525.Az

Ciddi mövzuya səthi yanaşanda... - Münasibət


 

Ciddi mövzuya səthi yanaşanda... - <b style="color:red">Münasibət</b>

"525-ci qəzet"in 2021-ci il 19 may tarixli nömrəsində Rövşən Həsənli imzasıyla dərc olunmuş "Böyük vətənpərvərin tariximizdəki parlaq izləri" adlı məqaləni oxuyandan sonra ikili hiss keçirdim.

Bir tərəfdən, qəzetə və müəllifə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, folklorşünas, tərcüməçi, redaktor, naşir və ictimai xadim, istiqlal mücahidi Ceyhun Hacıbəylinin xatirəsini, anadan olmasının 130 illiyi münasibəti ilə, ehtiramla yad etdikləri üçün qəlbimdən minnətdarlıq  duyğuları keçdi, digər tərəfdənsə, beynimdə çoxlu suallar yarandı.

Belə ciddi bir mövzuya müraciət edən müəllif "Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"ndan, bu Sərəncamdan irəli gələn məsələlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin həyata keçirdiyi müvafiq tədbirlərdən, müxtəlif elm, təhsil qurumları  və digər təşkilatlarda təşkil olunan çoxsaylı konfrans və simpoziumlardan, Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən elmi, publisistik məqalələrdən, kitablardan, doğrudanmı xəbərsizdir?

Müəllif, özü də arxiv işçisi "Ceyhun bəy ədəbi-publisistik yaradıcılığına Peterburqa getməmişdən əvvəl, 1905-ci ildən başlamışdı. Həmin dövrdəki məqalələri, mətbu hekayələri, felyetonları yetərincə tədqiq olunmadığından, toplanmadığından pərakəndə haldadır" - cümlələrini yazmazdan əvvəl 30 il əvvələ yox, heç olmasa, son bir neçə ilin mediasına, yazılı və elektron KİV-ə nəzər salmayıbmı? Maraqlıdır, C.Hacıbəyli irsi "yetərincə tədqiq olunmayıb"sa, əsərləri "toplanmayıb"sa, o yazını yazan haradan bilir ki, Ceyhun bəy Xalq Cümhuriyyəti qurulana qədər "Kaspi", "Proqres", "Baku", "İrşad" və başqa qəzetlərlə əməkdaşlıq edərək, yüzlərlə publisistik məqalə, hekayə dərc etdirmiş, həm də həmin dövrdə "İzvestiya", "İttihad" qəzetlərinin redaktoru olmuşdu"? Və yaxud, əgər elədirsə, bəs yazı müəllifi haradan əldə edib C.Hacıbəylinin mühacirət dövrü ədəbi-pulisistik yaradıcılığı haqqındakı məlumatları?

İnsaf da yaxşı şeydir axı, adamın bu cümləni yazmağa əli necə gələr: "Amma onun rus və fransız dillərində xeyli məqalələri, əsərləri var ki, araşdırılması, tərcüməsi, çap edilməsi üçün hələ də öz fədakar tədqiqatçısını, naşirini gözləməkdədir". Min bir əziyyətlə, həm də təmənnasız (!) Ceyhun bəyin əvvəlcə hekayələrini, sonra "Bir il xəyallarda və bütöv bir ömür" adlı məşhur memuarını dilimizə tərcümə edən  peşəkar tərcüməçi Mirzəbala Əmrahovun bu zəhmətini dəyərləndirməmək olarmı?! Yəqin ki, səriştəli tərcüməçi Oktaedr Məmmədov bu cümləmə görə bağışlayar. Ceyhun Hacıbəylinin "Leyli və Məcnun" operası necə yarandı?" məqaləsinin tərcüməsini çətin maddi vəziyyətinə baxmayaraq, o, qonorarsız, bir qəpiksiz öz öhdəsinə götürmüş və məharətlə yerinə yetirmişdi. Bu diqqətsizlikdən Ceyhun bəyin irsi ilə məşğul olan tədqiqatçı alimlər Şamil Qurbanovun, Bayram Ağayevin, tərcüməçi Şamil Zamanın ruhu inciməzmi?! Ceyhun bəydən, onun irsindən bəhs edib bu əvəzsiz sərvəti Parisdən ağır şərtlər və şərait işərisində şəxsi vəsaiti hesabına gətirərək Milli Arxiv İdarəsinə təhvil verən, sözün bütün mənalarında fədakarlıq edən Ramiz Abutalıbovun adını çəkməmək olarmı?!

Təvazökarlıqdan kənara çıxsam da, bildirməliyəm ki, 30 ilə yaxındır, Ceyhun Hacıbəylinin həyat və yaradıcılığını araşdırıram. Bu mövzuda bir monoqrafiyam, "525-ci qəzet" də daxil olmaqla, KİV-də 100-ə yaxın məqaləm dərc edilib. Sadaladıqlarımdan sonra hələlik yalnız bunu deməklə kifayətlənmək istəyirəm: cənablar, bu kimi ciddi, mühüm mövzulara səthi yanaşmayın, həssas və diqqətli olun!

22.05.2021

 





26.05.2021    çap et  çap et