525.Az

AzTV-dən yeni layihə - Media


 

65 İLLİK YUBİLEY İLİNDƏ DAHA BİR İLKƏ İMZA

AzTV-dən yeni layihə - <b style="color:red">Media</b>

Azərbaycan Televiziyasında son günlər hər gün işğaldan azad edilmiş yurd yerlərimizə aid süjetlər gedir.

Doğma kanalımızın əməkdaşları tez-tez səfərə çıxır, uzun illər həsrətində olduğumuz o torpaqlardan görüntülər yayırlar. Həmkarlarımız geri qayıdanda isə o qədər həvəslə və qürurla danışırlar ki, elə bil, Məkkəni, Kəbəni  ziyarətdən dönüblər. Bəli, həqiqətən bizim üçün azad olunmuş kəndlərimiz  Peyğəmbərimizin uyuduğu məkan çalı, övliya torpağının tütyəsi qədər müqəddəsdir. Ayağımız oralara dəyəndə sanki belimiz dikəlir, xarabalığa döndərilmiş görkəmi, viranə qoyulmuş halını belə görəndə (ürəyimiz ağrısa da), gözümüzə işıq gəlir,   susayan qəlbimizə bir içim su qədər sərinlik gətirir. Hələlik isə oralara, illərlə həsrətində olduğumuz, Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli ordumuzun "Dəmir yumruq" əməliyyatı ilə azad etdiyi torpaqlarımıza Azərbaycan Televiziyasının gözü ilə baxırıq. Amma irəlidə ELİN KÖÇÜ başlayacaq. Böyük   QAYIDIŞA şahidlik edəcəyik. Kanalın yeni istehsalı olan və yenicə tamaşaçılara nümayiş etdirilən "Qayıdış işığı" filminin qəhrəmanı kimi, hamı o günə hazırlaşır. Çünki televiziyamızda  işğaldan azad olunan torpaqlarımızın bərpası üçün böyük layihələrdən danışılır, işlərin sürətlə getdiyi gün ərzində dəfələrlə diqqətə çatdırılır. Zəfər yolunun inşası uğurla davam edir və o yolla irəliləyən AzTV əməkdaşı yolun inşasından tutmuş, çəkilən işıq xətlərindən, beynəlxalq hava limanlarının tikintisindən, "ağıllı kənd", "ağıllı şəhər" modellərininin yaradılması  məqsədilə rəqəmsal texnologiyaların tətbiqi üçün həyata keçirilən dövlət layihələrindən bəhs edir. Ekrandan gördüklərimizi, eşitdiklərimizi göz önündə canlandıranda, dünyanın ən sivil şəhərləri səviyyəsində qurulacaq obalarımızın gələcəkdə necə gözəl olacağını təsəvvür edəndə keçirilən hissləri dilə gətirməkdə aciz qalırsan.

Bəli, ölkənin ilk televiziyası, xalqın ilk görən gözü olan və bu il 65 yaşı qeyd edilən Azərbaycan Televiziyasının əməkdaşları uğurlu diplomatiyamızın və qeyrətli oğullarımızın qanı bahasına azad edilmiş yurdlarımızı iftixar hissi ilə qarış-qarış gəzir və xalqımıza yüksək səviyyədə bərpa quruculuq işlərinin aparıldığını göstərirlər.

Vətən müharibəsi başlayan gündən 44 gün ərzində gözümüzü ekrandan çəkmədik. Hadisələrin gedişatını canlı görmək, ölkə başçısının çıxışlarını eşitmək üçün böyükdən-kiçiyə hamının nəzəri bu "sehrli qutu"ya dikildi.

