525.Az

Söz sözü çəkər... - Resenziya


 

MUXTAR KAZIMOĞLUNUN YENİ ÇAPDAN ÇIXMIŞ "SÖZ HAQQINDA SÖZ" KİTABI BARƏDƏ QEYDLƏR

Söz sözü çəkər... - <b style="color:red">Resenziya</b>

Müasir Azərbaycan filoloji fikrinin tanınmış simalarından biri olan akademik Muxtar Kazımoğlu-İmanovun "Söz haqqında söz" kitabı alimin son illər qələmə aldığı elmi və elmi-publisistik məqalələrini, müxtəlif mətbuat orqanlarında dərc edilmiş müsahibələrini əhatə edir.

Dövlətçilik düşüncəsi və folklor, müasir folklorşünaslığın nəzəri məsələləri, Azərbaycan dili və ədəbiyyatının aktual problemləri, Azərbaycan humanitariyasının görkəmli şəxsiyyətləri və onların elmi konsepsiyaları, klassik ədəbi irs, bədii tərcümə və s. mövzularda olan yazılar geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Muxtar Kazımoğlunun Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Kamal Abdulla kimi ədiblərin əsərləri üzərində təhlilləri, Azərbaycan folklorunun janr poetikası barədə nəzəri fikirləri yazılı ədəbiyyatımıza və folklorumuza müasir elmi yanaşmaları əks etdirir və həmin mövzularda yeni söz kimi diqqəti cəlb edir. 

Öncə qeyd edim ki, müəllifin kitabına "Söz haqqında söz" adı verməsi, təkcə sözün arxaik mədəniyyətlərdən, dindən üzü bəri bildiyimiz sakral və ali mahiyyətindən, "ilk əvvəl sözün olması", "dünyanın sözdən yaranması" kimi məşhur fikirlərdən və ya sözün ədəbi-bədii qavramından qaynaqlanmır, həm də Muxtar Kazımoğlu üçün "söz"ün məna tutumunun öz leksik anlamından, o cümlədən, burda ifadə edilən anlamlarından qat-qat artıq olmasından irəli gəlir. Təsadüfi deyil ki, Muxtar Kazımoğlunun həyatı və elmi fəaliyyətindən bəhs edən kitabın adı da "Yol və Söz" idi.     

Alimlər müəyyən etmişlər ki, məxluqatın ən ali mərtəbəsində dayanan müasir insanın formalaşmasında, bioloji növdən ictimai-psixoloji, mənəvi-mədəni varlığa çevrilməsində təkcə əmək, keyfiyyətli qida, anatomik üstünlüklər və sair bu kimi maddi amillər rol oynamayıb, insanlığın inkişafında məhz söz - danışa bilmək bacarığı əsas olub. Söz insana öyrənmək, öyrədə bilmək imkanı yaradıb. Sözün ortaya çıxması - danışıq qabiliyyətinin olması, sonra dil ümumiliyinin yaranması insanların daha böyük toplumlar halında birləşməsinə, müəyyən ideyaların, inamların daha geniş şəkildə yayılmasına səbəb olub. Beləliklə, tarixin qədim çağlarında adət-ənənələr, qayda-qanunlar, qazanılan biliklər, inamlar, təsəvvürlər sözdə (mifdə, nağılda, ata sözündə, tapmacada, dastanda və s.) yaşayaraq, daha üstün təsisatların, o cümlədən, siyasi birliklərin formalaşmasına ideya verib. Digər xalqlar kimi, türk xalqlarında da dövlətin təzahürü, cəmiyyətdə daha ali ideyanın, oturuşmuş ictimai davranış normalarının, insanlararası münasibətlərin nizamlanmasında mühüm rol oynayan mənəvi dəyərlərin mövcudluğu şəraitində mümkün olub. Muxtar Kazımoğlunun da kitabının "Dövətçilik düşüncəsi və folklor" adlı ilk yazısında qədim türklərdə dövlətin ortaya çıxması, ilk növbədə, Tanrı ideyasının proyeksiyası kimi  dəyərləndirilir. Akademikə görə, məhz Tanrı ideyası (və ya Göy Tanrı ideyası) dünyanın bir sakral idarəetmə sistemi olaraq, türk cəmiyyətinin vahid  qüvvə - xaqan ətrafında birləşməsinə və ciddi ierarxik sistem qurmasına təkan vermiş, bu işdə bir növ model rolu oynamışdır. Beləliklə, alim erkən dövlətlərin yaranmasını birbaşa xalqın inam sisteminə bağlayır: dövlət səmavi ierarxiyanın yerdəki təzahürü, proyeksiyası olduqda, xaqan missiyası da Tanrı missiyasına çevrilir, ordu isə ilahi ordu statusu qazanır. Muxtar Kazımoğlu yazır:  "Həm sosial qurum, həm coğrafi məkan, həm də hakimiyyət bu və ya digər dərəcədə ideallaşdırılıb göylər aləmi ilə əlaqələndirilirsə, ordunun "Tanrı ordusu" adlandırılması, bayrağın günəş rəmzi boz qurdla, savaş musiqisinin isə ildırım hamisi ilə əlaqələndirilməsi tamamilə təbiidir".

