525.Az

"Məndən qəmli məktub yoxdu..." - Südabə Ağabalayevanın yazısı


 

"Məndən qəmli məktub yoxdu..." - <b style="color:red">Südabə Ağabalayevanın yazısı </b>

"Şair, əslində, Tanrı görən işi görür: Tanrı insanlar içindən Şairi seçir. Şair sözlər içindən Sözü seçir. Tanrının yanına qaytarır".

Vaqif Bayatlı Odər

Psixologiyada "dalğın professor" ifadəsi var. Xarakterin introvert-mütəfəkkir tipinə uyğun gələn bu obraz, adətən, şablonları sevmir, ideyalardan, ənənələrdən asılı olmur. Bir az sadəlövh, hamıya tez inanan olsa da, öz ölçülərini, yanaşmalarını qətiyyətlə müdafiə edir.

Canın oxla çitənincə,
eşqlə, sevgiylə dolunca,
oxlar lələyə dönüncə,
qalxarsan uça-uça
Allahdan da ucaya
Oxu lələk edən Allah
Sənin üstündə olunca.

Bu, nə özünüqoruma instinktidir, nə təhrik, nə də təlqin. Vaqif Bayatlının şeirinin təlqin gücünü

Şair olanları yox, olacaqları yazır -
misrasında da aramağa dəyməz.
Bu min il də
tənhalıq minilliyi
Bu əsr də tənhalıq əsridi.
Hamı onun əsiridi.

Vaqif Bayatlının bu fikri də, yaradıcılığının səciyyəsi kimi, həm də kölgə-instalyasiyaları xatırladır. Onun "instalyasiyaları"nın fərqi budur ki, burada təkcə işığın yox, kölgələrin də rəngi var. Kölgənin rəngləri gerçəkliyi təsvir etmir, təcrid olunmuş, uzaq düşmüş (ayrı salınmış) nəsnələrin, hərəkət və hadisələrin mahiyyətini və qohumluğunu təfsir edir.

Bir kölgə ver mənə, tanrım,
sözün kölgəsini ver.
Söz dünyanın şəklidi,
hansısa sözün şəkliyəm mən də.

Bir az diqqətlə baxanda üçüncü, dördüncü,... qatların da olduğunu fəhmlə duyursan, adını bilmədiyin bu triptix-rənglərdə xronotopun əridiyini, yoxa çıxdığını hiss edirsən. Və inanırsan ki, yaradanın zamandan xəbəri yoxdur, zaman şeytan işidir. Yalnız an varmış - keçdiyin hər min ilin əvvəlində gələn bu bircə anda... bir damla göz yaşının dibsiz dərinliyində tənhalığın qəm çiçəyitək üzdüyünü, kəpənəktək gəzişdiyini, dərdin darıldığını, yurdun uladığını... qəlbinlə görür, ruhunla dinləyirsən...

Bu dünyadakı bütün dərdlər
sənin dərdindi,
Başqa dərdlər yoxdu,
Ancaq bir böyük Dərd var,
sənin Dərdin,
Çünki ən azad, ən böyük Tənha sənsən.

Vaqif Bayatlının yaradıcılığı konkret ədəbiyyat faktından daha çox, incəsənət hadisəsi kimi dərk olunur. Amma hansı prizmadan yanaşılır-yanaşılsın, Vaqif Bayatlı yaradıcılığının sirri və gücü bir məqamı nişan verir: Vaqif Bayatlı təxəyyülünün üslubunu!

Məhz təxəyyülün üslubu Şairin Tanrıya qaytardığı Sözü - sözlərin ən gözəlini nişan verir:

Əriyəcək dünyanın
Sonuncu şeirinin sonuncu sözü də
dünyanın sonuncu gor evinin
sonuncu baş daşıtək,
əriyib axacaq Allahın yanağından
dünyanın son,
Allahın ilk gözyaşıtək.

Və o zaman - dərin... dərin... eşqlə dolu səssizlik anında tənhalığın lal səsindən damla-damla pıçıltılar süzülür ruhun ürəyinin başına: ən gözəl söz - susdura bilən sözdür.

