525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

 

Rzazadə Fərhad Mirzə oğlu 12 oktyabr 2001-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. 2007-2018-ci illərdə Bala Bəhmənli kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 23 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Goranboyun Ağcakənd kəndində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Fərhad uğurlu xidmətinə görə tezliklə ordan Xüsusi Təyinatlı Qüvvələrə göndərilib.

Fərhadın mənsub olduğu Rzayevlər ailəsi Böyük Vətən müharibəsi, I Qarabağ Müharibəsi və II Qarabağ müharibəsində vətənə 4 qəhrəman, 1 veteran verib. Ailənin şəhidi isə Fərhaddır.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Fərhad ilk olaraq Kəlbəcər-Murovdağ istiqamətində döyüşür. Murovdağ yüksəkliyinin azad olunmasında xüsusi şücaətlik göstərərək, düşmənə ağır zərbələr endirir. Oktyabrın 1-də Füzuli istiqamətində gedən döyüşlərə qatılır. Fərhad öz kəndini və atasını sonuncu dəfə kəndin dördyol adlanan istiqamətindən keçərkən avtobusdan görür. O, Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib. Sonuncu döyüşü Cəbrayılın Daşkəsən kəndinin azad edilməsi uğrunda olur. Daşkəsən kəndində düşmən mövqeyi məhv edildikdən sonra düşmən artilleriyasından atılan mərminin yaxınlıqda partlaması nəticəsində oktyabrın 3-də Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn qəhrəmanımız oktyabrın 14-də Füzuli rayon Bala Bəhmənli kənd qəbiristanlığında dəfn olunub.

Fərhad Rzazadə şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

***

 

Lillahov Fərid Loğman oğlu 6 mart 1999-cu ildə Oğuzun Baş Daşağıl kəndində doğulub. 2005-2016-cı illərdə Ə.Həbibullayev adına Baş Daşağıl kənd tam orta məktəbində orta təhsil alıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Baş əsgər F.Lillahov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib, igidlik və şücaət göstərib, Şuşa-Xankəndi istiqamətində döyüşlərdə vuruşub. İgid döyüşçü noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib və Baş Daşağıl kəndində dəfn olunub.

Lillahov Fərid şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

***

Babayev Fariz Zakir oğlu 15 fevral 1984-cü ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. Azərbaycan Respublikasının Müddətdən artıq Həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində cəsarətlə döyüşən, igidlik göstərən qəhrəmanımız Füzuli, Xocavənd, Şuşa şəhərlərinin alınmasında iştirak edib, Şuşa istqamətində Daşaltı əməliyyatında xüsusi şücaət göstərib. Fariz kəşfiyyatda sanitar-təlimatçı vəzifəsində çalışırdı. O, döyüşdə iki vəzifəni yerinə yetirirdi: döyüşməklə bərabər, həm də yaralılara tibbi xidmət göstərirdi. Fariz Babayev Daşaltı əməliyyatı zamanı yaralı əsgərə kömək edərkən yaxınlıqda partlayan minaatan mərminin qəlpələrindən yararlanaraq qəhrəmancasına şəhid olub. Ailəli idi, özündən sonra bir qızı, bir oğlu yadigar qaldı. Şəhidimiz noyabrın 3-də öz doğma kəndində torpağa tapşırılıb. Babayev Fariz Babayev şəhadətindən sonra "Füzulinin azad olunmasına görə",  "Xocavəndin azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

 

Xəlilov Vidadi Vaqif oğlu 1982-ci ilin iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1989-1999-cu illərdə Göyçay rayonu akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-cü ildə həmin məktəbi "motoatıcı" ixtisası üzrə bitirir və "leytenant" rütbəsi alır. Vidadi 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. Vidadi 24 aprel 2004-cü ildən 11 mart 2005-ci ilədək N saylı hərbi hissənin "motoatıcı tağım komandiri", 11 mart 2005-ci ildən 3 iyul 2005-ci ilədək N saylı hərbi hissədə "motoatıcı tağım komandiri", 3 iyul 2005-ci ildən  21 fevral 2006-cı ilədək N saylı hərbi hissənin "motoatıcı tağım komandiri", 9 fevral 2007-ci ildən 26 noyabr 2009-cu ilədək N saylı hərbi hissədə "motoatıcı bölük komandiri", 26 noyabr 2009-cu ildən 29 iyun 2011-ci ilədək N saylı hərbi hissənin "motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat" üzrə köməkçisi vəzifəsində xidmət etdib. Vidadi 29 iyun 2011-ci ildə Müdafiə Nazirliyinin əmrinə əsasən, xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin "motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat" üzrə köməkçisi vəzifəsinə təyin olunub. 14 noyabr 2014-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən, N saylı hərbi hissədə "motoatıcı taborun qərargah rəisi" vəzifəsində xidmətə başlayıb. 2016-cı il 15 fevraldan N saylı hərbi hissədə əməliyyat bölməsi (03) rəisinin köməkçi müavini, 5 sentyabr 2017-ci ildən N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi kimi xidmət edib. 24 avqust 2019-cu ildən N saylı hərbi hissəyə döyüş hazırlığı bölmə rəisi kimi xidmətə başlayıb.

Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri II Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, Laçın dəhlizində 31 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli olan şəhidimizin Vətənə əmanət Zəhra və Vaqif (Əli) adlı iki övladı qalıb.

Sağlığında müxtəlif zamanlarda "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" (1918-2013) yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalına layiq görülən polkovnik-leytenant Vidadi Xəlilov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

***

 

Əliyev Şamil Xançoban oğlu 20 mart 1996-cı ildə Füzulinin Böyük Bəhmənli kəndində doğulub. 2002-2013-cü illərdə Böyük Bəhmənli 1 nömrəli kənd orta məktəbində təhsil alıb. Zəhmətkeş yeniyetmə Şamil həm orta məktəbdə təhsil alır, həm də işləyib ailəsinə baxırmış. 2016-cı ildə atası vəfat etdikdən sonra onun məsuliyyəti daha da artmışdı. Bu zaman Şamil artıq Azərbaycan Silahlı Qüvvələrinin Müddətdən Artıq Həqiqi Hərbi xidmət qulluqçusu idi. Şamil Əliyev Aprel döyüşlərində iştirak edib.

O, XTQ-da Baş Kəşfiyyatçı kimi xidmət edirdi. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə qəhrəmanlığı ilə seçilirdi. Döyüş əməliyyatlarının birində boyun və kürək nahiyyəsindən qəlpə yaraları alaraq xəstəxanaya çatdırılır. Həkimlərin təkidinə baxmayaraq, israrla yaralarını sarıtdırıb yenidən döyüş meydanına atılır. Şamil və döyüş yoldaşları düşmənin bir neçə postunu məhv edirlər. Füzuli rayonu Musabəyli kəndində yenidən ayağından yaralanmasına baxmayaraq, yarasını bağlayıb döyüş əməliyyatlarına girir. Ancaq Füzuli uğrunda gedən döyüşlərdə mənfur düşmənin snayper gülləsindən yayına bilmir və şəhidlik zirvəsinə ucalır. Əliyev Şamil şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

***

Abid Asif oğlu Məmmədov 4 aprel 1994-cü ildə Oğuzun Dəymədərə kəndində doğulub. 2000-2011-ci illərdə şəhid Elbrus Həşimov adına Dəymədərə kənd tam orta məktəbində təhsil alıb.

Azərbaycan Ordusunda xidmətini başa vurduqdan sonra doğma rayonuna qayıdıb və Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı Zavodunda operator kimi çalışıb. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda ölkəmizdə elan olunmuş qismən səfərbərliklə orduya qatılıb və döyüşlərdə ön cəbhədə vuruşub. Oktyabrın  əvvəlində Murovdağ döyüşlərində şəhidlik zirvəsinə yüksələn Abid Məmmədov oktyabrın 4-də Dəymədərə kəndində dəfn edilib.

Ailəli olan şəhidimizin Əli adlı övladı yadigar qalıb.

Şəhid Abid Məmmədov şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə",  "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

***

 

Fərəcov İlkin Sahib oğlu 13 aprel 1992-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. Müddətdən Artıq Həqiqi xidmət qulluqçusu olan İlkin Vətən müharibəsində Füzuli istiqamətindəki bütün döyüşlərdə iştirak edib. Cəbrayıl rayonu və Hadrut Qəsəbəsinin alınmasındakı uğurlu əməliyyatlardan sonra qarşıda Füzulinin mərkəzinin alınması dururdu. Onun qəhrəmanlıq göstərdiyi sonuncu döyüşü də məhz Füzuli uğrunda olur. Komanda gözləmədən səngərdən çıxaraq "Vətən uğrunda" deyib düşmənin səngərinə hücuma keçir. Onun silahından açılan güllələr neçə-neçə mənfur düşməni məhv edib. Döyüş yoldaşlarının dediyinə görə, meşə qalınlığında gizlənmiş düşmənin snayperindən açılan güllə yarasından İlkin şəhidlik zirvəsinə ucalıb. Füzulinin alınması ilə Şuşaya gedən yol açılır. Bu zəfər yolunun açılmasında İlkin və döyüş yoldaşlarının böyük xidmətləri olub.

