa-basa xatirələrin.
Qəlbimin sən adlı qapısını bağladım
girməsin içəriyə,
sənsizlik həsrət tozuna bulaşmış ayaqlarıyla.
Gedirəm.
Birdəfəlik gedirəm.
Geridə nə qoydum?
Kiçicik bir ev. Pilləkənsiz.
Bizdən sonra nəyə lazım,
o ev, o pilləkənlər.
Hə, unutmadan...
Bir də ayrılıq qoxuyan
bayquşun titrəyişini.

Ülvi ƏLƏKBƏRZADƏ

 





18.05.2021    çap et  çap et