525.Az

Xalq Cümhuriyyətinin dəyişilməz naziri - Xudadat bəy Məlikaslanov


 

Xalq Cümhuriyyətinin dəyişilməz naziri - <b style="color:red">Xudadat bəy Məlikaslanov</b>

Xudadat bəy Ağa oğlu Məlikaslanov Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində fəaliyyət göstərmiş beş hökumətin hamısında naziri postunu tutan yeganə şəxs olub.

Birinci hökumət kabinəsində Yollar, poçt və teleqraf, beşincidə Yollar naziri, eyni zamanda, Ticarət, sənaye və ərzaq üzrə müvəqqəti nazir, qalan kabinələrdə isə yalnız Yollar  naziri vəzifəsini tutub. Azərbaycan Respublikasının görkəmli dövlət və ictimai xadimi, yüksək intellektə malik şəxsiyyət olan Xudadat bəy Məlikaslanov 1879-cu ildə Şuşa qəzasında bəy ailəsində dünyaya gəlmişdi. Belə yüksək təbəqəyə məxsus ailənin övladı olduğu üçün hərtərəfli təhsil almaq imkanı olan Xudadat Şuşa realnı məktəbinə daxil olur və 1899-cu ildə oranı bitirir. Ali təhsilini isə Peterburq Yol Mühəndisliyi institutunda birinci dərəcəli diplomla başa vurur. Bu vaxt Voloqda Petrozavodsk dəmiryolu çəkilirdi. Bununla əlaqədar bir sıra tələbə yoldaşları kimi, o da institutu bitirib 6 ay Peterburqda işləməyə məcbur olur.

1905-ci ilin əvvəlində Tiflisə köçən Xudadat bəy Zaqafqaziya dəmir yolu idarəsinə stansiya rəisinin köməkçisi vəzifəsinə qəbul olunur. Bu vəzifədə özünü doğruldan gənc mütəxəssisi Zaqafqaziya dəmir yolunun ən ağır və dağlıq hissəsi sayılan Suram aşırımı keçidində yol xidməti rəisinin müavini, az sonra isə rəisi təyin edirlər. Bu dövrdə mükəmməl biliyini əvəzsiz təcrübə ilə zənginləşdirən X.Məlikaslanovun Peterburqda nəşr olunan jurnallarda 4 elmi məqaləsi dərc edilir və təmsil etdiyi sahədə bir ixtiraçı kimi məşhurlaşmağa başlayır. Bir müddət keçəcək və bu istedadlı mühəndis dəmir yolu texnikası sahəsində yeni ixtiraların müəllifi kimi dünyada tanınacaq və bu sistemdə uzun illər məsul vəzifələr tutacaqdı. Bütün bunlarla yanaşı, Xudadat bəyi qarşıda talenin başqa sürprizləri, amansız sınaqlar da gözləyirdi. Belə sərt sınaqlardan birinə o, 1920-ci ilin oktyabr ayında məruz qalacaqdı.

Xudadat bəy yol mühəndisi kimi nadir mütəxəssis və ixtiraçı idi. Məhz bunları və artıq kifayət qədər təcrübəyə malik olmasını nəzərə alıb, mühəndis ixtiraları ilə məşhurlaşmış bu şəxsi 1917-ci ilin martında Rusiya Müvəqqəti hökuməti özünün Zaqafqaziya dəmiryolu üzrə səlahiyətli nümayəndəsi təyin etmişdi. 1917-ci ilin noyabrından 1918-ci ilin mayına qədər isə Xudadat bəy Məlikaslanov Zaqafqaziya Federativ Respublikasının Zaqafqaziya komissarlığında yollar naziri olmuşdu. Bunların heç biri təsadüfi uğurlar, yaxud başqa səbəblərlə bağlı təyinatlar deyildi. Bu uğurlar mütəxəssis kimi özünütəsdiqin, başqalarından ən azı bir boy uca olmağın və çox çətin bir dövrdə son dərəcə məsuliyyətli bir sahənin həqiqi iş biləni kimi qəbul edilməsinin nəticəsi idi.

1920-ci ilin aprelindən sonra adı milli hökumətlə hər hansı şəkildə bağlı olan, başqa sözlə, 1918-ci ilin mayından - 1920-ci ilin 27 aprel gününə qədər mövcud olmuş ilk Cümhuriyyətimizin dövlət qurumlarında təmsil edilmiş bütün şəxslərin barəsində yeni quruluşun mahiyyətinə və məramına uyğun tədbirlər görülməyə başlanıldı. 27 aprel gününün səhərindən etibarən işə salınmış repressiya maşını özünün ilk qurbanlarını məhz həmin adamların arasında axtardı. Dövlət və hökumət rəhbərlərindən tutmuş, adi məmura qədər bir nəfər də kənarda qalmadı. Haqqında "tədbir" görülənlər            sırasında Azərbaycanın yollar naziri, parlamentin üzvü Xudadat bəy Məlikaslanov da var idi.

