525.Az

Nəsib bəy Yusifbəyli - Siyasi Azərbaycan ideyasının müəllifi


 

FƏALİYYƏTİ MƏHƏMMƏDƏMİN RƏSULZADƏ TƏRƏFİNDƏN MƏHZ BU CÜR XARAKTERİZƏ EDİLƏN BU GÖRKƏMLİ XADİMİMİZİN DOĞUMUNUN 140 İLLİYİNƏ İTHAF OLUNUR

Nəsib bəy Yusifbəyli - <b style="color:red">Siyasi Azərbaycan ideyasının müəllifi </b>

Azərbaycan Cümhuriyyətinin (1918-1920) qurulması ilə nəticələnən, 20-ci əsrin əvvəllərini əhatə edən  ictimai siyasi proseslərə dair yazıların əksəriyyətində (eləcə də tarix dərsliklərimizdə) yaxın tariximizin və hesab edirik ki, ümumiyyətlə, Azərbaycan tarixinin ən güclü simalarından olan Nəsib bəy Yusif bəy oğlu Yusifbəylinin (1881-1920)  fəaliyyəti və onun yaratdığı, dünyəvi dəyərlərə söykənən "Adəmi-mərkəziyyət" adlı partiyası haqqında ciddi elmi-politoloji metodlara əsaslanan fikirlərə az təsadüf olunur. Halbuki N.Yusifbəylinin və onun qeyri-mərkəziyyətçilik ideyalarının istər azərbaycanlıların milli siyasiləşməsində, istərsə də Azərbaycanın coğrafi-siyasi məna kəsb edərək, beynəlxalq arenada "gözə çarpdırılması"nda və nəhayət, dünya xəritəsinə düşəcək yeni, demokratik, proqressiv  bir Azərbaycan Respublikasının yaradılmasında müstəsna rolu olmuşdur. Cümhuriyyətimizin banilərindən olan M.Ə.Rəsulzadənin aşağıdakı sözlərinə diqqət yetirək: "Azərbaycan ideyasını siyasi bir mətləb maddəsi şəklində formula etmək şərəfi Nəsib bəyindir. O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi elə bir müməssildir (nümayəndə - Z.M.) ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun adı ilə bağlıdır. Sadəcə bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir ism halına qoymaq üçün kafidir... Müzəffər istiqlal nəslinin ilk yapacağı şürkan vəzifələrdən birincisi siyasi Azərbaycançılığın (! - Z.M) ilk mübaşirlərindən (qabaqda gedənlərindən - Z.M.) olan Nəsib bəyin adını əbədiləşdirmək və Bakı və Gəncədə ona abidələr tikməkdən ibarət olmalıdır" (M.Ə.Rəsulzadə "İstila qurbanları. Yusifbəyli Nəsib bəy", "Odlu yurd" №3, 27 aprel, 1929. Ankara; Həmçinin bax: həmin yazı "Ədəbiyyat" qəzeti, 22 fevral, 1991). Elə bu yazımızın əsas məqsədi də M.Ə.Rəsulzadənin öz məsləkdaşı Nəsib bəy haqda kifayət qədər konkret ifadə etdiyi fikirlərinin arxasında duran təfərrüatları diqqətə çatdırmaqdır.

Mənbələrdə, xüsusən mühacirətdə yaşamış Azərbaycan siyasi xadimlərinin xatirələrində gənc Nəsib bəyin hələ 1905-ci ildə Gəncədə yaradılmış, Azərbaycanın ilk milli siyasi təşkilatı olan "Difai" firqəsinin fəaliyyətində yaxından iştirak etməsi bildirilir. O da məlumdur ki, həmin firqənin yaradılmasından əvvəl Gəncədə "Qeyrət" adlı gizli təşkilat mövcud idi.  Elə "Difai" üçün bir növ "baza" rolu oynamış "Qeyrət"in yaradıcıları da Yusifbəylilər (ata - Yusif bəy və oğullar - Həmid bəy və Nəsib bəy) olmuşlar.

Bir qədər sonra, Birinci Dünya müharibəsi başlayarkən yaradılmış və öz işinin tarixi şəraitin gerçəkliklərinə uyğun surətdə qura bilmiş, Azərbaycanın taleyində bir çox hallarda həlledici rol oynamış Gəncə Milli Komitəsinin sədri də Nəsib bəy Yusifbəyli idi.

Şübhəsiz, millətin fiziki müdafiəsi ilə yaranmış "Difai"dən və milli özünüdərkin möhkəmlənməsi üçün təcrübə qazandırmış Gəncə Milli Komitəsindən sonra siyasi təkamülün yeni mərhələsi zərurəti yarandı.

Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər "Difai"ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri - Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyov, Xasməmmədli, Şeyxzamanlı qardaşları və başqaları Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın - "Türk Adəmi-mərkəziyyət firqəsi"nin əsasını qoydular. Buradaca qeyd edək ki, istər lüğəti, istərsə də siyasi mənada "Adəmi-mərkəziyyət" ifadəsi sərbəstliyi, müstəqil fəaliyyəti, özü-özünə cavabdehliyi bildirən desentralizasiya, qeyri-mərkəziyyətçilik mənasında anlanılmalıdır. Həm də keçmiş difaiçilər öz yeni siyasi partiyalarının adını əvvəllərdən (1906-cı ildən) sıx əlaqədə olduqları Türkiyə Adəmi-mərkəziyyətçi liqasının adından götürmüşdülər. Bu liqa İttihad və Tərəqqi uğrunda Gənc Türk Komitəsinin liberal (!) qanadı idi (bax: Tadeuş Sviyetoxovski, "Russkiy Azerbaydjan", "Xazar" (rusca) jurnalı, №2, 1990, səh 88). Elə "adəmi mərkəziyyət" ifadəsinin özü də Avropadan gəlmə "liberalizm"in o vaxtkı türk dilli üslubunda tərcüməsidir. Və azad, sərbəst cəmiyyət qurulmasının ən doğru təmininin məhz istiqlal və ya muxtariyyət (o tarixi şəraitdə əlbəttə ki, Rusiya üçün federativ quruluş məqbul hesab edilirdi) olduğu partiyanın proqramında vurğulanırdı.

"Türk Adəmi-Mərkəziyyət firqəsi" öz məqsədləri və proqramı ilə xalqı tanış etmək üçün 1917-ci ilin martında, Novruz bayramı günü Gəncənin Şah Abbas məscidinin önündə izdihamlı mitinq keçirdi. Mitinqdə partiyanın lideri N.Yusifbəyli nitq söyləmiş, ilk dəfə olaraq Azərbaycan anlayışı siyasi mənada işlədilərək "Yaşasın Azərbaycan muxtariyyəti!, Yaşasın Demokratik Respublika!, Yaşasın Türk Ədəmi-mərkəziyyət partiyası!" şüarları səslənmişdi (bu haqda "Bakı" qəzeti özünün 12 aprel 1917-cı il buraxılışında xəbər xerir; həmçinin bax həmin sitat: Mövsüm Əliyev - ön söz. M.Ə.Rəsulzadənin "Çağdaş Azərbaycan tarixi" kitabına. Bakı, 1991, səh.9).

Bildiyimiz kimi, 1911-ci ildə Bakıda "Müsavat" gizli partiyasının əsası qoyulmuş və ümumislami xarakter daşıyan ilk məram sənədində adının verdiyi "bərabərlik" anlamına uyğun olaraq müsəlmanların ruslarla hüquq bərabərliyinin təmin edilməsi, həmçinin, bütün islam dünyasının milli-inqilabi oyanışı və azadlığı uğrunda mübarizə təşkilatın məqsədləri elan olunmuşdu (bax: "Müsavat" bülleteni, №1(5), 1993. Bakı).  1913-cü ildən "Müsavat" özünə həmin il mühacirətdən Vətənə qayıdan M.Ə.Rəsulzadə kimi dərin təfəkkürə və böyük siyasi təcrübəyə malik bir lider qazanmışdı.

Fevral inqilabının gerçəkləşməsindən sonra Bakıda milli maraqların əsas təmsilçisi "Müsavat" gizli qrup halından kütləvi partiyaya çevrilməsi dövrünü yaşayırdı. T.Sviyetoxovskinin fikrincə, leqal vəziyyətə keçdiyi ilk həftələr ərzində əsasən sıralarını genişləndirməklə məşğul olan "Müsavat"ın rəhbərlərinin, görünür Gəncədəki siyasətçilərlə iş birliyinə qədər konkret fəaliyyət proqramları yox idi (T.Sviyetoxovski. Göstərilən mənbə, həmin səhifədə).

1917-ci ilin aprelin 15-dən 20-dək Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi. N.Yusifbəylinin rəhbərliyi altında Gəncədən olan yenilikçi siyasətçilərin fəallığı bu toplantının siyasi ab-havasını müəyyənləşdirirdi. "Azərbaycan ideyasını siyasi bir mətləb" kimi aydınlaşdıran konkret proqrama malik "Adəmi-mərkəziyyət firqəsi"  öz məramına, xüsusən müsavatçılar arasında  çoxlu tərəfdar toplamış oldu.