Muxtar Kazımoğlunun qənaətincə, epos dövlətçilik ideyalarını əks etdirən, yaşadan, vəsf edən mühüm mədəni təzahürdür. Yəni epos xalqın təkcə poetik yaradıcılıq imkanlarını əks etdirmir, xalqın sosial-siyasi iddialarını, inamını, mənəvi gücünü də özündə ehtiva edir. Muxtar Kazımoğluna görə, türk eposu ("Oğuz kağan", "Kitab-Dədə Qordud", "Alpamış" və b.) etnosun kosmik düşüncə modelini ritualda, süjetdə, motivdə, hətta mətnin strukturunda təqdim edə bilir. Türk (konkret halda Oğuz) eposu üçün səma - İlahi  aləm toxunulmazdır. Hər şey Tanrının istəyinə, iradəsinə, yazısına bağlanır. Bəndə süjetin qəhrəmanı olmaqla, nə qədər fiziki gücə, ağıla, mənəviyyata sahib olsa da, o, Tanrı - Allah qarşısında acizdir. Muxtar Kazımoğlunun qeyd etdiyi kimi, "dastanda bədii söz yerdən qabaq göyü, bəndədən qabaq Allahı, rəiyyətdən qabaq hökmdarı təqdim etməyə hesablanıb".

Muxtar Kazımoğlunun sözügedən yazısının məntiqi davamı kimi görünən "Dədə Qorqud" boylarında bəzi qaranlıq məqamlar" məqaləsində isə alimi  "Kitabi-Dədə Qorqud" mətnində qəhrəmanların "dəliliyinə" sübut kimi görünən məqamlar cəlb etmişdir. Quru çay üstündən körpü salmaq, bu körpüdən keçəndən üç, keçməyəndən döyə-döyə qırx ağça almaq, zifaf gecəsi nişanlısını tərk edib nə vaxtdan bəri dustaq yatan qardaşının dalınca getmək, söz verdiyi halda "kafir qızını" almamaq və s. bu qəbildən olan, əsl səbəbi alt qatda - mifik təsəvvürlərdə gizlənən  epizodlardır.