Ailəli olan şəhidimizin Vətənə əmanət Əli adlı oğlu qaldı.

16 oktyabrda şəhadətinə qovuşan İlkin öz doğma kəndində 17 oktyabrda dəfn edilib.

İlkin Fərəcov şəhadətindən sonra "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

 

Rəfibəyli Əbdülrza Şamməd oğlu 2 iyun 1998-ci ildə Bakıda doğulub. 2004-2015-ci illərdə Bakı şəhəri Tahir İmanov adına 57 nömrəli orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra 27 iyul 2016-cı ildə Naxçıvan Muxtar Respublikası N sayli Hərbi Hissədə top atıcı minamyotçu vəzifəsində xidmət edib, 2018-ci il yanvarın 4-də tərxis olunub. 

21 sentyabr 2020-ci ildə N saylı hərbi hissədə təlimə qatılıb. Vətən müharibəsi başlayarkən ordan 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində top atıcı minamyotçu kimi döyüşlərə qatılıb. Topçu olmasına baxmayaraq, Füzulinin Xocavəndin alınmasi uğrunda gedən döyüşlərdə könüllü ön cəbhədə vuruşub. Həmçinin, Füzulinin, Xocavəndin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Ailəsiylə son dəfə oktyabrın 21-də danışan Əbdülrza oktyabrın 23-də şəhidlik zirvəsinə ucalıb.

Əbdülrza Rəfibəyli şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

***

 

İsazadə Səfa Əmirxan oğlu 17 may 1999-cu ildə Oğuzun Xaçmaz kəndində doğulub. 2005-2016-cı illərdə Vüqar İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə oxuyub. 2017-2019-cu illərdə hərbi xidmətdə olub.

2020-ci il 27 sentyabrında başlanan Vətən müharibəsinin ilk günlərindən cəbhəyə gedən Səfa Suqovuşanın düşməndən azad edilməsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib və 19 oktyabrda Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.

Səfa İsazadə şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Kazımov Rəşad Nüsrət oğlu 21 dekabr 1989-cu ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Füzulinin N saylı Hərbi hissəsində uzun müddətdir fəaliyyət göstərirdi. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində ən ön sıralarda döyüşə qatılıb. Rəşad əvvəl Füzulinin kəndlərinin azad edilməsində, sonra Hadrut, Füzuli, Xocavənd və Şuşa istiqamətlərində uzun və şərəfli döyüş yolu keçib. O, komandirlərinin göstərişlərini, döyüş tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirirdi. Sonuncu gün döyüşə yollananda anası ona "sənin sağ-salamat qayıtmağın üçün çoxlu dua edəcəm" dedikdə Rəşad: "Mənə yox, torpaqlarımızın azad olunması üçün dua et, ana" deyərək ailəsi ilə vidalaşıb və oktyabrın 25-də Xocavənd istiqamətində növbəti döyüş əməliyyatı zamanı şəhid olub. Ailəli olan şəhidimizin bir oğlu və bir qızı vətənə əmanətdir.

Rəşad Kazımov şəhadətindən sonra "Füzulinin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Şuşanın azad edilməsinə görə" və " Vətən uğrunda" medalları ilə təltif edilib.

***

 

Həsənli Alı Nofəl oğlu 22 iyun 1995-ci ildə Bakıda anadan olub. 2001-2012-ci illərdə Bakı şəhəri, Nizami rayonu, Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseydə təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Geofizika Mühəndisliyi" fakültəsinə qəbul olub. 2016-cı ildə həmin ixtisası bitirib. Həsənli Alı 2016-cı il 20 iyulda Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçib. 2017-ci il iyul ayının 4-də hərbi xidməti başa vurub və mülki həyatda bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ilin dekabrından etibarən SOCAR Təhlükəsizlik idarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb.