Qurultayın yekun sənədində qeyd olunurdu ki, müsəlman xalqlarının maraqlarının təmin olunması Rusiyanın ərazi-federativ prinsiplərə əsaslanan demokratik respublika şəklində qurulması ilə gerçəkləşə bilər. Bu, həmçinin, digər prinsipial məsələlərdə "Adəmi-mərkəziyyət"lə "Müsavat"ın ümumi mövqeyi bu iki partiyanın birləşmə prosesinin başlanğıcını qoydu. Hər iki partiyanın liderlərinin böyük uğurla iştirak etdiyi 1 may 1917-ci il tarixində Moskvada keçirilmiş Ümumrusiya müsəlmanları Qurultayında muxtariyyət prinsiplərinə dair onların tezisləri çoxluq tərəfindən müdafiə edilərək Qətnamədə əksini tapmış oldu. Uğurlu nəticələrdən məmnun qalan iki aparıcı siyasi təşkilatların liderləri öz məqsəd ümumiliyini nəzərə alaraq, birləşmə prosesini gerçəkləşdirməyi qərara aldılar. Həmçinin, hər iki qurultaya sədrlik etmiş görkəmli ictimai-siyasi xadimimiz Əlimərdan bəy Topçubaşov da milli məqsədlər naminə bu iki təşkilatın birləşməsi xüsusunda M.Ə.Rəsulzadəyə və N.Yusifbəyliyə məsləhət vermişdi.

1917-ci may ayının axırlarında hər iki təşkilatın birləşərək "Türk Adəmi-mərkəziyyət firqəsi Müsavat" adlandırılması qərara alındı. İki təşkilatın rəsmi surətdə qovuşması iyunun 20-də birgə Mərkəzi Komitənin yaradılması ilə başa çatdı. Xüsusi olaraq qeyd edilməlidir ki, hər iki təşkilatı birləşdirən əsas prinsip - adəmi-mərkəziyyət (yəni desentralizasiya, xalqın öz taleyini Rusiyanın mərkəzi amirliyi ilə deyil, özünün həll edə bilməsi prinsipi), özü də dini (yəni ümummüsəlman) deyil, milli əsaslarla adəmi-mərkəziyyət (!) idi ki, siyasi Azərbaycançılığın məğzini məhz bu təşkil edirdi.

Azərbaycanın siyasi həyatında "Türk Adəmi-mərkəziyyət firqəsi Müsavat"ın hakim mövqe tutması artıq şübhə doğurmuşdu.

Petroqraddakı bolşevik çevrilişinin baş verməsindən sonra, oktyabrın 26-dan 31-dək Bakıda "Türk Adəmi-mərkəziyyət firqəsi Müsavat"ın  birinci qurultayı keçirildi. Toplantı irəlidəki siyasi mübarizədə partiyanın strategiya və taktikasını müəyyənləşdirərək onun yeni proqramını qəbul etdi. Bu sənəd N.Yusifbəylinin başçılığı altındakı siyasətçilərin ədəmi-mərkəziyyət prinsipləri zəminindəki, hələ yaz aylarından siyasi aləmdə və geniş kütlələrdə böyük rezonans və rəğbət doğuran məramnaməsi əsasında tərtib olunmuşdu.

Məramnamənin giriş hissəsində ümumbəşəri, mədəni (sivilizasiya mənasında), milli, fərdi dəyərlərdən bəhs olunaraq "Mədəniyyəti-bəşəriyyə (bəşər sivilizasiyası - Z.M.) milli mədəniyyətlərin məcmuundan ibarət ikən, ən müvafiq və ən təbii hökumətin də hökuməti-milliyyə olması aşkardır. Milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz" - fikirləri aydınlaşdırılır.

Proqramda insan haqları normaları, iqdisadiyyat və maliyyə, torpaq islahatı, işçi, ədliyyə, maarif və digər məsələlər yer almışdı.

Beləliklə, azərbaycanlıların ən iri siyasi təşkilatının proqramında istər demokratik əsaslarla qurulmaq ehtimalı olan Rusiya dövlətinə münasibətdə, istərsə İslam aləmi, həmçinin, Türk dünyası ilə münasibətdə Azərbaycanın yalnız özünəməxsus olan öz inkişaf haqlarının, başqa sözlə, Azərbaycançılıq ideyasının gerçəkləşdirilməsi başlıca məqsəd hesab olunurdu. İstiqlala aparan bu ideyanı formulə edən isə 1881-ci ilin iyulun 5-də  Gəncədə doğulan, 1920-ci ilin may ayında istiqlalımızı istəməyənlərin məkrli sui-qəsdi ilə Yevlax ətrafında 39 yaşında qətlə yetirilən Nəsib bəydir.

Gəncə

 





28.05.2021    çap et  çap et