525.Az

Çağdaş Azərbaycan mediasında Vətənə sevgi motivləri - Yazı


 

Çağdaş Azərbaycan mediasında Vətənə sevgi motivləri - <b style="color:red">Yazı</b>

Torpaqlarımızın  yağı düşmənin işğalından azad edilməsi jurnalistikamızda təkcə bu günün mövzusu deyil.

Ermənilərin yüz illər boyu Azərbaycandan torpaq iddiaları, tarixi saxtalaşdırma cəhdləri, böyük Ermənistan xülyaları klassik mətbuatımızın aparıcı mövzularından olmuşdur. Çox təəssüf ki, klassik mətbuatımızın bu istiqamətdə xidmətləri Sovet dövrü tədqiqatlarında qadağan edilmiş,Sovet senzura sistemi məhz bu mövzuya ən çox qadağalar qoymuşdur. Təkcə bizim müqəddəs müəllimimiz olmuş professor Şirməmməd Hüseynovun bu sahədə araşdırmalarına nəzər salmaq kifayətdir ki, Üzeyir Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Mirzə Cəlil kimi klassiklərimizin nəşr olunan əsərlərindən ermənilərin Azərbaycanda zaman-zaman törətdikləri soyqırım hadisələrin senzura tərəfindən necə "qeyb olunduğunu" anlaya bilək. Müstəqilliyə qovuşduq. Senzura birdəfəlik ədəbi leksikonumuzdan çıxarıldı. Azərbaycan xalqı erməninin dünən də, bu gün də bizə qarşı hansı məkrli niyyətlərini həyata keçirdiyini mətbuatımızın ifadəsində gördü. Və gördü ki, Azərbaycanın düşmənə bir balaca etinasızlıq anında bu düşmən necə azğınlaşır, yenidən necə torpaq iddiasına düşür. Gördük ki, 1988-1993-cü illərdə Azərbaycandakı hakimiyyət davalarından düşmən necə  hiyləgərcəsinə istifadə etdi: Torpaqlarımızın 20 faizdən çoxunu tapdaq altına saldı. Leksikonumuza "qaçqın", "köçkün" "Ağlar Qarabağ" kimi ağır sözlər daxil oldu.

Etiraf edək ki, Azərbaycan mediası da elə hakimiyyətdə özünü qabarıq göstərən kürsü davasına qoşuldu: Jurnalistlərimiz birgəlik nümayiş etdirə bilmədilər. Vətən, xalq, torpaq, millət sevgisi ikinci, bəzən üçüncü plana keçdi, vətənpərvər ziyalılarımızın bütün cəhdlərinə baxmayaraq Birinci Qarabağ müharibəsi kimi ağır bir mövzu qabarıq görünmədi.

Otuz ilin Vətən, torpaq ağrısı, düşməndən qisas tələbləri ilə xalqı mübarizəyə qaldırmaq cəhdləri mediada zəif göründü. Bu dövrdə bəzən saxta xəbərlər, düşmən dəyirmanına su tökən xəbərlər də ortada at oynatdı. 2016-cı ilin Aprel döyüşlərinədək. Bu döyüşlərdəki qələbəmizi Azərbaycan mediası Vətən sevgisi ilə qələmə aldı. Klassik jurnalistikamızın ermənini tanıtmaq məktəbi, yəni mediamızın maarifçilik vəzifəsinə çevrildi. Qərbin Azərbaycana qarşı nifrətinə qahmar çıxan bəzi mətbuat orqanları istisna olmaqla jurnalistlərimiz birləşdilər. Bu birlik özünü Vətən müharibəsi dövründə o qədər güclü göstərdi ki, biz bu gücün heç vaxt tükənməyəcəyinə tam inandıq. Vətən müharibəsi Ali Baş Komandanın, onun rəhbərlik etdiyi şanlı ordumuzun, Prezidentin ətrafında yumruq kimi birləşən xalqımızın qələbəsi ilə nəticələndi. Müharibə dövründə biz jurnalistlərimizi döyüş səngərlərində, əsgərlərimizin yanında gördük. Və həmişəlik gördük. Müharibə bitib, qələbəmizin səsi-sorağı düşmənlərimizin içini ovmaqdadır. Post-müharibə deyilən bu şəraitdə Azərbaycan jurnalistlərinin Qərb ölkələrindən, Şərq ölkələrindən, Şimaldan, Cənubdan gələn səsi bizim haqq işimizi dünyaya çatdırır. 44 günlük Vətən müharibəsində jurnalistikamız milli məktəb yaratdı. Bu məktəbin də başında öz hərbi, diplomatik, siyasi bilgiləri ilə dünya jurnalistlərinə bir nümunə olan Prezident İlham Əliyev dayandı. Müharibə dövründə və ondan sonra Prezidentin xarici jurnalistlərə müsahibələri yeni jurnalistikanın bünövrəsi oldu.

