525.Az

Cüt şəhidin atası - Cabir Albantürkün şeirləri


 

Cüt şəhidin atası - <b style="color:red">Cabir Albantürkün şeirləri </b>

Şair-publisist Cabir Alpoğlu Albantürk (Cabir Səbrulla oğlu Ağaoğlu) 1961-ci ilin mayında Quba rayonunun qədim Alpan kəndində müəllim ailəsində anadan olub.

Şeirləri, məqalələri 1983-cü ildən bəri dövri-mətbuatda və ədəbi toplularda çap olunur. 1993-cü ilədək C.Ağayev, C.Zaman, C.Alpoğlu imzaları ilə çıxış edib. 1997-2000-ci illər arası Qubada fəaliyyət göstərən tarixi "Gülüstan" ədəbi məclisinin sədri olub.

O, 1998-ci ildən II qrup görmə əngəlli əlil olmaqla Yaradıcı əlillərin 2-ci, 4-cü, 5-ci və 7-ci Ümumrespublika yaradıcılıq baxış-müsabiqələrinin, habelə Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı istiqlalçı deputatların 2011-ci ildə keçirdiyi müsabiqənin qaliblərindəndir.

O, həm də "Gənclik", "Məcməüş-şüəra", "Ay işığı" ədəbi məclislərinin iştirakçısı olmuş, "Qoroskop", "Türküstan", "Hürriyyət" qəzetlərinin bölgə təmsilçisi, "Qədim Alpan və Albanlar" (Elm nəşr-2007), "Yaralı Varlığımız" (Qanun nəşr-2009) və "Üçüncü nöqtə" (Qanun-2011) kitablarının müəllifidir. C.A.Albantürk 2018-ci ilin yazından feysbuk məkanında "Quba Dərbənd Gülüstani-İrəm" adlı, ictimai-ədəbi-tarixi yönümlü profil səhifəsinin idarəçisi və yazarıdır.

Tanınmış yazıçı, şair, alim və ictimai xadimlərdən Ramiz Rövşən, Məmməd Aslan, Əlibala Hacızadə, Yusif Həsənbəy, Ələkbər Salahzadə, Paşa Qəlbinur, Fikrət Qoca, Fikrət Sadıq, Sabir Rüstəmxanlı, Hacıbaba Əzimov, Mirmahmud Mirəlioğlu, Nəsib Nəsibli, Vaqif Əlixanlı, Nizaməddin Şəmsizadə, Şahin Fazil, Vaqif Yusifli, Sərdar Cəlaloğlu, Firudin Qurbansoy, Adil Mirseyid, Yunus Oğuz, Akif Nağı, İntiqam Soltan, Tofiq Nurəli, Zabit Babayev, Rahib Alpanlı, Ələsgər Ələsgərli, Rövşən Yerfi, Səbuhi Rəhimli və başqaları yaradıcılığı, kitabları haqqında müsbət fikirlər söyləmiş, məqalə və şeirlərini mükafata layiq bilmişlər. Yaradıcılığı, kitabları və 50 illiyi isə aşağıdakı qəzet, jurnal və toplularda işıqlandırılıb. "525-ci qəzet", "Ədalət", "Olaylar", "Kaspi", "Mədəniyyət", "Reytinq", "Ədəbiyyat qəzeti" və başqa qəzetlər, "Ulduz", "Azərbaycan", "Qobustan", "Yazı", və digər jurnallar, "Yaşıl budaqlar", "Ədəbi Şirvan", "Ümidlər və arzular", "Xəzinə", "Gülüstan inciləri" kimi toplularda da yazıları dərc edilib.

O, istedadlı qələm sahibi olmaqla yanaşı, ictimai sahədə də fəaldır. Azərbaycan Yazıçılar Birliyinin, Qarabağ Azadlıq Təşkilatının, Gözdən Əlillər Cəmiyyətinin, "Gülüstan" elmi-ədəbi məclisinin üzvü, Prezident təqaüdçüsüdür.

Hörmətli həmkarımıza 60 yaşı münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı ünvanlayır, elə onun öz istəyilə, son zamanlar daha çox üz tutduğu mövzuya - əziz şəhidlərimizə, Qarabağa, şanlı Ordumuza aid şeirlərindən bir neçəsini oxuculara təqdim edirik.