X.Məlikaslanov Azərbaycanda aprel çevrilişindən sonra qısa bir müddət ərzində zahirən sərbəst buraxılsa da, əsl həqiqətdə çevrilişin ilk günlərindən onu da izləyir, hər bir hərəkətinə və davranışına göz qoyurdular. Məqsəd çox sadə idi. Müstəqil dövlətin ən stajlı naziri olmuş nümayəndəsini həbs edərkən ona qarşı əksinqilabi fəaliyyətlə bağlı ittiham irəli sürülməsi üçün əlavə faktlara və dəlillərə malik olmaq. Əlbəttə, əslində, belə fakt və dəlillərə heç ehtiyac da yox idi, çünki əvvəl 11-ci ordunun külli ixtiyar sahibi olan xüsusi şöbəsi, sonra Az.SSR Fövqəladə Komissiyası və nəhayət, Xalq Daxili İşlər Komissarlığı istədiyi adama qarşı istədiyi ittihamı irəli sürə, barəsində istədiyi hökmü çıxara bilərdi. Hətta birinci mərhələdə öz cinayətkar hərəkətlərini hakimiyyət dəyişikliyi pərdəsi altında yerinə yetirən qaniçən cəlladlar, Pankratov və onun köməkçiləri heç bir ittiham irəli sürmədən yüzlərlə, minlərlə insanı, xalqın say-seçmə nümayəndələrini güllələyərək Azərbaycanın milli genefonduna ən ağır, sağalmaz zərbələr vurdular. Ancaq Xudadat bəy Məlikaslanov kimi açıq siyasi fəaliyyətlə məşğul olmamış, hökumətin tərkibinə hansısa fırqənin daxilində deyil, fərdi təqdimat yolu ilə təyin edilmiş həqiqi peşəkarları asanlıqla ittiham etmək, günahlandırmaq elə də asan deyildi. Buna görə də, planlaşdırılmış cəzanın verilməsi üçün müəyyən müddət gözləmək və irəli sürüləcək ittihamın "əsaslandırılması" üçün yeni "faktlar" toplamaq lazım idi. Bu məqsədlə Xudadat bəy haqqında müxtəlif üsullarla, o cümlədən, onun əvvəlki iş yerlərindən arayışlar alınmaqla məlumatlar toplanırdı.

11-ci ordunun xüsusi şöbəsinin Azərbaycanda çox qısa müddətdə törətdiyi qanlı cinayətlərin davam etdirilməsi məqsədilə atılmış növbəti addımlardan biri 1920-ci ilin oktyabr ayında yüzlərlə millətsevərin, o cümlədən, Xudadat bəy Məlikaslanovun həbsə alınması oldu. Xalqa saxta vədlər verməklə onun milli hökumətini devirib, yalan və zorakılıq üzərində öz hakimiyyətini qurmaqdan çəkinməyən bolşeviklərin xislətindən irəli gələn riyakarlıq istintaq materiallarının elə ilk səhifəsindəcə özünü açıq-aydın göstərir. Belə ki, Xudadat bəy Məlikaslanov 30 oktyabrda həbs edildiyi halda onun həbs ilə bağlı order bir gün sonra, oktyabrın 31-də imzalanmışdı. İstintaq-arxiv işindən: "Anadan olduğu yer Gəncə quberniyasının Şuşa qəzası, 1879-cu il təvəllüdlü, milliyyəti azərbaycanlı, türk, 42 yaş, Peterburqda yol mühəndisliyi institutunu bitirib, qohumları - anası Minə Bakıda yaşayır, arvadı Mariya Bakıda yaşayır, musiqi ilə məşğul olur, heç bir partiyanın üzvü olmayıb, iş yeri Zaqafqaziya dəmiryolu, sahə rəisi. Məlikaslanov 01.03.1917-ci ildən dəmiryolu sahəsində komissar vəzifəsində və sonra nazir işləyib, heç bir əmlakı olmayıb, məsuliyyətə cəlb edilməyib, hərbi xidmətə çağrılmayıb, 30 oktyabr 1920-ci ildə, xüsusi şöbənin orderi ilə İrəvan küçəsi ev 5-də həbs edilib. 11-ci ordunun komendantı Uvarov".

