525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

 

İsmayıllı Məhəmmədəli Elxan oğlu 6 may 1996-cı ildə Füzulinin Yuxarı Kürdmahmudlu kəndində anadan olub. 2002-ci ildə Ramil Əkbərov adına Füzuli rayon Kürdmahmudlu kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olub.

Hələ uşaqlıqdan idmana olan xüsusi həvəsi və təbiətin ona bəxş etdiyi qeyri-adi fiziki gücü hesabına o, bir çox yarışların qalibi olub. Belə ki, Məhəmmədəli 2007-ci ildə Bakı şəhərində keçirilən karate üzrə Azərbaycan çempionatında 35 kq çəki dərəcəsində III yerə, Füzuli rayonunda keçirilən klublararası açıq çempionatda 40 kq çəki dərəcəsində I yerə, 2008-ci ildə karate üzrə Bakı şəhər açıq çempionatında 47 kq çəki dərəcəsində I yerə, 2009-cu ildə Bakı şəhərində keçirilən karate üzrə açıq çempionatda 50 kq çəki dərəcəsində I yerə, 2011-ci ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində I yerə çıxıb. Qeyd etmək lazımdır ki, Gürcüstanda keçirilən turnirdə yarımfinal mərhələsində o, erməni idmançını nokautla məğlub edib.

Bu yarışdan sonra Məhəmmədəli həmin il Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında, 70 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək dünya çempionu adına layiq görülüb, Azərbaycanın dövlət himnini səsləndirib. Yarışdan qayıdandan sonra o, Azərbaycan Respublikasının İdman naziri, Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülüb və Karate üzrə 1-ci və 2-ci danla təltif olunub.

Məhəmmədəli 2013-cü ildə Ramil Əkbərov adına Kürdmahmudlu kənd tam orta məktəbin 11-ci sinifini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. Hərbi Dəniz Qoşunlarında xidmət etdiyi dövrdə nümunəvi xidmətinə görə fəxri fərmanla təltif olunur və baş matros rütbəsi ilə qiymətləndirilir.

2017-ci ilin noyabrın 7-də Rabitə və İnformasiyalar Nazirliyində işə qəbul edilir və mühafizə leytenantı kimi fəaliyyətə başlayır. İşlədiyi dövrdə rəhbərliyin və iş yoldaşlarının hörmətini qazanır. Lakin vətənə, torpağa olan sevgisi və onun ata yurdunun erməni quldurlarının əlində olması Məhəmmədəlini çox narahat edirdi.

Ana vətənə olan sevgisi onu hərbçi kimi işləməyə vadar edir. Xüsusi kurs keçir və N saylı hərbi hissədə xidmət qulluqçusu kimi işə başlayır. İşlədiyi müddətdə bütün şəxsi heyətin hörmətini qazanır. Yaxşı işlədiyinə görə mükafatlar alır.

İşğalçı düşmənə qarşı 2-ci Qarabağ müharibəsi başlandığı gündən ön cəbhəyə gedir. Hərbi tibb maşını idarə edən Məhəmmədəli gecəni gündüzə qatıb 300-ə qədər yaralı əsgəri döyüş meydanından çıxarır. Dəfələrlə əlində silah əsgərlərlə birgə döyüşlərə atılıb, cəsurluq göstərib.

2020-ci il 26 oktyabrda Füzuli rayonu Qaraməmmədli kənd ərazisində minalanmış ərazidə əsgərlərimizin yaralandığını eşidən Məhəmmədəli "mən yaralı qardaşlarımın orada qalmasına imkan verməyəcəyəm" - deyir. Yaralı əsgərimizi götürüb ilkin yardım üçün tibb məntəqəsinə çatdırır. Yenidən döyüş meydanına qayıdır, yaralı əsgərlərimizi apararkən maşın tank əleyhinə minaya düşür. Məhəmmədəli qəhrəmancasına şəhid olur.

