(Əvvəli 19 mart sayımızda)
Azərbaycanda son illər müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsini, demokratiyanın dərinləşdirilməsini, milli maraqların yerli, regional və beynəlxalq müstəvilərdə qorunmasının yeni standart və formalarını zəruri edir. Ümummilli lider Heydər Əliyev hələ 1998-ci ildə Azərbaycan hökumətinin Birləşmiş Millətlər Təşkilatı ilə imzaladığı müqavilə çərçivəsində yerinə yetirilən proqramlarda ölkəmizin vətəndaş cəmiyyəti institutlarının inkişafına xüsusi diqqətlə yanaşırdı. Məhz bunun nəticəsində ötən əsrin son illərinin Azərbaycan ictimai sektorunun inkişafında kütləvi təşkilatlanma dövrü kimi səciyyələndirilməsi danılmaz həqiqətdir. Sonrakı illərdə ölkəmizin iqtisadi çiçəklənməsi demokratiyanın inkişaf vüsətinə də ciddi təkan verdi. Vətəndaş cəmiyyəti institutları ilə bağlı daha öncəki yazılarımızda da geniş bəhrələndiyimiz mənbələrdə - QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin bir neçə il qabaq qələmə aldığı məqalələrdə də göstərildiyi kimi, Azərbaycanda vətəndaş cəmiyyəti qurumları ölkənin ictimai həyatında daha böyük önəm daşımaqdadır.
Elmi-nəzəri bazanın
təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasından irəli gələn məsələlərin müzakirəsi üçün Şura 26 noyabr 2008-ci ildə elmi-praktik konfrans təşkil etdi. Konfransda QHT fəaliyyətinin müxtəlif sahələri geniş müzakirə edilmiş, ictimai sektora dövlət dəstəyi siyasətinin təməl prinsipləri haqqında, eləcə də QHT-hökumət münasibətləri haqqında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, Konsepsiyanın meydana çıxması QHT-lərin fəaliyyətində və ümumilikdə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Çünki bu sənəd dövlət və hökumət orqanları ilə QHT-lər arasında səmərəli əməkdaşlığa təkan verdi, qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini müəyyən etdi. Konsepsiyada açıq şəkildə qeyd olunur ki, vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycan hökuməti QHT-lərin potensialından hərtərəfli istifadə etməyi vacib bir amil kimi önə çəkir və vətəndaş cəmiyyəti quruculuğu prosesində, ölkədə demokratikləşmənin dərinləşdirilməsində QHT-ləri tərəfdaş kimi qəbul edir və bu istiqamətdə bütün səyləri dəstəkləyir. Konfransın müzakirələri nəticəsində formalaşdırılmış təkliflər paketi aidiyyatlı hökumət strukturlarına təqdim edilmişdi.
"QHT sektorunun vəziyyəti
haqqında" hesabat
Şura Azərbaycanda ictimai sektorun bütün palitrasını ifadə edəcək "Azərbaycan Respublikasında QHT sektorunun vəziyyəti haqqında hesabat"ın hazırlanmasına başladı. Bunun üçün xüsusi kompüter proqramı sifariş edilərək, məlumatların toplanmasına start verildi. Hesabatda ölkənin vətəndaş cəmiyyəti quruculuğu ilə məşğul olan QHT-lərinin yaranma və inkişaf tarixi, kadr və texniki potensialı, yerinə yetirdiyi layihələr, yaratdıqları iş yerləri, xidmətlər, cəlb edilərək könüllülərin fəaliyyəti və sair aspektlərlə bağlı məlumatlar öz əksini tapadı. Azərbaycanın QHT inkişafında bu hesabat mühüm rol oynayadı. Bu hesabat Azərbaycan hökumətinə, QHT alyanslarına, eləcə də donorlara imkan verəcək ki, ölkədə QHT inkişafının zəif və güclü tərəflərini aşkar görə və bu istiqamətdə öz fəaliyyətlərini düzgün qura bilsinlər.
