525.Az

AMEA-nın fizika üzrə ilk qadın müxbir üzvü - Səlimə Mehdiyeva


 

AMEA-nın fizika üzrə ilk qadın müxbir üzvü - <b style="color:red">Səlimə Mehdiyeva </b>

Fiziki elminin inkişafında müstəsna xidmətləri olan Səlimə Mehdiyevanın həyat yoluna nəzər

Səlimə İbrahim qızı Mehdiyeva 21 may 1941-ci ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub. O, 1963-cü ildə indiki Bakı Dövlət Universitetinin fizika fakultəsini bitirərək Azərbaycan EA Fizika İnstitutunun aspiranturasına daxil olmuş, 1967-ci ildə Vilnyus Dövlət Universitetində namizədlik, 1988-ci ildə Bakıda doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildə professor elmi adı almış, 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Səlimə Mehdiyeva AMEA-nın fizika üzrə ilk qadın müxbir üzvüdür.

Professor S.Mehdiyeva selen yarımkeçiricisinin, selen əsasında xətti polimer sistemlərin və şüşəvari xalkogenidlərin fiziki xassələrinin kompleks tədqiqi istiqamətində fundamental elmi və tətbiq əhəmiyyətli araşdırmalar aparıb. Həmin tədqiqatlar selendə taraz və qeyri-taraz elektron hadisələrinin mexanizmlərini aydınlaşdırmağa, bu əsasla selenin fiziki xassələrinin idarə olunma üsullarını müəyyənləşdirməyə, selen cihazlarının parametrlərini yaxşılaşdırmağa imkan yaradıb.

Şüşəvari xalkogenidlərdə alınmış nəticələr, yüksək elektrik müqavimətli sistemlərin, yüksək həssaslıqlı fotohədəfin, yaxın və orta infraqırmızı oblastda həssas fiber-ötürücülər üçün funksional materialların  alınmasına gətirib.

Alim 1 monoqrafiya, əksəriyyəti beynəlxalq nəşrlərdə dərc olunmuş 250-dən artıq məqalə, 14 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun elmi rəhbərliyi ilə 2 elmlər doktoru, 14 fəlsəfə doktoru hazırlanıb. O, qırxdan artıq beynəlxalq konfransda məruzə ilə çıxış edib.

Professor S.Mrhdiyeva fəal elmi-tədqiqat işi ilə yanaşı böyük elmi-təşkilatı və ictimai fəaliyyət də göstərir. O, 1969-1978-ci illərdə Fizika İnstitutunun elmi katibi, 1995-2002-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, İnstitutun elmi-tədqiqat işlərinin müəyyənləşdirilib icra olunmasına, kadr hazırlığına, elmi tədbirlərin hazırlanıb həyata keçirilməsinə böyük əmək sərf edib. Respublika Elmi əlaqələndirmə şurasının sədr müavini, İnstitutda fəaliyyət göstərən Müdafiəşurasının həmsədri olmuş, hazırda Dissertasiya şurasının, “AMEA-nın Xəbərləri” FRTE seriyası və Fizika jurnalının redaksiya heyətinin üzvü, İnstitut Qadınlar təşkilatının sədridir. 1976-cı ildə İnstitutda “Qeyri-kristallik yarımkeçiricilərin fizikası” laboratoriyası təşkil etmiş və indiyədək ona uğurla rəhbərlik edir.

AMEA-nın müxbir üzvü, professor Səlimə xanım Mehdiyeva işlədiyi kollektivdə və Respublika elmi ictimaiyyəti arasında layiqli hörmətə malikdir.

 





20.05.2021    çap et  çap et