Susdura bilən söz - yazılan söz deyil, yazdıran sözdür. Və bu sözün "hüsn-əsması" sükutdur. Şair fərdiyyəti, poetik özünəməxsusluq hələ bu sükutu ifadə etmək gücündə deyil. Hamıya çox asanlıqla şamil edilə bilən bu "növbətçi" təyinlər deyil idealı gücün, hakimiyyətin fövqündə saxlayan. Kimsə inkar da edə bilməz ki, janrın məntiqinə cavab verən nizamlı-ahəngli söz düzümü yaxşı poeziya nümunəsi ola bilər. Olar və nə qədər desən, sözə qüvvət yaradıcılıq nümunələri sadalamaq mümkündür. Amma poeziyanın qüdrəti deyilən nə isə bir özgə nəsnədir, janrın məntiqi yetmir onu açmağa, izah etməyə, nəinki yetmir, hərdən bu məntiqi, klişeni elə dağıdır ki, şeirin ruhu da incimir... Əvəzində insan ruhunun ölçüyə-sığala gəlməyən müxtəlif və saysız-hesabsız vəcd halının şəklini - havasını alır: hər yer və hər şey əbədiyyət qədər uzaq, Tanrı qədər yaxın, ölüm qədər tanış... və bir uşaq təbəssümündən saçan işıq kimi dopdolu eşq havasında.

Yadındamı, Tanrı,
Sən ucsuz-bucaqsız kədərdin,
Biz də kədərin balaları...

Bu, nə vaxt olmuşdu? Min il sonra, bir gün əvvəl, yoxsa sabah?

Vaqif Bayatlı cavab almaqçün vermir sualı, eşidəcəyi cavab maraqlı deyil, maraqlı olan - sualın açdığı yolların, cığırların şaxələnməsi, uzanması, çarpaz-dolaşıq keçilməzliyin naməlum cazibəsidir.

Bir yanıq kamançada
Çalına bilər ancaq
bu sevdanın havası,
daha diz üstə oxunulmaz,
diz üstə oynanılar
bu sevdanın duası.

Bu yola hər bələdçi yaramaz, bu yolun bələdçisi Vaqif Bayatlı təxəyyülünün üslubu olar, o da, Allah insaf versin... hələm-hələm üz göstərməz.

Üz tutub yüyürməyin mənə sarı,
Bağlıdır canımın daş qapıları.
Özü də çox təhlükəlidir, çox da zalımdır, üstəlik.
Mən söz balasıyam, zalım tifili,
Sürüşüb alnımdan Allahın əli.
Daha heç bir an da, heç bir anca da
Sən də, sən də ağladammazsan məni,
Mən zalım adamam, kamança.

Nələr, nələr yaşamalı olmalıymışsan ki, kamança zalımlığına belə meydan oxuya biləsən?!

Onun şeirinin "üstünə yüyürənlərin" çox olduğunu demək olmur; oxucusu kütləvi deyil. Onu birmənalı olaraq rahat qəbul etmək, başa düşmək asan deyil.

Gül kimi qoxlamaq istəyirəm adamları,
Gül düzəldirəm adamlardan
Gül olmaq istəmirlər ancaq,
deyirlər, güldən adam olmaz,
Allah gildən düzəldib hər şeyi
sən də gildən düzəlt bizi,
deyirəm, dayanın, heç olmasa son dəfə
gil olmamış, gül kimi qoxlayım sizi,
bu dünyada son dəfə qoxlayıram gülləri,
Tanrım, neyləmisən bunlara
Gil iyi gəlir güllərindən də?!.

Ancaq Oxucu, Vaqif Bayatlı Odər şeirində sözün sakral gücünün mövcudluğuna inanır, ona anlaşılmaz, laübalı görünən şeirlərində də bilmədiyini başa düşür.

Azərbaycan ədəbiyyatında onun kimi sözsüz şeir yazan ikinci bir şair yoxdur. Bu sözsüz şeirlərin poetik obrazlarının, metaforalarının havası başqadır (Cavanların boy-buxunu anaların "can" kəlməsinin, Günəş, ulduzlar Tanrının bir anlıq kölgəsiymiş). Bənzətmələri qəfil döngədən üstünə şığıyan kölgə kimi diksindirir. "...ancaq yalandan sevənlər hamıdan çox sevirlər", unutduğun bir söz, bir çöhrə kimi işıqlanır yaddaşında:

Mən səni sakitcə, yavaşca,
sevmək istəyirəm.
sevmək istəyirəm tanrıdan yazılantək,
bir balaca quş
öz balaca yuvasının
küncünə qısılantək.

Vaqifin Sözü - insan qəlbinə tutulmuş güzgü kimidir; kimi bu güzgüdə ancaq özünü görür, kimi də... dünyanı.

Bütövlükdə Vaqif Bayatlının poetik sintaksisinin məna tutumu bəzən elə müdhiş və qorxunc bir gücsüzlük təlqin edir ki, nəfəs kimi içinə çəkməkdən saxlaya bilmirsən acizliyini, dua kimi səssiz, yuxu kimi dərin boşluqda bir əl çəkib çıxarır ürəyini...

səni xilas etməyə,
daha heç kəs gəlməyəcək,
göyüzünün bu başından o başına
ayaqlarımdan, dizlərimdən
əllərimdən, gözlərimdən
mismarla məni göyüzünə,
bərk-bərk yapış məndən, Tanrım.

