525.Az

“Dünyada söz olmasa, nəyə gərək düşüncə” adlı Festivala start verildi


 

“Dünyada söz olmasa, nəyə gərək  düşüncə” adlı Festivala start verildi<b style="color:red"></b>

“Nizami Gəncəvi ili” çərçivəsində “Dünyada söz olmasa, nəyə gərək  düşüncə” adlı onlayn Festivala start verildi.    

525.az xəbər verir ki, bu il dahi şair və mütəfəkkir, qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.    

Nizami Gəncəvinin 880 - illik yubileyi  münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında  Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tədbirlər planına əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanası bir sıra layihə və tədbirlər həyata keçirir.                                                                  

Dünya mədəniyyət tarixinin zənginliyi sonsuz bir ümmanı xatırladır. Bu sonsuz ümman insan zəkasının bəhrəsi olan nadir elm,  fəlsəfə  və sənət inciləri ilə dolu zəngin xəzinədir. İnsanlığın dərin ehtiram və məhəbbətlə qoruyub saxladığı və yaşatdığı bu mənəvi mədəniyyət xəzinəsində orta əsr Azərbaycan  fəlsəfə poeziyasının ən görkəmli nümayəndəsi, Şərqi və Qərbi əsrlər boyu məftun etmiş Nizami Gəncəvinin insanpərvər yaradıcılığı xüsusi yer tutur. Nizami Gəncəvi humanist, mütəfəkkir şair kimi şöhrət qazanmış, əsərləri dünya bədii söz xəzinəsinin incisi kimi sənət sərraflarının diqqətini cəlb edib. Nizami Gəncəvi əsərlərində qaldırdığı bəşəri ideyalarla bir-birini əvəz edən bütün nəsillərin, eləcə də bizim mənəvi müasirimizdir.     Azərbaycan ədəbiyyatı böyük Nizamiyə qədər mürəkkəb və şərəfli yol keçmişdir. “Kitabi Dədə Qorqud” kimi möhtəşəm  bir abidə ilə təmsil olunan söz sənətinin ən layiqli varisi olaraq meydana çıxan  Nizami Gəncəvi özünəqədərki mədəniyyəti əlçatmaz zirvəyə qaldırmışdır. Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmandır. Mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan  bu poeziyada insan yerlərin və göylərin sirlərini öyrənməyə, dərk etməyə həyatını öyrəndiklərinə uyğun qurmağa çalışan fəal bir şəxsiyyətdir. Bəli, Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası təşkilatçılığı ilə Azərbaycan və dünya ədəbiyyat xəzinəsinə çox dəyərli töhfələr verən dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş carı ilin 06 – 10 dekabr tarixlərində keçiriləcək “Dünyada söz olmasa, nəyə gərək  düşüncə” adlı onlayn Festivala start verildi.    

Respublika Uşaq Kitabxanası 7-17 yaş arası  uşaq və yeniyetmələri Festivalda iştirak etməyə dəvət edir.     

Festival çərçivəsində:

6 dekabr  ”Nizami Gəncəvi əsərləri rəsmlərin dili ilə” adlı rəsm günü,
7 dekabr “Şairlər ustadı böyük Nizami” adlı şeir günü,
8 dekabr  “Nizami və musiqi dünyası” adlı musiqi günləri,
9 dekabr “Söz mülkünün ustadı” adlı ailəvi - onlayn  viktorina 
10 dekabr “Söz sənəti mülkünun sultanı” adlı elmi konfrans keçiriləcəkdir. 

İştirak etmək istəyənlər rəsmləri, şeir parçaları və musiqi ifalarını video təqdimat formatında dekabr ayının 1- nə kimi Respublika Uşaq Kitabxanasının elektron ünvanına  göndərməlidirlər.     

Festivalın  keçirilməsində əsas məqsəd qüdrətli söz və fikir ustadı Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını təbliğ etmək, həmçinin, mütəfəkkir şairin  sənətinin bir daha öyrənilməsi, tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.

Aşağıdakı link vasitəsi ilə Festivalın şərtləri ilə yaxından tanış ola bilərsiniz:
https://www.clb.az/dnyada-sz-olmasa-ny-grk-dnc-adl-onlayn-festival_d3171.html

 





25.05.2021    çap et  çap et