525.Az

Reykyavik görüşü: Tarix təkrar olunacaqmı?


 

Reykyavik görüşü: <b style="color:red">Tarix təkrar olunacaqmı?</b>

Beynəlxalq ictimaiyyətin səbirsizliklə gözlədiyi Entoni Blinken və Sergey Lavrov görüşü nəhayət, baş tutdu. Reykyavikdə ABŞ dövlət katibi ilə Rusiya xarici işlər nazirinin görüşünü yaxın tarixdə dərin izlər buraxmış Mixail Qorbaçovla Ronald Reyqanın görüşü ilə də müqayisə edənlər var.

İslandiyanın paytaxtı Reykyavikdə 11-12 oktyabr 1986-cı ildə Mixail Qorbaçovla Ronald Reyqan arasında keçirilən görüş dünya tarixində yeni bir mərhələnin başlanğıcı olmuşdu. Məhz bu görüşdən sonra iki böyük dövlət arasındakı silahlanma rəqabəti başa çatmışdı. Doğrudur, həmin görüşdə strateji hücum silahların ixtisarı ilə bağlı heç bir sənəd imzalanmamışdı, amma məhz Reykyavik danışıqlarında bu prosesin təməli qoyulmuşdu. Eyni zamanda, Mixail Qorbaçovla Ronald Reyqan arasında Reykyavik görüşü faktiki olaraq Moskva-Vaşinqton qarşıdurmasına son qoymuşdu. Son illər ABŞ-la Rusiya arasındakı münasibətlər "soyuq müharibə" dövründə olduğundan daha pisdir və bu, bütün beynəlxalq münasibətlərə mənfi təsir göstərir.

İslandiyanın paytaxtı Reykyavikin 35 il öncə olduğu kimi, bu gün də görüş yeri seçilməsi təsadüfi deyil. Bu şəhər Moskva və Vaşiqntondan demək olar ki, eyni məsafədə yerləşir. Bu məqam ilk baxışda rəmzi məna daşısa da, tərəflərin eyni statusa malik olduğuna işarədir. Buna görə də tərəflər məhz bu şəhərdə görüşməyə üstünlük veriblər.

ABŞ dövlət katibi ilə Rusiya xarici işlər nazirinin görüşünün nəticələri ilə bağlı tam dəqiq məlumat olmasa da, danışıqların baş tutmasının özü Moskva ilə Vaşinqton arasında hansısa anlaşmanın əldə olunacağına ümidlər yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqların konstruktiv keçməsi haqqında açıqlaması bu ümidləri xeyli gücləndirir. Dünyadakı nüvə silahının 90 faizinə malik olan iki dövlətin - Rusiya və ABŞ-ın münasibətlərindən bütövlükdə bəşəriyyətin taleyi asılı olduğu üçün Moskva ilə Vaşinqton arasında qarşıdurma hər kəsi narahat edir. Bu mənada, Entoni Blinkenlə Sergey Lavrov arasında görüşün konstruktiv keçməsi özü-özlüyündə bəşəriyyətin narahatlığını bir qədər azaldır. Ancaq bu görüşlə bütün anlaşılmazlıqların və fikir ayrılıqlarının aradan qalxacağını düşünmək də yanlış olardı. Xüsusilə də nəzərə almaq lazımdır ki, bu, dövlət başçılarının görüşü deyil, dövlət başçıları arasında danışıqları hazırlamaq üçün keçirilən görüşdür. Rusiya və ABŞ prezidentlərinin görüşünün yeri və zamanı ilə bağlı məsələyə Entoni Blinkenlə Sergey Lavrovun danışıqlarından sonra aydınlıq gətirilməyib. Rusiya xarici işlər naziri prezidentlərin görüşünün nə zaman və harada keçiriləcəyi ilə bağlı sualı cavablandırmayıb. Bu isə Moskva ilə Vaşinqton arasında prezidentlətin görüşü ilə bağlı fikir ayrılıqlarının tam aradan qalxmadığını göstərir.

 

ABŞ Dövlət Departamentindən Blinkenlə Lavrovun görüşü ilə bağlı verilən açıqlamada isə deyilir ki, dövlət katibi Rusiya həbsxanalarında olan iki Amerika vətəndaşının sərbəst buraxılmasını tələb edib və həbsdə olan müxalifət lideri Aleksey Navalnının səhhətinin vəziyyəti ilə bağlı narahatlığını bildirib. Eyni zamanda, o, Rusiya hakimiyyətinin "Azadlıq", "Azad Avropa" və "Amerikanın səsi" radioları bağlı siyasətini də tənqid edib. Bundan başqa, dövlət katibi Rusiyanın ABŞ-a və müttəfiqlərinə qarşı təcavüzkar addımlarının cavabsız qalmayacağını da rusiyalı həmkarının diqqətinə çatdırıb.

Entoni Blinken və Sergey Lavrov görüşü dəqiqləşmiş nəticələrlə başa çatmadığı kimi, ABŞ və Rusiya prezidentlərinin ehtimal olunan görüşünün də Vaşinqtonla Moskva arasında qarşıdurmaya son qoyacağını qəti şəkildə söyləmək mümkün deyil. Çünki prezident Co Baydenin Rusiyanın "Şimal axını-2" qaz kəmərinə qarşı yeni sanksiya tətbiq etmək istəməməsi ilə bağlı mediada yer alan məlumat konqresmenlərin ciddi narazılığına səbəb olub. Senator Cim Riş dövlət başçısının mövqeyini sərt tənqid edib və belə yanaşmanın ABŞ-ın maraqlarına uyğun olmadığını bildirib. Ümumiyyətlə, prezident Co Baydenin Qərbin siyasi dairələrində Rusiya ilə bağlı yaranmış rəyin əleyhinə gedərək Moskva ilə münasibətlərdə ciddi güzəştə gedə bilməyəcəyini tam əminliklə söyləmək olar. Rusiyanın nə qədər güzəştə gedə biləcəyi isə tam aydın deyil. Buna görə də yeni Reykyavik görüşünün 35 il öncə Mixail Qorbaçovla Ronald Reyqan arasındakı keçirilmiş görüş qədər effektli olmayacağını söyləmək mümkündür.

Entoni Blinkenlə Sergey Lavrovun Reykyavik görüşündə Ermənistan və Azərbaycan arasında münaqişənin müzakirə edilməsi haqqında da məlumat yayılıb. ABŞ və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri olduğu üçün Entoni Blinkenlə Sergey Lavrovun Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməsi sürpriz deyil. Ancaq müzakirənin məzmununun tam açıqlaması narahatlıq yaradır. Çünki Azərbaycanla Ermənistan arasında iki böyük dövlətin geniş müzakirəsinə səbəb olacaq vəziyyət artıq mövcud deyil. Mövcud olan problemlərin ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin xarici işlər naziri səviyyəsində müzakirəyə çıxarılması isə hazırkı məqamda arzuolunmazdır. 

 





24.05.2021    çap et  çap et