525.Az

Rəsulzadə "Qafqaz dağlıları" jurnalının səhifələrində - Araşdırma


 

Rəsulzadə "Qafqaz dağlıları" jurnalının səhifələrində - <b style="color:red">Araşdırma</b>

Bütünlükdə Qafqaz, eləcə də Azərbaycan siyasi mühacirət tarixini, mühacir irsini və vətəndən uzaqlarda fəaliyyət göstərmiş ayrı-ayrı görkəmli şəxsiyyətləri öyrənmək baxımından indiyə qədər tarixşünaslığımızda diqqətdən kənarda qalan qaynaqlardan biri "Qorüı Kavkaza" - "Qafqaz dağlıları" jurnalıdır.

Rus dilində nəşr edilən jurnal 1929-cu ildə Qafqaz Dağlıları Xalq Partiyasının mətbu orqanı kimi Parisdə təsis olunmuşdu. 1929-1934-cü illərdə dağlı siyasi mühacirətinin liderlərindən biri, partiyanın idarə heyətinin üzvü, milliyyətcə kabardin olan knyaz Elmurza Bekoviç-Çerkasskinin (1898-1940) redaktorluğu ilə çıxmışdı. Nəşrin səhifələrində əsas etibarı ilə Varşava, Lion, Lozanna, Nyu-York, Paris, Praqa, İstanbul kimi mühüm siyasi mərkəzlərdə yaşayan Şimali Qafqaz mühacirəti nümayəndələrinin məqalələri, partiyanın fəaliyyəti ilə bağlı xəbərlər dərc olunurdu. Əsas müəlliflər  sırasında Arslan, Artek, Taulu, Qazı xan, Əzəmət, Adil xan Kulatti, Doquj, Temir Bazırıkxo, Kundux, Daud, Adıqe, Xurş, Andemırkan, Danxot və digər dağlı ictimai-siyasi xadimlərin adlarına rast gəlmək mümkündür.

1934-cü ilin  aprel ayında, 50-ci saydan sonra "Qafqaz dağlıları" jurnalı Şərqi Avropada sovetlərə qarşı ideoloji mübarizənin əsas  mərkəzlərindən birinə çevrilən Varşavaya köçürülmüşdü.  Jurnal burada nəşrini "Severnıy Kavkaz - Şimali Kafkasya" adı altında davam etdirmişdi. İkinci Dünya müharibəsi başlanana və Polşa faşist Almaniyası tərəfindən işğal olunana qədər nəşrin  redaktoru osetin siyasi xadimi və publisist Barasbi Baytuqan (1899-1986) idi. Hər iki jurnalda rus dili ilə yanaşı, Azərbaycan-türk, bəzi hallarda isə fransız, ingilis dillərində də məqalələr dərc edilirdi.

Həm "Qafqaz dağlıları", həm də davamçısı kimi meydana çıxan "Şimali Qafqaziya" jurnalları ümumqafqaz xarakteri daşıyırdılar. Azərbaycan siyasi mühacirətinin Məhəmməd Əmin Rəsulzadə, Mir Yaqub, Əli Azərtəkin, Mirzə Bala Məhəmmədzadə, İsrafil bəy İsrafilbəyli, Cahangir Kazımbəy, Əli Mirzə, Nağı Bayramlı, Əli Sultan və b. nümayəndələri adları çəkilən nəşrlərdə fəal iştirak etmişdilər. Onların "Qafqaz dağlıları" və "Şimali Kafkasya" jurnallarında çap olunan məqalə və publisist yazıları ilk dəfə bu sətirlərin  müəllifi tərəfindən toplanıb müqəddimə və şərhlərlə ayrıca kitab şəklində çap edilmişdir.

Azərbaycanlı müəlliflər sırasında istər adı çəkilən nəşrlərlə əlaqələr qurulması  və yazılarının kəmiyyəti, istərsə də əhatə etdiyi mövzuların genişliyi və əhatəliliyinə görə birincilik çələngi heç şübhəsiz, təcrübəli partiya  publisisti,   milli hərəkatın ideoloqu  kimi tanınan M.Ə.Rəsulzadəyə məxsus idi.

