Balaxanım nənədən danışmaq düşüb könlümə... Cəmi bir dəfə gördüyüm, iki il öncə itirdiyimiz laçınlı Balaxanım nənə... Rəşad Məcidin nənəsi... Rəşad müəllimin dilindən düşməyən Laçındakı Ağoğlan kəndində ömür sürmüş, son illərini məlum səbəbdən Bakıda yaşamağa məhkum qalmış bəy qızı Balaxanım nənə...
Dünyadan vətən həsrətiylə köçənlərdən biridir o. İlk və son söhbətimizdə başdan-axıracan elə Laçından, ordakı evindən, həyətindəki ağaclardan, daşından-divarından danışmışdı. Halbuki mən ondan bir yazı səbəbiylə Rəşad Məcidin uşaqlıq illərini xəbər almışdım. O isə Rəşad Məcidin 1964-cü ilin avqustunda doğulduğu Laçının Ağoğlan kəndindəki evdən, həmin günlərdən başlamış, çəkdiyi vətən həsrətinə qədər hər şeydən danışmışdı.
Yaşı yüzə yaxınlaşırdı. Mən onu görəndə yerinin içində bir yumaq kimi oturmuşdu. Düzü, onu elə görüb, danışdırmaq fikrindən bir anlıq daşınmaq istəmişdim. Rəşad müəllimin xalaları ürəkləndirmişdilər məni, "Balaxanım nənənin danışmaqla, özü də obrazlı, bəlağətli, maraqlı danışmaqla arası yaxşıdır" deyərək. Mən də çarpayının sağındakı küncdə qıvrılıb əllərini tutmuşdum. Hal-əhvaldan sonra kimliyimi, niyə gəldiyimi bilib sanki canlanmış, ağrılarını, süstlüyünü də unutmuşdu, yaşına yaraşmayan qıvraqlıqla başlamışdı danışmağa, xırdaca gözləri dola-dola anlatmağa.
"Rəşad bizim evdə, Laçında, Ağoğlanda doğulub. Kişi elə sevinmişdi ki, o doğulanda. Bax bu sinəmin üstündə saxlamışam, qucağımda böyütmüşəm Rəşadı" - deyib yenə də qucağında körpə varmış kimi əllərini sinəsinə sıxmışdı. Sonra Ağoğlandakı evini xatırlayıb, susmuş, gözlərini uzaqlara dikmişdi. Sual verməmiş, müdaxilə etməmişdim sükutuna. Yenidən dillənəndə dediyi cümlədəki faktı əvvəldən bilsəm də, nənənin dilindən nəsə ayrı məna, ayrı duyğu süzülmüşdü sanki: "Sonra qırxı da çıxmamış körpəni cənnət kimi kənddən götürüb getdilər istinin cırhacırına..." Elə bil özünün və özü kimi qarabağlıların, laçınlıların məcburi köçünü deyirdi, o qırxı çıxmış körpəylə bərabər, özlərinin də halına yanırdı.

Ağoğlandan danışırdı Balaxanım nənə. Evlərinin həyətindəki yaşıl, uca ağaclardan, tutdan, gilasdan, onların cənnətdən köşəni xatırladan kölgəliklərindən və Rəşad Məcid də daxil olmaqla, nəvələrinin, qohum-qonşu uşaqlarının burda keçirtdiyi gözəl günlərdən elə şirin, elə kövrək bəhs edirdi ki, bilmirdin onu belə kövrəldən vətənin həsrətidir, ya keçmişin?! Yoxsa 25 illik bir keçmişdə qalan Vətənin?! Laçına, Ağoğlana həsrət idi Balaxanım nənə. Laçın kimi səfalı, gözəl, misilsiz təbiəti olan yerdən gəlib Bakının isti, səsli-küylü, neft qoxan havasına alışmaq asan olmamışdı, çox güman. Kim bilir, bəlkə də, heç alışmamışdı. Ona görə belə yana-yana, xırdaca gözləri dola-dola danışırdı Balaxanım nənə.
Laçın işğal olunandan sonra görməmişdi Balaxanım nənə Laçını. Heç xəbəri də yox idi Ağoğlandan, ordakı evindən, həyətindən, həyətindəki ağaclardan. Rəşad Məcid bir dəfə sosial şəbəkədə status yazmışdı ki, mən arabir "Google Map"də Laçının Ağoğlan kəndində doğulduğum evi - Balaxanım nənəmlə Halay babamın evini tapıram, onun uçuq-sökük divarlarına baxıram, amma xalalarım deyir ki, nənəyə göstərmə, pis olar. Mənə elə gəlir ki, onlar bu şəkilləri gizlətsələr də, Balaxanım nənə yüzlərlə kilometlər uzaqda olan evinin hənirini, ağrısını duya bilirdi. Bilirdi ki, evin "başı salamat deyil". Lap divarları yerində qalsaydı da belə, bu ev o ev deyildi. Canındakı ağrı Ağoğlanda o qədim evi, Bakıda isə o evin həsrətiylə yaşayan Balaxanım nənəni qocaltmamışdımı?! Nə yazıq ki, daha çox dözə bilmədi Balaxanım nənə bu ayrılığa. Ən azından ikicə il də səbri çatmadı. Hamımızdan qabaq tələsdi Laçına. Cismini apara bilməsə də, iki il öncə ruhuyla qovuşdu torpağına, evinə. Görəsən, o evi o cür görəndə nə hiss etdi? Ağrıdımı canı, yoxsa "uçuq da olsa öz divarım, öz həyətimdir" deyib rahat nəfəs aldı? Bəs bu evin şəklini ondan gizlədən övladlarından, nəvələrindən, incimədi ki? İnciməzdi, çox güman. Müdrik qadın idi Balaxanım nənə, anlayırdı onların qorxusunu, iztirabını.
Bəs indi? Balaxanım nənənin gedişindən heç iki il keçməmiş azad olundu Laçın da, Ağoğlan da, Ağoğlandakı o uçuq-sökük ev də. Bir neçə gün öncə həmin evin videosu da gəldi, Rəşad Məcid öz essesiylə o videonu şərh də elədi, ekranlardan da olsa, bizi Balaxanım nənənin eviylə tanış elədi. Onda bir daha xatırladım bunları və öz özümdən soruşdum: Görən, duydumu nənə baş verənləri, hiss etdimi yaxınlaşan doğma nəfəsləri?! Sevinirmi, şaddırmı, ruhu, nəhayət, rahatlıq tapa bilibmi?! Bəlkə elə Balaxanım nənə və onun kimi vətən həsrətiylə bu dünyadan köçən qarabağlıların, laçınlıların ruhu da kömək etdi bizə, ordumuza, onların torpağının harayına yetişən əsgərlərimizə?! Bəlkə elə bu böyük zəfərin mistik gücü həmin o gözəgörünməz kömək idi?! Kim bilir, bəlkə də...
çap et