İsmayıllı Məhəmmədəli şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

***

 

Əhmədov Nurlan Rəhim oğlu 12 oktyabr 1996-cı ildə Oğuzun Xaçmaz kəndində doğulub. 2003-2014-cü illərdə Xaçmaz kəndindəki M.F.Axundov adına 1 nömrəli  tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin radiotexnika mühəndisliyi ixtisasına qəbul olunub, 2018-ci ildə oranı bitirərək bir il ordu sıralarında əsgəri xidmət keçib.

2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsinə səfərbərliklə qatılıb. Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Nurlan 27 oktyabr 2020-ci ildə Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn edilib.

Nurlan Əhmədov şəhadətindən sonra  "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

***

 

Üzeyir Xəlil oğlu Qəhrəmanov 1969-cu il fevralın 23-də Füzulinin Bala Bəhmənli kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayanda döyüşlərdə könüllü iştirak etmək üçün hərbi komissarlığa gedərək qeydiyyatdan keçib. 44 günlük Vətən müharibəsində gecə-gündüz bilmədən şəhid və yaralılarımıza xidmət edən ambulans sürücüsü Üzeyir Qəhrəmanov əsgərlərin olduğu ən təhlükəli mövqelərə yardımların aparılmasına və yaralıların döyüş meydanından çıxarılmasına köməklik göstərirdi. Düşmən mövqeyinin yaxınlığında döyüşən əsgərlərə göndərilən yardımların vaxtlı-vaxtında çatdırılması ən çətin vəzifələrdən biri idi. Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının bir çox kəndlərinə yardımların çatdırılması ilə yanaşı, yaralı əsgərlərin də döyüş meydanından çıxarılmasında da Üzeyirin xüsusi əməyi olub. O, ayağı yaralı əsgərlərə evdən apardığı yüngül ayaqqabıları paylayırmış. Sonuncu dəfə Laçın rayon Güləbird kəndi istiqamətində maşınla yardım apararkən mənfur düşmənin minaladığı əraziyə tuş gəlir. Maşının minaya düşməsi nəticəsində sürücü elə ordaca şəhid olur. Səsə çoxlu sayda erməni əsgərlərinin gəldiyini görən Üzeyir yaralı halda maşından çıxaraq bir neçə yüz metrlik məsafəyə sürünür və orada gizlənir. Düşmənin uzaqlaşmaması Üzeyirin həmin ərazidən çıxmasına imkan vermir və o, qan itirmədən şəhidlik məqamına ucalır. Üzeyir əlində silah düşmənə qarşı vuruşan əsgər qədər qorxmaz, fədakar, cəsur və vətənini canından çox sevən bir insan idi. O, 2 dekabr 2020-ci ildə öz doğma kəndində son mənzilə sola salınıb. Ailəli olan şəhidimizin üç övladı vətənə əmanətdir.

***

 

Xaqani Səfa oğlu Əsgərov 1995-ci il avqustun 27-də Xaçmazın Qusarçay kəndində doğulub. 2002-2013-cü illərdə Xudat şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdiyi ilə hərbi xidmətə yollanıb və Naxçıvan MR Kəngərli rayonu Şaxtaxlı kəndində hərbi xidmət keçib.

2016-cı ildə ailə quran Xaqaninin 2017-ci ildə ilk qızı Aylin, 2019-cu ildə ikinci qızı Ahu dünyaya gəlib.

Xaqani Əsgərov 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2020-ci ildə BTR-də tuşlayıcı kimi xidmətini davam etdirib.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Xaqani Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaqani Əsgərov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub və Xaçmazın Qusarçay kəndində dəfn edilib.

Xaqani Əsgərov şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Rəfiyev Ülvi Rəfael oğlu 16 avqust 1996-cı ildə Ordubad rayonunda doğulub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) ali təhsil alıb.

O, 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ordubad Rayon Hərbi Komissarlığına müraciət edib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə ilk günlərdən qatılan Ülvi Cəbrayıl, Füzuli və Xocavəndin işğaldan azad edilməsində fəal iştirak edib.