1929-1933-cü illərdə onun "Qafqaz dağlıları" jurnalında 7, 1934-1938-ci illərdə isə "Şimali Kafkasya" jurnalında 8 məqaləsi dərc olunub. Ciddi siyasi ağırlığı və elmi-nəzəri siqləti ilə seçilən yazılar çox ehtimal ki, rus dilində qələmə alınmışdı. Hər halda onların Azərbaycan dilində variantına indiyə qədər heç yerdə təsadüf edilməyib. Təqdim olunan araşdırmada Məhəmməd Əminin həmin nəşrlərin birincisi - "Qafqaz dağlıları" jurnalı ilə əməkdaşlığı və orada çap edilmiş məqalələri  ümumi şəkildə nəzərdən keçiriləcəkdir.

Qafqaz dağlılarının mətbuatı ilə əməkdaşlıq Azərbaycan siyasi mühacirət liderinin hələ İstanbulda yaşadığı dövrdə başlanmış, "Qafqazın birliyi" adlı ilk məqaləsi 1929-cu ildə çıxan 8-9-cu saylarda işıq üzü görmüşdü.  Məhəmməd Əmin Türkiyəni tərk edib Polşada məskunlaşandan sonra jurnal redaksiyası ilə iş birliyi daha intensiv xarakter almışdı. Yeri gəlmişkən, Varşava onun üçün tamamilə yad yer deyildi.  Polşa tatarlarının tanınmış nümayəndələri (fəaliyyətləri Azərbaycan Cümhuriyyəti ilə bağlı olmuş Olqerd və Leon Kriçinski qardaşları), habelə dağlı siyasi xadimləri ilə yaxından tanışlıq, ümumi ideallar uğrunda birgə mübarizə qarşılıqlı əlaqə və ünsiyyətin yaranmasında mühüm rol oynamış, ictimai həyata, mətbuat aləminə yol tapmasını sürətləndirmişdi.

Məhəmməd Əmin Qafqaz Dağlıları Xalq Partiyasının orqanı sayılsa da, Cənub, yaxud Şimal bölgüsü aparmadan qarşısına bütün Qafqazın siyasi mühacirət qüvvələrini vahid ideya ətrafında birləşdirmək məqsədi qoyan jurnala daha çox nəşrin məqsəd və məramına uyğun mövzuda - ümumqafqaz problemləri haqqında yazırdı. Lakin bu zaman vətəni Azərbaycanı, eləcə də Qafqazın tarixən bağlı olduğu regional qüvvələri - Rusiya, Türkiyə, İran və Türküstanı da unutmurdu. "Qafqaz dağlıları", ardınca isə "Şimali Kafkasya" jurnalında dərc etdirdiyi silsilə məqalələr Məhəmməd Əminin adını ötən əsrin 20-30-cu illərində Qafqaz problemlərinə, qafqazşünaslığın siyasi, tarixi, iqtisadi və mədəni istiqamətlərinə, Qafqaz xalqlarının qarşılıqlı əlaqələrinə dərindən bələd olan, onların mübarizəsinə yol göstərən müəlliflərdən biri kimi çəkməyə əsas verir. Bu bələdlik həm keçmiş dövrləri, həm də müasir mərhələni əhatə edirdi.

Qeyd olunduğu kimi, azərbaycanlı müəllifin jurnaldakı ilk yazısı "Qafqazın birliyi" adlanırdı. Əslində, bu ad rəmzi xarakter daşıyır, sonrakı məqalə və çıxışların da əsas mövzu dairəsini, problemlərini əks etdirirdi. Çünki jurnalda yer alan digər yazılarında da müəllif birbaşa, yaxud dolayısı ilə bölgə xalqlarının birliyi və sıx qarşılıqlı əməkdaşlığı  məsələsinə toxunmuşdu.