QHT-lərlə çoxillik iş təcrübəsi, həmçinin mətbuatda yer alan informasiyalar, milli və xarici ekspertlərin rəyləri, müxtəlif birlik və alyanslarda aparılan müzakirələr, təşkilatlar arasında aparılan sorğular göstərir ki, QHT-lərin yaranması və fəaliyyəti zamanı müxtəlif hüquqi xarakterli boşluqlar ortaya çıxır, eləcə də maliyyənin idarə edilməsində təşkilati və hüquqi çətinliklər yaranır. Vətəndaş cəmiyyəti fəalları QHT-lərin yaranması və qeydiyyatı ilə bağlı sənədlərin hazırlanmasında, partnyorlar və dövlət orqanları ilə münasibətlərin düzgün tənzimlənməsində, təşkilatdaxili hüquqi xarakterli sənədlərin hazırlanmasında, vergi və mühasibat uçotunun aparılmasında, banklarla işin təşkilində, istehsalat fəaliyyətinin düzgün qurulmasında, layihənin idarə edilməsində, mübahisələr zamanı hüquqlarının dövlət orqanlarında və məhkəmələrdə müdafiəsində problemlərlə üzləşirlər. Onun üçün Şura QHT-lərə konsultativ və informasiya xidməti təşkil edir. Bu xidmətin yerinə yetirilməsi QHT sektoruna dərindən bələd olan təcrübəli hüquq təşkilatlara həvalə edildi.
Qəbul olunan bəzi hüquqi-normativ aktlarda QHT-lərin fəaliyyəti ilə bağlı boşluqların, ziddiyyətlərin mövcudluğu, vergi, sosial müdafiə, məşğulluq və digər orqanlarla təmaslar QHT-lərin fəaliyyətinə peşəkar hüquqşünas və iqtisadçı-maliyyəçi yardımını aktuallaşdırır. Təcrübə göstərir ki, belə yardımın vaxtında göstərilməməsi iqtisadi sanksiyalarla və inzibati cəzalarla nəticələnən qanun pozuntularına səbəb olur ki, bu da bütövlükdə vətəndaş cəmiyyətinin inkişafına mane olur. QHT-lərin belə yardımları müstəqil alması üçün maliyyə vəsaitləri olmur. Ona görə də Şura QHT-lərin bu kimi ehtiyaclarının qarşılanmasına xüsusi diqqət yetirir.
İnformasiya dəstəyi
İctimai sektorun inkişafına Azərbaycan dövlətinin artan diqqət və qayğısını geniş ictimaiyyətə çatdırmaq, QHT-ləri lazımi informasiya ilə təmin etmək, Şuranın fəaliyyətini işıqlandırmaq məqsədilə aylıq "Vətəndaş cəmiyyəti" jurnalı təsis edildi. Bu jurnal tezliklə rəsmi strukturlar və vətəndaş cəmiyyəti institutları arasında tanınmağa başladı.
Jurnalda cəmiyyətimizin müxtəlif qurumlarını təmsil edən səlahiyyətli şəxslərin, millət vəkillərinin, QHT rəhbərlərinin vətəndaş cəmiyyətinin inkişafı məsələlərinə həsr olunmuş məqalələri çap olunur, Şuranın və QHT-lərin həyata keçirdikləri müxtəlif tədbirlər işıqlandırılır.
Vətəndaş cəmiyyəti qurumları arasında jurnala qarşı yaranmış ciddi maraq artıq dördüncü saydan etibarən onun tirajının xeyli artırılmasına rəvac verib.
İctimai sektora informasiya dəstəyinin gücləndirilməsi, həmçinin Şuranın həyata keçirdiyi tədbirlərin operativ işıqlandırılması üçün Şuranın www.cssn.gov.az internet səhifəsi yaradılıb. Saytın daim yeniləşdirilən məlumatları ölkədə vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı bütün məqamları əhatə edir, beynəlxalq əməkdaşlıq məsələlərini xüsusi diqqət mərkəzində saxlayır. Elan edilmiş maliyyə yardımı müsabiqəsi çərçivəsində QHT layihələrinin təqdim edilməsi zamanı Şuranın internet səhifəsi daxilolmalara görə ölkənin aparıcı informasiya saytlarından biridir.
