525.Az

Mən qızıma nağıl danışmayacam - Aytac Sahəddən yeni yazı


 

Mən qızıma nağıl danışmayacam - <b style="color:red">Aytac Sahəddən yeni yazı </b>

Nağılların ən məşhur obrazlarından biri də Ağ atlı oğlan obrazıdır. Necə də estetik səslənir: Ağ atlı oğlan. Görəsən, ilk dəfə bunu kim düşünüb? Niyə məhz ağ at? Həmişə mənə maraqlıdır. Yəqin ki, bir çox hallarda şahzadə kimi təsvir olunan oğlana piyada gəlməyi rəva bilməyiblər, atı da buna görə uydurublar. Hər nəysə.

Ancaq elə gözəl uydurublar ki, bir çox qız uşaqkən nağıllardan tanıdığı bu obraza, yetkin qadın olsa belə, sadiq qalıb, ağlının bir küncündə onu yaşadıb və bir gün gələcəyinə inanıb.

Mən heç vaxt sevməmişəm bu obrazı. Nə uşaqkən, nə də indi. Heç gələcəkdə qızımı da sevməyə qoymayacam. Əgər bir qız anası olaramsa. Mən qızıma içində ağ atlı şahzadənin olduğu nağıllar danışmayacam. Çünki mən qızımı ağ atlı şahzadənin ümidinə qoya bilmərəm. Məncə, İnsan özü özünün xilaskarı olmalıdır - fərqi yoxdur, kişi, yoxsa qadın. Bir kişinin bir gün gəlib onun bütün həyatını dəyişəcəyini gözləmək bu ümidlə yaşamaq mənə qəribə gəlir.  Elə bilirsiniz ki, belə qızlar, qadınlar yoxdur? O qədər var ki. Təbii ki, biz kimin kimi gözləyəcəyinə, yaxud da həyatını hansı ümidlər üzərində quracağına qarışa bilmərik. Ancaq reallığın da haqqını vermək lazımdır. Bu günün qadını o nağılların uydurulduğu vaxtda yaşayan qadınlardan deyil. Bu gün qadının cəmiyyətdəki rolu fərqlidir. Bu gün qadın şahzadəsiz də öz həyatını qura bilər. Fikir vermişəm, öz ayaqları üzərində dayanmağı bacaran güclü qadınlar ailə qurarkən qarşı tərəfdən şahzadə olmağı gözləmir. Çünki maddi müstəqilliyə və mənəvi gücə malik qadın həyata daha real baxır. Real baxdıqları üçün də nağıl qəhrəmanlarına onların həyatında yer olmur. Nədənsə çox vaxt əks cinsin güclü qadından qorxduğunu görürük. Halbuki belə qadınlar yıxılanda həyat yoldaşının ən möhkəm dayağı olur. Onların sevgisi də həqiqidir. Çünki onların kiminsə puluna, yaxud statusunun gücünə ehtiyacları yoxdur. Ona görə də sevgilərinin kökündə ehtiyacın gətirdiyi möhtaclıq yoxdur. Əksinə, bir həyatı bütün çətinlikləri ilə bölüşə biləcək bir gücə sahibdirlər.

İlber Ortaylın "Bir ömür nasıl yaşanır" kitabında yazıçı Yaşar Kamalla xanımının həyat hekayəsini oxumuşdum və mənə çox təsir etmişdi. Həmin hekayədə deyilirdi ki, Kamal Yaşarın xanımı Tilda Serrero Osmanlı sarayından baş həkim olan Jak Mandil Paşanın ailəsində anadan olub. Yaşar Kamal isə Türkiyənin ucqar kəndlərindən birində, bir kürd ailəsində doğulub. Yaşar uşaq olanda atası dünyasını dəyişib, üstəlik, yeniyetmə vaxtı keçirdiyi bir qəzada  gözünün birini itirib. Bir sözlə, çətinlik və səfalətlə keçən bir həyat. Belə bir həyat yaşayan Kamalın qarşısına Tilda kimi bir qadın çıxır və bu qadın bütün çətinliklərə rəğmən, bu adamı sevir. Tilda Yaşarın ən böyük dəstəkçisi idi desək, yanılmarıq.

Yaşar Kamal xarici dil bilmirdi, Tilda isə fransız, ingilis dillərini bilirdi, bu dillərdən dayanmadan yeni əsərlər oxuyub Yaşar Kamala danışırdı. Bundan əlavə, Tilda Serrero Yaşar Kamalın yazdığı romanları aylarla, hətta illərlə zamanını sərf edərək ingilis dilinə tərcümə edir, həyat yoldaşının əsərlərini çap etdirmək üçün ölkələr gəzir, var-dövlətini xəsislik etmədən bu işlərə sərf edirdi. Bir sözlə, bu gün Yaşar Kamal imzası adı altında oxuduğumuz hər əsərdə bu güclü qadının da görünməyən imzası var.

Əgər mən gələcəkdə qızıma bir sevgi hekayəsi danışsam, yəqin ki, bu hekayəni danışaram, nəinki ağ atlı şahzadə gözləyən qızın nağılını. Çünki mən qızımı Rapunzel kimi bir qalada xilaskarını gözləyən qız kimi yox, Tilda kimi güclü görmək istəyərəm. Onun qarşısına Yaşar Kamal çıxmasa belə.

 





22.05.2021    çap et  çap et