Yeri gəlmişkən, gürcü, erməni və dağlılarla müqayisədə azərbaycanlı siyasi liderlər Qafqaz xalqlarının gələcək ictimai-siyasi həyatlarını, idarəçilik və birgəyaşayış prinsiplərini formalaşdırmaq baxımından vahid mövqedən çıxış etməsinin zəruriliyi ideyasının müəllifi sayıla bilərdilər. Maraqlıdır ki, hələ məğlubiyyətlə başa çatan Birinci rus inqilabından sonra  Ə.Topçubaşov "Kaspi" qəzetinin səhifələrində Qafqazda qanunvericilik və idarəçilik orqanı kimi Polşa Seyminə bənzər bir qurum yaratmaq təşəbbüsü ilə çıxış etmişdi. Bu mühüm təşəbbüsü yalnız çarizmin süqutundan sonra gerçəkləşdirmək mümkün olmuşdu və 1918-ci ilin fevralında tarixdə ilk dəfə bütün Qafqaz xalqları nümayəndələrinin iştirakı ilə müştərək dövlət qurumu - Transqafqaz Seymi formalaşmışdı.

Seym daxili çəkişmələr nəticəsində parçalanandan və milli respublikalar yaranandan sonra da Qafqazın birliyi ideyası 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti hökumətinin xarici siyasətində aparıcı istiqamətlərdən biri kimi qalmışdı. Xüsusi ilə yeni müstəqil dövlətlərin taleyinin həll olunduğu Versal Sülh konfransı ərəfəsində Azərbaycan nümayəndə heyətinin başçısı Ə.Topçubaşov gürcü, erməni və dağlı həmkarlarının diqqətini dəfələrlə bu vacib məqama yönəltmişdi. Konfrans rəhbərlərindən birinin - ABŞ prezidenti V.Vilsonun məşhur prinsiplərində yer alan "dünyanı kiçik hissələrə bölməmək" müddəası da azərbaycanlı siyasətçilərin mövcud şəraitin tələbləri ilə  düşünülmüş şəkildə uzlaşdıqlarını, regionun taleyi ilə bağlı məsuliyyət hissini daha aydın dərk etdiklərini və paylaşdıqlarını göstərirdi. Lakin Qafqazın birliyi məsələsində həm çarizm, həm də bolşevik hakimiyyəti dövründə Rusiyanın əlaltısı kimi  çıxış edən, imperiyanın "parçala və hökm sür" siyasətinə dəstək verən ermənilərin destruktiv mövqeyi öz acınacaqlı rolunu oynamışdı. Nəticədə bölgədə nəinki siyasi birliyin yaranması ümumqafqaz xarakteri almış,  əksinə, erməni siyasətçilərinin əsassız ərazi iddiaları zəminində Ermənistan-Gürcüstan və Ermənistan-Azərbaycan qarşıdurmaları Qafqazı barışmaz ziddiyyətlər burulğanına atmışdı.

Məhəmməd Əminin fikrincə, 1920-1921-ci illərdə Qafqazdakı müstəqil milli dövlətlərin  bolşevik Rusiyasının təcavüzünə uğraması bölgə xalqlarının birliyi və əməkdaşlığı ideyasını qətiyyən gündəlikdən çıxarmamışdı. Əksinə, daha prinsipial şəkildə ictimai fikrin diqqət mərkəzinə gətirmişdi. Məhz bu səbəbdən  də çarizmin  müstəmləkəçilik siyasətini davam etdirən, "vahid və bölünməz Rusiya" məsələsində mövqeyini dəyişməyən "qırmızı imperializmə" qarşı mübarizə əvvəlki dövrdə olduğundan da sıx birlik və həmrəylik tələb edirdi.

Xaricdə öz milli dövlətlərini təmsil edən Azərbaycan, Gürcüstan, Ermənistan və Dağlılar Respublikasının mühacirət dairələri yalnız imkan və qüvvələrini birləşdirdikləri təqdirdə həm kommunist əsarəti altında qalan xalqlarına layiqli  nümunə göstərər, həm də bu yolla rejimə təzyiqləri artıra bilərdi. Həmin praktika müxtəlif nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların diqqətini regionun problemlərinə cəlb etmək baxımından da səmərəli ola bilərdi. Təbii ki, beynəlxalq dəstəyin təmin olunması məsələsində Avropada ənənəvi rəğbətlə qarşılanan gürcülər və geniş diaspora şəbəkəsinə malik ermənilərin vəziyyəti Azərbaycan və Dağlı Respublikasının təmsilçiləri ilə müqayisədə qat-qat əlverişli idi. Lakin istənilən halda dörd ikidən böyük idi. Digər tərəfdən, azərbaycanlılarla dağlıların ümumi işə fayda gətirmək imkanlarını tamam istisna etmək də düzgün deyildi.

