525.Az

Seçki Ermənistanda siyasi böhrana son qoyacaqmı? - Şərh


 

Seçki Ermənistanda siyasi böhrana son qoyacaqmı? - <b style="color:red">Şərh</b>

Siyasi böhrana son qoymaq üçün iyun ayının 20-də Ermənistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinin ümid edilən nəticələri doğuracağı ehtimalı səsvermə günü yaxınlaşdıqca daha da azalır. Hətta ölkədə növbədənkənar parlament seçkilərinin siyasi böhranı dərinləşdirəcəyi ehtimalı da güclənməyə başlayıb.

Məsələ burasındadır ki, baş nazir Nikol Paşinyana qarşı barışmaz müxalifətdə olan qüvvələr seçkilərin ədalətli olacağına şübhə edirlər. Müxalifət Nikol Paşinyanı iqtidardan kənarlaşdırdıqdan sonra seçki keçirilməsinə nail olmaq istəyirdi. Lakin bu istəyinə nail ola bilməyən müxalifət seçki qanunvericiliyinə dəyişikliklərin edilməsinin də qarşısını ala bilmədi. Məhz bundan sonra seçkilərin ədalətli olmayacağı ilə bağlı fikirlər səslənməyə başladı. Əgər seçkinin nəticələrinin legitimliyi müxalifət tərəfindən şübhə altına alınsa, siyasi böhranın dərinləşməsi qaçılmaz olacaq. Ermənistanda parlamentli respublika üsul-idarəçiliyi mövcud olduğundan qanunverici orqana keçirilən seçkilərin nəticələrinin legitimliyinin şübhə altına alınması hökuməti də qeyri-legitim vəziyyətə salacaq. Bu isə siyasi böhranı təhlükəli dərəcədə dərinləşdirəcək. Seçki yolu ilə hakimiyyətə gələ bilməyən qüvvələr mitinq və yürüşlərin vasitəsilə iqtidarı ələ keçirməyə təkrar cəhd edəcəklər. Bu isə 10 noyabr 2020-ci il tarixdən sonra Ermənistanda yaranmış vəziyyətin daha ağır mərhələyə keçməsinə səbəb olacaq.

Ermənistanın daha dərin siyasi böhrana yuvarlanma ehtimalını artıran ikinci məqam isə siyasi səhnədə bir-biri ilə barışmaz münasibətdə olan bir neçə güc mərkəzinin yaranmasıdır. Ermənistanın siyasi həyatında heç zaman belə hal müşahidə olunmayıb. Ölkənin siyasi səhnəsində bir qayda olaraq ikiqütblülük müşahidə olunub. Siyasi partiyaların çoxluğuna baxmayaraq, həmişə təkpartiyalı iqtidar və bir mərkəzdə cəmlənmiş müxalifət mövcud olub. Ancaq hazırda Ermənistanın siyasi səhnəsində çoxqütblülük yaranıb. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyət hazırkı iqtidarın mövqelərini sarsıdıb və o, üç il əvvəlki üstünlüyünü itirib.

İndi Ermənistanda zəif iqtidar və parçalanmış, bir-biri ilə rəqabət aparan bir neçə müxalifət birliyi mövcuddur. Növbədənkənar parlament seçkisi isə müxalifəti bir araya gətirmək əvəzinə, bu düşərgədə parçalanma və rəqabəti daha da gücləndirib. Müxalifət düşərgəsində birinci prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Ümummili Hərəkatı, ikinci prezident Robert Köçəryanın liderliyi, Daşnaksütyun və Dirçələn Ermənistan partiyalarının iştirakı ilə yaradılan "Ermənistan" seçki bloku, üçüncü prezident Serj Sarkisyanın faktiki liderliyi ilə yaradılan "Mənim şərəfim" seçki bloku və ən nəhayət, sabiq baş nazir Vazgen Manukyanın liderliyi ilə yaradılmış "Vətənin Qurtuluş Hərəkatı" əsas güc mərkəzləridir. Bu güc mərkəzlərinə qoşulmayan bir neçə siyasi partiya da seçkilərdə iştirak etmək niyyətindədir. Birinci prezident Levon Ter-Petrosyanın hazırkı hökumətə qarşı vahid cəbhə formalaşdırmaq cəhdi uğursuzluğa düçar olduqdan sonra müxalifətdəki güc mərkəzləri arasında mübarizə sərt xarakter almağa başlayıb. Levon Ter-Petrosyan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə 1998-ci ildən sonra hakimiyyətdə olan iqtidarların məsuliyyət daşıdığını bəyan edib. Bununla da 44 günlük müharibədə məğlubiyyətə görə hazırkı baş nazir Nikol Paşinyanla yanaşı, ikinci prezident Robert Köçəryanı və üçüncü prezident Serj Sarksiyanı da hədəf alıb. Bundan başqa, Levon Ter-Petrosyan Robert Köçəryanla Serj Sarksiyanı korrupsiya və talançılıqda da ittiham edir.

 

Müxalifət düşərgəsində rəqabətin kəskinləşməsi isə heç şübhəsiz, Nikol Paşinyanın xeyrinə işləyir və siyasi mübarizə ustası olan baş nazir bu vəziyyətdən maksimum yaralanmağa çalışır. Nikol Paşinyan da Levon Ter-Petrosyan kimi Robert Köçəryanla Serj Sarksiyanı korrupsiya və talançılıqda ittiham edir.

Erməni cəmiyyətinin mühüm bir hissəsi Azərbaycanla növbəti hərbi qarşıdurmanın əleyhinədir və yeni müharibənin daha ağır nəticələr doğuracağından qorxur. Ona görə də radikal çağırışlarla seçiciləri öz tərəfinə çəkmək istəyən qüvvələrə ciddi dəstək vermir. Eyni zamanda, keçmiş hökumətlərin qayıdacağı halda korrupsiya və talançılığın bərpa olunacağından ehtiyatlanan cəmiyyət Robert Köçəryanla Serj Sarksiyanı dəstəkləmək istəmir.

Çox böyük ehtimalla, Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" seçki bloku seçkidən birinci qüvvə olaraq çıxacaq, ancaq təkbaşına hökumət formalaşdıra bilməyəcək. Hətta elə bir vəziyyət yarana bilər ki, iki siyasi qüvvənin iştirakı ilə də hökumət formalaşdırmaq qeyri-mümkün olsun. Koalision hökumət ənənəsinin olmaması, siyasi qüvvələr arasında etimadsızlıq və düşmənçiliyin mövcudluğu güclü Nazirlər Kabineti formalaşdırmağa imkan verməyəcək. Bu isə Ermənistanın siyasi böhrandan çıxması ehtimalını mümkünsüz edir. Əksinə, seçkidən sonra siyasi böhranın dərinləşmə ehtimalı daha çoxdur. Birinci prezident Levon Ter-Petrosyan tərəfdarları isə ermənilərin dövlətçiliklərini itirmək təhlükəsi qarşısında olduğu haqda xəbərdarlıq edirlər. Ümummilli Erməni Hərəkatının sədr müavini Levon Zurabyan bəyan edib ki, Ermənistanın dövlətçiliyi dağılır və cəmiyyət bunun fərqində deyil. Buna görə də fəlakətli vəziyyətdən çıxma ehtimalı da yox olmağa başlayır. Birinci prezident Levon Ter-Petrosyanın tərəfdarlarına görə, 20 iyun seçkiləri Ermənistan üçün son şansdır. Zurabyan hesab edir ki, əgər ermənilər bu şansdan istifadə edib, düzgün seçim etməsələr, Ermənistan öz dövlətçiliyini itirəcək.

 





19.05.2021    çap et  çap et