Emil Vaqif oğlu Qurbanov Vətənini canından əziz tutaraq İkinci Qarabağ müharibəsində tarix yazan igidlərdən oldu. Bu gün doğulub boya-başa çatdığı Lənkəranda adı çəkilən zaman hamı qürur hissi keçirir. Emil şəhidlik zirvəsinə ucalanda ömrünün 40-cı ilini yaşayırdı. O, həyatını Vətənə həsr edib bu işıqlı dünyadan köçdü.
Emil həyatı dərk edən gündən Vətənə bağlanır və bacardıqca yaxşı işlər görməyi özünə ali məqsəd seçir. Orta təhsilini başa vurub Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı ixtisasına daxil olur. Emil ali məktəbdə seçilir, çoxunun sevimlisi olur. Universiteti bitirəndə isə xalqına fayda vermək əzmi ona işıqlı sabahların yolunu göstərir.
Emil 2002-ci ildə orduya yollanır, xidmət etdiyi hərbi hissədə mərd, cəsur, ağıllı və vətənpərvər gənc kimi tanınır. Baş leytenant rütbəsində ona həvalə olunan tağım komandiri vəzifəsini layiqincə yerinə yetirir. Tabeliyində olan əsgərlərə tələbkarlıqla yanaşaraq onlara böyük qardaş qayğısı göstərir.
Həqiqi hərbi xidmətdən sonra Emil Qurbanov Lənkəran şəhərində yerləşən Zirvə İdman Kompleksində baş məşqçi işləyir. Onun bütün arzularının zirvəsində xalqının xoşbəxtliyi durur. Elə bu nəcib məqsəd naminə bacarıqlı idmançılar yetişdirməyə çalışır. Ayrı-ayrı illərdə ağırlıq qaldırma və güləş üzrə böyük müvəffəqiyyətlər əldə edir, müxtəlif mükafatlara layiq görülür. Nailiyyətləri artdıqca Lənkəranda insanların ona olan məhəbbəti də çoxalır. 2012-ci ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbə hərbi müəllimi və təlim-tərbiyə üzrə direktorun müavini vəzifəsinə göndərirlər. Burada da həvəslə çalışır, bir-birinin ardınca uğurlar qazanır.
Erməni işğalçıları ötən il sentyabrın 27-də Azərbaycan torpaqlarına təcavüz edəndə Emil könüllü olaraq cəbhəyə yollanır və düşməndən öz intiqamını alana qədər vuruşacağına söz verir. Müharibə meydanında qəhrəman komandir Emil yağının başına od ələyir, Qarabağın işğal altında olan strateji yüksəkliklərinin, yaşayış məntəqələrinin alınmasında iştirak edir, sözün əsl mənasında qəhrəmanlığı ilə tarix yazır. Yaxşı döyüşməklə bərabər, həm də dəfələrlə yaralı əsgərləri ağır müharibə meydanından çıxarır. O, Cəbrayılın, Qubadlının alınmasında daha çox fədakarlıq göstərir. Özü şəhid olsa da, hünəri, şücaəti komandirlə çiyin-çiyinə döyüşən silahdaşlarını qələbəyə doğru aparır...
Şəhid baş leytenantın həyat yoldaşı Vüsalə xanım deyir: "Emil ailəsinə bağlı olmaqla yanaşı, Vətənini, xalqını da çox sevirdi. İdmanda qazandığı uğurlara görə ona bütün Lənkəran camaatı hörmətlə yanaşırdı. Emil isə əlinə silah alıb döyüş meydanında olmaq, düşmənlə üz-üzə gəlib onu əzmək arzusu ilə yaşayırdı... Arzusunu yerinə yetirdi. Əvvəllər onu mənim qədər sevən yox idi. İndi bütün Azərbaycan öz igid oğlu ilə fəxr edir. Emilin ünvanına deyilən sözlər qəlbimi dağa döndərir. Emilin aldığı "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallara baxanda həmişə onun nurlu siması gözlərimdə canlanır.
Zəfər ORUCOĞLU