Müharibəyə qatılmazdan öncə nişanlı olan Ülvi oktyabrın 25-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Rəfiyev Ülvi şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

***

 

Mehdiyev Paşa Etibar oğlu 24 noyabr 1978-ci ildə Füzulinin Dövlətyarlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə hərbi xidmətə yollanıb. Paşa 3 sentyabr 1999-cu ildən Zabit heyətinin Təkmilləşdirmə kursu nəzdindəki Gizir hazırlama kursunu Tank komandiri hərbi ixtisası üzrə bitirib. Hərbidə müddətdən artıq xidmət edirdi. 1999-cu ildən 2007-ci ilədək müxtəlif hərbi hissələrdə tank komandiri vəzifəsində xidmət edib. Paşa hərbçi kimi öz sənətini sevən, ona vurğun, həyatını hərbiyə həsr etmiş bir insan idi. Tankı gözübağlı söküb-yığırdı. Uzun müddət Goranboy istiqamətində xidmət etdikdən sonra öz istəyilə düşmənlə təmas xəttinin gərgin olduğu Füzuli rayonunda xidmətini davam etdirməyə başlayıb. 1998-ci ildən dövlətinə xidmət edən P.Mehdiyev bir çox orden və medallara layiq görülüb. O, 2016-cı il Aprel döyüşlərinin qəhrəmanına çevrilib. Döyüş yoldaşları Paşa haqqında deyir: "O, tankı özünə ram edir, onu yüngül maşın kimi cəldliklə istədiyi istiqamətə anında hərəkət etdirə bilirdi. Onun adına avtoş tankçı da deyirdilər". Paşanın bu bacarığı sayəsində düşmənin Lələtəpə istiqamətində bir neçə tankı məhv edilmişdi. Aprel döyüşlərindəki böyük şücaətinə görə "İgidliyə görə" medalı ilə təltif olunub.

2020-ci il sentyabrın 27-dən başlamış döyüşlərdə döyüş əmri verilən kimi Paşanın tankı ən öndə Cəbrayıl istiqamətindən irəliləməyə başlayıb. Bu istiqamətdə tanklar vasitəsilə keçilməz səddin dağıdılmasından sonra piyada əsgərlərin hərəkət etməsi mümkün ola bilərdi. Düşmən geri çəkilməyə məcbur olur, hücum isə davam edir. İkinci sədd alınandan sonra üçüncü sədd Cəbrayıl rayonunun Nüzgar kəndində idi. Səhər saat 06:00-dan axşama qədər davam edən qanlı döyüşlərdə Paşanın idarə etdiyi tankın üzərinə bir neçə istiqamətdən tank əleyhinə döyüş silahlarından atəş açılır və tank vurulur. Paşa da daxil olmaqla tankın ekipaj üzvləri şəhidlik zirvəsinə yüksəlir. Ailəli olan şəhidimizin bir oğlu və bir qızı vətənə əmanətdir.

Paşa Mehdiyev şəhadətindən sonra "Cəbrayılın azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

 

Şamil Nazim oğlu Bababəy 1994-cü il yanvarın 4-də Ordubadın Cənnəb kəndində doğulub. 2009-2012-ci illərdə H.Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2012-2016-cı illərdə H.Əliyev adına Ali Hərbi Məktəbində tankçı ixtiasına yiyələnib. 4-cü kursda ikən 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. Müdafiə nazirinin 23 iyun 2016-cı il tarixli əmrinə əsasən, leytenant hərbi rütbəsini alıb və Ağdam rayon N saylı hərbi hissəyə tağım komandiri təyin edilib. 3 il orda xidmət etdikdən sonra 2020-ci il yanvarın 1-də Mingəçevir N saylı hərbi hissəsinə bölük komandiri gedib.

Azərbaycan Ordusunun Quru Qoşunlarının Baş Leytenantı olan Şamil Bababəy 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı döyüş bölgələrindən biri olan Naftalana göndərilib. Oktyabrın 5-də Suqovuşana yollanıb, Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamil Bababəy oktyabrın 7-də Ağdərə döyüşləri zamanı şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub.

