(Allah hamıya qismət eləsin)
Düz 40 il bundan əvvəl Dünyanın Ən Varlı Şəhərində, Ağdamın Qarabağın toy otağı olan vaxtında (inşallah, yenə bu şəhəri Qarabağın toy otağı edəcəyik), may ayının 16-sında mənim toyum olmuşdu. Atam iki mağar qurdurmuşdu: birini məhlədə, birini isə həyətdə – Bakıdan gələn şair və yazıçı dostlarım üçün. Ayrı-seçkilik deyildi, sadəcə olaraq, şair dostlarım bütün günü şeirləşəcəkdi. Təbii ki, bu da hər sözdən nəsə bir qulp yeri tapıb məzələnən ağdamlı dostlarım üçün ilboyu çayxanalarda yaxşı bir mövzu olacaqdı. Həm də camaat yeyib-içməyə, şənlənməyə gəlmişdi, «poeziya buketi, nəğmə çələngi»nə yox. Ağdamın yaradıcı gəncləri də həyətdəki mağara dəvət edilmişdilər. Həyətdəki mağar qızılgülə bələnmişdi. İnanmazsınız ki, mağarın üstünə çəkilmiş çadır qızılgüllərdən görünmürdü, adam bihuş olurdu. Nə isə…
Gecə möhkəm leysan oldu. Bərk dilxor oldum. Amma səhər tezdən Tanrı elə bir Gün doğdurdu ki, 40 ildi o Günün şəfəqləri ailəmin üstündən əskik olmur.
Bakıdan gələn ziyalı və şair dostlarımın bir çoxu toya pul yazdırmamışdı, kitab salmışdılar. Sonralar Ağdamda dostlar mənə sataşırdılar ki:
- Qaqa, doğrudan deyəsən bu şairlərin başı yaxşı işləmir ey. Ə, toya da kitab yazdırarlar?
Hərçənd ki, bu sözləri deyənlərin çoxu mənim Ağdamdakı kitabxanamın üzvüydülər.
İndi fikirləşin də, şairlər hələ bu itoynadan dostların yanında şeir oxuyaydılar.
Amma oxuyub-yazmağı bilməyən anam hamının yanında forslanırdı ki, mənim oğlumun toyunda dostları kitab salıblar.
HƏMİN GÜNDƏN DÜZ 40 İL KEÇİR
Bu 40 ilin 32 ilini (1988-ci ilin fevralından 2020-ci ilin 8 noyabrınadək) ömürdən sayma. Yəni yaşamağına yaşadıq, amma türk mahnısında deyildiyi kimi, biz də yaşayırdıq, bunun adına yaşamaq deyirlərsə: Qarabağsız, Ağdamsız nə yaşamaq. Məğlub olmuş, torpaqları işğal olunmuş, Ağdamsız, Şuşasız, Kəlbəcərsiz qalmış bir xalqın bütün ağrı-acısını yaşamışam bu illərdə. Ermənilərin Şuşadan, İsa bulaqdan, Kəlbəcərdən, İstisudan, Şahbulaqdan paylaşdıqları videolara baxıb çərləyə-çərləyə yaşamışam bu illəri. Hələ biri vardı ey,ermənilər Ağdamın küçələrində maşınlarla şütüyür və ironiya ilə deyirdilər: «Etot qorod cigitov». Gücüm ona çatırdı ki, gedib Evoğlunun üstdəki axırıncı postdan da keçirdim.
Əsgərlər buraxmaq istəmirdilər:
- Hara gedirsiz?
- Evimizə gedirəm, a bala, olmaz?
Duruxurdular, bir söz tapa bilmirdilər. Və neytral ərazidə cəsarətim çatdığı yerə qədər gedirdim. Sonra bir daşın üstündə oturub yarım saat, bəlkə daha çox siqaret çəkə-çəkə üzü Ağdama, üzü Şuşaya baxırdım. Bu hissi mən tək yaşamamışam, bütün qarabağlılar, bütün ağdamlılar yaşayıb.
VƏ MƏNİ YAŞADAN İNAM İDİ
Bir gün Şuşaya bayraq sancacağımıza olan inam. Bütün çıxışlarımda deyirdim, məqalələrimdə də yazırdım ki, darıxmayın, gün gələcək İlham Əliyev Şuşaya bayraq da sancacaq, Şuşada himnimiz də çalınacaq, «Koroğlu» üvertuarsı da.
Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev o bayrağı sancdı və Şuşada himnimiz də çalındı, üverturamız da.
MAYIN 16-SI
Şəhər azad olunanda ilk səfərimdə məscidin önündə Emin Musəviyə müsahibə verəndə söz vermişdim ki, mayın 16-sı Ağdamda 40 ildən sonra özümə yenidən bir toy edəcəm. Və bəziləri buna ağız da büzmüşdülər, lağa da qoymuşdular. Necə ki işğaldan azad olunandan sonra Ağdama birinci səfərimdə qol qaldırıb oynamağıma ağız büzüb lağ etmişdilər. Və bu lağ edənlər bilə bilməzdilər ki, o qolları qaldırıb oynayan mən deyiləm. Mənim həm Birinci Qarabağ savaşında şəhid olan dostlarımdı, sinif yoldaşlarımdı, qonşularımdı, qohumlarımdı. Və həm də İkinci Qarabağ savaşında Qarabağı azad edən şəhidlərimizin ruhudu. Oynadım, oyy, nə gözəl oynadım, Allah. Sağ olsunlar, «Qarabağ» komandası da məni tək qoymadı. Bir də bir cavan ağdamlı elə süzə-süzə girdi meydana ki, elə bil qartal süzürdü.
MAYIN 16-SI
Rəsmi icazə aldım özümə də, xanımıma da. Xanımıma mənə görə yox, bir yazıçı kimi, «Ədalət» qəzetinin baş redaktoru kimi icazə verdilər.
Əvvəl Seyid Lazım Ağanın, xalqımıza Şahmar Əkbərzadə kimi böyük bir şair bəxş etmiş, Çəmənli kəndindəki Ocağını ziyarət etdik. Bütün Qarabağ camaatının inam yeridi bu Ocaq.
Saat 11-də Ağdam şəhərində İmarətdəydik. Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Məmməd bəy Cavanşirin, Natəvanın məqbərələrini və həmin İmarətdə Pənah xanın sərdabə tikdirdiyi adını bilmədiyim ər-arvad seyidlərin Ocağında olduq, həm onların, həm də bu İmarətdə uyuyanların ruhlarına dualar oxuduq.
Mənim uşaqlığım, gəncliyim keçib bu İmarətdə, xanımım isə ilk dəfəydi bu müqəddəs məkanı görürdü. İmarət haqqında ay basıb-bağladım ey. Burda keçirilən tədbirlərdən, Xan qızı Natəvanın təxminən 150 il bundan əvvəl bu İmarətin dörd tərəfində babalarının xatirəsinə əkdiyi çinarlardan danışdım. Milli Qəhrəman Fred Asifgilin, «Dolu» romanının Pələngi Elməddin Sərdargilin həyətlərini göstərdim.
Ordan gəldik Məhəmməd Ağa Müctehidzadənin oğlu, Qarabağın məşhur xanəndəsi Hafiz Sədrzadənin sonuncu dəfə Azan verdiyi Ağdam məscidinə. O məscidə ki 1981-ci ilin may ayının 6-da buranın axundu bizə dini nigah kəsmişdi, xeyir-dua vermişdi, dualar oxumuşdu. Bəlkə də həmin duaları Allah eşitmişdi ki, 40 ildən sonra da olsa bizi o müqəddəs torpağa, o müqəddəs ocağa gətirmişdi. Bir «Fatihə» surəsi oxudum, ikimiz də millətimiz üçün, dövlətimiz üçün, şəhidlərimiz və qazilərimiz üçün dualar etdik.
Bu məscidin həyətində bizim qəzetin əməkdaşı Nicat Novruzoğlu bu ilin aprelin 15-də bir alma ağacı əkmişdi. Böyüyüb, yamyaşıldı. Gəldim o alma ağacının yarpaqlarını oxşadım. Polis işçiləri deyir ki, Aqil müəllim, bəzən su bitəndə də içəcəyimiz suyu içmirik, bu ağacı sulayırıq.
Sonra getdik 40 il bundan qabaq xanımımın gəlin köçdüyü bizim həyətə. İndi siz inanarsınız ki, küçədən bizim həyətə təxminən 30-40 metrlik yolu on dəqiqəyə güc-bəla ilə getdik? Fikirləşin görün, şəhəri necə dağıdıblar?