 

"Heç bir əmlakı olmayıb" - ömrünün 4 ilə yaxın bir dövrünü yüksək vəzifələrdə keçirmiş bir şəxsin xalqa təmənnasız və ləyaqətlə xidmət göstərməsini sübut etmək üçün bu faktdan tutarlı dəlil gətirmək bəlkə də mümkün deyil. Çünki Xudadat bəy haqqında həmin sözləri onun silahdaşları, yaxınları, yaxud tədqiqatçıları yox, məhz əleyhdarları, xalqa xidmət baxımından əqidə və mənafe düşmənləri qeyd ediblər. Mətləbdən uzaqlaşmadan belə bir faktı təkrar yada salaq ki, Xudadat bəy Məlikaslanovun Cümhuriyyət dövrü hökumətində fasiləsiz surətdə eyni nazirlikdə nazir postu tutması yalnız onun peşəkarlıq keyfiyyətləri və intellektual səviyyəsi ilə bağlı deyildi, bu, həm də onun mənəvi təmizliyi, yuxarıda qeyd olunan təmənnasızlığı, dövlət mənafeyini hər şeydən üstün tutması, vəzifə səlahiyyətindən sui-istifadə etməməsi ilə əlaqədar idi. Həbs olunduğu 30 oktyabr 1920-ci ildə Xudadat bəy Ağa oğlu Məlikaslanovun mənzilində axtarış aparılıb və heç nə tapılmayıb.

Xudadat bəy Məlikaslanov yollar naziri kimi 1919-cu ilin iyun ayının 9-da xarici müdaxilə və daxili təzyiqlər qarşısında qalmış Azərbaycanda milli hakimiyyəti möhkəmləndirmək, ölkənin müdafiəsi ilə bağlı məsələləri hərtərəfli və operativ surətdə həll etmək məqsədilə yaradılmış Dövlət Müdafiə Komitəsinin (DMK) üzvü, şəxsi nüfuz və iş qabiliyyətinə görə isə həmin Komitədə sədrin müavini olub. Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir dövründə müstəsna səlahiyyətlərə malik belə bir orqanın təşkil edilməsi qısa bir müddət ərzində özünü doğrultdu. DMK ölkə həyatının ən mühüm sahələri üzrə vəziyyətə hərtərəfli nəzarət etməklə gənc dövlətin bütün potensialının strateji məqsədlərin həyata keçirilməsinə istiqamətləndirə, xüsusi ilə müdafiə məsələləri ilə bağlı qəbul edilmiş qərarların operativ surətdə yerinə yetirilməsinə, bu sahədə vahid siyasi xəttin hazırlanması və yeridilməsinə nail oldu.

Sözsüz ki, bütün bu işlərin görülməsində Xudadat bəy Məlikaslanovun da iştirakı var idi. O, sədr müavini kimi öz müstəsna səlahiyyətlərindən istifadə etməklə DMK-nın digər üzvləri ilə bərabər ölkənin müdafiə qüdrətinin artırılması, Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində bir sıra təxirəsalınmaz tədbirlərin yubadılmadan həyata keçirilməsi, hökumətin ayrı-ayrı nazirlikləri arasında qarşılıqlı əlaqələrin yaradılması üçün çalışırdı. Məhz bu mühüm dövlət orqanının gərgin və səmərəli fəaliyyətinin nəticəsi idi ki, 1919-cu ilin sonlarına doğru Azərbaycanda hərbi qurumların və digər müdafiə məsələlərinin təşkili sahəsində xeyli iş görülmüş, Muğanda və Lənkəranda milli hakimiyyətin dayaqları kifayət qədər möhkəmləndirilmiş, gənc respublikanın hakimiyyət qurumlarının ilk aylarda, yaxud müstəqilliyin nisbətən əvvəlki dövrlərində fəaliyyətə başladıqları ərazilərdə isə vəziyyət tam nəzarət altına götürülmüş, ölkəyə müxtəlif istiqamətlərdən gözlənilən müdaxilələrin qarşısının alınması üçün zəruri addımlar atılmışdı. Əlbəttə, bu ardıcıl tədbirlər sonrakı dövrlərdə, xüsusi ilə 1920-ci il ərzində də eyni səviyyədə davam etdirilsə idi, Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması üçün daha müvafiq imkanlar əldə edilə və əlverişli şərait yaradıla bilərdi. Ancaq çox təəssüf ki, bolşeviklərin milli xəyanətkar mövqeləri və onların ölkə daxilindəki hakimiyyəti zorla ələ keçirmək səylərinə 11-ci ordu tərəfindən dəstək verilməsi nəticəsində Azərbaycan Parlamenti dövləti təslim etmək məcburiyyəti qarşısında qaldı.

