525.Az

Təhsildə qiymətləndirmə: yeni dövrün labüd çağırışları


 

QABAQCIL ALİ TƏHSİL MÜƏSSİSƏSİ OLAN UNEC BU İSTİQAMƏTDƏ DƏ YENİLİKÇİ FƏALİYYƏT SƏRGİLƏYİR

Təhsildə qiymətləndirmə: <b style="color:red">yeni dövrün labüd çağırışları</b>

Azərbaycanda uzun illərdən bəri cəmiyyətin diqqət mərkəzində olan əsas məsələlərdən biri də təhsilin keyfiyyətidir. Artıq il yarımdır ki, dünyanı bürüyən koronavirus pandemiyası bu problemin bir qədər də artmasına səbəb olub.

Təhlillər, müşahidələr və mütəxəssislərin rəyləri göstərir ki, təhsilin bütün pillələrində mövcud olan keyfiyyət probleminin əsas səbəblərindən biri də qiymətləndirmədə yalnız test üsulundan istifadə olunmasıdır. Orta təhsildə bu, özünü daha çox şagirdlərin mütaliə maraqlarının və imkanlarının azalmasında, dünyagörüşlərinin inkişaf etməməsində, əzbərçiliyə meyillənməsində və beləliklə, öyrəndiklərini təhlil, tətbiq qabiliyyətlərinin formalaşmamasında göstərir.

Ali təhsildə isə problem daha ciddi şəkildə özünü büruzə verir. Tələbələrin biliklərinin yalnız test üsulu ilə qiymətləndirilməsi onların təfəkkürünün, mühakimə yürütmək qabiliyyətinin, sintez, qiymətləndirmə bacarıqlarının inkişafdan qalmasına səbəb olur.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Menecment" kafedrasının dosenti, İqtisad elmi üzrə fəlsəfə doktoru İsmayıl İsmayılov deyir ki, qiymətləndirmədə istifadə edilən test suallarının (bir çox hallarda cavabları ilə birlikdə) əvvəlcədən tələbələrə verilməsi isə onların əksəriyyətinin tədris olunan fənlərə belə hazırlaşmamasına, kitablardan ümumiyyətlə istifadə etməməsinə və beləliklə də seçdikləri ixtisaslar üzrə mütəxəssis kimi formalaşa bilməmələrinə gətirib çıxarır. Təsadüfi deyil ki, müxtəlif qurumlar tərəfindən aparılan monitorinqlər bu gün Azərbaycanda ali təhsil müəssisələrinin bitirənlərin əksəriyyətinin - təxminən 60 faizinin hətta yerli əmək bazarının minimum tələblərinə cavab vermədiyini göstərir: "Başqa sözlə, ali təhsil müəssisələrimizin hələ də böyük ölçüdə mütəxəssis yetişdirə bilmədiyini, sadəcə diplom verməklə məşğul olduğunu deyə bilərik. Belə bir vəziyyətin yaranmasının obyektiv səbəblərinin olduğunu, əlbəttə, bilirik. Sovet təhsil sistemindən miras qalan və müstəqilliyin ilk 10-15 ilində daha da güclənən ali təhsildəki rüşvət sisteminin dağıdılması, müəllim-tələbə münasibətlərində şəffaflığın yaradılması baxımından qiymətləndirmədə mərkəzləşdirilmiş test üsulundan istifadə ən optimal seçim olub. Ancaq məcburiyyətdən seçilmiş bu üsulun uzun müddət davam etdirilməsi cəmiyyətimizi daha ciddi problemlərlə üz-üzə qoymaqdadır. Buna görə də ali təhsil müəssisələrimizin mərhələli şəkildə qiymətləndirmədə test üsulundan imtina edərək, dünyanın aparıcı universitetlərində olduğu kimi, yazılı və hətta qeyri-ixtisas fənləri üzrə sosial şəbəkələr vasitəsilə canlı yayımlanan şifahi imtahanlara keçilməsi zəruridir, günümüzün tələbidir.

