525.Az

Cümhuriyyətin məziyyətləri "Yeni Qafqasya"da - Tarix


 

Cümhuriyyətin məziyyətləri "Yeni Qafqasya"da - <b style="color:red">Tarix </b>

1923-cü il sentyabrın 26-da Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstanbulda "ədəbi, ictimai, siyasi məcmuə" kimi, on beş gündə bir dəfə çıxmaqla, ərəb əlifbası ilə nəşrə başlayan, 1927-ci il oktyabrın 15-də sonuncu - 95-ci nömrəsi buraxılan, mətbuat tariximizin ən şərəfli, döyüşkən nümunələrindən olan "Yeni Qafqasya" dərgisinin əksər nömrələrində, xüsusilə tarixi hadisələrin ildönümlərinə həsr edilən saylarında Azərbaycan Xalq Cümhuriyyətinə və onunla əlaqəli mövzulara dair xeyli yazı işıq üzü görüb.

Həmin yazılar mövzu baxımından zəngin və maraqlı, janr baxımından fərqli və rəngarəngdir. Bədii əsərlərdə, xüsusi ilə poeziya nümunələrində Cümhuriyyət dəyərləri, azadlıq və istiqlal nəşəsi, ruhu və sevdası, türk əsgərinin şücaəti vəsf və təbliğ edilir, eyni zamanda, Cümhuriyyətin süqutu ilə itirilən hürriyyət həsrəti, kədəri, nisgili əks olunur, xalqımızın milli və mənəvi dəyərlərinə qənim kəsilən düşmənlər qəzəb və nifrətlə lənətlənir, ifşa edilir. "Azəri türk xalqının ən əziz duyğularına və ən incə hisslərinə səmimi tərcüman olan Əhməd Cavadın" (M.Ə.Rəsulzadə) "Yeni Qafqasya"da "Qalx" (Azərbaycandakı Osmanlı şəhidlərinə), "Milli Bayrağımıza", "Sən ağlama", "Bir gül əkdim", "Nədən yarandın", "Al bayrağa", "qüvvət və gözəlliyi ilə yalnız ədəbi deyil, siyasi mətbuatımızda da rəğbətlə qarşılanan Gültəkinin" (Əhməd Cəfəroğlu) "Anama", "Ağla, gözəl gəlin", "Qafqaz türküsü", "Bir Turan yolçusu deyir ki", "Moskva", "Çeka", "Sevgili Bakıya" və bu kimi çoxsaylı şeirləri milli ruhu, ideya dolğunluğu, bənzərsiz forma və üslub gözəlliyi ilə seçilən poetik nümunələrdir. Dərgidəki ədəbiyyatşünaslıq problemləri ilə bağlı məqalələrdə istiqlal və hürriyyət şairlərinin irsi təhlil və təqdir olunur, bolşevik hakimiyyəti illərində azadlıq aşiqlərinin təqib və həbs edildiyi, işgəncə və zülmə məruz qaldıqları qeyd edilir, digər tərəfdən Sovet ədəbi-nəzəri konsepsiyası və metodologiyasının fəsadları və perspektivsizliyi, bolşevik ədəbiyyat tənqidçilərinin məfkurəsinin əsl mahiyyəti açılır, çirkin məqsədləri göstərilir və ifşa olunur. Publisistik yazılarda - məqalə və xatirələrdə Şərqdə ilk demokratik dövlətin fəaliyyətindən bəhs edən,  parlamentin, hökumətin formalaşdırılması, dövlət təsisatlarının yaradılması, dövlət atributları, dövlət rəmzləri - Bayrağı, Gerbi, Himni və Möhürünün qəbulu, təsviri, istifadə qaydaları, ordu quruculuğu, elm, mədəniyyət, səhiyyə sahəsində, təhsil, o cümlədən, yüksək ixtisaslı milli kadrların hazırlanması istiqamətində görülən işlərdən ətraflı söz açılır. 28 May İstiqlal bəyannaməsinin qəbuluna, Azərbaycanın müstəqil dövlət elan edilməsinə, 28 Aprel istilasına - Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına, Cümhuriyyət qurucularının həyat və fəaliyyətinə, havadarlarından mənəvi və maddi dəstək alaraq xalqımızın istiqlalına və istiqbalına düşmənçilik edən murdar və məkrli qonşularımız ermənilərin törətdiyi ağlasığmaz cinayətlərə həsr olunan materiallar dövrün real mənzərəsini təsvir, tədqiq etmək baxımndan mühüm əhəmiyyət daşıyır. Məhəmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məhəmmədzadənin, Gültəkinin, Məmməd Sadıq Aranın məqalələri ideya, məzmun baxımından sanballı, dolğun, sənətkarlıq nöqteyi-nəzərindən mükəmməl, təsirli və diqqətəlayiqdir.

