525.Az

Adını həyat amalına çevirən İnsan - Yubiley yazısı


 

DƏYƏRLİ ALİM VƏ İŞIQLI ŞƏXSİYYƏT ƏDALƏT TAHİRZADƏNİN 70 YAŞINA

Adını həyat amalına çevirən İnsan - <b style="color:red">Yubiley yazısı </b>

Nə vaxtsa müqəddəs səmavi kitabların birində oxumuşdum ki, uşaqlarınıza gözəl adlar qoyun, ad sonralar insanın taleyində mühüm rol oynayır.

Biz yaşadığımız həyat boyu bunun canlı şahidi olur, lakin sirrini açmayan dünyada bu da bir sirr olaraq qalır... Ədalət - insaf, mürüvvət, haqq və düzgünlük prinsiplərinə riayət və daha geniş mənada işlədilən müqəddəslik səviyyəsində insanların sitayiş etdikləri çəkisi ağır, mənası dəryalardan dərin bir sözdür. Və əgər bu sözü öz adı kimi gəzdirən insan ona layiq bir ömür yaşayırsa, adı ilə xarakteri üst-üstə düşürsə, o, elə dünyanın da, insanların da naxşıdır! Ələlxüsus da, bu insan sənin səmimi dostundursa, sən onun timsalında sifət fərqi ola biləcək elə özünü görürsənsə, bu da bir naxışdır!

Haqqında söhbət açacağım İnsanla - filologiya üzrə fəlsəfə doktoru, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə ilə məni büllur kimi təmiz, prinsipial, ədalət və həqiqət vurğunu, sayılıb-seçilən milli aydınlarımızdan olan dostum İsmayıl Sadıqov (Calallı) tanış etdi. İlk görüşdən ortaboy, sağlam bədənli, nurani sifətli, az danışıb çox dinləməyə meyilli, yüksək ədəb-ərkan sahibi kimi diqqətimi cəlb edən bu İNSANIN hər sözü, kəlməsi yerli-yerində idi, tərəf-müqabilinə göstərdiyi diqqət və hörmət də öz yerində... O vaxtdan keçən dövrdə biz üç dost olaraq vaxtaşırı görüşür, ən müxtəlif mövzularda söhbətlər aparır, diskussiya açırdıq. Bir müddət sonra bizim dostluq çevrəmiz İsmayıl müəllimin təşəbbüsü ilə daha iki sayılıb-seçilən alim-ziyalı-aydınlarımız Əsgər Quliyev və Zaur İsayevlə genişləndi. "Məclisi-üns" adlana biləcək bu ziyalı məclisinin ağsaqqalı və yönləndiricisi isə Ədalət müəllimdir. Deyirlər, çox adamla dost olmaq olar, amma hər adamla çörək kəsmək olmaz. Bizim məclislərimiz həm də duz-çörək məclisidir və bəlkə onun belə uzunömürlülüyünün bir səbəbi də bundadır.

Xalq arasında gəzən məşhur bir deyim var: alim olmaq asandır, insan olmaq çətin. Gənclik illərimdə alimlərlə ünsiyyətim olmadığı vaxtlarda bu deyimin mənasını anlamaqda çətinlik çəkirdim. Necə ola bilər ki, alimlik dərəcəsinə çatasan, amma insan (bütöv insan) ola bilməyəsən. Sonralar insanlıqdan kənar "alimləri", elmdən xəbəri olmayan (lakin elmli) dəyərli insanları görəndə hər şeyi dərk etdim. Ədalət müəllimin də, bizim də, içərisində yaşadığımız cəmiyyətin də bəxti onda gətirmişdir ki, o, həm müqtədir alim, həm də böyük, kamil İnsandır, bütöv şəxsiyyətdir. Və onun bu gözəl keyfiyyətlərindən hamımız bəhrələnirik. Onun ədalət dünyasında Zərdüşt peyğəmbərin "Düz düşünmək, düz danışmaq, düz yaşamaq" barədə məşhur üçsütun nəzəriyyəsi mühüm yer tutur.