Bu kontekstdə danışarkən Muxtar Kazımoğlu Dəli Domrula və Beyrəyə geniş yer ayırır. Çünki Dəli Domrul da, Beyrək də mifik planda o dünyaya gedib qayıdan obrazlardır. Quru çay, körpü o dünyanın metaforası kimi Dəli Domrulun arxetipini müəyyən etməyə imkan verdiyi halda, Beyrəyə münasibətdə bu məsələ daha "üstü qapalı" haldadır. Epik struktur baxımından Beyrəyin dustaqlığı əslində, Beyrəyin epik sınağıdır. Muxtar Kazımoğlu Beyrəyin əsirliyini mif qatında "müvəqqəti ölüm" kimi dəyərləndirir. Həqiqətən də mifik struktur baxımından çox mürəkkəb obraz olan Beyrək "seçilmiş" olmasını sübut etmək üçün xaos aləminə gedib qayıtmalı idi. Əgər "Kitab"a diqqət etsək görərik ki, Beyrək Oğuz cəmiyyətində siyasi sabitliyi təmin edən, buna cavabdehlik daşıyan obrazdır. Oğuz törəsi pozulduqda (Qazan xanın qayda-qanunu pozaraq Dış Oğuzu evinin yağmalanmasına dəvət etmədikdə) Alp Aruzun Beyrəyi çağırıb öldürməsinin əsl səbəbi bu cavabdehlikdədir. Beyrəyin ölüb-dirilməsi və ya Muxtar Kazımoğlunun ifadə etdiyi şəkildə desək, kosmosdan xaosa, xaosdan kosmosa keçib yenidən doğulması ona müəyyən fövqəl, möcüzəvi keyfiyyətlər verir ki, onun da birini biz qanını sürtməklə atasının kor gözlərini sağaltmaqda  görürük. 

Epos mövzusundan bəhs edərkən mən bu kitabda Azərbaycan eposşünaslığının klassik və müasir mərhələsini təmsil edən iki böyük simasının elmi fəaliyyətindən bəhs edən yazıları xüsusi qeyd etmək istərdim: "Məmmədhüseyn Təhmasib və folklorumuzun ağrılı nöqtələri" və "Kamal Abdulla "Dansöküləni".  Muxtar Kazımoğlu göstərir ki, Azərbaycan folklorşünaslığında və ümumən Sovet folklorşünaslığında uzun müddət folklor anlayışının "ağız ədəbiyyatı", "şifahi xalq ədəbiyyatı" çərçivəsinə sıxışdırılması, onun bir çox vacib, o cümlədən, köklü məsələlərini bu elmin araşdırma müstəvisindən kənarda saxlayıb. Bununla belə, Məmmədhüseyn Təhmasib kimi alimlər bu çərçivədən kənara çıxmağı bacarmışdılar. Muxtar Kazımoğlunun fikrincə, Məmmədhüseyn Təhmasib folklorun yalnız xalq ədəbiyyatı ilə məhdudlaşmadığını, şifahilik ənənəsi əsasında yaranan müxtəlif sənət sahələrini əhatə etdiyini ciddi şəkildə nəzərə alırdı və onun üçün sinkretiklik, funksionallıq, mərasimlə bağlılıq folklorun ilkin mahiyyəti və təməl prinsiplərindən biri kimi çox mühüm idi. Konkret olaraq, Məmmədhüseyn Təhmasibin mərasim və mövsüm nəğmələrindən bəhs edən monoqrafiyasını dəyərləndirən Muxtar Kazımoğlu yazır ki, bu əsərində "Məmmədhüseyn Təhmasibi düşündürən əsas elmi problem indinin özündə belə çoxlarının əhəmiyyət vermədiyi, amma folklorun əlifbası olan bir məsələ - mətnin ifa kontekti məsələsi" olmuşdur.

