525.Az

Kim idi o adam? - Türkan Turanın yazısı


 

YADDAŞIN AMANSIZLIĞI

Kim idi o adam? - <b style="color:red">Türkan Turanın yazısı </b>

Bu günlərdə bir nəfər jurnalist mənə belə bir sual verdi: "Yazılarınızdan birində "mənə bir mahnını min dəfə dinlədən adam" deyə bir cümlə işlətmisiniz. Maraqlıdır, o adam kimdir?"

Baxışlarım iki-üç saniyəlik uzağı dolandıqdan sonra işıq surəti ilə dönüb cavab gözləyən jurnalistə zilləndi. "Xatırlamıram" dedim. Çöhrəsində təbəssüm yarandı, onu yayındırmaq üçün belə cavab verdiyimi düşündüyünü qısamüddətli dalğınlığıma eyham vurmaqla hiss etdirdi. Halbuki mən həmin vaxt xatırlamağa çalışırdım. Özümə də maraqlı gəlmişdi, kim idi o adam? Bu cür iddialı cümlə həsr edilən, sonra heç yoxmuş kimi unudulan, illərin hansı küncündə itib getdiyi məlum olmayan o şəxs necə biri idi? Bu yazı nə vaxt yazılmışdı? Bu cümləni işlədəcək qədər nə yaşanmışdı?

Yox, bunun adı yaddaş pozuqluğu deyil. Çünki bundan üç-dörd gün əvvəl Türkiyə mətbuatına müsahibədə uşaqlıqla bağlı suala ən incə ayrıntısına qədər cavab vermişdim. Hətta o dönəmdə olan digər məqamları, keçirdiyim hissləri, ürəyimi daha çox döyündürən şirin xatirələri də yada salmışdım. Evə qayıdanda ilk fürsətdə yazını internetdə axtarışa verdim, bəlkə yazılma tarixi bir işarə verər deyə düşündüm. Boş baxışlarla və anlamsız ifadə ilə yazını bağladım. Çünki səhifənin küncündə görünən yeddi-səkkiz il əvvəl yazılmağından başqa heç nə öyrənə bilməmişdim. Həqiqətən, kim idi o adam? Niyə silinib yox olmuşdu beynimdən?

Halbuki yaddaşın potensialı sonsuzdur. Amma istəmədiyimiz anları və xatirələri beynimizin qara qutusundan təmizləyə biləcəyimizi heç düşünməmişdim.

Deməli, belə çıxır ki, yaddaşımızın kontrolu bizdədir. Lakin aparılan araşdırmalar yaddaşın bizim üzərimizdə güc sahibi olduğunu deyir. Uzun illər boyu alimlər laboratoriya şəraitində hafizə ilə bağlı araşdırmalar apararkən xatirələri hisslərin təsirindən təcrid etməyə çalışıblar. Yəni təcrübələr də bunun mümkün olduğunu göstərir.

Ancaq mənim yaşadığım təcridin daha qatı və sərt növü idi. Sanki bir əl "delete" düyməsinə basaraq həmin yazıya aidiyyatı olan hamını və hər şeyi, zaman qavramını həm semantik, həm də epizodik yaddaşımdan silmişdi. Semantik xatirələr insanın həm özü, həm dünya coğrafiyası haqda bildikləri və tanıdıqlarıyla bağlıdır. Epizodik xatirə isə elə bir şeydir ki, ona çatmaq üçün zaman tunelində keçmişə səyahət etmək, həmin xatirəni yadımıza salmaq, onunla bağlı detalları xatırlamalıyıq.

Epizodik xatirələrin yeri semantik xatirələr, yaddaşdır. Yaddaş mənbə rolunu oynayır və xatirələri beyində kataloqlara bölür, doğmalarımızla bağlı xatirələr bir hissədə, sevgilimizlə bağlı yaşantılar ayrı hissədə, digər insanlarla olanlar isə başqa hissədə durur. Bir növ çoxgözlü dolab kimi... Fizioloji açıqlaması isə belədir; beynin sağ yarımkürəsi informasiyaları özündə saxlayır, sol yarımkürəsi isə xəyalları, romantik yaşantıları. Yaddaş qutusu insan beyninin sağ yarımkürəsində yerləşir. Bizlər yaddaş qutusuna yığılan keçmişi beynin sol yarımkürəsində yerləşən xəyalın gücüylə yenidən canlandıra bilirik.

Müasir psixologiyanın bir çox tədqiqatları sübut edir ki, sağlam beyində informasiyalar uzun müddət hifz olunsa da, onların çox hissəsi istifadə olunmamış qalır. Alman psixoloq Ebbinhauzun təcrübəsi bu baxımdan maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40 faizi yarım saat, 66 faizi bir gün, 75 faizi üç gün, 79 faizi bir aydan sonra unudulur. Əlbəttə, burada fərdi xüsusiyyətlər, materialın mənalılığı, əhəmiyyətliliyi də böyük rol oynayır. Lakin psixika üçün paradoksal hallar da xasdır. Məsələn, yaşlı adamlar qısa müddət əvvəl eşitdiklərini asanlıqla unutduqları halda, uzaq keçmişdə baş verənləri çətinlik çəkmədən və aydın xatırlayırlar. Bu, "Ribo qanunu" adlanır. Unutmağın ikinci mühüm amili adətən mövcud informasiyadan aktiv istifadə olunmasıdır. O şeylər daha tez unudulur ki, ona az tələbat olur və ya ehtiyac olmur. Unutmaq eyni zamanda, psixikanın özünümüdafiə mexanizmidir. Bu proses şüur və şüuraltı sahələri sarsıntı və pozulmalardan qoruyur. İnsana xüsusilə kəskin təsir etmiş hadisələrin uzun müddət həmin şiddətlə davam etməsinə təbii ki, orqanizm davam gətirə bilməz. Vaxt keçdikcə onun təsiri azalır, tədricən unudulur. Ümumiyyətlə, o şeylər unudulur ki, psixoloji tarazlığı pozur, davamlı neqativ gərginlik yaradır. Məsələn, "nostalji" kəliməsini xatırlayaq. Sözün kökü "nostos" qədim yunancada "qayıdış" deməkdir. "Algos" isə "hüzün" mənasındadır. Yəni nostalgiya keçmişə qayıdış arzusundan qaynaqlanan və qarşılıq tapa bilməyən bir hüzün, hətta əzab çəkmək deməkdir. Təbii ki, nostalji lazımdır. Amma hərlənib fırlanıb qarşılıq tapa bilmədiyin zamana qayıtmaq, bir qucaq hüzünlə indiki ana dönməyə gərək varmı?

Jurnalist mənə o sualı verməsəydi, yəqin həmin yazı ilə bağlı yaddaşımı bu qədər qurdalamayacaqdım. Beynimin yaddaşıma verdiyi əmrin bu cür qüsursuz şəkildə icra olunmasından xəbər tutmayacaqdım.

Həqiqətən, kim idi o adam?

 





23.05.2021    çap et  çap et