Sosial şəbəkədə yazılanlar
Fazil Mustafa, millət vəkili:
- Hazırda ölkəmizin ən ciddi problemlərindən biri informasiya təhlükəsizliyi ilə bağlıdır. Savaş dövrünə arxayınlaşmayaq, o dövrdə də ölkə Prezidenti bir çox hallarda təkbaşına bütün informasiya blokadasını yarmaq və düşmənin bu sahədə dezinformasiyalarını alt-üst etmək işini öz üzərinə götürdü və fədakarcasına beynəlxalq şəbəkənin bütün təxribatlarını önlədi. Təbii ki, bu prosesdə təbliğat işini öz üzərinə götürən elektron media quruluşlarının, televiziya və radioların, ayrı-ayrı vətənsevər jurnalistlərin, blogerlərin fədakarlığını qeyd etmək vacibdir. Bununla yanaşı, bu sahədə bir sistem fəaliyyətinin davamlı mövcudluğundan danışmaq xeyli çətindir. Xüsusilə də sosial şəbəkədə düşmən təxribatının önlənməsi üçün, xaricdən maliyyələşən, idarə olunan, onların ideoloji təsirləri altında olan saytlar və subyektlərlə bağlı görülən tədbirlər demək olar ki, yox səviyyəsindədir. Halbuki bu işlə bağlı xeyli pul silən qurum və quruluşlar mövcuddur. Burada müəyyən media quruluşları var ki, yaydığı informasiyadan anlaşılır ki, bu külək cənubdan, şimaldan, yaxud da qərbdən gəlir, bir çox hallarda ölkənin ali rəhbərliyi barədə özlərini sığortalamaq üçün normal fikirlər səsləndirib, digər dövlət və ictimai xadimlərini və dövlət qurumlarını gözdən salmaq üçün qəsdən təxribatçı materialları tirajlayırlar. Bu kimi qüvvələri ifşa etmək çətin deyil, ancaq təəssüf ki, həm bu media quruluşlarını, həm reket jurnalistikanı, həm də ayrıca blogerləri ayrı-ayrı məmurlar himayəsinə götürmüşlər və bu barədə hansısa müraciətin də mənası qalmır. Hətta şahidiyəm ki, dövlətin haqlı mövqeyini müdafiə edərkən üzərimizə canfəşanlıqla gələn, böhtan və təhqirlər yağdıran bir neçə ictimaiyyətçiyə sonradan vəzifə də peşkəş ediblər. Anlayıram kimlərsə xüsusi xidmət orqanlarının agenti, yaxud da bu və ya digər dövlət orqanları ilə əməkdaşlıq edən şəxslər ola bilər və bunların bu cür görünməyən obrazlarını qorumaq lazımdır. Belə olsa, hələ dərd yarıdır. Bəzi səlahiyyətli şəxslərin xüsusi olaraq qoruduqları hər cinsdən olan məxluqların üzərimizə hücumları ilə qarşılaşanda, anlayırsan ki, bu gün dövlətçilik immunitetimiz nə qədər ciddi şəkildə zədələnib. Qısacası, bu və ya digər formada sosial şəbəkədə Azərbaycan informasiya məkanını zibilləyən, xarici xüsusi xidmət orqanlarını ideoloji tezislərini yayan, ayrı-ayrı Azərbaycan maraqlarını qorumağa çalışan siyasi və ictimai subyektlərə qarşı böhtan və təhqir kampaniyası aparan elementlərlə, təzahürlərlə bağlı müracət ediləcək ixtisaslaşmış dövlət qurumu yox kimidir. Bu, olduqca ciddi boşluqdur və bunun fəsadları artıq özünü büruzə verməkdədir. Ona görə də faydalı söz, fikir söyləyə biləcək əksər insanlar sosial şəbəkələrdən uzaq qaçır və meydanı ya milli-dini qaragüruha, ya da xarici qüvvələrin rəy yaratma platformasına təslim edirlər.