Nəzəriyyələr və yozumlar bu şeirlərin üz-gözünü sıyırıb-sivirir, qəmin üzündən qəmin dibinə düşməyin yolunu-yolağasını, idrakını, üfüqlərini tuta bilmir.

Danışmamaq heç nə!
Heç gözlərlə də danışmamaq!

Divin canı şüşədə olan kimi, Vaqif Bayatlının gücü də təxəyyülünün üslubundadır. Bu, onun yaradıcılığını idealizə etmək, yaradıcılıqların fövqünə qoymaq deyil, qətiyyən belə deyil. Vaqif Bayatlının hər şairə nəsib olmayan poetik nəfəsinin səsidir, rəngidir.

Dünyanı bir uzun şeirə bənzədən Vaqif Bayatlıya görə, şeir necə yazılır görəsən?

...düşünür, düşünür tanrı
Qoyur əlini şeir yazan bir şairin
əlinin üstünə
beləcə köhnə dünyanın son şeirini
yeni dünyanın ilk şeirini
yazırlar şairlə Tanrı.

Məsələ də bundadır, təəccüblü olan da budur ki, elə bilirsən hər şeyi, hər kəsi anlayırsan, "oxuyursan" necə deyərlər, "gözüyumulu oxuyursan", hamı da, hər kəs də səni, sənin anladığın həqiqətləri elə sənin kimi, sənin qədər anlayır... Bir gün, bir an aydın olur ki, heç də belə deyilmiş... və sənin müstəsnalıqlarını "cəzalandırırlar". Ağlatmağın, incitməyin yolu də əl altında: anlamamaq, eşitməmək, görməmək... Qorxuların qisası... qorunmaq instinkti...

Varlığını da əmtəəyə çevirməyi ar bilməyən insanın "bazar xarakterinə" satılmış qəlbində nə nifrət-nifrət mərtəbəsində dura bilir, nə də sevgi-sevgi ucalığında. Onun hesab-kitabında

Azadlıqdı azadlıqçün ağlamaq

duyğusuna yer olmaz, alış-veriş xislətinə susamış qəlbi, olsa-olsa, faydasına Sabirdə təsəlli-dayaq görər. Və əlbəttə ki, fəhmin baş-ayağında: "Tək mən salim olum..." Bu "bazar tipini" yalnız fərdin mənəviyyatının deqradasiyası kimi səciyyələndirmək də doğru olmaz. Aşınmaları cəmiyyətin sosial xarakteri yetişdirir; anonim subyektlərin yığnağı olan aqressiv cəmiyyət ideal, mənəviyyat, dəyər anlayışlarına "destruktiv" don geydirər, məcazına-mənfəətinə çəpər bilər, yaxıb-yıxıb keçməyə, ondan qurtulmağa çalışar.

Hər biri özü öz dəminin üstdə
Adamlar dalaşır dəstəbədəstə
Özünü həm şam,
Həm də ki, şah sayan bir dilənçinin
Ovcundan dağılan qəminin üstdə.

Özgələşmiş sosiallıq xüsusilə keçid dövrü yaşayan cəmiyyət insanının təcridini, tənhalığını həyat tərzinə çevirər və sonra da başlayar az qala təyinatına çevrilən, ruhunu saran yad "ekzistensializm"in depressiya saçan kürlüyünü oxşaya-əziziləyə çıxış yolu aramağa.

Bir An gələr, o bir Anda
Allahın da, şeytanın da
gücü keçər bir insana.
Allahlığa, şeytanlığa
bir an dözər insan ancaq
çox dayana bilməz daha
o bir Ana
insana keçib qayıdar
dupduru Allahlıq Allaha
dipdiri şeytanlıq şeytana.

Belə davranışın nəsibi insana dəyər yükləyən bir xitabda şifrələnib: "Allah dəyərləri yerindən etmiş toplumu doğruya yönəltməz". Səhv etmirəmsə, Quranın Tövbə surəsindədir bu xəbərdarlıq. Yolundan azmışa, Günaha batmışa qorxu-qadağa kar eləməz ki... Amma həmişə bir ipucu var yanlışlardan dönməyə.

Vallah, yazıqsan,
Yazıqsan, sevməyən insan,
Bir yol dünyaya gələsən,
onda da sevməyəsən...
Səni də sevmirsə,
Rəhm elə yenə,
Sən sev onu, Allahım,
Sən sevmək öyrət ona...

