525.Az

"Analoq insan kapitalı" yerini "rəqəmsal insan kapitalı"na verəcək


 

"Analoq insan kapitalı" yerini "rəqəmsal insan kapitalı"na verəcək<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar 

Ədalət Muradov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru:

- Rəqəmsallaşmanın hər şeyi, yəni idarəetməni, iqtisadiyyatı, təhsili, səhiyyəni və s. dəyişdiyi hamı tərəfindən artıq qəbul edilir. Amma insanın özünün də bu prosesin təsiri altında artıq dəyişdiyinə az diqqət yetirilir. Həqiqət ondan ibarətdir ki, artıq iki cür insan mövcuddur.  Onlardan biri keçmişin "analoq" insanı, digəri isə gələcəyin "rəqəmsal" insanıdır. Analoq insanla rəqəmsal insan arasında proseslərə və hadisələrə baxış nöqteyi nəzərindən ciddi fərqlər, hətta barışmaz ziddiyyətlər mövcuddur. Görünən odur ki, "analoq" insanlar hələlik çoxluq təşkil edir və ictimai şüura təsir baxımından da daha güclüdür. Nə etməli? İki yanaşma təklif olunur. Birincisi, rəqəmsallaşma prosesini ciddi, düşünülmüş, əsaslandırılmış və koordinasiyalı şəkildə sürətləndirmək lazımdır. İkinci yanaşma isə "analoq" insanların istifadə və qəbul etdiyi yanaşmalardan hələlik imtina etməməklə "analoq" olmaqda davam etməkdir. "Tədricən real insan kimi siz dünyanı daha az maraqlandıracaqsınız. Hamını sizin özünüz yox, buludlarda saxlanılan rəqəmsal surətiniz daha maraqlandıracaq". Yəni  "rəqəmsal insan" dünyaya "sahiblik" edəcək. Yəni "analoq insan kapitalı" öz yerini "rəqəmsal insan kapitalı"na verəcək. Ona görə də, "rəqəmsal insan kapitalı" hədəfdə olmalıdır. 

Aysel Azad, jurnalist:

- Bilirəm ki, bu yazıma görə qınanacağam. “Avroviziya” mahnı müsabiqəsində bu il bizi təmsil edən xanımı elə final günü tanıdım, final günü dinlədim. Nə geyimi ilə işim yox, nə də mahnısı ilə. Performansı pis deyildi. Bu, başqa məsələ.

Amma mənə maraqlı olan məqam ayrıdır: xanımın yarışmadan bir həftə əvvəl keçirilən mətbuat konfransını indi izlədim. Təmsilçimiz ingilis dilində bilmir. Bəli, beynəlxalq yarışa göndərilib, amma dil bilmir.

Ona sual verirlər, aparıcının üzünə baxaraq qalır. Hər şeyi tərcüməçi tərcümə edir. Dil bilmir, amma gedib "Avroviziya"da oxuyur. Tamam.

Bəs nə üçün bizdə ofisiant, satıcı, jurnalist, bank işçisi və digər sektor nümayəndələrini işə götürəndə az qalır, Çin dilini də tələb edirlər? Kimin üçün?

Əgər beynəlxalq arenada olan şəxs gedib orada bizim dildə danışa bilirsə, biz niyə xarici dil bilmədiyimiz üçün öz ölkəmizdə işsiz qalmalıyıq?

Elə 2 il əvvəl rus dilini bilmədiyim üçün neçə cv göndərdiyim yer məni qəbul etməmişdi.

Bayaqdan məntiqli açıqlama axtarıram, tapa bilmirəm. Mən çox cahiləm, yoxsa..? 

İlqar Əlfioğlu, jurnalist:

- Məncə, ərazisi birləşən kəndlər kollektiv təsərrüfatlar qurmalıdır. Yoxsa, 30 sot torpaqla dolanmaq zillət olacaq. Bir də baxacaqsan ki, əkinə gücü çatmayan adamlar torpağının hektarını 100 manata arendaya verdi. Düşəcəyik başqa yerlərin vəziyyətinə...