Rövşanə Ağasəfqızı, jurnalist:
- Meyitin qəbrə salınması prosesinin çəkilib yayılması da təzə mod düşüb... Kəfənlənmiş ölünü görəndə adam üşənir... Nəyə lazımdır axı bu?.. Sona qədər göstərmək nəyi dəyişir?.. Day çəkilməyən, göstərilməyən bir şey qalmayıb. Toyu da axıra qədər çəksəydilər, mağıl rahatlanardılar... Belə getsə, ona da bir şey qalmayıb.
Asif Nərimanlı, jurnalist:
- İlham Əliyevə hədiyyə edilən qılıncın mənası...
Türkiyəli nazir Adil Karaismailoğlunun Bakıda Prezident İlham Əliyevə qılınc hədiyyə etməsi sual yaratdı: Azərbaycan Prezidentinə qılıncı niyə nəqliyyat və infrastruktur naziri hədiyyə edir, yaxud Türkiyə qılıncı niyə Karaismailoğlu ilə göndərdi?
Karaismailoğlu Türkiyə tərəfdən Zəngəzur dəhlizi layihəsini koordinasiya edən şəxsdir və Bakıya səfəri də dəhlizin inşası üzərində aparılan işin müzakirəsi, yaxud canlı təmasla müəyyənləşdirilməsi vacib olan məsələlərin dəqiqləşdirilməsi ilə bağlı idi.
Nazirin özü ilə hədiyyə olaraq gətirdiyi qılıncın mənasını görüşün sonundakı dialoqdan anlamaq mümkündür.
İlham Əliyev: Çox təşəkkür edirəm. Bu, barış xəncəridir.
Adil Karaismailoğlu: Əlbəttə, barış üçün də lazımdır.
İlham Əliyev: Bu, lazımdır.
Adil Karaismailoğlu: Bunu görüncə sülh də olur.
Bu dialoq spontana bənzəmir və hər ifadənin mənası, mesajı var:
- Müharibədən sonra əldə olunmuş sülh pozularsa, güc yolu ilə təmin ediləcək;
- Zəngəzur dəhlizi layihəsindən geri addım atılmayacaq və icrasına mane olanlara qarşı güc tətbiqi yeganə alternativdir;
- Türkiyə "qılıncını" Əliyevin əllərinə verir və bölgədə atacağı addımları öz gücü ilə dəstəkləyəcək;
Qılıncın nəqliyyat və infrastruktur naziri ilə göndərilməsi də cari hədəfin Zəngəzur dəhlizi olduğu deməkdir.
Hərçənd, dialoqun sonunda Karaismailoğlunun "Bunu (qılıncı) görüncə sülh də olur" sözləri birmənalı deyil: Türkiyə Azərbaycana "qılıncı görməsələr, sülh də olmayacaq", yəni "yenidən güc yolu ilə həll edin, yanınızdayıq" mesajını verir və bunu həm də bölgədə maraqlı olan bütün tərəflərə ünvanlayır.
Və bu, Bakının qılıncı yenidən qınından sıyıra biləcəyi versiyasını önə çıxarır.
***
- Ermənistanın xarici işlər naziri Ara Ayvazyan istefa verdi. Səbəb sərhədlərlə bağlı yeni müqavilənin imzalanmasına "ortaq" olmaq istəməməsidir. Hacıqabul doğumlu, Qüdrət Xancanov adlı azərbaycanlının oğlu olduğu deyilən Ayvazyanın bu addımının təkcə özünün yox, həm də Fransanın qərarı olduğunu deyə bilərik.
Ayvazyan müharibədən sonra xarici işlər naziri təyin olunanda Fransadakı erməni diasporuna yaxınlığı haqda məlumatlar var idi. Onun təyinatdan dərhal sonra Qarabağın "statusu" məsələsini gündəmə gətirməsində, ümumiyyətlə nazir kimi fəaliyyətini əsasən bu istiqamət üzərində qurmasında da Parisin rolu görünürdü.
Münaqişənin həllindən kənarda qalan Fransa "status" məsələsi üzərindən həmsədr ölkə kimi yenidən bölgəyə qayıtmaq istəyir. Ermənistanda müharibədən sonra "status" məsələsini rəsmi şəkildə ilk dəfə Ayvazyanın gündəmə gətirməsi bu kontekstdə təsadüfi deyildi.