Ədalət müəllim ixtisasca dilçi-türkoloq alimdir. Lakin bilik dairəsi olduqca əhatəli və genişdir. İstedadın hərtərəfli olması mülahizəsi onun timsalında da təsdiqini tapır. Pedaqoq, tarixçi-araşdırmaçı, yazar, publisist... O, türk dünyasının, o cümlədən, onun möhtəşəm qolu və sönməyən ocaqlarından sayılan Can Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı intensiv araşdırmalar aparan nadir alimlərdəndir. Bu sırada 2500 ildən artıq tarixi olan qədim Şəkiyə xüsusi hüsn-rəğbətini öz dili ilə çatdırırıq: "Mənim Şəkiyə və şəkililərə özəl sevgim var. Buna səbəb şəkililərin öz tarixlərinə, görkəmli şəxsiyyətlərinə sevgi və qayğı ilə yanaşmasıdır. Onların bu yurdsevərliyi və qədirbilənliyi uzun illərdir məni də Şəki tarixi ilə bağlı ciddi araşdırmalar aparmağa həvəsləndirib. Özlərinin dediyinə görə, Şəkinin tarixi haqqında ən ciddi kitab mənim "Şəkinin tarixi qaynaqlarda" əsərimdir. Bundan başqa, mən Şəkinin mədəniyyət tarixində mühüm rolu olmuş onlarca şəxsin həyatını araşdıraraq barələrində ölkəmizdə və xaricdə xeyli elmi məqalə dərc etdirmişəm. Gördüyüm bu işləri rəhmətlik müəllimim Bəxtiyar Vahabzadə, mərhum professorlar Şirməmməd Hüseynov, Qüdrət Əbdülsəlimzadə, Zəkəriyyə Əlizadə, Şəki aydınları Hikmət Əbdülhəlimov, Həbibullah Manafov, Murad Nəbibəyov, Aydın Salis və onlarca başqaları daim alqışlayaraq məni yeni axtarışlara ruhlandırıblar. Onların sayəsində mənim Şəki haqqında yazdığım hər bir əsər mürəkkəbi qurumadan işıq üzü görüb. Onu da deməliyəm ki, bu işlərdən əsla maddi qazanc güdməmiş, indiyədək onlardan bir qəpik belə almamışam, bundan sonra da almaq niyyətim yoxdur..."

Bir almanın dəyəri - Hekayə 

Qeyd etdiyim fəaliyyət sahələri öz yerində, o, həm də mahir fotoqraf, tariximizə dair nadir fotoların kolleksiyaçısıdır. Kiçik əl çantasında tarixi anları əbədiləşdirən sevimli fotoaparatını da mütləq özü ilə gəzdirir. Bu işdə böyük pedaqoq, yazıçı, folklorşünas, etnoqraf Rəşid bəy Əfəndizadənin ənənəsini daha geniş miqyasda davam etdirir. Onun araşdırmalarında, elmi-publisistik məqalələrində, sayı-hesabı bilinməyən kitablarında yer tapmış minlərlə yüksək keyfiyyətli fotoşəkillərin müəllifi də elə o, özüdür. Onun bu yüksək peşəkarlığından dəfələrlə mənə də pay düşmüşdür. Türkiyə Cümhuriyyətinin Zəfər gününə həsr edilən və "Gülüstan" sarayında keçirilən təntənəli ziyafətə İsmayıl Sadıqov və Ədalət müəllimlə birlikdə mən də dəvət almışdım. Ədalət müəllim adəti üzrə fotoaparatını da gətirmişdi. Bir neçə gün sonra xəbərim olmadan  (buna "gözlənilməz rakurs" da deyirlər) çəkdiyi fotonu mənə göndərdi. Həm özümün, həm də ailə üzvlərimin çox xoşuna gəldi. O, yüksək peşəkarlıq nümayiş etdirərək sanki bir sənət əsəri yaratmışdı. Fikrimi bildirdim, minnətdarlığımı çatdırdım. Az müddət sonra həmin fotonun böyüdülərək çərçivəyə alınmış variantını 70 illik yubileyimlə əlaqədar xidməti iş kabinetimdə mənə təqdim etdi. Həmin fotonu nəşr olunmuş kitablarımda və feysbuk səhifəmdə də paylaşıram.

Onun diqqət və qayğısını həmişə hiss etmişik. "Məclisi-üns"də 80 illik yubileyimin mənə layiq səviyyədə qeyd olunması və sosial şəbəkələrdə işıqlandırılması da bilavasitə onun təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdur. Dostumuz Əsgər Quliyevin 60 illik yubileyinə həsr etdiyi "Təhsilimizin əsgəri" - simvolik və obrazlı bir sərlövhə ilə mətbuatda dərc etdirdiyi sanballı və tutarlı məqaləsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.

Mübaliğəsiz deyə bilərəm ki, Ədalət müəllim Türk dünyasının böyük təəssübkeşi, vurğunu və bu zaman millətçilikdən uzaq, bəşəri təfəkkürlü işıqlı ziyalımızdır. O,  millətimizin tarixinə qızıl hərflərlə yazılmış Azərbaycan Cümhuriyyətinin ən fəal, dərin araşdırmaçıları və təbliğ edənlərdəndir. İllərlə postsovet məkanının arxivlərində ağır zəhmətə qatlanaraq Cümhuriyyətin tarixi ilə bağlı qiymətli sənədləri üzə çıxarıb onlara kitab ömrü - yaşamaq haqqı verdi. Hörmətli gənc tədqiqatçı Dilqəm Əhmədlə birlikdə ərsəyə gətirdiyi və Azərbaycan, İsveç, Danimarka, ingilis və  rus dillərində nəşr edilmiş "Azərbaycan Cümhuriyyəti (1918-1920)" fundamental kitabı isə bu sahədə ən mükəmməl araşdırmalardan sayıla bilər. Onun bu çoxillik, ağır zəhmət tələb edən səmərəli fəaliyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edildi.

