525.Az

UNEC-də imtahan islahatı: təhsilin keyfiyyətinin artırılmasında yeni mərhələ


 

UNEC-də imtahan islahatı: <b style="color:red">təhsilin keyfiyyətinin artırılmasında yeni mərhələ</b>

Məlum olduğu kimi, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020-2021-ci tədris ilinin yaz semestrinin 4-cü modulunda UNEC-in Elmi Şurasının qərarına əsasən, imtahan testləri məxfi saxlanılaraq, tələbələrə verilməyəcək.  Bu qərar 2014-cü ildən başlanan islahatların bu dövrə təsadüf edən mərhələsi ilə bağlıdır.

UNEC rektoru, professor Ədalət Muradov deyir ki, IV modul imtahanlarında peşə kompetensiyaları tələb edən fənlərin imtahan sualları məxfi saxlanılacaq, digər fənlər üzrə imtahanlar əvvəlki qaydada təşkil ediləcək. İmtahan sualları sillabusda qeyd olunan mövzular üzrə tərtib olunacaq. İmtahanda sillabusdan kənar sual olarsa, bu zaman apellyasiya qərarı tələbənin xeyrinə həll ediləcək: "Hər bir fənnin sillabusu, müəllimlərin mühazirələri, mühazirələr əsasında “Power Point”də hazırlanan təqdimatlar, keçirilən mühazirələrin videodərsləri, eləcə də 800-dən çox asinxron videodərs və digər tədris materialları şəxsi kabinetlərinə yerləşdirilib və tələbələr üçün əlçatandır. Elektron kitabxananın işi təşkil edilib. Universitetdə tətbiq olunan yeniliklərlə bağlı tələbələr mütəmadi olaraq məlumatlandırılır".

Ə.Muradov vurğulayıb ki, III modulda tələbələr arasında “Google forum” üzərindən anonim sorğu keçirilib. Sorğuda 6270 tələbə iştirak edib. Sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin  elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb.

UNEC-in İmtahan Mərkəzinin direktoru Söhrab İsayevin sözlərinə görə,  semestrdə hər fənn üzrə 1200 testin hazırlanmasına dair verilmiş qərar əksər fənlər üzrə testlərin keyfiyyətini kəskin aşağı salmaqla yanaşı, neqativ hallara zəmin yaratdı. Məsələnin həlli məqsədilə ilkin mərhələdə testlərin sayı 700-ə endirildi və universitetdə tədris mühitində köklü dəyişikliklər təmin edilənə qədər bütün testlərin düzgün cavabları qeyd olunaraq imtahan sessiyasından əvvəl tələbələrə verilməsinə dair müvəqqəti xarakter daşıyan qərar qəbul edildi. Nəticədə neqativ hallar aradan qaldırıldı, obyektivlik təmin olundu.

Növbəti mərhələdə UNEC-ə məxsus olan yeni elektron imtahan sistemi formalaşdırıldı, tədris prosesi elektronlaşdırıldı və imtahanda obyektivliyi təmin etmək üçün kifayət edən şərait yaradıldı. Beynəlxalq İqtisadiyyat Məktəbi, Türk Dünyası İqtisad Fakültəsi, UNEC SABAH qrupları, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və UNEC Biznes Məktəbində (MBA) test üsulundan imtina edilərək imtahanların bütünlüklə yazılı üsulda keçirilməsinə dair qərar verildi. Növbəti mərhələdə struktur təkmilləşdirilməsi və keyfiyyət təminatı prioritet vəzifələr kimi müəyyən edildi: "2016-cı ildən başlayaraq, təqaüd müsabiqəsinin Ümumi Orta Müvəffəqiyyət Göstəricisi əsasında keçirilməsinə dair Nazirlər Kabinetinin verdiyi qərardan sonra, yazılı imtahan verən bakalavr və magistrantlarla, test üsulunda imtahan verən təhsilalanlar arasında normal rəqabət mühitini təmin etmək məqsədilə həm texniki, həm də iqtisadiyyat ixtisaslarında aparıcı fənlər üzrə imtahanların yazılı üsulda və ya məxfi testlərlə keçirilməsinə başlanıldı. Növbəti mərhələdə isə yazılı imtahanların elektronlaşdırlması və kütləviləşdirilməsi işlərinə start verildi və bu məqsədlə yeni proqram təminatının alqoritmi razılaşdırıldı.

