525.Az

"Vətən belə əmr edir! Lazımdır!" - Anım


 

ŞƏHİD, XÜSUSİ TƏYİNATLI DÖYÜŞÇÜ CƏLİL XEYRULLAYEVİN VƏTƏNƏ XİDMƏT AMALI TƏK BU İFADƏDƏN İBARƏT OLUB

"Vətən belə əmr edir! Lazımdır!" - <b style="color:red">Anım</b>

Millətimizin zəfəri ilə nəticələnən Vətən müharibəsi bir daha sübut etdi ki, böyüklü-kiçikli, bütün azərbaycanlıların ürəklərində gəzdirdikləri Vətən eşqi torpaqlarımızın bütövlüyünün və gələcək rəvan həyatımızın başlıca amilidir!

Ölkəmizin şimallı-cənublu, şərqli-qərbli, hər bir diyarının, hər bir şəhidinin əlbəttə, öz həyat və qəhrəmanlıq hekayəti var. Amma ürəklərindəki hədsiz Vətən sevdası onları heç bir təhlükədən çəkinməməyə çağıran, yuxarıda dediyimiz həmin genetik amilin görünməz bağları ilə birləşdirib. Qubalı balası, şəhid Cəlil də onlardan biridir.

Vətən müharibəsi  şəhidi Cəlil Mürvət oğlu Xeyrullayev 1989-cu ildə Quba rayonunun İkinci Nügədi kəndində doğulub. Cəlilin oxuduğu 3 saylı İkinci Nügədi kənd orta məktəbində onunla maraqlanarkən, çox  təsirli məqamlar məlum oldu. Sən demə, bu məktəbin üç məzunu  Vətən müharibəsində şəhid olub. Onlardan ikisi - Cəlil və  Rahim Mikayılov elə bir sinifdə oxuyublar və ayrılmaz dost olublar. 

"Cəlilgilin sinfinin olduqca xüsusi bir aurası, ümumi bir ruhu vardı. Onlara 8-ci sinifdən məktəbi bitirənədək dərs demişəm. Bu uşaqlar ədəb-ərkanlı, çox fəal, bacarıqlı, hər şeylə maraqlanan, vətənsevər gənclər idi. Bizim kəndimiz bu müharibədə dörd şəhid verib. Bu elin Vətən üçün canını verən  övladları, ayrılmaz dostlar - Cəlil və Rahim, məktəbimizin daha bir məzunu Əfsan Salıyev, eləcə də kəndimizin digər bir məktəbinin yetirməsi Eynulla Lətifov qəlbimizdə əbədi yer tutdular" - deyə, 3 saylı İkinci Nügədi kənd orta məktəbinin müəllimi Seyidbala Əsədullayev bildirir.    

Məktəb illəri bitir, əsgərlik vaxtı yetişir və Cəlil Gədəbəydəki N saylı hərbi hissədə xidmətə başlayır. Əsgərlikdən sonra bir neçə il necə deyərlər, mülki həyat sürsə də daxilindəki döyüşçülük ruhu onu yenidən hərb işinə çəkir. 

2012-ci ildən  etibarən Azərbaycan DİN Daxili Qoşunlarının sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq xidmət edir. 2012-2018-ci illərdə Qubada yerləşən "N" saylı hərbi hissədə "Bəbir", 2018-ci ildən isə Gəncədə yerləşən  "N" saylı hərbi hissədə "Pələng" xüsusi təyinatlı dəstələrində Vətən borcunu yerinə yetirir.

"Oğlum Vətən müharibəsindən qabaq da  ölkəmizin konstitusiya quruluşunu təhdid edən radikal  qüvvələrə qarşı mübarizə tədbirlərində  - 2012-ci ildə Qusar rayonu ərazisində "Meşə qardaşları" adlandırılan terrorçu qrupun zərərsizləşdirilməsi, 2015-ci ildə Qubada və  2018-ci ildə Gəncədə törədilən iğtişaşların qarşısının alınması  əməliyyatlarında iştirak edib. O, öz hərbi xidmətinə Vətən qarşısında müqəddəs bir borc kimi baxmaqdan əlavə, bu işi tanrı tərəfindən onun ömrünün mənası  kimi üzərinə qoyulmuş vəzifə  hesab edirdi. Bir neçə il əvvəl ağır avtomobil qəzasına düşmüşdü. Aldığı xəsarətlər ona qanunu şəkildə tərxis olunmaq haqqı verirdi. Buna baxmayaraq, Cəlil "bu, heç vaxt ola bilməz!" deyərək,  öz iradəsi, əzmi ilə fiziki sağlamlığını da bərpa etdi, xidmətinə də qayıtdı. Olduqca mülayim, təvazökar təbiətli Cəlil balam dindirməsən, danışmayan bir gənc idi. Xüsusən, xidməti barədə danışmağı xoşlamazdı.  O haqda nəyi isə soruşanda, bir kəlmə ilə - "Vətən belə əmr edir! Lazımdır!" cavabı verirdi" -deyə, şəhidin atası, ixtisasca mühəndis, 64 yaşlı Mürvət Xeyrullayev qəhrəman oğlunun portretinə cizgilər vurur.

Dörd oğul atası  M.Xeyrullayev həmçinin bildirir ki, ailənin sonbeşiyi olan Cəlil nişanlı imiş və məlum pandemiya onun toyunu etməyə macal verməyib...

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu Cəlil Xeyrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə başlanılan  Vətən müharibəsi zamanı Murovdağ istiqamətində, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə savaşıb. O, oktyabrın 15-də Füzuli istiqamətində döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub, doğma yurdunda təntənə ilə torpağa tapşırılıb.

Çavuş Cəlil Xeyrullayev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad edilməsinə görə" medalları ilə təltif edilib.

Onun şəhid həmkəndlilərini də xatırlayaq: leytenant Rahim Qalib oğlu Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib, 18 yaşlı əsgər Əfsan İlkin oğlu Salıyev, 19 yaşlı əsgər Eynulla Niyətulla oğlu Lətifov ölümündən sonra   "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətən üçün canlarını əsirgəməyən qəhrəmanlarımıza ƏBƏDİ EŞQ OLSUN!

Zakir MURADOV
Gəncə-Quba

 





21.05.2021    çap et  çap et