Muxtar Kazımoğlu sözügedən yazıda uzun illərdən bəri mübahisə predmeti olan məsələyə - Məmmədhüseyn Təhmasibin  tərtibatında hazırlanmış "Koroğlu"ya da öz münasibətini bildirir. Bəllidir ki, Məmmədhüseyn Təhmasib çox çətin bir vaxtda - 1930-cu illərin sonunda, ölkədə sinfi ideologiya mübarizəsinin, siyasi repressiyanın tüğyan etdiyi bir vaxtda "Koroğlu"nun hakim ideologiyaya zidd olmayan və həm də kütləvi çap üçün nəzərdə tutulan mətni üzərində çalışıb. Təbii ki, eposun (və ümumən folklorun) tələb olunan tərtibi prinsiplərini bu şəraitdə tam olaraq gözləmək mümkünsüz idi. Məmmədhüseyn Təhmasib, Muxtar Kazımoğlunun ifadəsincə desək, "ayrı-ayrı söyləyicilərin dilindən yazıya alınan müxtəlif variantları tərtibçi süzgəcindən keçirib və əhvalatları oxucuya vahid təhkiyəci dilindən danışıb". Akademik haqlı olaraq qeyd edir ki, Məmmədhüseyn Təhmasib, nə qədər paradoksal görünsə də, bu gün uşaqdan-böyüyə hər kəsin sevə-sevə oxuduğu populyar nəşrini ortaya çıxarıb və "Koroğlu" dastanının ümummilli ixtifar mən-bəyi və milli kimlik aynası kimi yaşamasına şərait yaradıb. Və bu cür tərtibatların dünya folklorşünaslıq tarixində kifayət qədər numunəsi də vardır.

Folklor İnstitutu

Bu məqalədə həmçinin, Məmmədhüseyn Təhmasibin eposşünas kimi fəaliyyətinə ümumi qiymət verilir. Onun eposun strukturu, Azərbaycan dastanlarının təsnifi, variant və versiyaları, obrazlar sistemi, onların genezisi və tipologiyası, motivləri və s. mövzularda nəzəri fikirləri şərh olunur.  

Kitabda Kamal Abdullanın "Kitabi-Dədə Qorqud" poetikasına giriş" əsərinin təhlili üzərində qurulmuş "Kamal Abdulla "Dansöküləni" adlı məqalə xüsusi maraq doğurur. Kitab müəllifi Kamal Abdullanın mətnə yeni baxış və yanaşmasını təhlil edir, "mif dövrünün mətni" ilə "yazı dövrünün mətnini" bir-birindən fərqləndirən alimin qənaətlərinə münasibət bildirir. Muxtar Kazımoğlunun fikrincə, Kamal Abdulla bu əsərdə ilk öncə elə bir "ol zaman" axtarır ki, o zaman söz hələ bədiiyyatın, daha doğrusu, şüurlu poetik yaradıcılığın materialına çevrilməmişdi, metaforizmdən uzaq idi. Muxtar Kazımoğlu Kamal Abdullanın nəzəri fikirlərini şərh edərkən öz düşüncə və qənaətlərini qorqudşünas alimin baxışlarının təsdiqinə xidmət edən tezislər kimi bura əlavə edir. Kamal Abdullaya görə, mifin kökündə duran personafikasiya, hilezoizm, insanın özünə xas keyfiyyətləri və xüsusiyyətləri təbiət obyektlərinə şamil etməsi onun təbiətdən qorxusunu azaldırdı. Muxtar Kazımoğlu bu məsələyə - ilkin mif yaratmağa Kamal Abdullanın fikirlərindən doğan digər səbəblər də əlavə edir: "Deyimlər və süjet xətti - hər ikisi bir yerdə bu gün çox primitiv görünən bir məqsədə xidmət edir: ibtidai insanın ətraf aləm haqqında biliyini artırmaq, onun həyatını çətin sınaqlara hazırlamaq". Beləliklə, alimə görə, canlandırmaq, insaniləşdirmək ibtidai insana eyni zamanda, təbiətdə baş verənlərin, eləcə də insan-təbiət münasibətlərində baş verənlərin səbəbini "dərk etmək" və yozmaq (mif yaradıcılığı) imkanı verirdi. Muxtar Kazımoğluna görə, bu mərhələdə söz mif, deyim, ata sözü (əcdad sözü) olaraq sadə, lakin müqəddəs idi və məhz Kamal Abdullanın "Kitabi-Dədə Qorqud"da aşkarladığı "müstəqimiyyə" personafikasiya şəklində özü özlüyündə elə mifik "bədiipoetiklik"dir.  Beləliklə, söz - mif, epos, ata sözü, nəğmə ibtidai insanın sakral, sirli və ya qorxunc saydığı aləmlər haqqında təsəvvürlərinin obrazlı ifadəsi olub. Sözün sözügedən mərhələdə bütün poetik elementləri - qafiyə, alliterasiya, assonanslıq, təkrarlar və s. magik (ritual) səciyyə daşıyıb, magik təsir güçünün artırılmasına xidmət edib. Sözün magik gücünə inam sonra magik işarələri - ilk yazını ortaya çıxarıb. Yazı sözü (ilahi hökmü) "daşlaşdırmaqla", maddiləşdirməklə daha da gücləndirib, onu qaçınılmaz amilə çevirib. "Yazıya pozu yoxdur!", "Alnına belə yazılıb!", "Yazı yazan belə yazıb!" deyimlərində ifadə olunduğu kimi!  