2020-ci ilin 21 sentyabrında SHXÇDK-nin Bakı şəhəri Nizami rayonu şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələri sıralarına təlim məqsədiylə yenidən çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib, Füzuli və Cəbrayılın azadlığı uğrunda döyüşüb. Oktyabrın 21-də Füzuli-Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Alı Həsənli şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Elcan Əfsəddin oğlu Abbasov 23 sentyabr 2000-ci ildə Mingəçevirdə doğulub. O, doğulandan çox qısa zaman sonra atası rəhmətə gedib. 2007-2017-ci illərdə Mingəçevirdə təhsil alıb. Təhsilini bitirdikdən sonra 2018-ci ildə hərbi xidmətə yollanıb. Uşaq yaşlarından güləşlə məşğul idi. Məhz fiziki göstəricilərinə görə həqiqi hərbi xidmətinin son dönəmlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə cəlb edilir. XTQ kursunu tamamladıqdan sonra MAHHXHQ əsgər kimi xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısı olmuş Elcan Füzulidən Şuşaya kimi uzun döyüş yolu keçir, hətta Şuşanın azadlığını və Qələbə gününü də görür. Lakin təəssüf ki, Şuşa cəbhəsində aldığı qəlpə yarasından noyabrın 11-də şəhidlik məqamına ucalır.

Elcan Abbasov şəhadətindən sonra "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

***

 

İsmayılov  Vüsal  Nəbi oğlu 1980-ci il aprelin 9-da Oğuzun Xalxal kəndində doğulub. 1986-1997-ci illərdə Y.Şəfiyev adına Xalxal kənd məktəbində orta təhsil alıb. 1998-ci ildə hərbi xidmətə çağırılıb. Xidmətə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində başlayıb və 2000-ci ilin aprelində xidmətini başa vurub. Hərbi işə böyük marağı olduğuna görə, 2002-ci ildə yenidən könüllü ordu sıralarına qayıdıb. Gizir kimi Piyadaların Döyüş Maşınında maşın komandiri vəzifəsində xidmətini davam etdirib. 2016-cı ildə Aprel döyüşlərində şücaət göstərib. Xidmətdə fərqləndiyinə görə komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb.

Vətən müharibəsində Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edə və Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Baş gizir V.İsmayılov oktyabrın 4-də Xalxal kəndində dəfn olunub.

Ailəli olan şəhidimizin 3 övladı vətənə əmanət qalıb. 

Vüsal İsmayılov "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Mustafayev Rasim Ərziman oğlu 28 mart 1990-cı ildə Oğuzun Xaçmaz kəndində doğulub. 1996-2007-ci illərdə V.İbrahimov adına Xaçmaz kənd 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Həqiqi hərbi xidmətdən sonra kənddə yaşayıb və işləyib.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin ilk günlərindən orduya çağırılan R.Mustafayev Murov döyüşlərində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 7-də Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidimizdən vətənə əmanət bir oğul övladı qalıb.  

Rasim Mustafayev şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

***

 

Gülmalıyev Pərviz Zaur oğlu 10 may 1997-ci ildə Füzulinin Bala Bəhmənli kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra "Azpetrol" şirkətində fəaliyyət göstərən qəhrəmanımız ölkəmizdə Hərbi Səfərbərlik elan edildikdən sonra heç tərəddüd etmədən könüllü ordu sıralarına qatılıb və 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin savaşçısı olub. Pərviz idmançı idi, iştirak etdiyi yarışlardan dəfələrlə Fəxri fərmanlarla qayıtmışdı. Pərvizin idmançı rəşadəti, hünəri onu Füzulidən, Hadruta, Şuşayadək uzanan ağır yolçuluğa apardı.

Pərviz Şuşa əməliyyatında bədənindən güllə yarası alsa da, döyüşü davam etdirib, yaralı halda çoxsayda düşməni məhv edib. Şuşanın azad edilməsində xüsusi xidməti olub. Pərviz başından aldığı növbəti düşmən gülləsindən 10 noyabr 2020-ci ildə şəhidlik məqamına yüksəlib.

Pərviz Gülmalıyev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

 

Kərəmov Zaməddin Bahadur oğlu II Qarabağ müharibəsində Oğuzun sonuncu şəhididir. O, 24 yanvar 2001-ci ildə Oğuzun Bucaq kəndində doğulub. 2007-2018-ci illərdə Bucaq kənd tam orta məktəbində  təhsil alıb. 2019-cu il yanvarın 24-də həqiqi hərbi xidmətə gedib, 2020-ci il iyunda xidmətini başa vurub. 2020-ci il avqustda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi yenidən ordu sıralarına daxil olub.

Vətən müharibəsi başlayan zaman Şəmkir korpusunun "Həmlə 319" batalyonunun tərkibində döyüşlərə qatılıb. Suqovuşanın alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Kəlbəcər istiqamətində Murovdağ silsiləsində "Canavar qulağı" postunun alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Onun nəşi qələbədən çox sonra tapılıb. İgid döyüşçümüz 16 dekabrda Oğuz rayon Bucaq kənd qəbiristanlığında dəfn olunub. 

 





20.05.2021    çap et  çap et