|
|
|
|
Dövrümüzün yüksək templə daima inkişafda olan texnologiyaları onların tətbiqinə geniş meydan verən ölkələrdə aqrar sahənin də inqilabi sıçrayışları üçün yeni imkanlar açır.
Əvvəllər fantastik görünən səhnələr yaxın zamanlarda adi iş prosesi anlamına gələcək - məsafəli ötürücülər, peyklər, müstəqil robot texnikası, pilotsuz sistemlər sutkanın 24 saatında, istənilən hava şəraitində əkin və digər sahələrinə aid bütün informasiyanı toplaya, analiz edə və zəruri komandalar verə biləcək. Rəqəmsal texnologiyalar torpağın və bitkinin vəziyyətini, temperatur, nəmlik göstəricilərini, suvarma ardıcıllığını təhlil və əməli yollarla təmin etməklə, hələ ki, insanın çiyinlərinə düşən bu işləri sistemli şəkildə yerinə yetirəcək.
Respublikamızda bu texnologiyaların tətbiqinin sürətləndirilməsi baxımından, Almaniya Süni İntellektin Araşdırılması Mərkəzi ilə ölkəmizdəki Aqrar İnnovasiya Mərkəzi, Aqrar Tədqiqatlar Mərkəzi və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universieti arasında onlayn formatda keçirilən işgüzar görüş də təqdirəlayiq tədbir sayılmalıdır.
Görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin təhsil sektorunun müdiri Emin Əliyev aqrar sektorda həyata keçirilən rəqəmsallaşma tədbirlər, o cümlədən, "Ağıllı Kənd" konsepsiyası ilə bağlı aparılan tədqiqatlar haqqında məlumat verib.
Almaniya Süni İntellektin Araşdırılması Mərkəzinin "Ağıllı Kənd Texnologiyaları Mərkəzi"nin rəhbəri doktor Stefan Siene başçılıq etdiyi qurumun fəaliyyəti ilə yanaşı, Almaniyada sənaye sıçrayışlarının aqrar sektora təsiri ilə bağlı maraqlı tarixi ekskurslar ilə çıxış edib.
Aqrar İnnovasiya Mərkəzi, Aqrar Tədqiqatlar Mərkəzi və Azərbaycan Dövlət Aqrar Universietinin mütəxəssislərinin aqrar sektorun müxtəlif sahələri ilə bağlı təqdimatları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Samir Süleymanov öz təqdimatında Mərkəzin fəaliyyəti və qarşıda duran məqsədlərə toxunub və Azərbaycanda süni intellektin tətbiq edildiyi sahələr, gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə məlumat verib.
Azərbaycan Dövlət Aqrar Universitetin prorektoru Anar Hətəmov bu ali təhsil müəssisəsinin İnnovasiya Mərkəzi və start-up layihələri barədə tədbir iştiraçılarını məlumatlandırıb.
"Görüşdə o da vurğulandı ki, sözügedən sahəyə yönələn diqqət sayəsində, yaxın zamanlarda aqrar sektor ilə kibernetik və fiziki sistemlərinin sintezi nəticəsində daha yüksək nəticələr əldə etmək mümkün olacaq" - deyə, A. Hətəmov bildirib.
İşgüzar görüşdə həmçinin gələcək təcrübə mübadilələri haqqında fikir mübadiləsi də aparılıb. O cümlədən, Azərbaycan və Almaniya tələbə və mütəxəssislərinin aqrar proqramlaşdırma sahəsində birgə əməkdaşlığı məsələlərinə də toxunulub.
Zakir MURADOV
Gəncə