Muxtar Kazımoğlunun elmi tədqiqatlarının ümumi səciyyəsindən çıxış etsək, deməliyik ki, akademik o alimlər sırasına aiddir ki, onlar mif, folklor və ya yazılı ədəbiyyat obrazlarının mahiyyətini və fəaliyyətlərinin mənasını insan psixologiyasının dərinliklərində axtarırlar. Muxtar Kazımoğlunun "Şifahi və yazılı ədəbiyyatımızda demonizm", "Nizami qəhrəmanlarının dialoji mahiyyəti" adlı yazılarını onun məhz bu istiqamətdəki nəzəri baxışlarını təqdim edən yeni məqalələr kimi dəyərləndirə bilərik. Muxtar Kazımoğluna görə, kosmos-xaos, sağ-sol, yuxarı-aşağı, pis-yaxşı, qadın-kişi, doğma-yad və s. kateqoriyalarda təzahür edən dualistik mifologiya bütövün (kosmosun, insan cəmiyyətinin, həyatın) dərkinə, eləcə də psixoloji qəbuluna xidmət edir. Muxtar Kazımoğluna görə, dualizm folklorun yalnız ideya istiqamətinin yox, həm də obrazlar sisteminin əsaslı mənbələrindən biridir. Bu baxış bucağından hər hansı folklor süjeti mif qatında bir obrazın özünün əks obrazı ilə kolliziyasıdır. Bunun folklor təzahürləri bəzən obrazın ikiləşməsində, qəhrəman-yalançı qəhrəman, hökmdar-təlxək, ağıllı-axmaq, mələk-iblis və s. bu kimi qarşıdurma modellərində qarşımıza çıxır. Bu kontekstdə Allah-iblis qarşıdurması daşıdığı məna və dramatizm baxımından alimin nəzərində fərqlənir.

Qeyd edək ki, tarixin müəyyən mərhələsində mif sakral dəyərini itirib "nağıllaşdıqca", folklor mətninə transformasiya olunduqca mifik obrazların ilkin xüsusi məna daşıyan keyfiyyətləri (fantastik, sinkretik, fiziki deformasiyalı, eybəcər, çoxorqanlı və s.) anlamını itirib demonizmin atributlarına çevrilirlər. Artıq qorxunc, mübhəm aləmlə insanın münasibətlərinin, eləcə də insan-cəmiyyət münasibətlərinin köhnə qaydalar, tabular, rituallarla "tənzimlənməsi" şeytanla işbirliyi, cadugərlik kimi qəbul olunur. Lakin köhnə tanrıların, kultların destuksiyası nəticəsində təkcə iblis, şeytan, əcinnə, alarvadı və ya "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz kimi müdhiş obrazlar yaranmır, eyni zamanda, insanların qarşısında bəzən gülüş doğuracaq səviyyədə aciz, axmaq və qeyri-mədəni obrazlar da ortaya çıxır.