Müharibə bitəndən sonra daha möhtəşəm görüntülər başladı. İndi ruhumuzla, qəlbimizlə o məkanları AzTV-nin gözü ilə mavi ekrandan seyr edirik. O yerlərə baharın gəlişini,  cənab Prezidentin Şuşada bayram tonqalını alovlandırmasını görəndə bir daha əmin olduq ki, Azərbaycanımızın gələcəyi etibarlı əllərdədir. "Xarıbülbül" festivalının əks-sədası isə təkcə dağları, dərələri silkələmədi, Azərbaycanın hər yerində göz yaşları ilə izlənildi, eləcə də xaricdə yaşayan soydaşlarımıza qürurverici anlar yaşatdı, bütün dünyanın nəzərini özünə yönəltdi. Beynəlxalq mətbuatda bu festival haqqında xeyli sayda məqalələr yazıldı.

Əzəli-əbədi torpaqlarımıza yenidən həyatın qayıdışı, ana televiziyamızın hər bir çəkilişi şanlı tariximizdir. Vətən müharibəsi dövründə yaşanılan hadisələrin olduğu  kimi təsviri, cəbhədən çəkilmiş videogörüntülər güclü ordumuzun qalibiyyət əzmini nümayiş etdirir. Ölkəmizdə illər boyu ordu quruculuğu ilə bağlı görülən işlər, daxili və xarici siyasətin qazanılmış uğurları haqqında aparılan silsilə söhbətlər sonda qələbənin bizim olacağına işarət edirdi. İdrak sahibi olan, məntiqi təfəkkürünə güvənən ağıllı tamaşaçı başa düşürdü ki, dövlətin atdığı addımlar, həyata keçirilən islahatlar, hər bir sahədə əldə edilən uğur, xüsusilə daxili və xarici mühitdə görülən işlər, siyasi sferada keçirilən görüşlər, ölkənin dünya müstəvisində qazandığı siyasi nailiyyətlər, Azərbaycanın nəinki regionda, beynəlxalq aləmdə nüfuz qazanması, böyük təşkilatlarda təmsil olunması, Qoşulmama Hərəkatı kimi nüfuzlu bir qurumda söz sahibinə çevrilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında "Qarabağ Azərbaycandır!" mesajı, BMT-nin tribunalarından qətiyyətli çıxışları və digər siyasi fəaliyyətlər, çəkilən zəhmət bizi addım-addım Qarabağa aparırdı. Bu da SON! İndi Şuşadan, Kəlbəcərdən, Laçından, Zəngilandan, Ağdamdan, düşmən tapdağından xilas edilən hər bir yurd yerimizdən canlı reportajlar yayımlanır, telebağlantılar qurulur.

 

65 yaşlı Azərbaycan Televiziyası millətin tarixini yaddaşlara həkk edir, öz zəngin arxivini yaratmaqla  gələcəyə böyük miras, irs toplayır.

Televiziyamızdan gördük ki, qardaş Türkiyənin bizə haqq mübarizəmizdə, torpaqlarımız üçün apardığımız mücadilədə mənəvi dəstəyi böyük oldu. Hər zaman arxamızda olduqlarını söyləməklə xalqımıza ruh verdilər. Ermənilər tərəfindən döyüş nöqtələrindən uzaq məsafadə yaşayan dinc sakinlərimizin başına bombalar, kassetli raketlər atılanda türk mediasının əməkdaşlarının yanımızda olması Azərbaycan həqiqətlərini dünyaya anındaca yayımlaması və telejurnalist peşəkarlığı nümayiş etdirməsi Ulu öndərimiz Heydər Əliyevin  dediyi kimi, "bir millət, iki dövlət"in bir-birinə sonsuz etimadını, sarsılmaz tellərlə bağlılığını bir daha təsdiq etdi.

Bu gün Azərbaycan Televiziyasının dəstəyi ilə TRT Qarabağla bağlı sənədli film hazırlayır. Türkiyə Radio və Televiziya Qurumu (TRT) İdarə heyətinin sədri və Baş direktoru İbrahim Ərən bildirib ki, real həyat hekayələrindən bəhs edən sənədli film altı bölümdən ibarət olacaq və "TRT Avaz" kanalında yayımlanacaq. TRT-nin Baş direktoru Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin sənədli filmin hazırlanmasına böyük dəstək verdiyini deyib: "Bu filmin hazırlanmasında Azərbaycanın milli televiziya kanallarından olan AzTV də önəmli dəstək göstərdi. Azərbaycanlı məsləkdaşlarımıza buna görə təşəkkür etmək istəyirəm".

