525.Az

Qiymətli tarixi salnamə - Resenziya


 

Qiymətli tarixi salnamə - <b style="color:red">Resenziya</b>

Azərbaycanın qocaman qələm sahibi, Əməkdar jurnalist Bəbir Hüseynov "Qarabağın tarixindən səhifələr" kitabını ərsəyə gətirməklə nəinki Qarabağ, bütün Azərbaycan tarixinə qiymətli töhfə verdi. 

Sovet dövründən sonra Azərbaycan tarixşünaslığının qarşısında çox çətin və vacib vəzifə dururdu: 70 illik imperiya əsarəti nəticəsində saxtalaşdırılmış faktların həqiqət tərəfini aşkarlamaq və bu illər ərzində üstüörtülü qalmış məqamları üzə çıxarmaq vacib idi. Əgər bir xalq öz tarixinə dərindən bələddirsə, baş verə biləcək təhlükələrdən qorunaraq, əslində, nəyin düz, nəyin yanlış olduğunu müəyyən edə bilər. Ona görə də müstəqillik illərindəki tarixi araşdırmaların rolu böyükdür və bu illər ərzində yetərincə sanballı tədqiqat işləri ərsəyə gəlib, yüzlərlə orijinal faktlara əsaslanan nəşrlər işıq üzü görüb. Xüsusən, Qarabağ tarixinin araşdırılması ən əsas məsələlərdən biridir. Çünki bu məsələyə dair kifayət qədər uydurulmuş nüanslar var. Ermənistanın formalaşdırdığı miflər nəinki ermənilərin, hətta bəzi başqa xalqların da inamını qazanıb. Çünki Sovet dövründə ermənilərin bu təbliğatı üçün kifayət qədər şərait yaradılmışdı və bəzən bilərəkdən Azərbaycanla bağlı arxiv sənədlər yoxa çıxarılmışdı. Amma ortada yaddaş faktoru var. Qocaman alimlərimiz faktlardan əlavə, şahidi olduqları məqamlar barədə illərdir ki, tədqiqat işləri aparırlar və bu proses uğurla davam etdirilir.

Azərbaycanın qocaman qələm sahiblərindən biri, Əməkdar jurnalist Bəbir Hüseynovun tarixi bilikləri və yüksək publisist peşəkarlığı sayəsində bu il "Qarabağın tarixindən səhifələr" adlı kitabı işıq üzü görüb. Elə bir kitab ki, həm yerli, həm də xarici tədqiqatçılar Qarabağla bağlı bir çox suallara məhz bu kitabdan cavab axtarıb tapa bilərlər. Bundan əlavə, əsas məsələ odur ki, kitab ali dərslik səviyyəsindədir.

"Qarabağın tarixindən səhifələr" kitabını üç hissəyə ayıraraq təhlil etmək olar. Birinci hissə: Qarabağın etimalogiyası, Qarabağın xanlığa qədərki və xanlıq dövründəki tarixi. İkinci hissə: ermənilərin milli kimliyi, Azərbaycan ərazilərinə yerləşdirilməsi, onların yaratdığı "Böyük Ermənistan" mifi və bunun absurdluğunun isbatı. Üçüncü hissə: İkinci Qarabağ savaşının gündəliyi.

Kitabda elə bir məqam yoxdur ki, verilmiş fikir hansısa dəqiq fakta arxalanmasın. Birincisi, kitabın ədəbiyyat siyahısı zəngindir, yəni Qarabağın tarixi ilə bağlı olan ən vacib nəşrlərdən mənbə kimi istifadə olunub. Bəbir Hüseynov Mirzə Adıgözəl bəyin "Qarabağnamələr"indən tutmuş, İkinci Qarabağ savaşı dövründə çap olunan bir sıra qəzetlərə qədər  dəyərli mənbələrə istinad edib. Bu da yüksək peşəkarlıqdan və hərtərəfli araşdırmadan xəbər verir. İkincisi də, Bəbir Hüseynov bütün faktlara həm tarixçi, həm də publisist kimi yanaşıb. Müəyyən bir tarixi faktın təqdimedilməsi məsələsi çox mühümdür. Hansısa bir üslubi səhv fikri alt-üst edə və yaxud kitab öz oxunaqlılığını itirə bilər. Bu nöqteyi-nəzərdən bütün bölmələr zərgər dəqiqliyi ilə hazırlanıb.