Muxtar Kazımoğlu görə, əksər demonik obrazlardan fərqli olaraq şeytan müti, qorxaq və ağılsız deyildir. Əksinə, üsyankar, fəndgir, çox dərrakəli olan, lakin bu keyfiyyətlərini Allah-insan münasibətlərinin saflığını pozmağa yönəldən mürəkkəb obrazdır. Alimin qənaətincə, həm şifahi və həm yazılı ədəbiyyatda şeytan obrazı ikili mahiyyət daşıyır, onun simasında xeyirlə şər, yaxşı ilə yaman, qurmaqla dağıtmaq üzvi şəkildə birləşir. Muxtar Kazımoğlu folklordakı şeytan obrazında insanı mübarizəyə, qurub-yaratmağa həvəsləndirən bir "hərəkətverici qüvvə" də görür: Musa peyğəmbər bütün şeytanları bir quyuya doldurub ağzını bağlayaraq insanların qəlbinə girməsinin qarşısını aldıqda, insanların heç nəyə həvəsi qalmır, hamı ölüm haqqında düşünür və bütün fəaliyyətlərindən əl çəkirlər.

Folklorda insanın şeytanla qarşılaşması zamanı çox az hallarda gülüşün obyekti şeytan olur, adətən belə vəziyyətlərdə gülüş doğuran tamahgir, xudpəsənd insanın özüdür. Deməli, şeytan insan xislətindəki naqisliklərin personafikasiyasıdır. Bununla belə, Muxtar Kazımoğlu göstərir ki, folklorda şeytanın funksiyası "yalnız insan nanəcibliyini açıb göstərmək niyyəti" ilə məhdudlaşmır, şeytan obrazında həm də insanın Allahın buyruğundan qaçmaq, tabuların yaratdığı çərçivələri dağıtmaq kimi altşüurda gizli qalan istəyi təzahür edir. Folklorda yalan kimi şeytani bir keyfiyyət bəzən deyilməsi yasaq olan fikirlərin ifadəsinə xidmət edir. Bu səbəbdən Muxtar Kazımoğlu gülüşlə bağlı folklor qəhrəmanlarında - Keçəl obrazında, müəyyən hallarda Kəlniyyat, Molla Nəsrəddin, Hacı dayıda şeytan obrazının paradiqmasını görə bilir.

Bu təhlillər sırasında Muxtar Kazımoğlu Azərbaycan ədəbiyyatı klassiklərinin (C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid və b.) demonizm mövzusuna müraciət etməsinə xüsusi diqqət yetirir. İudaizmdə İdrak ağacının iblislə assosiasiya olunmasına diqqət çəkən alim vurğulayır ki, xeyir və şəri dərk etmək üçün "idak meyvəsindən" dadmağın İblis vasitəsilə mümkün olması ədəbiyyatda sonralar üsyankar ədəbi-estetik fikrin ideya mənbələrindən biri olub. "Qadağan meyvə" - insanın maraq göstərdiyi, yoxlamaq istədiyi, bilmək istədiyi "qadağan mövzuların" simvoluna çevrilib.

Bununla yanaşı, Muxtar Kazımoğlu Azərbaycan yazılı ədəbiyyatında demonizm mövzusundan orijinal istifadənin ilk rüşeymlərini Nizami yaradıcılığında aşkara çıxarır. Nizami iblisi (şəri) ayrıca obraz olaraq personifikasiya etdiyi kimi, folklorda obrazın ikiləşməsindən də istifadə edir: qəhrəmanla yanaşı yalançı qəhrəman obrazını yaradır, bundan əlavə, bir bədii üsul kimi ikiləşməni öz qəhrəmanının daxili aləmində təzahür etdirir.

