525.Az

Əsl insan haqqında könül söhbəti - Xatirə


 

Əsl insan haqqında könül söhbəti - <b style="color:red">Xatirə</b>

Elə bil dünənlərdi...

Orta məktəbdə oxuyurdum. Mən də müəllimlərimizin öyrətdiklərini öyrənə-öyrənə ömrün sabahlarına uğur üstəydim. Hansı fənni çox sevirdim? Soruşan olsa, ayırd edə bilməzdim. Müəllimlərimdən eşitmişdim, atam da demişdi: "Sevdiyini kamil sev. Kamillik mənəvi zənginlikdi". Oxuduqlarımızı, öyrəndiklərimizi həm də bu kəlamın işığı bilirdik.

Elə bil dünənlərdi...

Nəriman müəllimin fizika dərsidi. Anam səssizlikdən, sakitlikdən söz düşəndə onu "qu desən, qulaq batar" kimi anladardı; Nəriman müəllimin dərsində ya özünün, ya da dərs danışan şagirdin səsindən savayı, heç nə eşidilməzdi. Heç kim dəcəllik etməzdi. Tənəffüslərdə, məktəbin həyətində Nəriman müəllimi görüncə hamı "özünü yığışdırırdı". Bu, qorxu deyildi, şagirdin müəllimə, müəllimin müəllimliyinə ehtiram idi...

Elə bil dünənlərdi. Nəriman müəllim mövzunu izah edir. O qədər həvəslə izah edir ki!

Nəriman müəllimdən öyrəndiklərimizi illər keçəndən sonra da unutmamışıq. İldırımı, şimşək çaxışını da, vakkumun nə olduğunu da, cisimlərin niyə üzdüyünü də, cazibə qanunun mahiyyətini də bizə Nəriman müəllim izah etmişdi...

Elə bil dünənlərdi...

Kim idi Nəriman müəllim? Zəngilanlıların yaddaşında necə qalıb?

1921-ci il mayın 9-da Zəngilan rayonunun Hacallı kəndində anadan olub.

Hərdən müxtəlif yerlərdə, müxtəlif adamlardan "Vətən nədi?" sualı səslənir. Kimi bilmək üçün soruşur, kimi bildiyini düşüncələrinə hopdurmaq üçün, kimi də Vətənin müqəddəsliyinin mütləq dərki üçün. "Doğulduğun kənddi Vətən" deyənlər də olur və bu ifadə "göz açıb gördüyüm torpaqdı, dağdı-daşdı, çeşmədi, bulaqdı..."; Nəriman müəllim Hacallı kəndini sevirdi, Zəngilanı sevirdi, Azərbaycanı sevirdi. Hərdən tay-tuşlarıyla, həmyaşıdlarıyla söhbətləşəndə "Süleyman Rüstəm "Cənnət görmək istəyən Azərbaycana gəlsin" deyib. Mən Azərbaycana gələnləri Zəngilana da dəvət edirəm. Gəlsinlər, burada cənnət görsünlər..." Bu, vətənsevərlikdi...

Nəriman Ağayev Pircivan orta məktəbini bitirib. 1940-cı ildə. Sentyabrdan 1941-ci ilə kimi Xurama ibtidai məktəbinə sinif müəllimi təyin edilib; Nəriman müəllim zamanında birinci sinfə bu məktəbdə gedib. 1941-ci ildə Bakıda 6 aylıq müəllimləri təkmilləşdirmə kursunu bitirib. Zəngilan rayon orta məktəbinə fizika-riyaziyyat müəllimi təyin edilib...

Böyük Vətən müharibəsi dünyanı da silkələdi, müharibəyə cəlb olunan dövlətlərin vətəndaşlarının taleyini də. Böyük Vətən müharibəsində milyonların ömrü tükəndi, milyonlar əsirlik ağrıları yaşadı. Nəriman müəllimin oğlu Şəmsi xatırlayır: "Müharibədən söz düşəndə atam qəhərlənərdi. Müharibəni də, faşizmi də, müharibəyə meyilliləri də lənətləyərdi. Ermənistan elan etmədən Azərbaycana qarşı müharibəyə başlayanda eyni lənətləri ermənilik ideoloqlarına, Ermənistanın dövlət başçılarına da ünvanlayırdı... "

 

Böyük Vətən müharibəsi iştirakçısıydı Nəriman müəllim.

İlk döyüşü 1943-cü ilin dekabr ayının 2-də olub. İlk döyüş həmişə həyəcan yaradır. Cəsarətlilərin həyəcanı tez sovuşur; əsgər Nəriman Ağayev beş-altı saniyə ötüşüncə döyüşə qoşulanların sırasındaydı. Şiddətli döyüş gedirdi. Müdafiə olunurdular. Nəriman sövq-təbii, hiss etdi ki, komandiri yaralandı. Atışa-atışa ona yaxınlaşdı. Yan-yörəsinə sancılan güllələrə məhəl qoymadan komandirini təhlükəsiz əraziyə çıxarda bildi...

