525.Az

Cenevrə görüşü: Son ümid


 

Cenevrə görüşü: <b style="color:red">Son ümid</b>

ABŞ prezidenti Co Baydenlə Rusiya dövlət başçısı Vladimir Putin iyunun 16-da Cenevrədə görüşəcəklər.  

Bu görüşün vaxtının və yerinin dəqiqləşməsi ciddi hadisə sayılır. Çünki ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini qatil hesab etdiyini televiziya ekranından açıqladıqdan sonra bu iki şəxs arasında görüş mümkünsüz görünürdü. Ən azından Rusiya prezidenti Vladimir Putinin uzun müddət Co Baydenlə görüşmək istəməyəcəyi ehtimal olunurdu. Axı dünya tarixində hələ belə hal olmayıb ki, bir dövlət başçısı həmkarını qatil adlandırsın, sonra isə heç nə olmayıbmış kimi onunla görüşüb, danışıqlar aparsın. Yüz il əvvəl ümumiyyətlə, belə ifadə müharibə səbəbi ola bilərdi. İndi isə belə görürünür ki, liderlərin bir-birini təhqir etməsi müharibəyə səbəb olmadığı kimi, onların bir masa arxasında oturmalarına da maneçilik törətmir. Bunun səbəbi kimi isə strateji sabitliyin qorunub saxlanılması göstərilir. Əlbəttə, burada müəyyən həqiqət payı var.

ABŞ və Rusiyanın birlikdə nüvə arsenalı dünayada mövcud olan nüvə silahının 90 faizini təşkil edir. Bu iki dövlət arasında müharibə bütün dünya üçün fəlakət demək olardı. Ona görə də strateji sabitlik bu iki dövlət arasında müharibə ehtimalının yüksəlməsinin qarşısının alınmasından ibarətdir. İki dövlət arasında gərginliyin çox yüksəlməsi Vaşinqtonda və Moskvada narahatlıq doğururdu. İstər Vaşinqtonda, istərsə də Moskvada gözəl bilirlər ki, qarşıdurmanın dərinləşməsi şəraitində istənilən bir təsadüf hərb maşının işə düşməsinə səbəb ola bilər. Əsas vəzifə də bu ehtimalı aradan qaldırmaqdır. Hətta Sovet İttifaqının mövcud olduğu soyuq müharibə illərində də Moskva ilə Vaşinqton arasında əlaqə kəsilməyib. Buna görə də Cenevrədə keçirilməsi gözlənilən görüş gözlənilən idi və bəşəriyyətin maraqlarına uyğundur.

Bu görüşün ABŞ-la Rusiya arasındakı ziddiyyətlərə son qoyacağını  gözləmək isə mümkün deyil. Ən azından Rusiyanın xarici siyaəstində ciddi dəyişikliklər baş vermədiyi müddətdə Vaşinqtonun Moskva ilə münasibətlərində qarşılıqlı etimada əsaslanan əlaqə yaranmayacağını söyləmək olar. Rusiyanın xarici siyasətində kəskin dəyişiklik baş verməsi üçün Moskvanın hakim dairələrində ciddi dəyişikliklər baş verməlidir. Hələlik bu baş vermədiyi üçün Cenevrə görüşünün Moskva ilə Vaşinqton arasında qarşılıqlı etimada söykənən münasibətlərin qurulmasına səbəb olmayacağını söyləmək mümkündür. Deməli, Cenevrə görüşü Moskva ilə Vaşinqton arasında soyuq müharibəyə son qoyan Reykyavik görüşünün təkrarı olmayacaq. Cenevrə görüşü münasibətlərdə yeni səhifə açmasa da, bir sıra hadisə və proseslərin qarşısını ala bilər. Birincisi, Cenevrə görüşü Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə ehtimalını tam aradan qaldıra, regionda sabitliyin bərpasına səbəb ola bilər. Bu isə ABŞ-ın Avropadakı bütün müttəfiqlərinin mənafelərinə uyğundur. Məlum olduğu kimi, Rusiya Ukrayna sərhədinə 100 minlik hərbi qüvvə cəmləşdirmiş, hətta nüvə silahlarını döyüş hazırlığı vəziyyətinə gətirmişdi. Yalnız Co Baydenin Vladimir Putinə telefon zəngindən sonra Rusiya Müdafiə Nazirliyi Ukrayna sərhədindəki hərbi qüvvələrin daimi dislokasiya yerlərinə qayıdışını elan etdi. Ancaq bu günə kimi Rusiyanın Ukrayna ilə sərhəddə 70 minlik hərbi qüvvə saxlaması Avropanın bütün paytaxtlarında narahatlıqla izlənirli. Buna görə də Cenevrə görüşü Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalının aradan qalxması üçün son ümid hesab olunur. Ən azından Cenevrə görüşü Rusiyanın Ukraynaya hərbi müdaxiləsini uzun müddətə təxirə salacaq.