Mən bizim Şelli sovetliyi üçün belə bir plan hazırlayıram. Kömək olsa, camaat evinə köçən gündən həm iş yeri olacaq, həm də, pay torpağından illik gəlir götürəcək. Bizdə ənənəvi bağçılıq olub. İlk növbədə bağlar salınmalıdır. Payız-yazda bağ salınsa, köçəndə, bəhərli ağaclar görəcəklər. Ən mütərəqqi bağçılıq qurulmalıdır, qapalı istehsal sahələri yaradılmalıdır.

Məncə, kəndlərdəki zirəng adamlar birləşib bu işi qursa, çox faydalı olar...

Kübra Məhərrəmova, jurnalist:

- "Kontakt Home" məlum məsələdə sadəcə bir şey istəyib. Deyib ki, şəhidin ölüm kağızını təqdim edin, bütün borcları silək. Hətta şəhidin adına olmayan borcları belə.

Şəhidin qayınanası da bildirib ki, lazım deyil. Mebeli gəlin aparın. İki quda arasında olan söz-söhbət böyüyüb bura gəlib çıxıb.

Sadəcə yadınıza salıram istər müharibə dövründə, istər müharibədən sonra bu yerli şirkət xeyli sayda yardımlar edib. Həm orduya, həm şəhid ailələrinə, həm də qazilərə. Ümumilikdə  bir milyon manatdan artıq yardımlar həyata keçirib.

Bunu nə "McDonalds", nə KFC, nə də başqa qlobal şirkət edib.  Özümüz etmişik. Sayqı duyaq!

Əziz Əlibəyli, jurnalist:

- Hər iş bitdi, düşdülər manatlıq taksilərin üstünə. O taksilər sayəsində yarıtmaz fəaliyyətin üzü ağarır. İşə adam kimi gedib-gəlirik.

Bağlayın, görək, kimin əlinə nə keçəcək.

Asif Nərimanlı, jurnalist:

- Sərhəddə baş verənlərin Qarabağı Ermənistanın gündəliyindən çıxardığını ermənilər də qəbul edirlər. Artıq Xankəndidəki gərginlik Zəngəzura köçürülüb.

Erməni politoloq Andranik Tevanyan etiraf edir ki, sərhəddə baş verənlərdən sonra Qarabağı unutdular:

- İndi Hadrutu, Şuşanı, Cəbrayılı kim xatırlayır?! Qarabağ unudulur;

- Xəbər lentlərində də bu haqda məlumatlar yoxa çıxıb;

- Şurnuxu, Vorotan (Şahverdilər) da unuduldu;

Problemi problem yaratmaqla həll etmək buna deyirlər...

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- "COVİD-19 vaksin  sertifikatı" informasiya  sistemi çöküb. Artıq bir neçə saatdır ki (saat 20.00-23.00), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Şəxsi Kabinetə daxil olmaqda problemlər yaşanır.

Asan Login sistemi vasitəsilə sistemə daxil olduqdan sonra  kifayət qədər faydalı və əhəmiyyətli xidmət olan Covid-19 pasportunu əldə etmək mümkün olmur.

Güman etmək olar ki, Dövlət Agentliyinin informasiya sistemi bu gün  Covid-19 pasportu ilə bağlı elan olunan məlumatdan sonra daxil olan çoxsaylı  müraciətləri emal edə bilməyib və sistem çöküb.

Xatırladıram ki, bundan öncə də digər bir neçə dövlət qurumunun informasiya sistemlərində oxşar hadisələr baş verib.

Düşünmək olar ki, adı çəkilən qurum da sistemi hazırlayarkən sistemin normal fəaliyyəti üçün zəruri resurslar düzgün hesablanmayıb, auditlə bağlı işlər görülməyib, zəruri testlər aparılmayıb.

Təəssüf ki, aidiyyatı qurumlar,  eGov sahəsində kordinasiyaya cavabdeh olan VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və dövlət resursların təhlükəsizliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hələlik bu sahədə dayanıqlı və təhlükəsiz mühit formalaşdıra bilməyiblər .

Düşünürəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlaqədar qurumlarla birgə sistemi testdən keçirməli, zəruri resurslar ayrılmalı və istənilən şərait üçün dayanıqlı sistem formalaşdırılmalıdır.

 





31.05.2021    çap et  çap et