İbrahim Ərən əlavə edib ki, TRT bundan sonra da Azərbaycanın tarixindəki önəmli günlər, tarixi hadisələr və şəxsiyyətlərdən bəhs edən müxtəlif proqramlar hazırlayaraq dünyaya çatdıracaq: "Biz Azərbaycan üçün nə qədər çox iş görsək də, daha çoxunu görmək istəyirik. Hər zaman dediyimiz kimi - "İki dövlət, tək millət"ik. Birlikdə atacağımız hər bir addım bizi sevindirir, qürurlandırır. Azərbaycan canımızdır, qanımızdır. Yeni layihələrimizlə həm Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda, həm də dəyərlərini tanıtdırmaqda davam edəcəyik".

"Yeni Azərbaycan" qəzetinə müsahibəsində İbrahim Ərən ortaq serialların çəkilməsi ilə bağlı da məlumat verib. Vurğulayıb ki, bununla bağlı AzTV və digər kanallarla birgə əməkdaşlıq sahəsində daha konkret addımlar atılacaq.

Doğma kanalımız, ana televiziyamız haqqında Türkiyə mətbuatında da maraqlı yazılar verilir. "Azerbaycan Televizyonu, "Türk dünyası" projesini başlatıyor!" başlıqlı məqalələrdə qeyd olunur ki, Azərbaycan Televiziyasının təşəbbüsü ilə türkdilli dövlətlər ortaq layihəyə imza atıblar. "Türk dünyası" adlanan layihə türk dünyasının teleməkanında ilk ideyadır. Həftədə bir dəfə yayımlanacaq verilişdə türkdilli xalqlardan birinin mədəniyyəti, tarixi, adət-ənənəsi barədə məlumatlar təqdim ediləcək.

Materiallar hər bir xalqın öz dilində olacaq. Lakin Azərbaycan tamaşaçısının tam başa düşməsi üçün alt yazı əlavə olunacaq.

Layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin TV kanallarında verilməsi planlaşdırılır.

Bu, Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüslərə cavab olaraq yaradılan layihədir.

Layihə nənki türk ölkələrinin, eləcə də bütün dünya mətbuatının diqqətini çəkib. Böyük Britaniyada yayımlanan "T-vine" onlayn dərgisi AzTV-nin "Türk dünyası" layihəsindən yazıb.

65 yaşlı Azərbaycan Televiziyasının kollektivi, yaradıcı əməkdaşları hər zaman olduğu kimi, yenə də uğurlu layihələrlə, yeniliklərlə birinci olmaq niyyətindədir. Televiziyamızın bu sarıdan bəxti onda gətirib ki, bu məkanda çalışan əməkdaş jurnalist olmaqla yanaşı, həm də siyasi savadı ilə gündəmdə olan mövzunu müzakirə etmək gücündə olan şərhçi, konfliktologiya sahəsində təcrübəli araşdırmaçı, maddi və mədəni irs nümunələrini təbliğ edən, varidatımızı gələcəyə ötürən sənət bilicisi, peşəkarların çalışdığı, eyni zamanda, ölkə teleməkanında olan boşluğu doldurmaq, kadr potensialı ilə təmin etmək məqsədi ilə daima istedadlı gənclərin üzə çıxarılması üçün axtarışda olan, Teleradio Akademiyasının fəaliyyət göstərdiyi, ustadların öz biliklərini təmənnasız təbliğ etdiyi əsl yaradıcılıq aləmi, ənənəvi telejurnalistika məktəbidir, bir sözlə, öz peşəsinin məsuliyyətini anlayan, çiyinlərinə götürdüyü yükü daşıya biləcək insanlardır. Ona görə də Azərbaycan Televiziyası xalqın görən gözü, döyünən ürəyi, tanıtım məkanı, ziyalılarımızın söz meydanı, görüş ünvanıdır.

 





27.05.2021    çap et  çap et