Bayden və Putin Bakıda görüşə bilər 

Vaşinqton eyni zamanda, Rusiyanın Gürcüstan və Moldova üçün təhlükə yaratmasını da istəmir. Bu iki respublika Ukrayna ilə birlikdə Avroatlantik məkana inteqrasiya üçün birlikdə hərəkət etmək qərarı verib. Məlum olduğu kimi, iyunun 14-də, yəni Co Bayden Vladimir Putin görüşündən iki gün öncə Brüsseldə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçiriləcək. Bu sammitdə Ukraynanın NATO-ya üzvlüyü üçün prosesin başladılmasına da yaşıl işıq yandırılacağı gözlənilir. Eyni zamanda, NATO-nun Rusiya sərhədlərinə daha yaxın məsafədə yeni hərbi bazalar yaratması ehtimal olunur. Buna görə də sammitdə heç şübhəsiz, Rusiyanın maraqlarına zidd bir neçə qərar qəbul olunacaq. Bu isə Moskvanın Qərbə yönəlik münasibətlərində gərginliyin artmasına səbəb ola bilər. Buna yol verməmək üçün sammitdən dərhal sonra Rusiya prezidenti ilə görüş keçirib, Moskvanın NATO-nun qərarlarına dözümlü yanaşmasına nail olmaq lazımdır.

Rusiya dünya nəhəngi olmasa da, çox böyük regional gücdür və bütün Avrasiya boyu proseslərə təsir etmək gücünə malikdir. Ona görə də Rusiya ilə münasibətlərin proqnozlaşdırıla bilən olması Qərb üçün çox mühümdür. Məlum olduğu kimi, ABŞ ordusunu Əfqanıstandan çıxarmaq qərarı verib və bu, heç şübhəsiz, bölgədə yeni proses doğuracaq. Həmin prosesin necə olacağını indi tam aydınlığı ilə müəyyən etmək mümkün deyil, amma Rusiyanın həmin proses zamanı önəmli rol oynaya biləcəyini söyləmək mümkündür.

Bu və digər məqamlar Co Bayden-Vladimir Putin görüşünü zəruri edirdi. Görüş iki böyük dövlət arasında bütün ziddiyyətləri aradan qaldıracağına yardım etməsə də, müəyyən yumşalma hökmən olacaq. Xüsusilə də Co Baydenin "Şimal axını-2" qaz kəmərinə qarşı yeni sanksiya tətbiq etməkdən imtina etməsi də bunun anonsu sayılır.

Rusiyalı şərhçilər isə bildirirlər ki, Vladimir Putin Co Baydenlə görüşdə Rusiyada hakimiyyətin ötürülməsi prosesinə ABŞ-ın loyal yanaşmasına nail olmağa çalışacaq. Şərhçilər hesab edirlər ki, məhz bundan sonra Rusiyada hakimiyyətin ötürülməsi prosesinə start veriləcək.

 





31.05.2021    çap et  çap et