Dünən Avropa Şurasının Bakı ofisinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə həyata keçirilən "Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi" layihəsi çərçivəsində "Gender əsaslı zorakılıq hallarının işıqlandırılması zamanı jurnalistlər üçün etik standartlar" mövzusunda iki günlük təlimə start verilib. Təlimə Azərbaycanın KİV-lərində çalışan jurnalistlər qatılıblar.
Avropa Şurasının Bakı nümayəndəliyinin əməkdaşı Vüsal Behbudov layihənin keçirilməsini zəruri edən səbəblər barədə danışıb, təmsil olunduğu qurumun təşəbbüsünə önəm verildiyi üçün toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Təlimin açılışında çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, jurnalistlər üçün təlim Avropa Şurası Mətbuat Şurası ilə əməkdaşlıq çərçivəsində növbəti təşəbbüdür. MŞ sədri bildirib ki, müxtəlif mövzularda təlimlər yalnız jurnalistikanın ixtisaslaşmasına deyil, həm də konkret praktik məqamlara jurnalist yanaşmasını formalaşdırmağı hədəf seçir. "Fəxr edə bilərik ki, biz Şərqdə qadına hüquqlar verən ilk ölkəyik. Bu cəhət mediamızda da kifayət qədər təbliğ edilir. Ancaq erkən nigah, boşanmalar, uşaq intiharları, ailə daxili məsələlərlə bağlı bəzən ürəkaçan təqdimatların olmadığını görürük. Mövcud istiqamətdə tövsiyələrimizi veririk. Bildiyiniz kimi, Mətbuat Şurası "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na gender bərabərliyi və ayrıseçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi müddəasını əlavə edib. Bu isə o deməkdir ki, jurnalist gender əsaslı zorakılıq hallarının işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı təşviq etməməli və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırılmalıdır. Əlbəttə, Azərbaycan spesifik ölkədir. Burada kifayət qədər konservativ baxışlar var. Eyni zamanda adət-ənənələr də var. Belə durumda qadın-kişi bərabərliyi necə təqdim edilməlidir, məişət zorakılığı, qadınlara qarşı hiddətin yolverilməzliyi necə göstərilməlidir? Şübhəsiz, hüquqi mexanizmlər də qanunlarımızda bunlar nəzərdə tutulub. Ancaq bəzən xalqın yüz illərlə formalaşmış təfəkkürü, baxışı da öz sözünü deyir. Həqiqətən də çətin və spesifik yanaşması olan mövzudur. Burada birmənalı model yoxdur, birmənalı olaraq qanun da irəli çəkilə bilməz. Ona görə də jurnalistikanın məsələyə baxışı bir növ, birləşdirici rol oynamalıdır. Əgər konfrantasiyalar varsa, jurnalist yaradıcılığı bunun qarşısında müəyyən mənada sipərə çevrilməlidir", - deyən Ə.Amaşov təlim iştirakçılarına uğurlar arzulayıb, təşəbbüsün reallaşmasına görə Avropa Şurasının Bakı Ofisinə təşəkkürünü bildirib.
Açılış nitqlərindən sonra təlim beynəlxalq ekspertin yönləndirməsi ilə davam edib. Təlimdə ekspert Jelisaveta Blagojeviç tərəfindən "Gender-əsaslı zorakılıq: anlayışlar, qarşısının alınması və aradan qaldırılması üçün istifadə olunan əsas hüquqi alətlər", "Gender-əsaslı zorakılıq hallarının qarşısının alınması və aradan qaldırılmasında medianın rolu", "Gender-əsaslı zorakılıq hallarına dair reportajların hazırlanması zamanı etik prinsiplər", "Gender-əsaslı zorakılıq hallarına dair reportajların hazırlanmasına dair konkret təlimatlar" mövzularında məruzələr dinlənilib, müzakirələr təşkil olunub, iştirakçıların sualları cavablandırılıb.
çap et