525.Az

Torpağı qanı ilə Vətən edən igid - Anım


 

Torpağı qanı ilə Vətən edən igid - <b style="color:red">Anım </b>

Emil  Vaqif oğlu  Qurbanov Vətənini canından əziz tutaraq İkinci Qarabağ  müharibəsində  tarix yazan igidlərdən oldu. Bu gün doğulub boya-başa çatdığı Lənkəranda adı çəkilən zaman  hamı qürur hissi keçirir. Emil şəhidlik zirvəsinə ucalanda  ömrünün 40-cı ilini yaşayırdı. O, həyatını  Vətənə həsr edib bu işıqlı dünyadan  köçdü.

Emil həyatı  dərk edən gündən Vətənə bağlanır və bacardıqca yaxşı işlər görməyi  özünə ali məqsəd seçir. Orta təhsilini başa vurub Lənkəran Dövlət Universitetinin  Fiziki tərbiyə  və gənclərin çağırışa qədərki hazırlığı ixtisasına daxil olur. Emil ali məktəbdə  seçilir, çoxunun sevimlisi olur.  Universiteti bitirəndə isə  xalqına fayda vermək əzmi ona işıqlı sabahların yolunu göstərir.

Emil 2002-ci ildə orduya yollanır, xidmət etdiyi hərbi hissədə mərd, cəsur, ağıllı və vətənpərvər gənc kimi tanınır.  Baş leytenant  rütbəsində ona həvalə olunan tağım komandiri vəzifəsini  layiqincə yerinə yetirir. Tabeliyində olan  əsgərlərə tələbkarlıqla  yanaşaraq  onlara  böyük qardaş qayğısı göstərir.

Həqiqi hərbi xidmətdən sonra Emil Qurbanov Lənkəran şəhərində yerləşən Zirvə İdman Kompleksində baş məşqçi işləyir. Onun bütün arzularının zirvəsində xalqının xoşbəxtliyi durur. Elə bu nəcib məqsəd naminə bacarıqlı idmançılar yetişdirməyə çalışır. Ayrı-ayrı illərdə ağırlıq qaldırma və güləş üzrə böyük müvəffəqiyyətlər əldə edir, müxtəlif mükafatlara layiq görülür. Nailiyyətləri artdıqca Lənkəranda insanların ona  olan məhəbbəti də çoxalır. 2012-ci ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbə hərbi müəllimi və təlim-tərbiyə üzrə direktorun müavini vəzifəsinə  göndərirlər.  Burada da həvəslə çalışır, bir-birinin ardınca uğurlar qazanır.

Erməni işğalçıları ötən il sentyabrın  27-də Azərbaycan torpaqlarına  təcavüz  edəndə Emil  könüllü  olaraq cəbhəyə yollanır və düşməndən öz intiqamını alana qədər  vuruşacağına söz verir. Müharibə meydanında qəhrəman komandir Emil  yağının başına od ələyir, Qarabağın işğal altında olan  strateji yüksəkliklərinin, yaşayış məntəqələrinin  alınmasında  iştirak edir, sözün əsl mənasında qəhrəmanlığı ilə tarix yazır. Yaxşı döyüşməklə bərabər, həm də dəfələrlə yaralı əsgərləri ağır müharibə meydanından  çıxarır.  O, Cəbrayılın, Qubadlının alınmasında daha çox fədakarlıq göstərir. Özü şəhid olsa da,  hünəri, şücaəti komandirlə çiyin-çiyinə  döyüşən silahdaşlarını  qələbəyə doğru aparır...

Şəhid baş leytenantın  həyat yoldaşı  Vüsalə xanım deyir: "Emil ailəsinə bağlı olmaqla yanaşı, Vətənini, xalqını da çox sevirdi. İdmanda qazandığı uğurlara görə ona bütün Lənkəran camaatı hörmətlə yanaşırdı. Emil isə əlinə silah alıb döyüş meydanında  olmaq, düşmənlə üz-üzə gəlib onu əzmək arzusu ilə yaşayırdı... Arzusunu yerinə yetirdi. Əvvəllər onu mənim qədər sevən yox idi. İndi bütün Azərbaycan  öz igid oğlu ilə fəxr edir. Emilin ünvanına deyilən sözlər qəlbimi dağa döndərir.  Emilin aldığı "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallara baxanda  həmişə onun nurlu siması gözlərimdə canlanır. 

Zəfər ORUCOĞLU

 





25.05.2021    çap et  çap et