Mövcud olduğu 23 ay müddətində Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə, xalqımızın taleyində, təfəkkür və həyat tərzində oynadığı rol Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycanın böyük günü" adlı məqaləsində geniş təhlil olunub və dəyərləndirilib: "İldırım sürəti ilə yetişən qardaşlarının köməyi ilə bolşevik zülmündən qurtulan Bakının xilas günündə, Azərbaycan alayının ilk dəfə Bakıya girdiyi anda, 28 May İstiqlal günündə, Novruz bayramındakı o parlaq manevrada, Cümhuriyyətin avropalılarca təsdiq edildiyi gündə müstəsna bir mənzərə təşkil edən Bakı küçələrini görən müşahid dünənki əsir bir xalqın nə kimi hisslər və nə kimi həyəcanlarla yeni istiqbal həyatı qurduqlarını dərk eyləmişdir".

Bolşevik istilasından sonra isə Xalq Cümhuriyyətinin əldə etdiyi bütün uğurlar qərəzli və düşmən münasibətə tuş gəlmiş, mili və demokratik dəyərlər alt-üst edilmişdi. "Dəmirçioğlu" gizli imzası ilə dərc olunmuş "Bu günün xatirəsi" adlı məqalədə deyildiyi kimi, hər şey matəmə bürünmüşdü, hər tətəfə qatı zülmət çökmüşdü. "28 May nədir" adlı məqalədə müəllif Cümhuriyyətə aparan yola nəzər salır, M.F.Axunzadə, H.Zərdabi ilə başlayan Azərbaycan cəmiyyətçiliyinin milli mahiyyət kəsb edərək tədricən hürriyyət və istiqlalın nüvəsinə çevrildiyini qeyd edərək yazır: "28 May bəyannaməsində mündəric (yer almış, dərc olunmuş - T.A.) cümhuriyyət, demokratiya və milliyyət prinsiplərinin öz yurdunda tətbiqini görmək səadətinə nail olan Azərbaycan iki ili tamam olmayan bir məsud həyatdan sonra məlum şərait daxilində təkrar rus orduları tərəfindən işğal olunmuş, hürriyyət və istiqlalından məhrum edilmişdir". Mirzə Bala Məhəmmədzadə "Səkkiz illik yol" məqaləsində Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan türklərinin iqtisadi, ictimai, mədəni inkişafının məhsulu kimi dəyərləndirir və onun tam müstəqil, milli, demokratik dövlət kimi mahiyyətini açıqlayır, əkinçilərə torpaq vermək üçün qanun yazdığını, universitet açdığını, məmləkət maarifini, ticarətini, iqtisadiyyatını böhrandan çıxarmağa çalışdığını vurğulayır.

Dərgi çox mürəkkəb bir tarixi şəraitdə bərqərar olmuş milli hökumətin fəaliyyətinin, demək olar ki, bütün sahələrini - dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatları, elm, təhsil, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələri yüksək peşəkarlıqla işıqlandırıb. "Almaniyada Azərbaycan tələbəsi" adlı məqalədə Cümhuriyyət dövründə təhsil almaq üçün Avropaya göndərilən milli ruhlu gənclərdən 52 tələbənin Almaniyanın ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almalarından, tədrislə bağlı problemlərindən bəhs olunur. Məhəmməd Əmin Rəsulzadənin "Azəri" imzası ilə qələmə aldığı "Azərbaycan darüfununları" adlı məqalə Cümhuriyyət hökumətinin milli təhsillə bağlı atdığı addımları dəyərləndirmək, eyni zamanda, bolşevik hökumətinin təmsilçilərinin yalanını ifşa etmək baxımından diqqəti çəkir. Rusiya səfirliyinin İstanbulda Leninin vəfatı ilə bağlı keçirdiyi tədbirdə Azərbaycanı təmsil edən nümayəndə Leninin ünvanına təriflər yağdırdıqdan sonra Azərbaycanda "heç yox ikən Leninin dörd darüfunun təsis etdiyini" söyləyir. Məqalə müəllifi natiqin dediklərini faktlarla təkzib etməklə kifayətlənmir, eyni zamanda, universitet tələbələrinin milli tərkibinə diqqəti çəkərək yazır ki, Cümhuriyyət dövründə tələbələrin əksəriyyəti türk olduğu halda, bolşeviklərin dövründə bu nisbət kəskin dəyişmiş və say etibarı ilə türk tələbələrin sayı digər millətlərlə müqayisədə bir neçə dəfə azalmışdır. "Bakıda maarif işləri" adlı məqalədə də bolşeviklərin təhsil sahəsindəki siyasətinin antimilli mahiyyəti kəskin tənqid olunur. "SSRİ-dəki sözlər və işlər" adlı yazıda qeyd olunur ki, sözdə maarifin sərbəst olduğu bəyan edilsə də, ruscanın təhsili məcburidir.