Nəhayət, dünyanın amansız vaxt axarında, bu günlərdə - mayın 23-də Ədalət müəllimin 70 yaşı tamam oldu. Böyük filosof Konfutsi deyirdi ki, qocalıq qəfləti gəlir: səhər durub görürüsən ki, hər tərəfinə qar yağıb. Dostluğumuzun 15 ildən artıq davam edən tarixçəsinə boylanarkən ilk tanışlığımızla bugünkü Ədalət müəllim arasında ciddi görünüş fərqi görmürəm: həmin təmkinli yeriş-duruş, müdriklərə xas olan mənalı baxış, həsəd aparılası SƏBR, sözün qədir-qiymətini bilməsi, əzmkarlıq, sanballı araşdırmaçı-alim ömrü, mütaliə edib çatdıra bilmədiyimiz yeni-yeni sanballı kitablar, məqalələr... dərin və məzmunlu yumoru da öz yerində.

Ömrün yaş təsnifatına görə, 64-74 yaş ahıllıq çağıdır. Ta uşaqlıq illərimdən başlayaraq ağsaqqallar yaddaşımda dərin izlər buraxmış, ruhi-mənəvi dünyamın formalaşmasında mühüm rol oynamışlar. Bu gün mən onların arasında özünə layiq yer tutmuş müdrik ağsaqqal, qəlbən cavan Ədalət müəllimi də görürəm. Yuxarıda qeyd etdiyim qibtə ediləcək insani keyfiyyətlərinə onun ömrün ağsaqqallıq zirvəsini şərəflə fəth etməsini də əlavə edərdim.

Dahi L.Tolstoy dini dünyagörüşü olmayan, dinsiz ağsaqqalları mənəvi şikəst adlandırırdı. Ədalət müəllim Böyük Yaradanı - Cənab Haqqı və ölümü daim yanında hiss edən mənəviyyat adamıdır. "...Quran oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar yaşında belə, ağlı başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar" (Qurani-Kərimin tərcüməsi. səh. 273, ən Nəhl surəsi, ayə 70). Müqəddəs kitabdan iqtibas etdiyim bu kəlam sanki Ədalət müəllimin əyninə biçilmişdir.

Burada dostumuzun 70 illik yubileyi ilə səsləşən məşhur Koroğlu Vücudnaməsinin aşağıdakı misraları yadıma düşdü:

... Yetmişində qəddi-belin bükülər,
Karvanı kəsilmiş yola bənzərsən!..
Səksənində qübar qonar gözünə,
Doxsanında sinən enər dizinə.
Koroğlu der, çünki çatdın yüzünə,
Uca dağ başında kola bənzərsən.

Maşallah, Ədalət müəllimin nə qəddi - beli bükülmüş, nə də yolunun karvanı kəsilmişdir. Ona uca dağ başında kola bənzəməmək şərtilə ömrün 100 illik səddini sağlam bədən, sağlam ruhla aşmağı arzulayırıq! Çünki şair demişkən, "Hər kim yüz il yaşamasa, günah onun özündədir..." 

Nə qədər qısa yazmağa səy göstərsəm də, yenə uzun alındı. XVIII əsrdə yaşamış məşhur fransız filosofu Helvetsi deyirdi ki, tərifə layiq olan insanları tərifləmək olduqca çətindir. Çünki onlar xeyirxah, comərd, haqq-ədalətin tərəfində dayananlardır. Onlar azdır. Lakin bu insanlar dünyanın naxışı, dayaq sütunlarıdır, dünya onların çiyinlərində dayanır. Ədalət müəllim belə nadir insanlardan, yaxşıların yaxşılarındandır... O, yaşadığı vaxtdan və yaşından, həyatda tutduğu mövqedən ucada duran insanlardandır.

Və sonda... Deyilən söz yadigardır. Bu yadigar sözlər əziz dostumuz, müəllimlər müəllimi, professor Ədalət Tahirzadəyə sədaqətli dostları Əsgər Quliyev, İsmayıl Sadıqov və Zaur İsayevin də adından onun 70 illik yubileyinə söz ərməğanım, təbrik çələngimdir!

 

 





29.05.2021    çap et  çap et