 

Məlumdur ki, COVİD-19 pandemiyası şəraitində təhsildə fasiləsizliyi təmin etmək üçün UNEC-də 2020-ci ilin mart ayından tədris distant formada davam etdirildi. Bu səbəbdən bütün universitet üzrə imtahanların yenidən test üsuluna keçirilməsi zərurəti yarandı. Qısa müddət ərzində UNEC tələbələrinə məkandan asılı olmayaraq, distant formada test üsulunda imtahanda iştirak etmək imkanı yaradıldı və imtahan testlərinin sayı 700-dən 350-yə endirildi. Daima yazılı üsulda və ilk dəfə test üsulunda imtahan keçirilən fənlər üzrə testlərin sayı 225 müəyyən edildi. Bütün təhsilalanlar üçün imtahanda təqdim edilən testlərin sayı isə 50-dən 40-a endirildi".

S.İsayevin dediyinə görə, 2020-2021-ci tədris ilindən başlayaraq, UNEC-də tədris modul sisteminə əsasən aparılır. Pandemiyanın nə zaman bitəcəyi qeyri-müəyyən olduğundan distant təhsildə keyfiyyət təminatı məqsədilə mərhələli şəkildə testlərin məxfiliyinin təmin edilməsi qərara alındı. Həmin qərara əsasən, 1-ci modulda testlər düzgün cavab variantı ilə birlikdə tələbələrin şəxsi kabinetlərinə göndərildi. 2-ci modulda test sualları düzgün cavablar qeyd edilmədən, variantlarla birlikdə, 3-cü modulda isə cavab variantları ümumiyyətlə göstərilmədən, yalnız test sualları şəklində tələbələrə göndərildi. 4-cü modulda isə test suallarının və cavabların məxfi saxlanılması barədə qərar qəbul edildi: "4-cü modul imtahanlarında hər bir fənnin mühazirə mətnləri və təqdimatları əsasında cəmi 100 ədəd tam yeni test hazırlanacaq. Testlərin sayı sillabusda olan mövzular üzrə bərabər bölünəcək. Bu halda əksər fənlər üzrə 1 mövzudan cəmi 6-7 test tərtib olunacaq ki, onlardan da 3-ü asan, 2-si orta, 2-si isə çətin test olacaq. İmtahan zamanı hər bir tələbəyə sillabusdakı müxtəlif mövzulara aid cəmi 40 test təqdim olunacaq. Bu testləri cavablandırmaq üçün təhsilalanlara fəndən asılı olaraq, minimum 50, maksimum 80 dəqiqə vaxt veriləcək. Əgər imtahan zamanı tələbəyə təqdim olunmuş testin hər hansı birinin və ya bir neçəsinin həmin fənnin sillabusunda qeyd olunan mövzulara aidiyyəti olmadığı halı aşkarlanarsa, bu halda apellyasiya qərarı tələbənin xeyrinə veriləcək. Məxfi testlərlə imtahanların təşkili bakalavriat və magistratura səviyyələrində yalnız əyani təhsilalma forması üzrə tətbiq ediləcək".

Millət vəkili Hikmət Məmmədov tətbiq olunan yenilikləri UNEC-də təhsilin keyfiyyətinin artırılması yolunda yeni mərhələ adlandırıb. Aparılan islahatların ictimai müzakirələrə açıq olduğunu yüksək qiymətləndirən millət vəkili, bu müzakirələrin keyfiyyətin artırılmasına xidmət etdiyini vurğulayıb.

Millət vəkili, UNEC İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev UNEC-də tətbiq olunan yeniliyi yüksək qiymətləndirib. Tələbələr arasında tədrisin təşkili ilə bağlı sorğuların keçirilməsinin, modul sisteminin tətbiqinin və ixtisas suallarının məxfi saxlanılmasının tələbələrin öz ixtisaslarını daha dərindən mənimsəməsinə xidmət etdiyini deyib: "Tələbələrə imtahan suallarının və onların cavablarının verilməsi bir zamanlar universitetdə baş alıb gedən mənfi halların aradan qaldırılmasına xidmət edir. Bu üsul indi artıq sui-istifadələrə yol açır. Lakin buna baxmayraq, UNEC Elmi Şurası indiki mərhələdə Distant təhsilin bir sıra məziyyətlərini nəzərə alıb, ixtisas fənlərinin daha dərindən mənimsənilməsi naminə yalnız ixtisas fənlərinin suallarının məxfi saxlanılması qərarını verib. Bizim ali məktəblərdə əsas problem biliyin qiymətləndirilməsindədir. Burada fürsətcillik, sui-istifadə halları geniş vüsət almağa başladı. Və nəticədə süni əlaçıların sayı bir neçə dəfə artdı. Bu mənada biliyin qiymətləndirilməsində mütləq dəyişiklilərin tətbiq edilməsinə zərurət yarandı.