Bu da bizim həyət. Həyət deyəndə… Bir qədər hasarlarımız durur, evin iki-üç divarı durur.
Xanımım deyir:
- Yadına düşür, balaca bacın bu divarda qəşəng bir durna şəkli çəkmişdi.
Təbii ki, yağışlar-filanlar şəkili yuyub. Bir də hasarın divarında dağılmış yerlər var. Deyirəm ki, yox, şəkil bu dağılmış yerdəydi.
Razılaşmır:
- Yadından çıxıb, burdaydı.
Komandir deyəndən sonra ağzım nədi razılaşmayam və həm də yadıma salıram ki, düz deyir.
Evimizə qalxmaq üçün üç-dörd pilləkan vardı. Atam həmişə müharibə vaxtı evdə qonaq olanda tüfəngini götürüb bu pilləkanda oturardı, bəzən səhərə qədər də yatmazdı, öz aləmində guya qonağı qoruyurdu.
OTURDUM ATAMIN ƏVƏZİNƏ HƏMİN PİLLƏKANDA
Və başladım xanımıma danışmağa bu həyətdə kimlər olub (Azərbaycan ədəbiyyatının demək olar ki, bütün qaymaqları bu həyətdə olmuşdu) və danışıram, adlarını çəkirəm: Xəlil Rzanın, Söhrab Tahirin, Məmməd Arazın, Anarın, Şahmar Əkbərzadənin, Aydın Məmmədovun, Sabir Rüstəmxanlının, Vaqif Cəbrayılzadənin, Çingiz Əlioğlunun, Zakir Fəxrinin, Vaqif Bəhmənlinin, Əhməd Qəşəmoğlunun, Abbas Abdullanın, Şirindil Alışanovun və sair və ilaxır, qəfil kövrəlirəm.
- İradə, Elçibəy həbsdən çıxandan sonra bax, burda atam onun ayağının altında qurban kəsmişdi…
Bizi etibar ediblər Ağdam polisinin baş leytenantı Nişat Allahverdiyevə. Bu da mənim xalam nəvəsidi. O da şəkillər çəkir, video çəkir, görürəm (baş leytenant olsa da mənim üçün uşaq olan Nişata), bir himə bənddi ağlasın.
Birdən sol biləyimdə çox ağır bir sancı hiss elədim, elə bildim ilan sandı. Bir anlıq özümü itirdim. Sonra gördüm ki, yox, ilan deyil, bir yekə tikan batıb. Qalxdım, indi qanı sümürürəm ki, kəssin, amma kəsmir. Yerdən bir çimdik torpaq götürüb basdım qanın üstünə. Uşaq vaxtı da belə edirdik, bir yerimiz qanayanda, yaralananda üstünə torpaq tökürdük, qan kəsirdi.
Ötən yazılarımın birində qeyd etmişdim. Uşaq vaxtı bəzən torpağı yeyirdik, çox gözəl dadı vardı. Ağdama ilk dəfə girəndə də bir çimdik torpaq götürüb yemişdim, görüm dadı qaçıb, ya yox. Dadı qaçmamışdı, bal dadırdı, özü də təmiz Kəlbəcər balı.
Və yaramın üstünə çəkdiyim torpaqdan yenə daddım. Bəh-bəh, bu dadı təsvir etməyə gücüm çatsaydı Nobel mükafatı alardım.
XANIMIM DA ÖZ XATİRƏLƏRİNİ DANIŞIR,
acılı-şirinli xatirələrini. Və acılı xatirələri daha çoxdu. Bu barədə özü hərdən yazır. Zarafatla deyirəm ki, Fatma cijindən az sitat gətir.
Nəhayət, həyətdən çıxırıq. Qonşuların çoxunun evinin şəkillərini çəkdirirəm ki, göndərəcəm özlərinə.
Şəhəri gəzirik. Yamyaşıldı. Xanımım şəhəri yaxşı tanımasa da, deyir:
- Bu yol Əşrəf dayıngilə gedirdi.
Başqa bir küçədən keçirik:
- Bu yol Gülablıya gedirdi... Bu yol Şuşaya gedirdi...
- Yaddaşına maşallah, unutmamısan.