Bütün bu amilləri diqqətlə nəzərdən keçirən Məhəmməd Əmin silsilə məqalələrinin başlanğıcı sayılan  "Qafqazın birliyi" adlı qeydlərində yazırdı:

"Qafqaz xalqlarının, eləcə də Azərbaycanın azadlıq uğrunda mübarizədə əsas ilhamverici stimullarından biri də Qafqazın birliyi ideyasıdır. Qafqaz sıra dağlarının hər iki tərəfində, Qara dəniz və Xəzər dənizi arasında yaşayan xalqların ümumi düşmənə qarşı mübarizədə uğur qazanmaq baxımından ümdə vəzifəsi vahid cəbhədə birləşməkdir. Günümüzdə belə birliyin ən parlaq nümunəsi İsveçrə konfederasiyasıdır. "Qafqazın birliyi" məsələsində də əsas amil  region  xalqlarının artıq qəbil etdikləri Qafqaz Konfederasiyası ideyasıdır. Mövqeyinə görə Qafqaz vahid coğrafi məkandır. Bu vahid ərazi siyasi müstəqilliyini tam təmin etdiyi  vaxt dünya miqyasında fövqəladə əhəmiyyət qazanacaq. Russayağı idarəçilik və təsərrüfat metodlarından cana doymuş gözəl ölkəmiz  məhz o zaman mədəni dünya ilə qaynayıb-qarışaraq bolluq və zənginlik diyarına çevrilə bilər".

Yeri gəlmişkən, Qafqaz birliyi ideyası Azərbaycan siyasi mühacirətinin 1923-1927-ci illərdə İstanbulda nəşr olunan "Yeni Kafkasya" və 1929-1931-ci illərdə eyni şəhərdə çıxan "Odlu yurd" məcmuəsinin (hər ikisi M.Ə.Rəsulzadənin redaktorluğu ilə) də əsas mövzularından idi. Paris və Varşava kimi siyasi mərkəzlərdən Avropaya  yayılan "Qafqaz dağlıları" jurnalı isə mövzunu daha geniş miqyasda ictimai fikrin gündəminə gətirmək imkanı yaratmışdı. Şübhəsiz, nəşrin rus dilində olması da burada pozitiv amil rolunu oynayırdı. 

M.Ə.Rəsulzadə, Ə.Topçubaşov kimi Azərbaycan siyasi xadimləri birlik ideyasının yeni şəraitdə əhəmiyyətini daha artıq dərəcədə qoruyub saxladığını əyani şəkildə göstərmək məqsədi ilə onun modelini ilk növbədə fərqli ölkələrdəki  Qafqaz mühacir dairələri arasında yaratmaq, yalnız  bundan sonra vətənlərinə transfer etmək barədə düşünürdülər. Lakin yuxarıda da qeyd edildiyi kimi,  əvvəl çarizmin, sonra isə bolşeviklərin "könüllülərinə" (ifadə Məhəmməd Əminə məxsusdur - V.Q.) çevrilməyi daha üstün tutan  ermənilər müxtəlif bəhanələrlə hətta nəzəri şəkildə də olsa  "Qafqaz evinin" yaradılması prosesinə qoşulmaqdan  boyun qaçırırdılar. Nəticədə Azərbaycan, Gürcüstan və Dağlılar Respublikasının mühacir liderləri 1934-cü ilin avqustunda Brüsseldə tarixi Qafqaz Konfederasiyası Paktını erməni mühacir dairələrinin iştirakı olmadan imzaladılar. Bununla da  Qafqazı azad xalqların vətəninə  çevirmək istəyənlərin kimlər olduğu ilə bağlı  dünyaya açıq və aydın mesaj verdilər.

Heç şübhəsiz, bu prosesdə M.Ə.Rəsulzadənin "Qafqaz dağlıları" jurnalında dərc olunmuş silsilə məqalələrinin də müəyyən müsbət rolu vardı.