Ucalıq

Şəhidlərin şücaəti sözdən uca!
Qazilərin rəşadəti bizdən uca!
Nə yazsaq da, üzümüzün ağı deyil,
Yüz yol baş əy, o borcun qırağı deyil.

Məzarsız Şəhid

Alpanlı şəhid Eldar Əmirsultan oğlunun xatirəsinə

Qarsılmış ruhunla röyama girdin,
Yuxumda bir ocaq qaladın, qardaş.
Mən sənin yerinə yana bimədim,
Bir şeir ağladı buludum, qardaş...

Bu kül qismətinə mələklər ağlar,
Cənnət də ruhunu ovuda bilməz.
Fələklər suçlu tək yasını saxlar,
Hesab Allahındı - belə də qalmaz...

Şəhidlik qisməti - nə şərəfli dərd,
Bu dərdə dözənin səbri Tanrıdan.
Xalqın vicdanında bu şərikli dərd,
Məzarsız şəhidin qəbri Tanrıdan...

Məzarsız hüznünün bağlı yasında,
Dərdi ovutmağa göz yaşı gücsüz...
Yaddaş ağrısında qovrular sənsiz -
Doğmalar dönüncə dərgaha, gec-tez.

Millət əzabına dözə bilmədin,
Sonlu əzabının nəhayəti bu.
Bundan artığını yaza bilmədim,
Mənə də Tanrının səxavəti bu...

Cüt şəhidin atası

Şəhid qəhrəmanlarımız Şəmsəddin və Sərvərin atası İsnovqışlağlı Zahid kişiyə

Ah! Bir gündə şəhid düşüb cüt oğlun;
Şahə qalxır başımızın tükləri...
Sən demisən: Təki Vətən sağ olsun!
Bu dəyanət şəhidliyin təkrarı...

Vətən məhəbbəti, millət sevgisi
Övlad istəyinə tən gəlib necə...
Sözün Yaradana ata sayğısı
Bizi yazısıyla sınayan gücə...

Daşımısan dərdi səbr atında
Gələnlər, görənlər duruxub qalıb.
Fəxrin-vüqarındı səbr adında,
Qoşa ah cüt gözdə karıxıb qalıb.

Şəhidlər atası - ucadır bu ad,
Bu adı bir az da ucaldan oldun.
Ata mərdliyinə oğullar sənəd...
Oğullar əvəzi Ata doğuldun...

Şəhidliyin mübarək!

Alpanlı şəhid kapitan Aqil Niyaz oğlunun xatirəsinə

Atan el üçün ağladı, sən Vətən üçün,
Şəhidliyin mübarəkdir, Aqil kapitan!
On bir il xidmət etdiyin can Vətən üçün,
İndi də ruhun döyüşür, Aqil kapitan!
 
Azadlıqda Xudafərin körpüləri,
Şuşa, Laçın ürək açır dilimizdə.
Baş Komandan ordu, millət hünərilə
Gələcəyə mayak tutur, yolumuzda.

Azad olur Qarabağ da, Zəngəzur da!
Son yüz ilin fürsəti var əlimizdə!
Ruhlarınız şad olacaq bu Zəfərdən!
Fəxarətlə boylanacaq Qalamızdan!

Mübarizlər ordusu

Ordumuzun qüdrətinə şahid oldu ölkələr,
Yoxa çıxdı xəyallardan olar-olmaz, bəlkələr:
Düşdü tamam pərən-pərən marıqdaki kölgələr,
Əldə Bayraq, dildə Allah, tifaqını silkələr
Ermənilərin qorxusu - Mübarizlər Ordusu!

*** 

Daşaltıda düşdüyümüz daş altından çıxdıq axır,
Düşmənin ilk "zəfər"ini başlarına yıxdıq, axır!
Ay-ulduzlu bayraqları Şuşamıza taxdıq axır,
Qarabağın qalasından can Vətənə baxdıq, axır!

***  

Dövlət Bayrağımı sancıb Şuşaya,
Əhməd bəy ruhunu şad etdin, Ordum!
Sultan bəy, Xosrov bəy, Nuru Paşaya,
Bu Zəfər yolunu ad etdin, Ordum!

*** 

Şuşa dərdə yar olmaqdan qurtulub,
Xarıbülbül xar olmaqdan qurtulub...
Xəyalımız Xocalıda ev qurur,
Diləyimiz Zəngəzurla doğrulur!

Cabir ALBANTÜRK

 





21.05.2021    çap et  çap et