"Qarabağın tarixindən səhifələr" kitabının elmi redaktoru tarix elmləri doktoru, professor Şikar Qasımov ön sözdə nəşrin zəruriliyi və peşəkar tərtibatı barədə söhbət açaraq müəllifin bu əməyini yüksək qiymətləndirir: "Qarabağ bölgəsinin qədim tarixinə, keçilən yola nəzər salmaq, bu yerlərin əhalisi və ərazisi haqqında tarixi həqiqətləri işıqlandırmaq məqsədi ilə tarixə müraciət etmək daha məqsədəuyğundur. Bu baxımdan Bəbir Hüseynovun "Qarabağın tarixindən səhifələr" mövzusuna müraciət etməsini , böyük əhəmiyyət kəsb edən və tarixilik prinsipi ilə yazılmış bir əsər araya-ərsəyə gətirməsini təqdirəlayiq hal kimi qiymətləndirmək olar. Mənə elə gəlir ki, doğma Qarabağımızın tarixi, onun Azərbaycanın ayrılmaz hissəsi olması və bu diyarın yağılardan qorunması uğrunda qəhrəmanlıq göstərən igidlərimiz haqqında yazılan hər bir əsər xüsusi əhəmiyyətə malikdir".

İkinci ön söz müəllifi, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli Qarabağ mövzusunun Bəbir Hüseynov üçün daim əsas prioritet olduğunu vurğulayaraq bu dəyərli kitabı müəllifin peşəkar publisistikasının davamı kimi qiymətləndirir: "Bəbir Hüseynov oxucuya Qarabağın tarixi ilə bağlı vacib faktlar vəd edən belə bir kitabı birdən-birə qələmə almayıb. O, indiyə qədər meydana qoyduğu bir neçə kitabında və sonsuz saydakı publisistik əsərlərində nədən bəhs edir etsin, mütləq müqəddəs Qarabağımızın etimalogiyası, ərazi və sərhədləri, qədim dövrlərdən xanlıqlara qədər olan faktları qələmə alır, oxucunu yormadan ermənilərin mənşəyi, "Böyük Ermənistan" xülyası və bu xülya ətrafındakı tarixi həqiqətləri açıb göstərir. Maraqlı cəhətlərdən biri budur ki, müəllif istər Azərbaycanın qədim və ən yeni tarixindən, istərsə də bu tarixi təhrif edən erməni "araşdırmaçılarının" yazılarına diqqəti cəlb edərkən mütləq həqiqəti inkaredilməz mənbələrlə bizə çatdırır".

Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Bəbir Hüseynovun ömrünün bu müdrik çağında belə bir təşəbbüsünü təqdirəlayiq hadisə hesab edir: "Respublikanın Əməkdar jurnalisti, Bəbir Hüseynovun "Qarabağın tarixindən səhifələr" kitabı “Təhsil Nəşriyyat”ı tərəfindən çox nəfis şəkildə işıq üzü görüb. Mən Bəbir müəllimi lap uşaqlıqdan tanıyıram. Onun əsas fəaliyyəti Ağdamla bağlı olub. Mən gənc ikən Bəbir Hüseynov Ağdamda rayon qəzetinin redaktoru idi. Bəbir müəllim həm də, ixtisasca tarixçidir. O, ötən əsrin 80-ci illərində rayonun ictimai-siyasi həyatında fəal olan insanlardan biri kimi Qarabağ hadisələrinin şahidi olub. Bəbir Hüseynovun tarixi bilgiləri, həmin illərdə özünün şahidi olduğu hadisələrin işıqlandırılması, məcburi köçkün həyatı sürərkən fəal ictimai-siyasi mövqeyi, respublika mətbuatında tez-tez çıxış etməsi nəticəsində belə bir kitab yaranıb. Bu kitab Bəbir Hüseynovun Qarabağa dərin sevgisi, dövlətçiliyimizə böyük məhəbbətinin təzahürüdür. Bəbir müəllimin bir tarixçi kimi Qarabağda ən qədim dövrlərdən bu günə qədər olan hadisələri əks etdirməsi onun yüksək səviyyədə məlumatlı olmağından xəbər verir. Mən dəfələrlə Bəbir müəllimin Qarabağla bağlı canlı söhbətlərini dinləmişəm. Bəbir müəllimin yazıları "525-ci qəzet"də çap olunub. Çox sevinirəm ki, Bəbir Hüseynov bu söhbətlərin, yazıların toplusu kimi belə bir sanballı kitabı ərsəyə gətirib. Belə hesab edirəm ki, bu kitab xalqımızın böyük zəfərinə, parlaq qələbəsinə bir töhfədir. Mən bu kitaba görə Bəbir Hüseynovu təbrik edirəm və öz təşəkkürümü bildirirəm".