Fransa yeni sənədi qəbul etmədiyini Ayvazyanın istefası ilə də Paşinyana çatdırır.
İstefadan sonra Ayvazyanın siyasi fəaliyyətə qoşulacağı, Fransanın, ümumilikdə erməni diasporunun Ermənistanın siyasi palitrasında yeni fiqurunun məhz o olacağı da istisna deyil. Parisin Ermənistanın siyasi müxalifət cameəsində aktivləşəcəyi gözləniləndir.
Bu istefa diqqətçəkən bir detal da var: sərhədlərlə bağlı yeni sənəd Paşinyanın iddia etdiyi kimi, "100 faiz Ermənistanın xeyrinə" deyil, əksinə, Azərbaycanın tələbləri əsasında hazırlanacaq. Əks-təqdirdə Ayvazyan buna ortaq olmaqdan boyun qaçırmazdı.
Vüsal Məmmədov, jurnalist:
- Belə anlaşılır ki, bir neçə ildən sonra Azərbaycanın ən yaşamalı yeri Qarabağ olacaq...
Vilayət Quliyev, filologiya elmləri doktoru:
- Lenin Mirzə Kazım Bəyin evində.
Kazanın mərkəzində, Azadlıq meydanında (keçmiş Bolşaya Qruzinskaya küç.) yerləşən ev 1895-1919-cu illərdə yerli universitetin professoru A.N.Mirzə Kazımbəyə (1859-1919) məxsus olub. Söhbət məşhur şərqşünasdan deyil, onun qardaşı oğlundan gedir. 1839-cu ildə atasının ölümündən sonra Kazana gələn kiçik qardaş Mirzə Əbdülsəttar burada 1-ci Kazan gimnaziyasında və universitetdə çalışıb. 1855-ci ildə o da xristianlığı və Nikolay adını qəbul edib. Xaç atası imperator II Aleksandr özü olub. Böyük oğlu Aleksey Nikolayeviç daxili xəstəliklər sahəsində o dövrdə Rusiyanın məşhur həkimlərindən biri kimi tanınıb. Kazan Universiteti fakültə terapiyası kafedrasının müdiri, professor, Rusiya vərəmə qarşı mübarizə liqası Kazan şöbəsinin müdiri, "Kazanskiy meditsinskiy jurnal"ın redaktoru və s. olub. Həqiqi mülki müşavir çininə yüksəlib.
Ev 1850-ci illərdə tikilib. İlk sahibi A.N.Bulıqin olub. 1895-ci ildə professor Mirzə Kazımbəy evi ondan satın alıb və böyük ailəsi ilə burada yaşayıb. 1880-ci illərdə isə binanın birinci mərtəbəsində Kazan şahmat klubu yerləşib. Lenin 1888-1889-cu ilin qışında dostu Dmitri Ardaşevlə birlikdə tez-tez bu kluba - Mirzə Kazımbəyin evinə gəlirmiş. Sovet dövründə binaya xatirə lövhəsi də vurulubmuş...
Məmməd Gülməmmədov, jurnalist:
- Şəhidlərimizin azyaşlı övladlarını efirlərə çağırıb ağlatmaq, kövrəltmək olmaz. Gedin onlardan film çəkin, sənədli film hazırlayın, ancaq studiyalara, canlı proqramlara dəvət edib onların hissləri ilə oynamayın. Bu nə televiziyaçılıqdır, nə efir etikası... Olmaz!
Vüsalə Mahirqızı, Əməkdar jurnalist:
- Sosial media artıq onu yaradanlar üçün də problemə çevrilib, özləri də nəzarət edə bilmirlər. Hərənin öz Sedat Pekəri var. Ya bir gün onlarınkılar da danışarsa...
Bəxtiyar Hacıyev, jurnalist:
- Hələ də açıq məkanlarda maska ilə gəzənlər var. Səbəbi məlumatsızlıq, vərdiş və ya psixoloji məsələ deyil. Sadəcə ciyərlərimiz maskadan keçməyən havaya öyrəşməyib hələ. Maskasız nəfəs almaq çətindir...