Gülə-gülə deyir:
- Heç unudaram?!
- Məni qoyurdun bacılarının arasında, özün də dostlarınla çıxıb gedirdin Şuşaya.
Zəng gəlir, sonuncu postdandı. Bildirirlər ki, Fikrət adlı bir kişi gəlib, deyir ki, Ağcabədinin icra başçısı Rafil Hüseynov yemək-içmək göndərib.
QAYIDIRIQ YENƏ MƏSCİDİN YANINA
Xala nəvəsi gedir yemək-içməyi gətirməyə.
Belə bir vəziyyətdə şəhərimizi qoruyan polis əməkdaşlarını, hərbçiləri, eyni zamanda burda tikinti-bərpa işlərini aparan memar və inşaatçılardan xahiş edirəm ki, imkan daxilində gəlsinlər məscidin yanına.
Bütün dəm-dəstgahı ilə Qarabağ plovu gəlir. Hər şey var, bircə içkidən başqa.
Ömrü boyu badə qaldırmışıq ki, ay Allah, bizə qismət elə bu badələri Kəlbəcərdə qaldıraq, Laçında, Qubadlıda qaldıraq və sair və ilaxır.
… Dostum Mahir Abbaszadə həmyerliləri ilə Laçına getmişdi, doğulduğu Güləbird kəndinə. Burnundan gətirdilər ki, guya Güləbirddə araq içib. O da and-aman edir ki, içməmişəm. Qardaş, niyə qorxursan? Bilmirəm içmisən, ya içməmisən, lap içməmiş olsan da gərək deyəydin ki, ən böyük arzuma çatmışam, doğulduğum, azad olunmuş kəndimizə gəlmişəm və burda əsgərlərimizin sağlığına, Ali Baş Komandanın sağlığına badə də qaldırmışam…
Bəli, hər şey vardı, bircə içkidən başqa.
Ona görə yox ki, Ağdamda içmək olmaz. Ona görə ki, burdakı hərbçilər, polislər öz vəzifə səlahiyyətlərini yerinə yetirirlər, təbii ki, onlar içə bilməzlər. Həm də məscidin yanındayıq. Kiçik bir süfrə açırıq, çünki geniş süfrə açmağa şərait yoxdu. Yalnız mən və xanımım oturmuşuq. Oturmağa stullar olsa da bir-birinə hörmət əlaməti olaraq heç kəs oturmurdu. Plovu özüm çəkirəm. İnşaatçıların biri deyir:
- Aqil müəllim, Allah balalarını saxlasın, çoxdandı belə ev yeməyi yemirdik.
Sonra biz qalxırıq, gedirik üzü Kolanıya tərəf. Daha doğrusu, Şahbulağa. Adını bilmədiyim polis zabiti deyir:
- Siz narahat olmayın, biz plovun bir hissəsini və supu da əsgərlərimizə göndərəcəyik.
VƏ ÜZÜ ŞAHBULAĞA
Əvvəl bulağa yenirik . Bulaq deyil ey, cənnətdəki Zəm-zəm suyudu. Əvvəl əl-üzümüzü yuyuruq, sonra özüm girirəm bulağa, gözündən su götürmək istəyirəm.
Nişat:
- Dayı, qoy mən girim su gətirim.
- Yox ey, özüm.
Əvvəl ovuclayıb içirəm, sonra da ovcumda xanımıma gətirirəm.
Qıjı deyilən bir bitki var, yalnız qarasuda bitir, ən dadlısı da mənim doğulduğum Ağcabədi rayonunun Bayat kəndində, daha dəqiq desək, Bayatın Kolanısında. Qıjı yığıram yemək üçün, biləsiniz qara ciyərin dərmanıdı. Qara ciyərim yerindədi ey, sadəcə olaraq, onun dadı əvəz olunmazdı. Amma görürəm ki, dad həmin dad deyil, çünki erkəkləyib.
Sonra da qalxırıq Şahbulaq qalasına.
Pənah xan bu qalanı təxminən 1748-50-ci illərdə tikdirib. Deməli, ermənilər guya bu qalanın VI əsrdə hansısa bir nemes erməni tərəfindən tikildiyini yazıblar. Buranı həm muzey, həm də restoran eləyiblərmiş. Plakatları, nə bilim nələri də var, ayaq altındadı, təbii ki. Otururam həyətdəki hovuzun yanında, xanımım Nişatla qalanı gəzir. Vallah, xanımım çiçək kimi çiçəkləyib.