Kitab 5 bölmədən ibarətdir. Birinci bölmə Qarabağın etimalogiyası, ərazisi və sərhədləri haqqındadır. Bu, bir növ, oxucu ilə ilkin tanışlıq xarakteri daşıyır, Qarabağla bağlı ilkin anlayışlar təqdim olunur.

İkinci bölmə Qarabağın ən qədim dövrlərdən xanlığa qədərki tarixini əhatə edir. Ərəb xilafətinədək, xilafətin dövründə, habelə, kiçik feodal dövlətlərin hakimiyyət illərində, bir sözlə, 1747-ci ilə qədər Qarabağın tarixi əks etdirilir. Həmçinin, bu bölmədə ermənilərin mənşəyi, onların həqiqətə uyğun olmayan iddiaları, bir sıra tarixi həqiqətlər yer alıb.

Üçüncü bölmədə Qarabağ xanlığının yaranması, Pənahəli xanın və İbrahimxəlil xanın hakimiyyəti illərində ərazinin siyasi-ictimai mənzərəsi təsvir olunub, bir neçə tarixi abidənin fotoşəkili əyani olaraq göstərilib.

Dördüncü bölmə Birinci Rusiya-Qacar müharibəsi fonunda Kürəkçay, Gülüstan müqavilələri və İkinci Rus-Qacar müharibəsi fonunda Türkmənçay müqaviləsi haqqındadır. Burada Kürəkçay müqaviləsinin əhəmiyyəti izah olunur, Türkmənçay və Gülüstan müqavilələrinin xalqımızın taleyi üçün qərəzli sövdələşmə olduğu göstərilir.

Kitabın sonuncu və olduqca əhəmiyyətli hissəsi ermənilərin əsassız torpaq iddiaları, Azərbaycana qarşı törədilmiş vəhşiliklər və bunların nəticəsi kimi İkinci Qarabağ savaşında qazandığımız parlaq qələbə barədədir. Tarixi ardıcıllıqla ermənilərin terror aktları sadalanır, Birinci Qarabağ müharibəsi bütün çalarları ilə təsvir olunur, Qarabağın işğalda olduğu müddətdə aparılan danışıqlar, siyasi addımlar təhlil edilir. Kitabda İkinci Qarabağ müharibəsinin xronologiyası gündəlik şəklində qələmə alınıb, 27 sentyabrdan 10 noyabra qədər bütün proses əks etdirilib. Müəllif bu hissədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarını, işğaldan azad edilmiş ərazilərə səfərlərini qeyd edərək Azərbaycanın uğurlu siyasəti barədə söhbət açır. Bəbir Hüseynov Qarabağ tarixinə həsr etdiyi tarixi salnaməni bu şüarlarla yekunlaşdırır:

"Yaşasın müstəqil Azərbaycan Respublikası!

Yaşasın qalib Azərbaycan xalqı!

Yaşasın Müzəffər Azərbaycan Ordusu!

Yaşasın Ali Baş Komandanımız İlham Əliyev!

Yaşasın sarsılmaz və əbədi Azərbaycan və Türkiyə qardaşlığı!".

Azərbaycanın qocaman qələm sahibi Bəbir Hüseynov "Qarabağın tarixindən səhifələr" kitabını ərsəyə gətirməklə nəinki Qarabağ, bütün Azərbaycan tarixinə qiymətli töhfə verdi. Bəbir Hüseynova cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirik!

 





19.05.2021    çap et  çap et