UNEC müəllimlərinin zəngin şəxsi kabinetləri tələbələrə imtahana hazırlaşmaq üçün geniş imkanlar yaradır. Biz tənqidi təfəkkürə malik və düşünməyi bacaran mütəxəssislər yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Hazır suallar və hazır cavablarla bu məqsədə çatmaq mümkün deyil. Biz də bilirik ki, Distant təhsil mədəniyyəti formalaşmamış fürsətcilliyin və sui-istifadələrin qarşısını almaq mümkün olmayacaq. Tələbənin özü fürsətdən istifadə edib, süni əlaçılığı üzərinə götürməməlidir".

E.Əliyev universitetdə mərhələli şəkildə aparılan islahatları daima müşahidə etdiyini, imtahanlarda şəffaflıq və obyektivliyin təmin olunmasına dəstək məqsədilə şura tərəfindən mütəmadi olaraq anonim sorğuların keçirildiyini, rektorun iştirakı olmadan "Açıq qapı" günlərinin təşkil edildiyini bildirib. O, tələbələrin müraciətlərinə hər zaman diqqətlə yanaşıldığını, yaranan problemlərin araşdırılaraq operativ həll edildiyini diqqətə çatdırıb. Millət vəkili tələbələrə öz ixtisasları üzrə yüksək bilik və bacarıqlara sahib mütəxəssis kimi yetişməyin vacib olduğunu vurğulayıb.

Professor Hikmət Əlizadə imtahanlarla bağlı UNEC-in yanaşmasını müsbət addım kimi qiymətləndirib, imtahanlarla bağlı tətbiq olunan yeniliyin tələbənin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə müsbət zəmin yaratdığını deyib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədovun dediyinə görə, UNEC uğurlu inkişafı ilə digər universitetlərədən seçilir: "Son illər ölkədə təhsil sahəsində mühüm islahatlar həyata keçirilir. Ali təhsil müəssisələrinə yeni rektorlar təyin edilir, universitetlərin özlərində müəyyən islahatlar aparılır. Ümumilikdə bu ali təhsil müəssisələri arasında bir sıra universitetlərin ciddi inkişaf mərhələsinə qədəm qoyduğunu müşahidə edirik. Bu universitetlər arasından UNEC fəaliyyəti və inkişafı ilə xüsusi ilə seçilir. UNEC həm distant təhsil, həm təhsil keyfiyyəti, həm də müəllimlərin qiymətləndirilməsi istiqamətində kifayət qədər uğurlara nail olub".

Deputat ali təhsil müəssisəsinin gələcək fəaliyyətinin inkişaf məqsədlərinə diqqət çəkib: "Belə desək, UNEC-in inkişafı ümumilikdə Azərbaycan təhsilinin inkişafına ciddi təsirini göstərir və öz töhfəsini verir. Hesab edirəm ki, Azərbaycan Dövlət İqtisad Universiteti öz fəaliyyəti ilə kifayət qədər uğurlara imza atıb. Eyni zamanda düşünürəm ki, ali təhsil müəssisəsi olaraq daha böyük uğurlara imza atılması istiqamətində səylər davam etdirilməlidir. Bu inkişafın özünü xüsusi ilə də dünya universitetlərin reytinq sıralamasında göstərməsi arzuolunandır. İnanırıq ki, UNEC uğurlu fəaliyyəti və inkişaf mexanizmi ilə bu məqsədə nail olacaq və daha böyük uğurlara imza atacaq".

UNEC-də fəaliyyət göstərən 31 Tədqiqat Mərkəzi və onların əldə etdiyi elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaradıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi Şahlar Əsgərov UNEC-in fəaliyyətini yüksək dəyərləndirdiyini bildirib:

"UNEC elə bir universitetdir ki, onun keçmişi bizə məlumdur. Bu təhsil ocağı ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlində öz sözünü demiş, təhsil sistemi ilə Azərbaycan təhsilinə nümunə olan bir universitetdir. UNEC ona qarşı irəli sürülən bütün qarayaxmaların qarşısını öz uğurlu və şəffaf fəaliyyəti ilə alıb. Bu universitet müasir idarəetmə sisteminə sahibdir. O, Azərbaycan təhsilində gələcək universiteti modelini hazırlayır. Belə desək, XXI əsrin universitetini qurur. Fəaliyyətini hər istiqamətdən dəyərləndirərək UNEC-in fəaliyyətini yüksək dəyərləndirirəm".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





01.06.2021    çap et  çap et