Vaxtilə erməni qızları gəlib burda kef edərdilər, video, şəkil çəkib paylaşardılar, biz də baxıb çərləyərdik.
Qalanın ən yuxarısında xanımım əllərini açıb göyə və deyir:
- İNDİ MƏN BURDAYAM, SİZ HARDASIZ?
Bəlkə də bu qırx illik evlilikdə xanımıma ona belə xoşbəxtlik qismət eləməmişdim. Mənə elə baxır, elə bil ki, 42 il əvvəl vurulduğu Aqil Abbasa baxır.
Bu nə xoşbəxtlikdi, İlahi?!
Həmişə məni danlayanda Nüsrət Kəsəmənlidən bir beyt deyirdim:
Nəyimi sevmişdin deyə bilmədin,
İndisə min eyib tapırsan məndə.
Qaqa, eyib nədi ey, nə təhər məni tərif yağışına tutubsa…
Geri qayıdırıq. İstəyirəm gedəm Qarağacıya – anamın və qardaşımın yatdığı Qarağacıya. Gedirik, izah edirəm bura haraydı, bura haraydı.
Qarağacıya çathaçatda deyirəm ki, Nişat maşını saxla və dön geri.
- Niyə, dayı?
- Belə bir xoş günü qəbiristanlıqda bitirmək istəmirəm.
Xanımım:
- Elə istəyirdim ki, sən Qarağacıya gedib ağlamayasan. Xoş günü ağlaşmayla qurtarmayasan. Sağ ol.
Geri dönürük. Maşını saxlayıb Əhmədavarda bir-iki şəkil çəkirəm, iki-üç divar qalıb kənddə. Onun hansısı Sərdar həkimgilindi, bilmirəm. Hansı gitaraçı rəhmətlik Eldar Kərimovgilindi, hansı rəhmətlik Süleyman Zeynalovgilindi.
Deyirəm ki, bu şəkilləri göndərəcəm həmin dostlarımın özlərinə, rəhmətə gedənlərin də balalarına.
Yenidən qayıdırıq məscidin yanına. Bütün polis işçiləri, Daxili Qoşunların və Milli Ordunun əsgərləri ilə xudahafizləşirəm.
Biri zarafatla deyir:
- Aqil müəllim, sən Allah, tez-tez gəlin. Gələn dəfə gələndə çoxdandı dolma yemirik, dolma gətirin.
- Günü sabah sizə dolma göndərərəm.
Nişat bizi gətirir posta. Maşınımı orda saxlamışdım. Ordakı əsgər və polislərlə də (onları da toy yeməyinə qonaq etmişdim) görüşürük və ağdamlılar demiş, üzü güləbətinə.
Gəlirik Evoğluna, nənəmgilin həyətinə, bir yaxşı çay içirik. Mən həmişə Ağdama gedəndə restoranda da çörək yesəm Nişatın anası, xalam qızı Tahirə ev yeməyi hazırlayıb göndərər restorana. Amma bu dəfə rayonda yoxdu, Bakıdadı. Ona görə də bizim toy yeməyimizi Ağcabədidə hazırlamışdılar.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov da məndən küsür. Harda olduğumuzu soruşur, amma mən demirəm. İstəmirəm iş-gücünü atıb, gəlsin ora.
Eh, Vaqif müəllim, narahat olma. Hələ bizə o qədər qonaqlıq verəcəksən ki!...
Bəli, mən sözümü tutdum. 40 ildən sonra Ağdamda polis işçiləri ilə, Daxili Qoşunların və Milli Ordunun əsgərləri ilə pandemiyaya uyğun toyumu elədim.
İnşallah, 41-ci ildönümündə daha gözəl bir toy edəcəm və Mənsum İbrahimov o toyu aparacaq və mən də qol qaldırıb oynayacam. Və heç vaxt heç bir toyda oynamayan xanımım da ilk dəfə olaraq həmin toyda mənimlə birlikdə qol qaldırıb oynayacaq.
Şəhidlərin ruhu bizi bağışlasın!
16 may 2021-ci il. Ağdam şəhəri.