Bayramlar... Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Zülm, istismar üzərində qələbə, dünya fatehlərinə qarşı birləşənlərin zəfəri ayrı-ayrı xalqların, millətlərin böyük təntənə ilə qeyd etdikləri bayramlardandır. Lakin bu bayramlar içərisində eləsi də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayrama hər bir insan öz daxili, ruhu oyanışının təsiri ilə hazırlaşır. Həmin bayram Novruz (yeni gün) bayramıdır.
Zərdüştün dini təlimində bu bayram əkinçilik, xoşbəxtlik, firavanlıq bayramı kimi qeyd olunur. İlimiz bu günə yaxınlaşdıqca insanlar da toxum kimi içəridən cücərməyə, ruhi oyanışa başlayırlar. Budaqlarda tumurcuqlar oyandığı kimi, insan ürəyində də həyat eşqi cücərir. Təbiətlə insan ruhunun oyandığı gün eyni vaxta təsadüf etdiyindən qədim ellilərimiz həmin vaxtın bayram edilməsini məsləhət görmüşlər. Bu bayramda varlı-kasıb eyni şəkildə, eyni hüquqda iştirak edir, umu-küsünü unudub dostluq münasibətlərini möhkəmləndirməyə çalışırlar...
Bu yazıda məqsədim heç də o deyil ki, Novruz bayramının tarixini, adət-ənənələrini bir daha yada salım. Xeyr, mən Cəbrayıl rayonunun Sirik kənd camaatının bu günlərdə bu bayramı necə qeyd etdiyi haqqında söhbət açmaq istəyirəm.
Bayram günlərində həmin kəndin hörmətli sakini Müstəqim müəllimin dəvəti ilə Yasamal rayonunun "Qanlı göl" adlanan ərazisində məskunlaşmış siriklilərin Novruz şənliyinə getmişdik. Novruz şənliyi böyük mağarda keçirilirdi və şənliyi "şah" idarə edirdi. Şahın ətrafında əyanları əyləşmiş, "cəllad"lar əmrə müntəzir şəkildə dayanmışdılar. Mağarın ortasında dar ağacı qurulmuşdu. Mağarın bir tərəfində musiqiçilər əyləşmişdilər.
Böyük günah işlətmiş adamlar dar ağacından "asılırdı", günahı az olanlar isə rəqs etməklə günahlarını yuyurdular. Nəhayət, növbə bizə çatdı. Bizi - dostum Fuad Quliyevi, Rauf İsmayılovu və məni hökmdarın hüzuruna çağırdılar. Hər üçümüz cəlladların müşayiəti ilə şahın hüzuruna getdik.
Qeyd edim ki, Fuad Quliyev məcburi köçkünlükdən sonra Sirik camaatının keçirdiyi Novruz şənliyində hər il iştirak edir. O, bu dəfə bizi də özü tədbirə dəvət etmişdi. Fuad müəllim şənliyə əliboş getmir, hər dəfə nəsə bir hədiyyə də aparır. Onun bu dəfəki hədiyyəsi Cəbrayıl rayonunun rəmzi-altından göz yaşı kimi dumduru kəhriz axan, yaşı 800 ili keçmiş Xan Çinarın gövdəsinə sığınmış "Çinar" pavilyonunun şəkli idi. Şah Fuad müəllimi nəinki cəzalandırdı, hətta şənlik iştirakçıları adından ona minnətdarlığını bildirdi. O, şənlik iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi. Sonra isə bizimlə şənliyə dəvət olunmuş, uzun müddətdən bəri Bakıda yaşadığı üçün Cəbrayıl camaatının tədbirlərinə ara-sıra qatılan Rauf İsmayılovu təqdim etdi. "Bu cavan oğlan hamınızın tanıdığı Cəbrayıl şəhər xəstəxanasında işləmiş Səməd həkimin oğludur".
Şənlik iştirakçıları Rauf müəllimi alqışladı və ona söz verildi. Rauf müəllim qonaqpərvərliyə və isti münasibətə görə məclis iştirakçılarına təşəkkürünü bildirdi. Novruz bayramı münasibətilə onları təbrik etdi.