"Qafqaz jurnalistlərindən biri rus imperializminin maraqları keşiyində dayanan erməni ictimai-siyasi xadimlərini çox yerinə düşən tərzdə "rus imperializminin könüllüləri" kimi xarakterizə etmişdi. Fikrimizcə, onları "Rusiyanın kölələri" adlandırmaq daha yerinə düşər və daha inandırıcı təsir bağışlardı" -  bu kəskin ittiham və sarkazmla başlayan  "Rusiya əsarətində" adlı məqaləsində Məhəmməd Əmin Qafqaz birliyi ideyasının daimi əleyhdarları kimi çıxış edən erməni müəlliflərin və onların qaragüruhçu cızma-qaralarına öz səhifələrində geniş yer ayıran "sarı mətbuatın" həqiqi simasını, daha doğrusu, simasızlığını  tutarlı dəlillərlə açıb göstərmişdi.

Məqalə erməni jurnalisti A.Xondakaryanın Müvəqqəti hökumətin keçmiş başçısı A.A.Kerenskinin Parisdə nəşr olunan "Dni" qəzetindəki bir mətbu çıxışı ilə bağlı qələmə alınmışdı və kəskin polemika xarakteri daşıyırdı. "Türkiyənin xidmətində" adlı yarınma xarakterli yazısı ilə erməni müəllifi velikorus şovinizmini müdafiə baxımından "Roma papasından daha çox katolik olmağın" həqiqi nümunəsini göstərmişdi. Əslində, Xondakaryanın bu müti xidmətkarlığında qeyri-adi heç nə yox idi. Sadəcə özlərini liberal-demokratik dəyərlərin tərəfdarı kimi göstərmək istəyən rus şovinistləri həmişə olduğu kimi, siyasi çirkab atmaq işini erməni əlaltılarının vasitəsi ilə görmüşdülər.

Maraqlıdır, A.Xondakaryan kimləri "Türkiyənin xidmətində dayanmaqda" ittiham edirdi və bu xidmətin həqiqi mahiyyəti nədən ibarət idi? Məhəmməd Əmin bəyin bəlli sarkazmla təsvir etdiyi kimi  "Parisdə, "Prometey" jurnalı ətrafında toplanan və Rusiya asılılığından necə xilas olmaq haqda düşünən mühacir siyasi xadimlərin separatçılıq kimi qələmə verilən fəaliyyəti rusların  özündən çox erməni Xonkaryanı haldan çıxarmışdı". "Sən bir iş bax! Bu çəkiləsi dərddirmi?"- deyə müəllif eyni istehzalı ahənglə sözünə davam edir və oxucunun gözləri önündə erməni jurnalistinin A.P.Çexovun məşhur unter zabit Prişibeyevindən fərqlənməyən miskin və həqir portretini yaradırdı.

Xondakaryan, eləcə də onun sifarişli yazılarına səhifələrində səxavətlə yer verən "Dni" qəzeti  Ukrayna, Qafqaz, Krım, Türkistan, Volqaboyu və başqa qeyri-rus ərazilərin Rusiyadan ayrılmaq niyyətini cinayət kimi qələmə verməyin və bu yolla da Rusiya ağalığından xilas olmaq niyyətini gözdən salmağın gülünc göründüyünü   yaxşı başa düşürdülər. Belə yanaşma tərzi opponentlərinə onları velikorus şovinizmində ittiham etməyə əsas yaradırdı. Xondakaryan kimi Rusiyanın "yaxşılıqlarını" unutmayan bir qeyri-rusun xidməti burada daha yerinə düşürdü. Üstəlik də, erməni əsilli müəllif türk xalqlarına bəslədiyi əzəli nifrət zəminində özünü çox da çətinə salmadan Rusiyadan ayrılan xalqların mütləq Türkiyəyə birləşmək istədikləri iddiasını irəli sürürdü. Ardınca isə təbii ki, Rusiyaya qarşı güc formalaşdırmaq və pantürkizm ittihamları gəlirdi. Guya son məqsəd  müstəqil olmaq deyil, Turan imperiyası yaratmaq imiş!