Vaqif Bayatlının dumduru aydınlığını anlamamaq, başa düşülməmək ağrısını o, "məndən qəmli məktub yoxdu dünyada" təsəllisiylə əzizləyib.

Vaqif Bayatlını göyüzünə çəkmək cəhdləri... Onu Göyüzünə çəkmək cəhdlərindən fərqlidir.

Vaqif Bayatlı, Xilas olmaq haqqında düşünmür, Xilas etmək haqqında düşünür:

İnan mənə! İnan!
Bizim sevgimizdən keçib gedəcək bütün sevgilər!

Vaqif Bayatlı Tanrıdan diləmir, Tanrı üçün diləyir; bağışlanmağı da, bağışlamağı da.

Təqdimatlarda onun yaradıcı amplitudu "yerüzü-göyüzü" arasında cızılır, "səma şairi" Cavidin xələfi kimi təqdim olunur. Olsun. Bununla belə, Vaqif Bayatlının ruhu birlər arasında qan qardaşı, əkiztayı İsgəndərdi, zənnimizcə - dünyanın ən ağlamalı dirilərinin gözündə "ən gülməli ölü" qiymətində olan Kefli İsgəndər. Biri arağın xumarında, biri eşqin qanadında.

Böyük ağrılardan
ağarır dan.
Böyük ağrıların
ağaran dan yerindən
böyük oğullar doğulur.
doğulan kimi də
bələyini dolayar biləyinə
kəfənini dolayar boynuna.

Vaqif Bayatlı da ölümlərin ən gözəlini Ana yanında ölmək bilir.

Vaqif Bayatlı da hər sevgidən, sözdən nəsə gözəl bir şey qaldığına inanır.

Vaqif Bayatlı da bu yalançı dünyada gerçək ölümün hamı səni unudanda gəldiyini bilir.

Vaqif Bayatlı da dünyanın qiymətini "əksliklərin vəhdətində" görür: sevinci-kədəri, dərdi, xatası, qara daşıynan da xoşdu bu dünya.

Vaqif Bayatlı da

Bəlkə biz başa düşmürük
ən böyük bədbəxtlik -
ən böyük xoşbəxtlikdi

- tərəddüdünü yaşayır.

Vaqif Bayatlı şeirindəki insan Zərdüştün "Mən sevirəm o kəsləri ki, nifrət etməyi bacarırlar" söyləyən fövqəlinsanına bənzəyir, bircə fərqlə: O, nifrət etməyi yox, sevməyi bacarır. Burdan başlayır şairin millilikdən bəşəriliyə yüksəlişi.

***

Bu dünyada hər şair bir söz öyrədir, bir səs qoyur.

Vaqif Bayatlının kədəri də, nikbin olan sözü, səsi mavi sükut dilində susmaq öyrədir. Sükut - anlamaq fürsətidir; deyilənləri yox, deyilməyənləri anlamaq, yazılanları yox, yazılmayanları oxumaq fürsəti. Mahiyyətin və məzmunun tərəddüd anıdır bu an.

Vaqif Bayatlının şeiri mikrofona oxunmaz, tribunalardan səslənməz; dua anının səssizliyinə, Tanrı kimi tənhalığa, ilğım kimi sirrə sarı çəkilmək, insan qəlbinə enmək üçündür onun şeiri. Tənhalığın ağrısını yox, Tənhalığın fəlsəfəsini yaşadan bu şeirlər həm də susmaq üçündür, deməli. Yerlə, Göylə, Dərdlə, Tanrıyla, Sözlə, Ölümlə, Sevgiylə susmaq öyrədən poeziyanın sehri də oxucunu buna səsləyir: Tanrılaşmaq qədərincə birlikdə susmaq...

Toxunmayın,
Böyük məclislərdə oxumayın şeirlərimi,
Mən tənhalarçın, yalqızlarçın
Yazdım onları.

***

Min il əvvəl də şeir vardı, min il əvvəl də yaşardı. Min il sonra da şeir yazılacaq, min il sonra da şairlər əbədi heçlik və ülviyyət haqqında şeir yazacaqlar. Görəsən, min ildən sonra biləcəklərmi ki, yupyumru bir eşqin ən gözəl sözünü insan düşüncəsinin, zamanın ayağı dəyməyən yerində min il əvvəl yazıb Vaqif Bayatlı?

Bəlkə sən də yoxsan,
Tanrı deyilən ancaq bir böyük
Dərd var bu dünyada,
Şairlər tanrılaşa-tanrılaşa
Söz-söz, misra-misra sökür o dərdi,
Beləcə bir gün də dünyanın son şairi
dünyanın son dərdini söküb gedəcək
dünyanın son tanrısıtək.

 





26.05.2021    çap et  çap et