Yəni müəyyən sayda test suallarının cavabını əzbərlədiyi üçün ixtisasından xəbərsiz və ya qeyri-kafi biliklərə malik tələbələrə diplom vermək praktikasına son verilməlidir. Diplomu seçdiyi ixtisası hərtərəfli mənimsəmiş, beynəlxalq əmək bazarının tələblərinə cavab verən, mütəxəssis kimi hazırlanmış tələbələrin əldə etməsini təmin edən tədris və qiymətləndirmə üsullarına keçilməlidir".

İ.İsmayılovun sözlərinə görə, sevindirici haldır ki, artıq ali məktəblərdə də bu barədə düşünülür. Konkret olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli addımların atılması planlaşdırılır: "Bir müddət öncə UNEC rektoru, professor Ədalət Muradovun tələbə təşkilatlarının rəhbərləri ilə görüşündə səsləndirdiyi fikirlər bundan xəbər verir. Görüşdə tələbə təşkilatlarının rəhbərlərinin bütün suallarını cavablandıran professor Ədalət Muradov Azərbaycanda ali təhsildə mövcud olan problemləri aydın şəkildə göstərərək, UNEC-də artıq xeyli müddətdir ki, onların həlli istiqamətində düşünülmüş bir strategiyanın həyata keçirildiyini vurğulayıb. Son illər universitetdə həyata keçirilən islahatların, kompleks tədbirlərin nəhayi hədəfinin də məhz beynəlxalq əmək bazarının tələblərinə tam cavab verən mütəxəssis hazırlığını reallaşdıra bilmək imkanlarına sahib olmaq, məzunlarına diplom deyil, yüksək bilik vermək olduğunu açıqlayıb: "Bu məqsədlə UNEC-də reallaşdırılan işləri bir neçə istiqamətə ayırmaq olar.

 

Birincisi, tədris proqramlarının təkmilləşdirilməsi, UNEC-də tədrisin tanınmış universitetlərdə istifadə olunan proqramlara, sillabuslara uyğun həyata keçirilməsinin təmin edilməsi.

İkincisi, müəllimlərin vaxtaşırı öz ixtisasları üzrə xaricdən cəlb olunmuş tanınmış alimlərin, mütəxəssislərin treninqlərində, təlimlərində iştirakını təmin etməklə, onların hazırlıq səviyyəsinin yüksəldilməsi. Eləcə də xaricdə təhsil almış gənc mütəxəssis və alimlərin UNEC-də tədrisə cəlb olunması.

Üçüncüsü, bütün müəllimlərin elektron şəxsi kabinetlərinin yaradılması, bununla da onların tədrisi və elmi fəaliyyətlərin şəffaf şəkildə izlənilməsi. Eləcə də hər bir fənnin sillabusunun, müəllimlərin mühazirələrinin, mühazirələr əsasında "Power Point"də hazırlanan təqdimatların, keçirilən mühazirələr üzrə videodərslərin, əlavə olaraq 800-dən çox asinxron videodərs və digər tədris materiallarının şəxsi kabinetlərinə yerləşdirilərək tələbələr üçün əlçatanlığının təmin edilməsi.

Dördüncüsü, tələbələrin seçdikləri ixtisaslar üzrə hazırlığını yüksəltmək üçün onlara tədris olunan qeyri-ixtisas fənlərinin sayının minimuma salınması və beləliklə də, əlavə yüklənmələrinin qarşısının alınması.

Beşincisi, böyük kitab bazasına malik elektron kitabxananın yaradılaraq, tələbələrin fasiləsiz olaraq ondan istifadə etməsinə şəraitin yaradılması.

Altıncısı, tələbələrin daha mükəmməl və praktiki biliklər əldə etməsinə şərait yaratmaq üçün maddi-texniki bazanın gücləndirilməsini, fənn kabinetləri və laboratoriyaların yaradılmasını, son kurslarda təcrübəyə ayrılan vaxtın artırılmasını və sairi qeyd edə bilərik.