"Qəribədir, - deyə Məhəmməd Əmin yazırdı, -  əgər Qafqaz jurnalistlərindən biri ədəbi zövqünü inkişaf etdirmək üçün çağdaş türk mətbuatını, ədəbiyyatını oxuyursa, deməli, bu, böyük cinayətdir. Çünki Xondakaryanın sözlərindən belə çıxır ki,  dünyada yeganə ilham qaynağı və inkişaf meyarı varsa - yalnız Rusiyadır! Sən demə, yeni türk konstitusiyasının bütün türk ölkələrində böyük sevinc və maraq hissi ilə qarşılanması bağışlanmaz günah sayılırmış! Başqa cür necə ola bilərmiş?! Əgər rus konstitusiyası, rus nihilizmi, rus anarxiyası, rus kommunizmi və  rus leninizmi varsa, türk konstitusiyası, türk ictimaiyyəti, türk milliyyətçiliyi və kamalizmlə maraqlanmağa nə hacət?"

M.Ə.Rəsulzadənin fikrincə, Xondakaryan və onun kimilərin imperialist Rusiyanın şübhəli maraqlarını rusların özündən də canıyananlıqla müdafiə etmələri bir tərəfdən həmin adamların təbiətindəki kölə xislətindən, digər tərəfdən isə şəxsi maraq və mənfəətlərinə bu yolla nail olmaq niyyətindən irəli gəlirdi. Təbii ki, belə siyasi buqələmunlar xalqlarının haqq işi uğrunda, yeni müstəmləkəçilik və əsarətə qarşı mübarizə aparan ideya adamlarını nə özlərinin, nə də Rusiyanın adından qorxuda bilərdilər:  "Əgər Xondakaryan köləcəsinə hədələri ilə bizi də tutduğumuz yoldan çəkindirə biləcəyi şəxslərin sırasında görürsə, çox böyük səhvə yol verir. Biz azadlıq və müstəqillik uğrunda mübarizəmizdə indiki dövrün qüdrətli çağırışlarına əsaslanırıq: rus imperializminin zorakılıq və işğalçı müharibələr nəticəsində yaranmış sərhədlərinin müdafiəsi bizdən ötrü  heç vaxt can atdığımız ideal ola bilməzdi və qətiyyən belə bir ideal deyil!"

Xondakaryan adı çəkilən məqaləsində yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyanı mifik panturanizm xofu ilə qorxutmağı da yaddan çıxarmamışdı. Həm də bu məsələdə erməni müəllifi tək deyildi. Onun məqaləsinin çapından az sonra - 1930-cu ildə Parisdə soydaşı, türkə nifrət ruhu ilə dolu  əsərlərin müəllifi  Zarevandın (əsl adı və soyadı Zaven Nalbandyan idi, 1890-cı ildə Osmanlı imperiyasında doğulmuş, 1973-cü ildə ABŞ-da vəfat etmişdi - V.Q.) "Türkiyə və panturanizm" kitabı nəşr olunmuşdu. Osmanlı imperiyasına  panturanizm ideyalarının Rusiya türkləri vasitəsi ilə gətirildiyini xüsusi vurğulayan müəllif bu siyasi təmayülün  Qafqaz, bütünlükdə isə xristian dünyası üçün ciddi təhlükə mənbəyi olduğunu və dünyanı yenidən bölməyi qarşısına məqsəd kimi qoyduğunu cidd-cəhdlə sübut etməyə çalışmışdı.  Məhəmməd Əmin Zarevandın əsassız iddialarını cavabsız qoymamışdı. 1930-cu ildə o da Parisdə erməni müəlliflə polemika xarakteri daşıyan "Qafqaz problemi ilə əlaqədar panturanizm" kitabını çap etdirmişdi. Həmin  əsərin bir sıra ilkin tezislərinə  Xondakaryanın məqaləsinə yazılan cavabda rast gəlmək mümkündür.