Şuranın fəaliyyətinə Azərbaycan telekanalları həmişə böyük maraq və diqqət göstərirlər. Keçirilən tədbirlərin, demək olar ki, hamısı ölkə televiziyalarının informasiya buraxılışlarında işıqlandırılır. Bununla belə, vətəndaş cəmiyyəti quruculuğunun davamlı və ardıcıl şəkildə işıqlandıran televiziya verilişlərinə ehtiyac hiss edilir.
Ölkə daxilində, eləcə də dünyanın bir çox regionlarında Azərbaycan dövlətinin ictimai sektora dəstək siyasətini işıqlandırmaq və QHT inkişafının müxtəlif aspektlərini araşdırmaq məqsədilə Şura İctimai Sektora həsr edilmiş televiziya proqramı da yayımlayır.
Beynəlxalq əməkdaşlıq
Ötən qısa müddət ərzində Şuranın beynəlxalq əlaqələrinin qurulması üçün müəyyən işlər görülüb. Bu əlaqələrin məqsədi xarici dövlətlərdə ictimai sektora hökumət və qeyri-hökumət dəstəyini təmin edən analoji qurumların iş təcrübəsinin öyrənilməsi, beynəlxalq miqyasda tanınmış donor və nüfuzlu qeyri-hökumət qurumlarının fəaliyyətindən Azərbaycan QHT-lərinin inkişafı naminə bəhrələnməkdir.
Bu yöndə görülmüş işlər sırasında 2008-ci ilin noyabr-dekabr aylarında Şura rəhbərliyinin ABŞ-ın Vaşinqton Ştatının Sietl şəhərinə tanışlıq səfərini və bu səfərin nəticələrini qeyd etmək gərəklidir.
Səfər ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi və "Counterpart İnternational" təşkilatı tərəfindən ölkəmizdə həyata keçirilən Vətəndaş Cəmiyyəti Layihəsinin "Tanışlıq turu proqramı" çərçivəsində təşkil edilmişdi.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Vaşinqton ştatının dövlət, QHT və ictimaiyyət nümayəndələri ilə bir sıra görüşlər keçirldi. Bu görüşlər sırasında Vaşinqton Ştatının Ticarət və İnkişaf Alyansının prezidenti cənab William B. Staffrod, Keysi Ailəsi proqramlarının idarə heyətinin üzvü cənab Robert Uott, Nord-Vest Filantropiya təşkilatının rəhbəri xanım Kerol Lyuis, "United Way" təşkilatının prezidenti cənab Conatan Fayn, daha sonra Sietl Şəhər Bələdiyyəsinin departament rəhbəri cənab Bill Rampf, Seattle Şəhər Məhəllə Komitələri İdarəsinin direktor müavini xanım Hazel Baranetlə görüşərək, səmərəli fikir mübadiləsi aparıldı. Keçirilən görüşlərdə qeyri-kommersiya qurumlarının Vaşinqton Ştatının inkişafında rolu, filantropiya ilə məşğul olan assosiasiyalar, inkişafı təmin edən vasitəçi təşkilatlar, qrant müqavilələri, qrant müsabiqəsində iştiraka dəvət, layihələrin icrasına nəzarət, strateji planlaşdırma, hökumət və icmaların birgə fəaliyyəti barədə geniş məlumatlar açıqlanmış və nümayəndə heyətini maraqlandıran suallara ətraflı cavab verildi. Görüşün nəticələrindən biri olaraq, Vaşinqton Ştatının Ticarət və İnkişaf Alyansı ilə Şura arasında gələcək əməkdaşlığın konkret istiqamətləri müzakirə olunaraq, bu barədə ilkin razılıq əldə edildi.