Ailəli olan şəhidimizdən Vətənə əmanət 3 yaşlı Ayan adlı qızı qalıb.

Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalına layiq görülən Şamil Bababəy şəhadətindən sonra  "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

 

Yaşar Füzuli oğlu Sadıqov 1975-ci il avqustun 10-da Füzulinin Bala Bəhmənli kəndində doğulub. 1981-1992-ci illərdə Bala Bəhmənli kənd orta məktəbində təhsil alıb. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. 1995-ci ildə kiçik leytenant rütbəsi ilə Naxçıvan MR ərazisində hərbi xidmətə başlayıb. Xidməti dövründə 2 dəfə Türkiyədə yüksək hərbi hazırlıq kursu keçib. Yaşar orda 17 il tabor komandiri, N saylı hərbi hissədə kəşfiyyat rəisi kimi xidmət edib. O, təyinat üzrə bir neçə hərbi hissədə fəaliyyət göstərib. N saylı Hərbi hissədə Qərargah rəisi kimi xidmətini davam etdirirdi. Yaşar 2016-cı ildə Aprel döyüşlərində hərbi hissənin əsgər heyəti və texnikaları ilə birlikdə döyüşdə iştirak edib. 2018-cı ildə ixtisası üzrə magistraturaya qəbul olub və 2020-ci ildə müvəffəqiyyətlə təhsilini başa vurub.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Yaşar Sadıqov 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Kəlbəcər istiqamətindən döyüşə başlayıb. O, Murov, Gomuşdağ, Ömərdağ istiqamətindəki ərazilərin kəşfiyyat işinə rəhbərlik edib. Həmin postların alınmasında Yaşar xüsusi şücaət göstərib. Sonuncu dəfə hündürlüyü 3724 metr olan strateji əhəmiyyətli Gomuşdağ uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-dən ailəsi ondan bir xəbər ala bilmir. Həmin gün şəhid olan Yaşarın nəşi əlverişsiz hava şəraitinə görə 148 gün sonra Murovdağ istiqamətindən tapılıb və ailəsinə təhvil verilib. O, 27 fevral 2021-ci ildə II Fəxri xiyabanda dəfn edilib.

Əslində, Yaşar Sadıqovun tərxis müddəti çoxdan keçmişdi. Ondan təqaüdə niyə çıxmadığını soruşduqda isə "hamımız təqaüdə çıxsaq, bu vətəni kim qoruyacaq?" - deyə cavab verərmiş. Sonuncu dəfə ailəsi ilə danışarkən vəziyyətinin necə olduğunu soruşduqda "Anam məni bu vətən üçün doğub Vətənim yaxşıdırsa,  demək mən də yaxşıyam" - deyib.

Xidməti dövründə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” II dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülüb.

Ailəli olan şəhidimizin bir oğlu və bir qızı yadigar qaldı.

***

 

Dəmirov Siyahim Əlizamin oğlu 13 sentyabr 1990-cı ildə Beyləqanın Əlinəzərli kəndində doğulub. 1997-2008-ci illərdə Rizvan Nəsirov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə hərbi xidmətə yollanıb. Naftalan şəhərində hərbi xidmətini başa vurub. 2014-cü ildə Beyləqanın Kəbirli kəndində N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olur və top komandiri kimi yenidən xidmətə başlayır. 2016-cı il Aprel döyüşlərində top komandiri kimi iştirak edib. Sonra Xüsusi Təyinatlı Qüvvələrin hazırladığı 6 aylıq kursu keçib. Kursu uğurla bitirdikdən sonra Siyahim Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissədə kiçik gizir rütbəsində xidmətini davam etdirir. Cəlilabadda işlədiyinə görə "Cəlilabad Qartalı", əl tutmadan ağaca çıxa bildiyinə görə "Qırıcı" ləqəbləri ilə tanınırmış. Qol güləşində ona qalib gələn olmadığından yoldaşları ona həm də "Dəmir bilək" ləqəbi veriblər. 2018-ci ildə 25 dünya dövlətləri arasında Xüsusi Təyinatlı Qüvvələrin Türkiyədə keçirilən təlimində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 1-ci yerə layiq görülür, Sertifikat və Fəxri fərmanla təltif olunur. 2018-ci ildə Ordumuzun yaranmasının yüz illiyi münasibətiylə medalla təltif edilib.

