525.Az

Turandot-Turan qızı-Türk qızı - Nizami Gəncəvi-880


 

Turandot-Turan qızı-Türk qızı - <b style="color:red">Nizami Gəncəvi-880</b>

Nizamişünas alimlər və Qərb ədəbiyyatının tanınmış tədqiqatçıları hələ keçən əsrin 40-cı illərində sübut ediblər ki, fransız dramaturqu Alen Röne Lesajın (1668-1747) "Cin şahzadəsi" italyan yazıçısı, dramaturq, nağıl pyeslərin müəllifi Karlo Qotsinin (1720-1806) "Turandot", alman şairi, filosof, tarixçi və dramaturq Fridrix Şillerin (1759-1805) "Turandot Çin şahzadəsi" əsərlərinin sujeti dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasındakı dördüncü hekayəyə - slavyan qızının hekayəsinə tam uyğun gəlir.

Nizami Gəncəvinin Lesaja, Qotsiyə və Şillerə təsirini Avropa tədqiqatçıları da təsdiq edirlər. Almaniyanın Leypsiq şəhərində nəşr olunmuş "Fremdsprachige Schriftsteller" ("Əcnəbi yazıçılar") adlı ensiklopedik lüğətdə oxuyuruq: "Nizami İlyas ibn Yusif 1141-ci ildə Gəncədə (bu gün Azərbaycan SSR-də Kirovabad) anadan olub...

Qotsi özünün "Turandot" dramının mövzusunu Nizaminin "Yeddi gözəl" poemasının dördüncü hekayəsindən götürüb. Şiller "Türandot"u yenidən işləyib (iqtibas edib)...

Azərbaycan SSR-də Nizaminin yubileyini xalq şairı kimi qeyd edirlər".

Şıllerin "Turandot - Çin şahzadəsi" əsəri ilk dəfə 1802-ci ildə Veymar Teatrında səhnəyə qoyulmuşdu. Bu pyes teatrsevərlərə əsl hədiyyə idi. Tamaşa gözlənildiyindən də böyük uğur qazandı.

Lesajın qəhrəmanı Duamantin, Qotsinin və Şillerin qəhrəmanı Turandot yalnız onun üç tapmacasını tapan adama ərə getmək istəyirdi, tapmayanın boynu vurulurdu... (Nizami Gəncəvinin "Yeddi gözəl" (1197-ci il) poemasındakı dördüncü hekayədə (slavyan qızının hekayəsi) olduğu kimi).

Fridrix Şillerin "Turandot Çin şahzadəsi" (1801) əsəri öz bədii keyfiyyətlərinə, hadisələrin gərginliyinə, qəhrəmanların yüksək nitq mədəniyyətinə, personajların bitkinliyinə görə həm Alen Röne Lesajın "Çin şahzadəsi" (1729) , həm də Karlo Qotsinin "Turandot" (1762) əsərindən xeyli üstündür.

Şillerin qadın qəhrəmanı Turandot xasiyyətinə görə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasındakı dördüncü hekayənin (slavyan qızının hekayəsi) qəhrəmanına daha yaxındır...

Şillerin "Turandot - Çin şahzadəsi" pyesindəki şəxs adlarının araşdırılması maraqlı faktlar verir. Pyesdəki antroponimlərin (şəxs adlarının) tərkibi mənşə və dil mənsubiyyətinə görə qarışıq olsa da, əksəriyyəti türk dillərinə məxsus olan şəxs adlarıdır.

Turandot: Çin Xaqanının qızı.

Turandot sözü iki hıssədən ibarətdir: Turan və Dokht (farsca qız). Bu söz alman dilində Tochter (qız, övlad mənasında), ingilis dilinə Daughter variantında işlənir.

Turan sözü türk mənşəlidir: Tur - çoxalan, törəyən, var olan deməkdir. Tur sözü Türk mənasında da işlənir. Tur (türk ); + an, ən (cəmlik bildirən şəkilçidir). Turan = türklər [5, s.671].  Turandot - Türklərin gızı, Türk qızı.

