525.Az

Sara Selcanın şeirləri


 

Sara Selcanın <b style="color:red">şeirləri</b>

 Səsi içindən baxan şair

 

Xalq şairi Fikrət Qoca üçün

 

Həyatımızda işığına inandığımız gözlər

 varsa,

varsa

Adına sevindiyimiz kəslər

Yaşamağa dəyər...

Başının üstündə Allahı görənlər  varsa,

Bilənlər ki

Ayağının altı torpaqdı...

Şairim, sənin səsin içindən,

Qəlbin gözlərindən baxdı...

Dünyanın bu vaxtı,

     Dünyanın bu vaxtı

yaxşı

Adamla dolu dünyada

      Az da olsa insanlar var,

           Ağaclar var,quşlar var

Adamı yaşamağa səsləyəcək yaşamlarıyla.

Hayandasa göylər misra-misradı

Tanrı o yerlərə səsləmiş səni,

Şeir Allahındı, şairlər göyün,

Şairim, qismətin söz imiş sənin.

 

Sənə qələbədən danışacam, oğlum...

 

Sənə qələbədən danışacam, oğlum,

Müharibəni dəlicəsinə oynayıb,

Ağılsızcasına uduzmağımızdan

Danışmayacam.

Məğlubiyyətdən deyil,

Şəhid olub qapı-qapı paylanmaqdan,

Qaçqın olub ev-ev səpələnməyimizdən,

26 fevralda donan ahımızdan,

  Xocalının yayın istisində

canımızdan çıxmayacaq soyuğundan

Danışmayacam.

Sənə qələbədən danışacam, oğlum

Ora necə yüyürməyimizdən

Aparmağımızdan bayrağı Şuşaya

ürəyimizdə.

  O torpağa sancandan sonra bayrağı

Alçaq boyumuzun

Necə böyüməyindən,

Ordakı qanların yerində açan al lalərdən

Danışacam, oğlum.

Mən danışdıqca

Sənin gözlərin böyüyər

- Qan necə laləyə dönər, ana,

- soruşarsan.

Mən:

- Axı, ikisi qırmızıdır, deyərəm.

Sənin təsəvvüründə rənglər sayrışar,

O qırmızıyla qaçdı-tutdu oynayarsan.

Axı uşaqlar rəngləri işığı çox sevir,

Rəngsizliyi deyil.

Sənə qələbədən danışacam, oğlum...

Sən qələbədən sonra doğulacaqsan.

 

lll

Səni gizli sevmişdim,

Aşkarca unudacam.

İsti xatirələrlə

Gözümü qurudacam.

Əynimdə köhnəldəcəm,

Kədərin siyah donun,

Sən inadcıl,mən tərs

NeyləsinYaradanım.

Keçmişi düşünəndə

Həmişə köks ötürdün,

Bəsdir, gələcəyə bax,

Bax... 2014...

 

lll

Kimin atdığı sözdən

Xatirən çilikləndi,

Qırıldın öz içində

Baxışın gileyləndi...

Gecə

Ucuz yuxunu

Sənə baha sırıyır

Səni yarıdmayanlar

Səndən yaman yarıyır..

Heç bilmədiklərin

Xatırlayır adını..

Gələcək vəd edir,

Sənə, bədbəxt qadın...

 

Yanvarın sehri

 

Çöldə yanvarın sehri,

Bir soyuq gecə var,

Gecəni aydınladan

Sən olduğun küçə var.

 

Aldığın hər nəfəsin,

Bəsimdi, elə bəsim,

Can dediyin - qəfəsim,

Eşq dediyin acı var.

 

Eh, üzüldüm nələrçin,

Dən gəzən sərçələrçin,

Zavallı bəndələrçin

Tanrı adlı Uca var.

 





01.04.2014    çap et  çap et