525.Az

Məşhur bir yanlışa zəruri düzəliş - Münasibət


 

Məşhur bir yanlışa zəruri düzəliş - <b style="color:red">Münasibət </b>

1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində keçmiş SSRİ məkanında, o cümlədən, Azərbaycanda milli özünüdərk və milli dirçəliş ruhunun qüvvətlənməsi ilə müşayiət olunan tarixi proseslər ictimai-siyasi, ədəbi-mədəni mühitdə mövcud olan bir çox yasaqları aradan qaldırdığı kimi, mühacirət irsinin də obyektiv elmi tədqiqi üçün şərait yaratdı.

Azərbaycan mühacirət ədəbiyyatının ayrı-ayrı görkəmli nümayəndələrinin həyatı və yaradıcılığı haqqında qəzet və jurnal səhifələrində məqalələr dərc edilməyə, onların əsərlərindən örnəklərin ədəbi ictimaiyyətə təqdim olunmasına başlandı. Məhz belə bir dövrdə görkəmli alim, filologiya elmləri doktoru Vilayət Quliyev "Ədəbiyyat qəzeti"nin 15 mart 1991-ci il tarixli sayında "Əhməd Cəfəroğlu" adlı irihəcmli məqaləsini dərc etdirdi. Müəllif bu məqalədə mühacir alimin çoxcəhətli elmi fəaliyyətinin əsas yönləri, türk dili, ədəbiyyatı, mədəniyyəti, tarixi və etnoqrafiyası ilə bağlı araşdırmaları haqqında məlumat verir, onu "yaradıcılığı ensiklopedik xarakteri ilə seçilən", "dünya miqyasında tanınan və türkologiya elminin inkişafına istiqamət verən alimlərdən" biri kimi qiymətləndirir.

Lakin bu məqalədə bir faktoloji yanlışlığa yol verilmişdi. Müəllif yazır ki,  1946-cı ildə müəllimi Məhəmməd Fuad Köprülünün ölümündən sonra Ə.Cəfəroğlu onun yerinə İstanbul Universiteti Türk dili tarixi kafedrasının müdiri olmuş və həyatını bu vəzifədə (yəni 6 yanvar 1975-ci ildə) dəyişmişdir. Əslində isə M.F.Köprülü 1946-cı ildə deyil, 20 il sonra - 28 iyun 1966-cı ildə vəfat etmişdi. 1946-cı ildə İstanbul Universitetində kafedra müdiri vəzifəsindən ayrılması isə siyasi fəaliyyəti ilə əlaqədar idi. Həmin ildə məhz buna görə boş qalan vəzifəni Əhməd Cəfəroğlu tutmuşdu. 1950-ci ildə isə Türk dili tarixi kafedrasının bazasında Əski türk dili tarixi və Yeni türk dili tarixi kafedraları təşkil olunur. Əski türk dili tarixi kafedrasının müdiri vəzifəsinə Dr. Rəşid Rəhməti Arat (sonradan ord. prof. dr.), Yeni türk dili kafedrasının müdiri vəzifəsinə isə Ə.Cəfəroğlu gətirilir. Ə.Cəfəroğlu isə sözügedən kafedranın müdiri vəzifəsində, V.Quliyevin iddia etdiyi kimi, ömrünün sonuna qədər deyil, 1973-cü ilin iyun ayınadək - yəni pensiyaya çıxanadək çalışmışdı.

V.Quliyev sözügedən məqaləsini sonradan "Tarixdə iz qoyan şəxsiyyətlər" (Bakı: Ozan, 2001) və  "Son illərin yazıları" (Bakı: Ozan, 2009, elmi redaktoru və ön sözün müəllifi Asif Rüstəmli) kitablarına daxil etsə də, həmin yanlışlıq düzəldilməyib (1-ci kitab, s. 340; 2-ci kitab s. 87). Əhməd Cəfəroğlunun "Seçilmiş əsərləri"nin (Bakı: Mütərcim, 2008, tərtib edəni və ön sözün müəllifi V.Quliyev) ön sözündə də həmin fakt yer alıb (s. 9). Lakin məsələ bununla da bitmir. Məzkur fakt sonradan başqa kitablara da keçib. Belə ki, Ş.Həsənova "Mühacirət irsimizdən səhifələr" (Bakı: Maarif, 1995, elmi redaktoru: V.Quliyev) monoqrafiyasında (s. 26), həmin kitabın "Mühacirət irsimizin "Yurd bilgisi" (Bakı: Letterpress, 2014) adlı ikinci nəşrində (s. 40), professor Alxan Məmmədov isə "Azərbaycan mühacirət mətbuatına dair mühazirələr" adlı dərs vəsaitində (Bakı Universiteti nəşriyyatı, 2004) həmin yanlışlığı təkrarlayıblar (s. 56).

Ə.Cəfəroğlunu kafedra müdiri "təyin etmək üçün" F.Köprülünün ömrünü  "iyirmi il qısaldanların" siyahısı bununla bitmir. Bədirxan Əhmədov da xüsusi layihə üzrə hazırladığı "Azərbaycan mühacirət ədəbiyyatı" adlı eklektik kitabda (Bakı: Elm və təhsil, 2017, elmi redaktoru: fil.e.d.,prof. Şirindil Alışanlı), həmin yanlışlığı təkrar edir (s. 244).

2019-cu ildə Ə.Cəfəroğlunun 120 illik yubileyi münasibətilə müxtəlif mətbuat orqanlarında imzalı və imzasız dərc olunmuş tanıtma xarakterli bir sıra yazılarda da sözügedən fakt yer alıb.

Peşəkar tədqiqatçı olan V.Quliyevin məqaləsinə yuxarıda qeyd etdiyimiz yanlışlığın yol tapması sadəcə təəssüf doğurur. Lakin digərlərinin bunu tirajlaması isə acınacaqlı haldır. Bəzi redaktorların diqqətsizliyi, bəzilərinin isə "redaktə" etdikləri kitabın mahiyyətindən xəbərsizliyi də faktdır. İlkin mənbələri araşdırmaq əvəzinə, başqa müəlliflərin əsərlərini kompilyasiya etmək son vaxtlar geniş yayılıb. Bəziləri buna o qədər aludə olurlar ki, yanlışı da doğru kimi qələmə verirlər. Bu barədə digər yazılarımızda ətraflı bəhs edəcəyik.

 





23.05.2021    çap et  çap et