"Eski Türk-Moğol kişi adları sözlüyü"ndə Turan sözünün 1) Duran, yaşayan; 2) Turan: Türklərlə məskun ölkələr mənaları da qeyd olunur: Turandot - Turan qızı.

Deməli, Turandot adı Türklərin qızı, Türk qızı, Turan qızı deməkdir.

Bəs, ilk baxışdan "rəhmsiz", "amansız" görünən, inadından dönməyən, atasının "vicdansız övlad", "zalım qızım" dediyi Turandot əslində necədir?

Şiller türk qızını onun öz sözləri ilə oxucuya, tamaşaçıya belə tanıdır:

"Mənə rəhmsizdir, qəddardır deyən dillər yalan deyir. Qəddar deyiləm. Azad yaşamaqdır məqsədim.

Nə adla başqasının malı olum? Azad yaşamaq haqqımdır. Xan qızı kimi haqqıma sahib çıxıram. Hüquqsuz olmaq istəmirəm.

Asiyada gördüyüm bütün qadınlar kölə kimi təhqir olunur. Əzilmiş həmcinslərimin heyifini almaq istəyirəm beləcə.

Azadlığımı qorumaq üçün yeganə silahım təbiətin bəxş etdiyi ağlım və zəkamdır..."

...Özünü qorumaq üçün Turandot onu istəyənlərə üç tapmaca verir, bilənlə evlənəcək, bilməyənin boynu vurulub, başı şəhərin qala qapısından asılacaqdır.

...Turandot Türk qızıdır. Türk qızı gözəllik deməkdir, sevgi deməkdir. Mələkdir, pəridir türklərin qızı. Lazım gələndə, ömrünü eşqinə qurban edər Türk qızları.

Türk olmaq qətiyyətli olmaq deməkdir. Türk olmaq qürurlu olmaq deməkdir. O, keçmişi ilə qürurludur, atası-babası ilə qürurludur.

Turan Kızı

Turandot qadın haqsızlığı qarşısında dəmir pərdədir.

Türk qızı bilir ki, ağlın çırağı elmdir, dərin bilikdir. "İnsana arxadır onun kamalı...(Nizami)".

Turandotun sevdiyi oğlan əsl-nəcabətli, əqli cəhətdən zəngin, mənəviyyatca saf və təmiz, fiziki cəhətdən sağlam və möhkəm olmalıdır ("Yeddi gözəl"in dördüncü hekayətində olduğu kimi).

Eşq Turandotu kamilliyə aparır...

Heç kimə təslim olmayan Turandot - Turan qızı - qürurlu Türk qızı sevgiyə təslim olur. Sujet qaranlıqdan işığa, qaradan ağa, zülmdən ədalətə doğru inkişaf edir.

Altun: Əfsanəvi Çin Xaqanı (Turandotun atası)

Bu ad Qotsidə, Şillerdə italyan və alman dilinin fonetikasına uyğun olaraq üçhecalı Altoum Aito-um kimi deyilir. Qədim türk adıdır: Alton/Altun, Altın sözündəki Al (qızıl) + ton, yəni al donlu; qızıl; görünüşü qızıl olan mənalarını verir.

Xələf: Həştərxan şahzadəsi

Alman, fransız, italyan dillərinin tələffüzünə uyğun olaraq müxtəlif variantlarda yazılır və oxunur: Khalaf, Kalaf, Calaf və sair.

Əslində isə bu, ərəb mənşəli Xələf sözüdür: 1) əvəz, davamçı; 2) varis; 3) övlad; 4) nəsil ; 5) sonra gələn deməkdir.

Xələf pyesin əsas kişi qəhrəmanıdır. Əsərdə ən çox sevilən surətdır Xələf. O, Həştərxan xanı Teymurun oğludur, əsl-nəcabətlidir. Həyatın hər üzünü görüb; həm şahzadə kimi xoş günləri olub, həm də ağır günlər, çətinliklər yaşayıb. Düşmənləri ilə döyüşdə qorxusuz savaşıb. Əyilməyib, sınmayıb...