Nəhayət, söz mənə verildi. Mən ilk növbədə məcburi köçkünlük dövründə - son 21 ildə dünyasını dəyişmiş insanların hamısına Allahdan rəhmət dilədim. Sonra isə Novruz bayramının tarixi, adət-ənənələri haqqında qısa məlumat verdim. Danışa-danışa bir anlıq xəyalən Cəbrayıllı günlərə qayıtdım...
Mən müəllim olsam da, 1973-cü ildən qarmon ifaçısı kimi Cəbrayıl rayonunun toy-düyünlərində, tədbirlərində və el şənliklərində iştirak etmişəm. Rayonun hər kəndini qarış-qarış gəzmişəm, onların yaşayış tərzi, adət-ənənəsi, mədəniyyəti, məşğuliyyəti ilə tanış olmuşam. Sirik kəndinin camaatı digər kəndlərdən fərqlənir. Elin xeyir-şərində birləşməyi bacarmaq, milli köklərə, milli-mənəvi dəyərlərə bağlılıq onların başlıca xüsusiyyətləridir. Vaxtilə rəhmətlik sənət yoldaşlarımdan Xurşud, Nadir, Məhəmməd və həyatda olan Fikrət, Fariz, Məhəmmədəli, Elxan, Nadir, Şamil, İldırım, Elman və başqaları ilə onların toy-düyünlərində, Novruz şənliklərində iştirak etmişik. Bu kəndin camaatı sənəti və sənətkarı qiymətləndirməyi bacaran, onlara hörmət edən gözəl insanlardır. Hələ gənc yaşlarımdan Azərbaycanın məşhur sənətkarlarının - Arif Babayevin, Səxavət Məmmədovun, Məmmədbağır Bağırzadənin, qara zurna ifaçılarından Həsrət Hüseynovun, Ələffəz Şəkilinin və başqalarının Sirik toylarında iştirakının şahidi olmuşam. 1970-90-cı illərdə məşhur xanəndə və ifaçıların Azərbaycanın ucqar rayonunun ucqar bir kəndində - Sirikdə toylarda iştirak etməsi ağlagəlməz, görünməz bir hadisə idi. Bu işdə də kənd camaatının birliyi, köməkliyi özünü göstərirdi. Bu birliyin, xeyirxahlığın kökləri Qaraman ocağı, XIX-XX əsrlərdə yaşamış Şeyx Alının oğlu Hacı Qasım Çələbiyə, Hacı Qasım Çələbinin oğlu Alı Çələbiyə və onun oğlu Teyfur Çələbiyə, Yəhya Çələbiyə, Şahlıq Çələbiyə, Əli Çələbiyə, Fatimə Çələbiyə bağlanır.
Bu gün həmin çələbilərin davamçısı olan Sirik camaatı, gəncləri harada yaşamalarından asılı olmayaraq, öz kökləri üzərində boy atır, Cəbrayıllı adını sirikli şərəfini uca tuturlar...
Hazırda Azərbaycanın güclü nizami ordusu formalaşıb. Ordumuzun maddi-texniki təchizatı, kadr hazırlığı yüksək səviyyədədir. Bu gün Azərbaycan xalqı şəhidlərin qanı bahasına qazandığımız milli müstəqilliyimiz naminə üçrəngli bayrağımız altında daha da sıx birləşməli və düşmənə qarşı döyüşə hazır olmalıdır ki, gələn illərdə Novruz bayramımızı doğma Qarabağda keçirək.
Mən sabahı dumanlı yox, təmiz görürəm,
Mən sevgini bir damla yox, dəniz görürəm.
Mən xalqımı əzizlərdən əziz görürəm,
Coşur ürək, yaşayır göz, qabarır sinə.
İnanıram həqiqətin təntənəsinə!
Yaqub MƏMMƏDOV,
Cəbrayıl sakini, Heydər Əliyev adına AAHM-in müəllimi.
çap et