Eyni zamanda, tələbələrin bir sıra xarici ölkələrin tanınmış universitetləri ilə müştərək reallaşdırılan ikili diplom proqramlarında, müxtəlif təqaüd proqramlarında iştirakı üçün hərtərəfli şərait formalaşdırılıb.

Bir sözlə, UNEC-də qısa müddətdə tələbələrin yüksək təhsilə yiyələnməsini təmin etmək baxımından hərtərəfli şəraitin yaradıldığını söyləyə bilərik".

Dosent bildirib ki, pandemiya şərtləri yaradılan şəraitdən tələbələrin tam şəkildə istifadə etməsində müəyyən problem yaradır. Ancaq UNEC-də hələ pandemiyadan əvvəl təhsilin distant formada aparılması istiqamətində xeyli iş görüldüyündən, ötən müddətdə isə lazımi təkmilləşdirmələr həyata keçirildiyindən, müəyyən edilən çatışmazlıqların əksəriyyəti aradan qaldırıldığından, tələbələrin bilik əldə etməsinə hansısa ciddi bir maneənin qaldığını söyləmək mümkün deyil.

Bu baxımdan konkret olaraq İqtisad Universitetində tələbələri öz ixtisaslarına daha dərindən yiyələnmək, mütəxəssis kimi yetişməsinə səbəb olacaq qiymətləndirmə üsullarına keçilməsində obyektiv bir problem mövcud deyil: "Bir neçə ay əvvəl UNEC tələbələri arasında "Google" forum üzərindən  anonim sorğu keçirilib. 6270 tələbənin iştirak etdiyi sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb".

İ.İsmayılovun dediyinə görə, imtahanlar tələbənin rahat formada istədiyi qiyməti alması üçün deyil, biliyinin obyektiv qiymətləndirilməsi üçün keçirilir. Mövcud qiymətləndirmə obyektivliyi ciddi şübhə doğurduğundan, yeni qaydaların tətbiqi şərtdir, zəruridir: "Bunu sübut edən çoxsaylı göstəricilər var ki, məsələn, hətta əlaçı tələbələrin bir çoxunun öz ixtisasları ilə bağlı elementar biliklərə malik olmaması, müəllim və s. Ona görə də üzərində geniş dayanmağa lüzum görmürəm.

Bəziləri pandemiyanı əsas gətirərək, bu qərarın tətbiqini təxirə salmağı təklif edirlər. Ancaq əvvəla, pandemiyanın nə qədər davam edəcəyi bilinmir. Odur ki, pandemiyanı bəhanə gətirərək, təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən islahatları təxirə salmaq və ya sobataj etmək millətin gələcəyinə xəyanətdir!

İkincisi də verilən qərarda pandemiya şərtləri də nəzərə alınıb. Bildirilib ki, imtahan sualları yalnız sillabusda qeyd olunan mövzular üzrə tərtib olunacaq. İmtahanda sillabusdan kənar sual olarsa, bu zaman apellyasiya qərarı tələbənin xeyrinə həll ediləcək. Sillabusda qeyd olunan mövzular üzrə mühazirələr və əlavə materiallar müəllimlərin elektron kabinetlərində yerləşdirilib, tələbələrin istifadəsinə açıqdır. Eləcə də tələbələrin hansı kitablardan istifadə edə biləcəyi göstərilib və bu kitablar universitetin elektron kitabxanasında yerləşdirilib.

Ən əsası isə yalnız peşə kompetensiyaları tələb edən fənlər, yəni ixtisas fənləri üzrə imtahan suallar məxfi saxlanılacaq, digər fənlər üzrə imtahanlar əvvəlki qaydada təşkil ediləcək. Təkrar imtahanlara görə ödənişlər olmayacaq. Yəni universitet öz tələbələrinin seçdikləri ixtisaslar üzrə mükəmməl biliklərə yiyələnməsinə çalışır".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





25.05.2021    çap et  çap et