Əsl türk oğludur Xələf. Öz sevgisi ilə, alicənablığı ilə. Lazım olanda, güzəştə getmək bacarığı ilə.

Sevdiyi qadını başının tacı edir Xələf.

Teymur: Sürgün olunmuş Həştərxan xanı (Xələfin atası)

Temir-Temür-Timur türk mənşəli sözdür- 1) Dəmir; 2) (məcazı) Dəmir kimi möhkəm, bərk (sağlam) mənalarını verir [4, s.447]. Bu antroponimin semantikasında igidlik, qüvvətlilik, dözümlülük kimi keyfiyyətlər var.

Almaz: (Tamaşada yalnız adı çəkilir). Xələfin anası

Volqa tatarlarının dilində Almaz, İlmaz, İlmas kimi variantları olan Almaz adına rast gəlirik. Almaz, İlmaz, İlmas "toxunmayacaq, almayacaq" mənalarında işlənir. Bu ad şər qüvvələrin yeni doğulmuş körpəni üstələməməsi, şər qüvvələrin toxunmaması, şər qüvvələrin almaması üçün uşağa qoyulur. Kazan Türklərində uşağa pis, bəd, yaman güclər, ağrılar toxunmasın deyə bu ad verilir.

Adelma: Tatar şahzadəsi (Xorasan xanının qızı), Turandotun qulluqçusu    

Adelma ərəb mənşəli Adilə qadın adıdır. Sözün kökü Adil ədalətli, insaflı, düz iş görən deməkdir.

 

Zelima: Turandotun başqa qulluqçusu

Zelima ərəb mənşəli Səlimə qadın adıdır. Sözün kökü Səlim: 1) sağlam; 2) eyibsiz, nöqsansız, doğru, dürüst deməkdir.

Şirin: Səlimənin anası

Şırın fars mənşəli sözdür . Sözün kökü şir (süd kimi dadlı). Məna genişlənməsi ilə Şirin - şirin, sevimli, dadlı, gözəl deməkdir. Bu ada qədim dövr türk antroponimik sistemində rast gəlinir.

Barak: Şirinin əri, Xələfin keçmiş dayəsi. Gənc şahzadənin yaxın dostu (Çində adını dəyişib-Həsən qoyub)

Barak türk mənşəli sözdür. Müxtəlif mənalarda işlənib: Barak - 1. Türk mifologiyasında müqəddəs köpək; 2. Tüklü, qıllı çuxa; 3. Evsiz, yurdsuz.

Barak ona olan yaxşılığı da, pisliyi də yaddan çıxarmaz. Öz canını sahibi üçün təhlükəyə ata bilər və nə olursa-olsun, sahibini çətin anda tərk etməz. Barak hər zaman Xələfə sadiqdir. Pekində evsiz-eşiksiz, yurdsuzdur Barak. Həsən (gözəl, göyçək) ərəb mənşəli sözdür.

İsmayıl: Səmərqənd şahzadəsinin yavəri

İbrahim peyğəmbərin Həcərdən doğulan oğlunun adıdır. İsmayıl sözünün ilk dəfə qədim yəhudi dilində (Allah eşidir) işləndiyi deyilir.

Fridrix Şiller dahi Nizaminin "Yeddi gözəl" poemasındakı dördüncü hekayənin məzmununu düzgün başa düşmüş, türk qızının azadlıq istəyini, onun qadın haqsızlığına qarşı mübarizəsini ustalıqla göstərmiş, Turandotun ilahi gözəlliyini, məğrurluğunu, əyilməzliyini, ağılını və zəkasını yüksək qiymətləndirmişdi.

Namaz MANAFOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent (Mingəçevir Dövlət Universiteti)
[email protected] 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





21.05.2021    çap et  çap et