Bundan əlavə nümayəndə heyəti dünya şöhrətli "Boinq" Korporasiyasının Qlobal Korporativ Məsuliyyət üzrə baş meneceri cənab Din Makkolqan, Bill və Melinda Qeyts Fondunun Baş İdarəetmə üzrə direktoru xanım Marta Koul, Sietl Fondunun Prezidenti xanım Filis Kempbel ilə görüşmüş və bu qurumların fəaliyyəti ilə yaxından tanış oldular. Görüşdə ictimai sektorun təmsilçiləri olan QHT-lərlə xüsusi əməkdaşlıq proqramlarına malik "Boinq" Şirkəti, həmçinin Bill və Melinda Qeyts Fondu ilə Şuranın əməkdaşlıq münasibətlərinin yaradılması üçün yazışmaların davam etdirilməsinin vacibliyi bildirildi.
Nümayəndə heyəti ilə Vaşinqton Universitetində, başqa elmi və ictimai mərkəzlərdə keçirilmiş görüşlərdə Azərbaycana və nümayəndə heyətinə xüsusi diqqət və maraq göstərilmiş, Şura ilə gələcəkdə təcrübə mübadiləsi sahəsində əməkdaşlığın davam etdirilməsi haqqında şifahi razılıqlar əldə edildi.
Azərbaycan-ABŞ dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə Vaşinqton Ştatında fəaliyyət göstərən bir sıra ictimai qurum təmsilçiləri nümayəndə heyəti tərəfindən ölkəmizə tanışlıq səfərinə dəvət olundu. Son illərdə belə səfərlər, eləcə də Şuranın beynəlxalq əlaqələri daha da güclənib.
İnkişaf naminə tərəfdaşlıq
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 06 noyabr 2008-ci ildə "Vətəndaş cəmiyyətinin inkişafı naminə tərəfdaşlıq" mövzusuna həsr olunmuş dəyirmi masa keçirdi. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilat rəhbərləri və təmsilçilərinin, Şura üzvlərinin, media və QHT sektoru nümayəndələrinin qatıldığı bu tədbirdə mövzu üzrə geniş fikir mübadiləsi aparıldı.
Tədbirdə beynəlxalq təşkilatların təmsilçiləri Bruno Pueza - BMT İnkişaf Proqramı rezident nümayəndəsi, Skot Teylor - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri, Maykl Kunz - Vətəndaş Cəmiyyəti Layihəsinin rəhbəri, Səidə Bağırlı - Dünya Bankının xarici əlaqələr üzrə meneceri, Camal Şahverdiyev - Avrasiya Tərəfdaşlıq Fondu direktoru, Fərda Əsədov - Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun icraçı direktoru, Şeyda Mehdiyeva - Statoyl Azərbaycan Şirkətinin məsləhətçisi, İlqar İbrahimli - Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəliyinin İnformasiya Şöbəsinin direktoru, Julian Markart -Narten ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin müdiri və başqaları çıxış edərək, beynəlxalq əməkdaşlıq proqramları çərçivəsində Şuranın təşəbbüslərinə dəstək verəcəklərini bildirdilər. Hazırda Şuranın belə bir yüksək səviyyədə fəaliyyət göstərməsində şübhəsiz ki bunun müstəsna rolu var.
Region QHT-lərinə dəstək
Beynəlxalq əməkdaşlıq proqramı çərçivəsində BMT İnkişaf Proqramı ilə region QHT-lərinin bilik və bacarıqlarının artırılması sahəsində birgə layihə həyata keçirmək barədə ilkin şifahi razılıq əldə edildi. Bu məqsədlə Şuranın irəli sürdüyü təkliflər paketində qeyd edilir ki, Şuranın əsasnaməsinə uyğun olaraq, QHT-lərə 5 istiqamət üzrə dövlət dəstəyi həyata keçirilir: məlumat, konsultativ, metodik, təşkilati-texniki, maliyyə. Həmçinin qeyd edilir ki, region QHT-lərinin bilik və bacarıqlarının artırılması üçün onlara müxtəlif mövzulu təlimlərin keçirilməsi, onların informativ və metodik vəsaitlərlə təmin edilməsi, regional QHT Resurs Mərkəzlərinin fəaliyyətinin dirçəldilməsi və digər bu kimi problemlərin həlli yolunda birgə fəaliyyətin həyata keçirilməsi vacibdir. Son illər regional QHT-lərin aktivləşən fəaliyyətində bu addımlar mühüm rol oynadı.
AQİL
çap et