Nəriman müəllim sonralar deyirmiş ki, belə məqamlarda komandir əsgər üçün Vətəndi, yəni komandir Vətəni təmsil edir. Əsgərin Vətənə sədaqəti həm də bu amillə ölçülməlidir. Nəriman Ağayevin əsgər - zabit münasibəti haqqında dedikləri orduda mənəvi-psixoloji hazırlığın səviyyəsini müəyyənləşdirən şərt kimi qəbul edilə bilər. Mən ehtiyatda olan polkovnik-leytenant kimi, Birinci Qrabağ müharibəsinin iştirakçısı kimi, o illərdə rayon ərazi özünümüdafiə taborunun komandiri, alay komandirinin müavini, nizami orduda hərbi hissə komandirinin müavini olmuş bir hərbçi kimi deyə bilərəm ki, bu xarakter Azərbaycan ordusunun gücüdür, qüdrətidir. Bu güc, bu qüdrət Vətən müharibəsində də təsdiqləndi: yaralı əsgəri döyüşdən çıxardan əsgər şəhid oldu, yaralı zabitin həyatını xilas edən əsgər ağır yaralandı. Nəriman müəllimin 65-70 il əvvəl dedikləri özünü 44 gün davam edən Vətən müharibəsində dəqiqliyi ilə doğrultdu. Yeri gəlmişkən, zəngilanlılar adından deyirəm: Ruhun şad olsun, Nəriman müəllim. Sən bizə təkcə fizikanı öyrətmədin, biz səndən Vətəni necə sevməyi də öyrəndik. Kəlamların əsgərlərin də, çağırışçıların da düşüncələrindədi...

1943-cü ilin ağır döyüşləri gedirdi. Bunu niyə xatırladım? - o illərdə də hər arzulayanı Sov. İPK-yə üzv qəbul etməzdilər. Komandirin zəmanəti ilə azərbaycanlı döyüşçü Nəriman Ağayevi döyüş ərəfəsində partiya sıralarına qəbul etdilər. Bu, Nərimanın qəhrəmanlıqla döyüşdüyünün təsdiqi deyilmi? Yığıncaqda komandiri belə demişdi: "Yoldaş Nəriman Ağayevə zəmanəti mən yox, onun özünün döyüşləri verir. İgidliklə döyüşür, hərbi anda sədaqətlidi..."

Halal ömür yaşayanların özlərinin yazdığı tərcümeyi-hal da tarixdi. Nəriman müəllim haqq-ədalət adamıydı. Onu yaxından tanıyanlar deyir ki, Nəriman müəllimin bir kəlamı da vardı: doğru sözün, dürüst sözün önündə boynum tükdən incədi; bu ifadəni dürüstlük düsturu bilirəm və bu qənaətimdə israrlıyam...

"1943-cü ildə hərbi hissəmiz Kuban çayı yaxınlığında, çöllərdə müdafiə döyüşləri aparırdı. Avqustun axırlarına yaxın Taman yarımadasında yüksəklikdə mövqe tutmuş almanları ordan uzaqlaşdırmaq, digər hərbi hissələrlə birlikdə Taman yarımadasını azad etmək, Azov dənizi sahillərinə çıxmaq, Krım yarımadasını da azad etmək əmri verildi. Əmri sentyabr ayında yerinə yetirdik... (Nəriman müəllimin tərcümeyi-halından).

Nəriman 1944-cü ilin əvvəllərində Ukraynada, sonra Polşada, Çexoslovakiyada döyüşüb...

Müharibənin qurtardığını 1945-ci ilin may ayının 8-də dan yeri qızaranda Praqa şəhəri yaxınlığında, şəhərin 60 kilometrliyində meşədə eşidiblər. Həmin gün yellərin zərrəcə çılğınlığı olmayıb, həmin gün ağacların xırdaca budaqları da, yarpaqları da nəvazişlə titrəyib. Bu fikri eşitsəydi, Nəriman müəllim gülümsünərdi, "Elədi, a Bayram, elədi. Təkcə budaqlar, yarpaqlar deyil, döyüşçülərin ürəkləri də elə titrəyirdi..." Ruhun şad olsun, Nəriman müəllim, 75 ildən sonra, oktyabrın 20-də Zəngilan işğaldan azad edildi, həmin titrəyişi biz də yaşadıq, bütün Azərbaycan yaşadı...

Böyük Vətən müharibəsi başa çatdı. Döyüşənlər - döyüşçülər tərxis edildi. Leytenant Nəriman Ağayev də tərxis edildi...

Zəngilan rayon Hərbi Komissarlığının verdiyi arayışda qeyd edilir ki, ehtiyatda olan leytenant Nəriman Ağayev döyüşdə yaralanıb, müalicədən sonra döyüşlərdə yenə iştirak edib. II və III dərəcəli "Şöhrət", "Qırmızı Ulduz", "Böyük Vətən müharibəsi" ordenləriylə, neçə-neçə medallarla təltif edilib...