X.Məlikaslanov rəhbərlik etdiyi sahədə işin ümumi təşkili ilə kifayətlənmir, təbiətən tərəqqiyə, yeniliyə meyilli şəxs kimi Azərbaycanda yolların, xüsusilə dəmir yollarının tikilməsində, müasir layihələrin hazırlanıb həyata keçirilməsində israrlı təşəbbüslər göstərirdi.

19 mart 1919-cu ildə Nazirlər Şurasında Xudadat bəy Məlikaslanovun Culfa-Bakı dəmir yolunun tikintisinin davam etdirilməsi ilə bağlı məruzəsi dinlənilmiş və hökumət tərəfindən bu dəmir yolunun birinci variantda tikintisi üçün parlamentə müvafiq qanun hazırlayıb təqdim etməsi və 100 milyon həcmində kredit ayrılmasını xahiş etməsi qərara alınmışdı.

Xudadat bəy ixtisası ilə birbaşa bağlı olmayan sahələrdə də böyük xidmətlər göstərməyə qadir bir şəxs idi. Təsadüfi deyildi ki, 1919-cu ilin aprelində Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin göstərişi ilə latın əlifbasına keçilmək üçün yaradılmış xüsusi komissiyaya məhz o rəhbərlik etmişdi. Xudadat bəyin rəhbərliyi altında fəaliyyət göstərmiş bu komissiya səmərəli işləmiş parlamentə latın əlifbasına keçməklə əlaqədər layihə təqdim etmişdi. Təəssüf ki, bir sıra təşəbbüslər kimi məlum səbəblərlə bağlı olaraq bu layihənin də müzakirəsi yarımçıq qalmışdı.

Uzun müddət Xudadat bəylə bərabər çalışmış Məmmədhəsən Hacınski 29 dekabr 1930-cu ildə verdiyi ifadədə aşağıdakıları bildirirdi:

"Məlikaslanovu Müsavat hökuməti dövründən tanıyıram. Qatı millətçidir, 1919-cu və 1920-ci illərdə bolşeviklərlə saziş əleyhinə mübarizə aparıb və 28 apreldə bolşeviklərə qarşı silahlı müqavimət göstərmək tərəfdarı olub. Mən Dövlət Plan komitəsinə gələndə o, sənaye və nəqliyyat bölməsinin sədri idi. Bundan əlavə, o, Zaqafqaziya dəmir yolunun idarə heyətinin üzvü, ASSR-in əksər müəssisələrində məsləhətçi idi, ASSR ali müəssisələrində böyük nüfuzu vardı və etibar edilirdi... 1926-cı ildə ASSR Xalq Komissarları Şurası məni Azərbaycan Dövlət Plan komitəsinə sədr təyin etmişdi, ancaq mən razılaşmadım və S.Orconikidzenin vasitəsi ilə qərarın dəyişdirilməsinə nail oldum. İmtinanın səbəblərindən biri bu idi ki, mən gərək Məlikaslanovu kənarlaşdıra idim... O, çox inadcıl və səbatlı adam idi, çoxları ilə məsləhətləşməyi sevirdi, ancaq həmişə özü bildiyi kimi edirdi. Onun bütün xalq təsərrüfatı məsələlərinə yanaşması dar milli məhdudiyyət dairəsində qalmırdı, hər bir addımı, hər bir tədbiri gələcək müstəqil Azərbaycanın mənafeyi naminə qiymətləndirirdi. Bu, onun tərəfindən deyilirdi, yaxud fəaliyyətindən görünürdü, o, bu barədə məndən çox irəli getmişdi... 1928-ci ildə Kislovodskda mənimlə Volqa-Don kanalının layihəsi barədə danışarkən, o dedi ki, bu kanalın Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyəti var. Bu kanal neft məhsullarını xarici bazara çıxarmaqda bizi Gürcüstanın asılılığından xilas edir...