Akademikin kitabda Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Firidun bəy Köçərli, Əmin Abid, Vəli Xuluflu və başqa mədəniyyət xadimlərimizin həyat və sənət mücadiləsindən bəhs edən yazılarında ("Milli mədəniyyət mücadiləsinin ibrət dərsləri", "Unudulmaz ədəbiyyatşünasın unudulması") isə Azərbaycan istiqlal məfkurəsinin XIX əsrin II yarısından XX əsrin  30-cu illərinə qədərki inkişaf yolu, dövrün, alimin öz sözləri ilə desək "mürəkkəb milli-filoloji prosesləri" kontekstində təhlil olunur. Bəhs olunan tarixi mərhəldə milli özünüdərk düşüncəsinin bir təzahür faktı kimi baş qaldıran milli mədəniyyət mücadiləsini, Muxtar  Kazımoğlu maarifçilik ideyalarının yayılması ilə sıx əlaqələndirir. Akademikə görə, maarifçilik bir mədəni-fəlsəfi hərəkat olaraq, xalqın taleyüklü məsələlərini ön plana çıxarır, milli mənlik şüurunun formalaşmasını və milli özünüdərki həlli vacib məsələlər sırasına daxil edir. Bu baxımdan Muxtar Kazımoğlu Mirzə Fətəli Axundzadənin Azərbaycan xalqının mədəni-ictimai fikir tarixindəki fəaliyyətinə onun elmi və ədəbi fəaliyyətindən də böyük əhəmiyyət verir: "Mirzə Fətəli Axundzadə irsi başqa cəhətləri ilə bir sırada (bəlkə onlardan da əvvəl!) milli özünüdərk düşüncəsini əks etdirmək baxımından əhəmiyyətli və qiymətlidir".

Muxtar Kazımoğlunun akademik İsa Həbibbəylinin elmi-nəzəri baxışlarının, xüsusən bu yaxınlarda ortaya qoyduğu və milli humanitariyamızda böyük rezonansa səbəb olmuş Azərbaycan ədəbiyyatını yeni dövrləşdirmə konsepsiyasının təhlilinə dair yazısına da onun milli-mədəni fikir tariximizlə bağlı araşdırmalarının davamı kimi baxa bilərik. Muxtar Kazımoğluna görə, Azərbaycanın siyasi tarixi kimi, onun ədəbiyyat tarixini də obyektiv şəkildə yazmaq və dəyərləndirmək üçün milli düşüncənin sərbəstliyi və ölkənin istiqlaliyyəti lazım idi. Milli-mədəni fikir tariximizin müasir mərhələsində biz bu şansı qazanmış və İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatını yeni dövrləşdirmə konsepsiyası nümunəsində reallaşdıra bilmişik. 

Muxtar Kazımoğlu sözügedən konsepsiyanın təqdim olunduğu əsəri - "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasını "çoxsaylı ciddi araşdırmalar müəllifi kimi tanınan İsa Həbibbəyli yaradıcılığının sıradan bir faktı yox, bu vaxta qədər neçə-neçə elmi məqalədən, neçə-neçə sanballı  monoqrafiyadan keçib gələn uğurlu bir elmi nəticəsi" kimi dəyərləndirir. Alimə görə, milli ideya ədəbiyyatımızın dəyərləndirilməsində, onun ümumi inkişaf mənzərəsinin yaradılmasında İsa Həbibbəylinin əsaslandığı əsas qayəni təşkil edir və onun irəli sürdüyü konsepsiyada Azərbaycan ədəbiyyatının zirvə nöqtələri xronologiya və yaradıcılıq faktları, sənətkarlıq vüsəti ilə yanaşı, məhz bu ideyadan çıxış etməklə müəyyənləşdirilir.

"Söz haqqında söz" kitabında oxucular həmçinin, Muxtar Kazımoğlunun dil və tərcümə problemlərinə həsr olunmuş "Dilimiz, nitqimiz, qayğılarımız", "Elmi əsər yazıçı tərcüməsində" adlı yazıları, eləcə də müasir Azərbaycan folklorşünaslığı və ədəbiyyatşünaslığının aktual məsələlərinə həsr olunmuş müsahibələri ilə tanış ola bilərlər.

Elçin ABBASOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





24.05.2021    çap et  çap et