"Yeni Qafqasya"dakı bu qəbildən olan yazılar AXC dövründə təhsil və maarifə göstərilən doğma, milli münasibətlə bolşeviklərin bu sahədəki mənfur, irticaçı və istilaçı siyasətinin fərqi açıq-aydın özünü göstərir.

Demokratik prinsiplər əsasında bərqərar olan Xalq Cümhuriyyəti müstəqil və azad mətbuatın hüquqi bazasını yaratdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən müvafiq qanunvericilik aktları qəbul edildi. "Azərbaycan Milli Cümhuriyyəti zamanında məmləkətdə fikir hürriyyətinə və mətbuatın sərbəstliyinə tamamıilə riayət olunmaqda, hökumət millətin əqidə və düşüncəsinə təzyiq etməkdən çəkinməkdə idi. Millətin səadətini, məmləkətin səadət və tərəqqisini arzu edən firqə və cərəyanlar tam sərbəst şəkildə dövlət quruluşu, siyasi, ictimai və iqtisadi həyat təşkilatı xüsusunda, qanun və tədbirlər haqqında öz mülahizə və görüşlərini bəyam etməkdə, hökumət isə öz növbəsində həmin fikirləri diqqətlə nəzərdən keçirməkdə idi". Bu cümlələr Mirzə Bala Məhəmmədzadənin "Sovet Azərbaycanında mətbuat hürriyyəti" adlı məqaləsindən götürülüb. Müəllif yazır ki, 27 aprel 1920-ci ilə qədər Azərbaycan hökumətinin rəsmi dövlət qəzeti "Azərbaycan", Müsavat Partiyasının "İstiqlal", İttİhadi-İslam Partiyasının "İttihad", Əhrar Partiyasının "Xalqçı", Sosial Demokrat Partiyasının "Doğru yol", bitərəf tərəqqipərvər "Bəsirət", bolşeviklərə məxsus "Al bayraq", "Füqara sədası" qəzetləri, milliyətpərvər bitərəf "Qurtuluş" ədəbi, bitərəf "Zənbur" gülgü, məktəbli uşaqlara məxsus "Məktəb", gənclərə məxsus "Mədəniyyət" ədəbi məcmuələri və digərləri, eləcə də rus dilində bir çox qəzet nəşr olunurdu. Bolşevik istilasından sonra bütün bu qəzetlər bağlandı. "Molla Nəsrəddin" jurnalı və onun naşiri Mirzə Cəlil ciddi sıxışdırıldı, təqib, töhmət və təzyiqlərə məruz qaldı. Yalnız kommunistlərə məxsus olmaq üzrə rusca "Bakinski raboçi", "Trud", türklərə məxsus "Kommunist" qəzeti çıxmağa başladı. Mirzə Bala Məhəmmədzadə haqlı olaraq bu qənaətə gəlir ki, Xalq Cümhuriyyətindən fərqli olaraq, bolşeviklər digər sahələrdə olduğu kimi, mətbuat aləmində də fərqli məfkurəli, fərqli fikirli nəşrlərin fəaliyyətinə yol vermirdilər.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici siyasət, milli təhlükəsizlik və ordu quruculuğu, ölkənin ərazi bütövlüyü uğrunda cinayətkar erməni quldurları ilə mübarizədə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, hünər, şücaət "Yeni Qafqasya" dərgisinin müraciət etdiyi əsas mövzulardandır və həmin yazılar milliliyi, müasirliyi və aktuallığı ilə diqqəti çəkir və mühüm əhəmiyyət kəsb edir.

 





28.05.2021    çap et  çap et