Bu gün qələbəmizin iftixarı ilə fəaliyyət göstərən milli (məhz milli!) mediamız 90-cı illərin əvvəllərində Qərbin bizə sırıdığı "təlimatlardan" uzaqlaşıb özünün klassikasına söykənməkdədir: Yəni hər şeydən əvvəl Vətən, hər şeydən əvvəl torpaq,  xalq əmanəti.

Biz jurnalistlərimizin bu sevgidə də birliyini azad olunmuş torpaqlarımıza səfərlərdə daha aydın gördük. Telekanallarımızın jurnalistləri o diyardan təqdim etdikləri canlı reportajları, qəzet və saytlarımızın Vətən sevgisinə bürünmüş təhlilləri xalqı həmişə bir olmağa, düşmənin yağı, vandal, vəhşi, qaban, tülkü... olduğunu heç vaxt unutmamağa çağırır...

... Və müqəddəs Ramazan bayramı günlərinin Şuşa səfəri! Bu, bir tarix oldu. Prezidentimizin şəxsən öz ssenarisi və rəhbərliyi ilə ortaya qoyulan "Xarıbülbül"  festivalının dirçəlməsi və bu formatda keçirilməsi jurnalistlərimiz tərəfindən ən böyük vətən sevgisi kimi qiymətləndirildi.

Bu səfərdə çoxluq təşkil edən jurnalistlərimizin bizə təqdim etdikləri reportajların hər sətrində qələbə qüruru vardı. Bu sətirlərdəki Şuşa duyğuları, Şuşa sözü, əslində, Vətən sözünün sinonimi kimi səslənirdi. "Xarıbülbül" festivalı ilə bağlı jurnalistlərimizin Şuşa səfəri onların yaradıcılığının zirvəsi kimi qəbul olundu. Çox təəssüf ki, bir yazıda onların bütün fəalları haqqında yazmaq çətindir. Hamısının vətən sevgisinə qoşuluruq və onlara yeni yaradıcılıq uğurları arzulayırıq.

Və sonda magistraturasını təzəcə başa vurduğum, tələbələri və məzunları ilə  təmiz və saf müəllimləri ilə öyündüyüm Jurnalistika fakültəsinin -  müqəddəs Bakı Dövlət Universitetinin bu müqəddəs məkanınında  ürəyi, yazıları Vətən sevgisi ilə dolu əməkdaşları barədə fikir demək keçdi ürəyimdən. Professor Şirməmməd Hüseynovun yaratdığı jurnalistikanın elmi-nəzəri, tarixi, praktikası kimi bir məktəbin davamçıları da mediamızın Vətən, xalq,  torpaq sevgisini təbliğ edənlər sırasındadırlar. Başda dekan Vüqar Zifəroğlu (Əliyev) olmaqla  professor  Qulu Məhərrəmli, professor Nəsir Əhmədli, professor Allahverdi Məmmədli, professor Akif Rüstəmov, dosent - şuşalı Aygün xanım Əzimova, professor Nəsiman Yaqublu, professor Həmid Vəliyev, dosent Əli Hacıyev... və hamısının yağı düşmənin düşmənliyini ifadə edən, Vətənə sevgi motivləri ilə dolu yazıları, telesöhbətləri çox böyük maarifçilik işi görməkdədir.

Müəllimim, professor Cahangir Məmmədlini isə ona görə xüsusi qeyd etmədim ki, mənim bu yazımın ideya müəllifi məhz odur.

 





27.05.2021    çap et  çap et