525.Az

"Gəncənin səsi"nin bir əsrlik yaşına töhfə


 

İKİNCİ ŞƏHƏRİMİZİN RƏSMİ QƏZETİNİN YUBİLEYİNƏ "100 İLİN İŞIĞINDA" ADLI KİTAB BURAXILIB

"Gəncənin səsi"nin bir əsrlik yaşına töhfə<b style="color:red"></b>

Ölkəmizin mətbuat tarixində, eləcə də öz inkişafını daim köklü ənənələr və müasirliyin vəhdəti ilə sürən Gəncənin ictimai həyatında  öz izi olan "Gəncənin səsi" qəzetinin yaranmasından bir əsr ötür. Bu dövr ərzində ikinci şəhərimizin həyatını, onun qayğı və ümidlərini güzgü kimi özündə əks etdirən bu qocaman mətbu orqanının salnaməsini yaratmaq  şübhəsiz, həmin şərəfli yubiley üçün ən yaxşı töhfədir. "100 ilin işığında" adlı kitab da məhz bu missiyanı yerinə yetirib.

"Hər kitabın işıq üzü görməsi onun müəllifinə sonsuz sevinc bəxş edir. Lakin yeni nəşr olunmuş "100 ilin işığında" kitabını ərsəyə gətirmək təkcə sevinc deyil, həm də boynumun borcu idi. Bizim "Gəncənin səsi"  iki  ictimai-iqtisadi formasiya, üç  əlifba dəyişikliyi yaşayıb, nəhayət,  onun adı yeddi  dəfə dəyişib. Doğma qəzetimizin salnaməsinin necə deyərlər, əbədiyyət üçün ərsəyə gətirilməsi işinin onun hazırkı rəhbəri kimi məhz mənim üzərimə düşdüyünü düşündüm. Beləliklə, arxivlərdə işləyərək, bu toplunu yarada bildim. Düşünürəm ki, bu kitab ilə bizə və gələcək nəsillərə lazım olanları - yəni Gəncənin pillə-pillə böyüməsini gözlər önünə gətirməyi bacarmışıq", - deyə kitabın müəllifi, "Gəncənin səsi" qəzetinin baş redaktoru, tanınmış jurnalist və yazıçı, "Tərəqqi" medallı Rəfiqə Sadıqova bildirir.

"100 ilin işığında" kitabının Gəncə Şəhər İcra Hakimiyyətində təqdimatı da keçirilib.

Şəhər rəhbəri Niyazi Bayramov çıxışında kitabın ensiklopedik xarakterini xüsusi vurğulayaraq bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat orqanı olan "Gəncənin səsi" qəzetinin 100 illiyinə həsr olunan  nəşr sadəcə qəzetin deyil,  respublikamızın ikinci şəhərinin də bir əsrlik tarixinə işıq tutur.  N.Bayramov qəzetin 100 illik yubileyi münasibətilə onun kollektivini, o cümlədən, sözügedən kitabı ərsəyə gətirən Rəfiqə Sadıqovanı təbrik edib.

Nəşri təqdim edərkən, Rəfiqə Sadıqova tədbir iştirakçılarına bildirib ki, kitab 360 səhifədən və 5 fəsildən ibarətdir. Müəllif ölkədə mətbuata göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də Gəncədə yaradıcılıq işinə həssas yanaşdığına görə şəhər rəhbərinə minnətdarlıq ifadə edib.

Görüşdə AMEA Gəncə Regional Bölməsinin sədri, akademik Fuad Əliyev, əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, rusca çıxan "Novosti Gyandji" qəzetinin redaktoru İrina Kalaşnikova və digərləri qeyd edilən əlamətdar tarixlə bağlı öz ürək sözlərini çatdırıblar.

Tədbir zamanı "Gəncənin səsi", eləcə də rusdilli "Novosti Gyandji" qəzetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə onların redaksiyalarına maddi köməklik göstərildiyi də bildirilib.

Zakir MURADOV
Gəncə

 

 





27.05.2021    çap et  çap et