1946-cı ilin yanvar ayının 1-dən Hacallı 7 illik məktəbində dərs hissə müdiri, fizika-riyaziyyat müəllimi işləyib.

1946-1950-ci illərdə indiki Pedaqoji Universitetdə təhsil aldıqdan sonra Zəngilan rayonunun Xanlıq kənd orta məktəbinə (1952-ci ildən Qubadlının inzibati ərazisinə daxil edilib) müəllim göndərilib. 1950-ci ilin martından 1951-ci ilə kimi məktəbdə fizika-riyaziyyat müəllimi işləyib. Elə ilk gündən yüksək enerji, bitib-tükənməz həvəs və müəllimlik peşəsinə məhəbbətilə fizikanı tədris etməsi onu nəinki şagirdlərin, həm də müəllimlərin sevimlisinə çevirib.

İşgüzarlığı, təşkilatçılıq bacarığı perspektivli kadr olması haqqında rayon rəhbərliyində ümidi artırmış, inamı yüksəltmişdi. Buna görə də rayon partiya komitəsinin təşəbbüsü və zəmanəti ilə rayon Xalq Maarifi Şöbəsinin müdiri təyin edilib. Həm yaxşı müəllim, həm də yaxşı təşkilatçı olmaq çətindi. Nəriman müəllim həm yaxşı müəllim olub, həm də yaxşı təşkilatçı. Etiraf edək ki, o illərdə Sovet ideologiyası bu kimi xarakterə, həm də səbatlığa malik olmayan kadrın məsul vəzifələrə təyin edilməsinə imkan verməzdi. Nəriman Ağayev 1952-ci ildə Zəngilan rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə irəli çəkilib. Bu etimad həmişə məsuliyyətlə işləyən Nəriman müəllimin tələbkarlığını da artırıb, insanlara sevgisini də. Bu sevgi xarakter bütövlüyünə bələd olduğu kadrın vəzifəyə təyinində başlıca şərt olub.

1955-ci ilin may ayından 1957-ci ilin noyabrına kimi rayon Partiya Komitəsinin birinci katibi olub. Gənc olmasına baxmayaraq, çox dəqiq, yüksək nizam-intizamı, tələbkarlığı, qətiyyəti, düzgünlüyü ilə rayon ictimaiyyətinin hörmətini qazanmışdı. Yaddaşlarda qalan xatirələri bu gün gənc nəsil üçün əsl örnək və həyat məktəbidir.

Sovet dönəmi "baş üst"lər dönəmi idi", "yüz qoyundan 150 quzu almaq" dönəmi idi, tribunalardan partiyanın istənilən qərarına "urra" deyilən çağlar idi, bəzən "qaraya ağ" deyilməli vaxtlar idi. Nəriman Ağayev dövrün bu "dəyirmanına dən ola bilmədi, olmağı bacarmadı"; plenumun qərarı ilə vəzifəsindən azad edilib, Zəngilan şəhər 1 saylı orta məktəbdə müəllim təyin edilib. Doğrudur, az sonra həmin məktəbin direktoru olub, ancaq birinci katibin sıravi müəllim təyin olunması dövrün ideoloji "gecə korluğuydu"...

Yeri gəlmişkən, Zəngilan şəhər orta məktəbi rayonda təhsilin inkişafında olduqca əhəmiyyətli rol oynamışdır. Nəriman müəllimin pedaqoji fəaliyyəti dövründə daim işgüzarlığı, yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirməsi sayəsində məktəbin maddi-texniki və tədris bazası möhkəmlənmiş, pedaqoji kollektivin bacarığı və səyi nəticəsində təhsilin səviyyəsi qibtə ediləcək səviyyədə yüksəldiyinə görə məktəbin məzunlarının təxminən 80 faizi ali və orta ixtisas məktəblərinə qəbul olurdular. Onların böyük bir hissəsinin dəqiq elmləri tələb edən ixtisasları seçməsi və sonradan tanınmış səxsiyyət kimi formalaşması da Nəriman müəllimin ustad müəllimliyindən irəli gəldiyinin əyani təsdiqidir. Bu məktəbdə diqqətəlayiq əməyi olan direktorlar arasında onun xüsusi rolu və səmərəli fəaliyyəti bu gün də minnətdarlıqla xatırlanır.

Müharibə və əmək veteranı, müəllimlər müəllimi olan Nəriman müəllim Tanrının ona bəxş etdiyi bu adı həmişə şərəflə doğrultdu. Maarif sahəsində qazandığı uğurlara görə "Qabaqcıl maarif xadimi" və "SSRİ maarif əlaçısı" döş nişanı ilə təltif edilib.

Mənəviyyatca, əqidəcə saf, düzgün, tədbirli, təəssübkeş, təmsil etdiyi el-oba haqqında xoş və yaddaqalan təəssürat formalaşdırmağı bacaran, əsl ağsaqqal və ziyalı olan Nəriman müəllim beşi də ali təhsilli iki oğul, üç qız atasıydı...

Əsl insan haqqında həmişə mənəvi borc kimi danışılır...

 





25.05.2021    çap et  çap et