Culfa-Bakı dəmir yolunun tikintisi də yadımdadır, o, bu işi Müsavat hökuməti dövründən başlamışdı. Sovetləşmə dövründə bir müddət o, ancaq bu işlə məşğul idi. O, həmişə deyirdi: bu yolun tikintisinin vacib milli məqamı təkcə ondan ibarət deyil ki, bu dəmir yolu Azərbaycanın ucqar əyalətlərinə getmək imkanı verəcək, həmçinin, Naxçıvanı Azərbaycanla yaxınlaşdırıb, birləşdirəcək. Bu baxışlarla bütün ziyalılar, o cümlədən, mən də şərik idim. Naxçıvanla bağlı bir dəfə şayiə yayıldı kı, onu ASSR-dən ayrı olduğu üçün Ermənistan SSR-lə birləşdirmək təklifləri olub. Bundan əlavə, Məlikaslanov Cülfa-Bakı dəmir yolu haqqında Azərbaycanın xarici bazara çıxışı kimi söhbət açırdı. O, dəmir yolu xətlərinin haradan keçməsi məsələsinə də milli yanaşmışdı. Məsələn, o, mənə demişdi ki, Yevlax-Şuşa dəmir yolunun elə istiqamətdən keçməsini planlaşdırır ki, əvvəllər, fərdi kompaniyalar tərəfindən inqilaba qədər Saruxanovun (erməni) çəkdiyi layihəni dəyişdirsin və xəttin Ağdamdan, türk rayonlarından keçməsinə nail olsun. Suvarma məsələlərində də hamımız kimi, o da məsələyə milli mövqedən yanaşırdı... "Azhidromərkəzin" tikintisinə dair hələ 1927-ci ildə eskiz layihələrin bütün variantları hazır idi. Ancaq işə başlanmamışdı, çünki Məlikaslanov Tərtər variantını Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşdiyi üçün istəmirdi... Nuxa barama fabrikinin tikintisi onun təşəbbüsləri sayəsində baş tutmuşdu..."

Məncə, bu məqamlar həm mütəxəssis, həm də şəxsiyyət kimi müasirlərinin əksəriyyətindən yüksəkdə dayanan Məlikaslanovun milli mənafelərə sonadək sadiq qaldığını, öz millətinə bağlı olduğunu əyani surətdə nümayiş etdirir və əslində, əlavə nəsə deməyə ehtiyac qalmır.

Xudadat bəy həmin vaxt həbsdən azad edilmiş və 1930-cu ildə yenidən cəza orqanlarının yadına düşmüşdü.

DTX arxivində saxlanılan "Azərbaycan Milli Mərkəzinin işi" və "Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun ittihamnaməsi" işlərdən aydın olur ki, Xudadat bəy 1930-cu ildə Az. XDİK yanında Dövlət Siyasi İdarəsi tərəfindən həbs edilib. "1924-cü ildə sovet hakimiyyətinə qarşı düşmən mövqedə dayanan millətçi əhval-ruhiyyəli ziyalıların bazası" əsasında yaranmış bu mərkəzin üzvləri arasında ittiham edilən Xudadat bəy Ağa oğlu Məlikaslanov 30 sentyabr 1931-ci ildə mühakimə edilmişdir. Azərbaycan. SSR DSİ kollegiyasının məhkəməsi Milli Mərkəzin işinə baxaraq, Ə.Pepinova güllənmə, X.Məlikaslanova və digər tanınmış millətçi ziyalılara 10 il, bir qrupa isə 5 il və 3 il müddətinə azadlıqdan mərhumetmə cəzası kəsmiş, ölümü ilə əlaqədar M.Hacınskininin işini ləğv etmişdir. Ancaq bu hökmün çıxarılmasından təqribən 4 ay sonra Zaqafqaziya DSİ kollegiyası yanında məhkəmə "Azərbaycan Milli Mərkəzin işi"nə yenidən baxaraq, güllənməyə məhkum olunanların cəzasının 10 il işlə, Xudadat bəy Ağa oğlu Məlikaslanovun həbs cəzasını yanbayarı azaldıb, 5 il işlə əvəz etmişdir..."

İstintaqın bütün təzyiqlərinə baxmayaraq, Xudadat bəy ona qarşı ittihamların heç birində özünü günahkar hesab etməmişdi. İlk bolşevik cəza orqanlarının layiqli davamçıları, Azərbaycanda müstəqillik ideyalarının əbədi susdurulması məqsədi ilə bir nəfəri deyil, yüz minləri sorğu-sualsız güllələməyə hazır olan imperiya qulları üçünsə onun nəyi etiraf edib, yaxud etmədiyinin fərqi yox idi.

Onun haqqında məlumatlardan bəlli olur ki, Xudadat bəy Məlikaslanov 1934-cü ilin avqustunda yenidən əsassız ittihamlarla həbs edilib və bu dəfə Sibirdəki xüsusi cəza müəssisələrindən birinə göndərilib, 1935-ci il iyulun 23-də orada vəfat edib. Bu zaman Xudadat bəyin cəmi 56 yaşı olub. Ona yalnız 1959-cu ildə bəraət verilib.

 





28.05.2021    çap et  çap et