2020-ci il sentyabrın 27-də başlayan 2-ci Qarabağ  müharibəsinin ilk günündən iştirak edərək Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Şuşanın işğaldan azad olunmasında böyük pay sahibi olub. Şuşa şəhərində Daşaltı əməliyyatında fəal iştirakçı olub. Dizində zədəsi olmasına baxmayaraq, 33 gün yorulmadan savaşıb. Erməni əsgərləriylə dolu 3 maşını dəqiq minaatan atışı ilə məhv edib. O, 29 oktyabrda Şuşanın Sığnaq kəndində şəhidlik zirvəsinə ucalıb.

Siyahim Dəmirov şəhadətindən sonra "Qarabağ ordeni" və "Vətən uğrunda" medalı ilə təltif olunub.

***

 

Əmrahov Saməddin Şamil oğlu 2 oktyabr 1978-ci ildə Kəlbəcərdə anadan olub. 1985-ci ildə Kəlbəcərdə 3 nömrəli tam orta məktəbin 1-ci sinifinə gedib. Kəlbəcər erməni təcavüzkarları tərəfindən işğal olunduqdan sonra ailəsi Oğuz rayonuna pənah gətirib, rayonun Calut kəndində məskunlaşıb. S.Əmrahov da təhsilini Calut kənd məktəbində davam etdirərək 1996-cı ildə məzun olub.

Həmin il hərbi xidmətə yollanıb. Daha sonra Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.

Kiçik çavuş S.Əmrahov Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Cəsarətli hərbçi Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 4-də Calut kəndində dəfn edilib.

Ondan vətənə əmanət iki övladı qalıb.

Saməddin Əmrahov şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə"  medalları ilə təltif olunub.

***

 

Quliyev Emil Elşad oğlu 14 fevral 2000-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub.  27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin odlu-alovlu günlərində Horadiz şəhərində strateji əhəmiyyətli obyekti - "Azpetrol" benzindoldurma məntəqəsini mühafizə edirdi. Həmin ərəfədə düşmən Horadiz şəhərini və ətraf əraziləri artilleriya atəşinə tuturdu. Belə çətin zamanda əhalinin benzinə olan tələbatını ödəmək, insanların təhlükəsizliyini təmin etmək Emilin qarşısında dayanan əsas məsələlərdən biri idi. Emil xidməti vəzifəsini yerinə yetirərkən düşmən artilleriyasının “Azpetrol” benzindoldurma məntəqəsinin yaxınlığına atdığı mərminin partlaması nəticəsində ağır yaralanır və qəlpələrindən aldığı xəsarət nəticəsində 3 gün hospitalda müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmur. Emil Quliyev oktyabrın 4-də şəhidlik zirvəsinə ucaldı və doğma kəndində son mənzilə yola salındı.

***

 

Babayev Elman Telman oğlu 1 noyabr 1994-cü ildə Oğuzun Padar kəndində doğulub. 2001-ci ildə Arzu Əliyev adına Padar kənd tam orta məktəbinin 1-ci sinifinə gedib. 2007-ci ildən təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirib. 2013-cü ilin yanvarında hərbi xidmətə yollanıb, 2014-cü ildə xidmətini başa vurub Oğuza qayıdıb və müxtəlif sahələrdə işləyib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılıb və sentyabrın 29-da Murovdağdakı gərgin döyüşlərin birində şəhid olub. Oktyabrın 4-də Oğuzun Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli olan şəhidimizin iki övlad yadigarı qalıb.

Elman Babayev şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

 





27.05.2021    çap et  çap et