M.Ə.Rəsulzadə panturanizm və panislamizmlə bağlı XIX əsrin sonlarından başlayaraq Rusiyada ermənilər vasitəsi ilə geniş yayılan təxribatçı, təhrikçi   demoqogiyanın ilk növbədə  slavyan və türk ailələrinə mənsub xalqları üzbəüz qoymaq, düşmən qüvvələr kimi qələmə vermək məqsədi daşıdığını vurğulayırdı. Onun fikrincə, əslində, bir xəyal məhsulu olaan panturanizm siyasi doktrina kimi meydana çıxmamış, hər hansı xalqa, yaxud dövlətə qarşı çevrilməmişdi. Daha çox romantik səciyyə daşımış, islam təəssübkeşliyinin təsirini müəyyən qədər zəiflədərək  türk-tatar xalqlarının ortaq dil və mədəniyyət vasitəsi ilə bir-birlərinə yaxınlaşmasına zəmin yaratmışdı.  Digər tərəfdən isə erməni "ideoloqların" mütərəqqi bir fikir cərəyanı kimi yüksək böyük dəyər verdikləri eyni xarakterli  hərəkat - panslavizmlə müqayisədə daha az təsir imkanlarına malik olmuşdu. Praktiki tətbiqini ümumiyyətlə tapmamışdı. Atatürkün rəhbərliyi altında qurulan Türkiyə Cümhuriyyəti isə  dünyanın qorxulu röyasına çevrilən panturanizmi əsaslı şəkildə dəyişərək yeni siyasi  gerçəklərə uyğunlaşdırmışdı. Məhəmməd Əminin çox dəqiqliklə müşahidə və qeyd etdiyi kimi,  "dünənki  romantik anlayışdan fərqli olaraq Türkiyədə bugünkü real milliyyətçilik nəinki panturanizm, hətta pantürkizm də deyil, sadəcə türkçülük kimi meydana çıxır".

Bir ideya-siyasi cərəyan kimi türkçülük aydın məsələdir ki, ayrı-ayrı türk dövlətlərinin qurulmasını istisna etmirdi. Azərbaycan Cümhuriyyətinin tarixi  təcrübəsi bunu aydın göstərmişdi. Türk dövlətlərinin hamısının guya Türkiyənin çətiri altında olmağa can atması ilə bağlı təbliğat Avropa, Rusiya və İranı daim panturanizm, pantürkizm xofu altda tutmağa çalışan erməni "ideoloqlarının" xəyal məhsulundan başqa bir şey deyildi. Bu istiqamətdəki fəaliyyət XX əsrin əvvəlindən etibarən daha sistemli xarakter almışdı. M.Ə.Rəsulzadə erməni fitnələrini ifşa edərək yazırdı: "Türk xalqları mənşə birliyindən qaynaqlanan bir sıra  müştərək mədəni dəyərləri qorumağa can atsalar da, heç şübhəsiz,  müstəqil milli dövlətlər qurmağa çalışırlar. Bunu görməməzliyə vurmaq, həmin xalqlardan sadəcə ortaq mədəni-mənəvi dəyərlərini yaşatmaq istədiklərinə görə şübhələnmək yalnız rus imperializminin könüllülərinə, yaxud Rusiya kölələrinə xas olan bir keyfiyyətdir. Biz inkar etmirik ki, türk birliyi ideyası Azərbaycanın müstəqilliyinə müəyyən dərəcədə təkan verib. Lakin eyni zamanda, təsdiq edirik ki, siyasətdə realist xəttin tərəfdarları olan Azərbaycan milliyyətçiləri üçün bu birlik özünü daha çox tarixi, mədəni və mənəvi məsələlərdə göstərməkdədir".

Azərbaycanın Türkiyə ilə  sıx əməkdaşlığı Cənubi Qafqazdakı digər iki ölkəyə - Gürcüstan və Ermənistana hər hansı təhlükə törədə bilərdimi? Məhəmməd Əmin Azərbaycanın Türkiyə və digər türk respublikaları ilə yaxınlaşmasının istər qonşulara, istərsə də Qafqaz Konfederasiyası ideyasına əsla xələl gətirməyəcəyi qənaətində idi. Eyni zamanda, inandırıcı şəkildə sübut edirdi ki, Azərbaycanın coğrafi  mövqeyi, linqvistik imkanları, iqtisadi potensialı Qafqazla Türkiyə, Qafqazla Türküstan arasında geniş əlaqələr qurulmasında körpü rolunu oynayacaq. Belə bir birliyin yaranması həm də Gürcüstanla Ermənistanı Rusiya və İrandan gələn mümkün hədə və risklərdən etibarlı şəkildə qorumağa xidmət edəcək.

(Ardı var)

 

 





28.05.2021    çap et  çap et