525.Az

Azərbaycanda tolerantlığın daha bir ünvanı - Nic qəsəbəsi


 

Azərbaycanda tolerantlığın daha bir ünvanı - <b style="color:red">Nic qəsəbəsi</b>

Azərbaycan tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu məkan olub.

Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Xalqımız bu gün də öz dəyərləri ilə bütün dünyaya nümunədir. Azərbaycanın bu dəyərləri dəfələrlə beynəlxalq səviyyədə təqdir olunub. Tarix boyu ölkəmizdə heç bir millətə, etnik qrupa, dinə qarşı hər hansı ayrı-seçkiliyə yol verilməyib. Azərbaycan sivilizasiyalar arasında dialoqa, birgəyaşama ənənələrinə, tolerantlığın təbliğinə bu gün də öz töhfəsini verməkdədir. 

Hazırda ölkəmizdə müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ölkəmizdə mövcud olan dini icmaların fəaliyyətinə hərtərəfli şərait yaradılıb və heç vaxt dini və milli zəmində qarşıdurma, xoşagəlməz hal baş verməyib. Azərbaycanda bütün dini konfessiyaların nümayəndələrinin öz dini etiqadlarını, ayinlərini sərbəst və bərabər şəkildə həyata keçirir, ölkəmizdə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan "Qırmızı qəsəbə", İvanovka və başqa kəndlər dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Belə məkanlardan biri də Qəbələnin Nic qəsəbəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 15-də Qəbələ rayonunda səfərdə olublar. Səfər zamanı ənənəvi olaraq bir sıra mühüm obyektlərin açılışı olub. Dövlət başçısı və birinci xanım Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsini, Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət ediblər. Bu, əlbəttə ki, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi, bütün dini konfessiyalara dövlət dəstəyinin növbəti bariz nümunəsidir. Xatırladaq ki, Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlayıb, 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılıb. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin göstəricisidir. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar. Yenidənqurma zamanı tikilinin 50 faizə yaxın kərpicləri, daşları bərpa olunub, həyətyanı sahə abadlaşdırılıb, bulaq və üç gölməçə yaradılıb. Kilsənin tavanı, döşəməsi dəyişdirilib. Kilsənin aşağı hissəsi XII əsrdə tikilib. Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilib və bərpa olunub. Tarixi özündə əks etdirən Müqəddəs Məryəm Ana kilsəsinin bərpası Afina memarlığına uyğun olaraq aparılıb.

Prezident İlham Əliyev kilsədə olarkən deyib ki, udi xalqının çox böyük tarixi mirası var. "İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz”.

Dövlət başçısı əlavə edib ki, Şuşada keçirilən "Xarıbülbül" festivalında udi xalqının nümayəndələri çıxış ediblər: "Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş "Xarıbülbül" festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir".

Qeyd edək ki, Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın nümunələrindən biri olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını məhz Qəbələnin Nic qəsəbəsində yaşayır.

Qəsəbədə təhsilin inkişafına da xüsusi önəm verilir və bu məqsədlə Prezident tərəfindən məktəb tikintisinə vəsait ayrılıb. Dövlət başçısı Nic qəsəbəsində olarkən bildirib: "Bir nömrəli məktəbin təmiri, idman kompleksi ilə bağlı işləri yəqin ki, Heydər Əliyev Fondu görəcək. Dörd nömrəli məktəbdə isə təmir işləri dövlət xətti ilə həyata keçiriləcək". Səfər bitdikdən sonra Prezident Qəbələ rayonunun Nic qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Qəbələ rayonunun Nic qəsəbəsində 4 nömrəli tam orta məktəb üçün 360 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

Dövlət başçısı Qəbələnin Nic qəsəbəsində Müqəddəs Yelisey adına Cotari kilsəsində də olub. Nic qəsəbəsindəki bu kilsə də Heydər Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə verilib. Müqəddəs Yelisey kilsəsi 1823-cü ildə tikilib. Azərbaycanın qədim yerli xalqlarından biri olan udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilib. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün əsasən, Azərbaycan ərazisində mövcuddur. Udilər Qafqazın qədim sakinlərindəndir, dilləri Qafqaz dilləri ailəsinin ləzgi yarımqrupuna məxsus olub. Bu gün faşizmi dövlət siyasətinə çevirən, monoetnik ölkə olan, 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində tarixi-dini abidələri dağıdan, udilərə və digər az saylı millətlərə məxsus dini abidələri özününküləşdirməyə çalışan Ermənistandan fərqli olaraq Azərbaycan multikultural ənənələri, tolerantlığı ilə nümunə olmaqda davam edir.

PƏRVANƏ

 





20.05.2021    çap et  çap et